“Qətibə İnanc” tamaşası uzun fasilədən sonra yenidən səhnədə

2 Baxış

hg

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası uzun fasilədən sonra yenidən nümayiş edilib.

Senet.az xəbər verir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Səhnə əsərinin nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov çıxış edərək deyib ki, Prezident İlham Əliyev 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə dahi şairin 840 illik yubiley mərasimləri keçirilib.

Ölkə başçısının Sərəncamından irəli gələrək 2021-ci ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir çox mühüm tədbirlər həyata keçirilib. Akademik Milli Dram Teatrı dahi sənətkarın ölməz irsinə öz töhfəsini “Qətibə İnanc” tamaşası ilə verir.

Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

Səhnə əsərində Xalq artistləri Bəsti Cəfərova (Qətibə İnanc), Sabir Məmmədov (Nizami), Kazım Abdullayev (Qızıl Arslan), aktyor İlyas Əhmədov (Fəxrəddin), Əməkdar artist Ayşad Məmmədov (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), Əməkdar artist Mirzə Ağabəyli (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), Əməkdar artistlər Məzahir Cəlilov (Qazı), Elşən Rüstəmov (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak ediblər.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub.

Bölmə : Sənət, Teatr