Qeyrət – Cəlil Məmmədquluzadə

25 Baxış

3

Möhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.

Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).

Ancaq qanmıram səbəb nədir ki, bu bitərəf duran hökumətlərə “neytralni” ad qoydular. Axır məlumdur ki, farsca “ney”– düdüyə deyər, “türa” – yəni “sənə”, “ləni” ərəbcə yəni “çal”.

Demək, hansı mərdüməzar isə bu bitərəf hökumətlərə bu adı qoymaqda, əlbəttə, fikri bunlara dolaşmaqdır; çünki nə dəxli var, mənim kefim istəyir davaya qarışıram, istəmirəm, – qarışmıram. Dəxi mənim adımı “düdük çalan” qoymaqda yəni bir de görüm sözün nədir?

Bəli, keçək müharibə söhbətinə.

İndi mən Molla Nəsrəddin, möhtərəm oxuculardan üzr istəyirəm. Xəyalım bu idi bu gün Avropa davasından bir az danışam və eşitdiyim təzə xəbərlərdən yazıb oxucuları bəzi mətləblərdən agah edəm. Amma bu saat bəndəyə xəbər gəldi ki, Tiflis gimnaziyasında ana dili barəsində yığıncaqdır və həmin xəbəri eşitcək mən belə məsləhət bildim ki, müharibə məsələsini (yəni cəhənnəmə-gora getsin), bəli, müharibə məsələsini qoyum hələ qalsın, keçim ana dili söhbətinə.

Məsələnin müxtəsəri budur ki, bu zəhrimar dava başlanandan bir para zəif millətlər polyakların azad olmağını ünvan eləyib istəyirlər baş qalxızsınlar ki, yəni biz də varıq. Məlumdur ki, keçən ay Tiflisdə şəhər duması vəkilləri bir səs ilə qərar qoydular ki, hökumətin orta məktəblərində ana dilinin qeyri dərslər dərəcəsində oxunmağını tələb etsinlər. Həmin məclisdə bu qərardada ermənilər də və gürcülər də qol qoydular. O ki qaldı, müsəlmanlara, – müsəlmanlardan duma məclisində tək bir nəfər şəxs var imiş ki, o da durub belə fərmayiş edib:

Ağalar, ana dili barəsində biz müsəlmanların qandığımız belədir; ana dilinin tərəqqisi, yəni əgər biz duraq özgə elmləri də və özgə dilləri də oxuyaq və öz ana dilimizi oxuyaq, – bu bir çətin işdir. Əgər biz ana dilimizə də qeyri millətlər kimi əhəmiyyət verək və öz aramızda ana dilimizdə danışaq, onda deməli ki, gərək hər bir cəmiyyətimiz pozula; səbəb budur ki, xah Tiflisdə, xah Bakıda nə qədər ki, milli cəmiyyətlərimiz var, onların heyətlərinin üzvləri rusca danışırlar və çoxusu heç öz ana dilini bilmir.

Bu işin ikinci çətinliyi də budur ki, indi hökumət bizə, tutaq ki, elə izn verdi ki, ana dilimiz məktəblərdə oxunsun. Amma di gəl ki, müəllim hanı? Haradan sən o qədər ləyaqətli müəllimlər tapa bilərsən ki, lazımi qədərincə kifayət versin? O ki, Bakı müəllimləridir, – onların barəsində məşhur şair “Ədib” təxəllüs demişkən, həmişə dərs vaxtı klasda yatırlar. Vəbalı şairin boynuna, gör nə deyir:

Çox məharətli, bilikli və çalışqan insan

Yaranıb türki deməkdə bu müəllim deməli,

Qatmayın zəhr, ay uşaqlar, belə bozbaş suyuna,

Dərs oxutduqda yatır, ya oyanır, neyləməli?!..

Həmin müsəlman qardaşa duma üzvlərinin biri belə cavab verir: Xeyr, ağa, sizing səhviniz var. Əgər istəsəniz, elə müəllim taparsınız ki, nə gündüz yatsın, nə gecə yatsın; məsələn, götürək qazılarınızı ki, onlara siz gətirin qazanc yolu göstəriniz, görünüz yatırlar, ya yox? Amma siz müsəlman milləti qızlarınızın qədrini bilmirsiniz, onlar da keçən ay gedirlər Cavanşir dağlarında avam camaatı aldadırlar ki, hökumətdən qərardad var ki, cəmi dul övrətlər gərək gedələr dava meydanında saldatların paltarlarını yuyalar və məni də hökumət göndərib ki, arvadları siyahiyə götürüm. Söz yox, bu xəbəri eşitcək gör biçarə övrətlər necə təşvişə düşürlər. Axırda başa bir put xalis inək yağı və putyarım camış yağı alandan sonra, cənab qazı arvadları azad edir.

İndi gör, yağın bu baha zamanında nə qədər mənfəətli bir işdir! İndi belə bir qazıya sən götür yaxşı məvacib ver, gör klasda yatar ya, yox?

Mən söhbəti qurtarıram, amma qorxuram ki, oxucular nigaran qalalar ki, bəs məqalənin ki, başında yazılıb: “qeyrət, bəs indi bu yazıpozudan nə mətləb ələ gəldi və qeyrət söhbəti necə oldu; bitərəf hökumətlər harada qaldı və ana dilinin inək yağına nə dəxli var və bu nə sözdü, nə danışıqdı və bu işlərin əvvəli hansı, axırı hansıdır və müxtəsər ki, sözün nədir?

Vallah, özüm də bilmirəm.

 “Molla Nəsrəddin”, 16 fevral 1917, №2