Qılıncım özünü kəsdi qınında… – Vahid Əziz

78 Baxış

photo_1787

 

Neynədin?

“Vətən mənə oğul desə, nə dərdim?

mamır olub qayasında bitərdim”

                                  Məmməd Araz

Torpaq getdi gah sürətlə, gah yavaş,

bu sözləri dönə-dönə söylədin.

Ata Yurdu “Oğul!” – deyən vətəndaş,

dərdin bilib, Vətən üçün neynədin?

Bu yerlərdən baş götürüb gedən yox,

mamır olub qürbətlərdə bitən çox,

ay ürəksiz-gözləri ac, qarnı tox,

incik düşüb gedən üçün neynədin?

Saxtakarlıq olmamalı sevəndə,

igid-şəhid, qorxaq olan kefində!

qoca anan “Ahılların evində”,

əldən düşmüş dədən üçün neynədin?

Kimi-harın, kimi bədbin, əlacsız,

dərman baha, imkansızlar ilacsız,

qəriblikdə burdan qaçan xeyli qız;

yad dibçəkdə bitən üçün neynədin?

İşsiz qalan yad ellərdə çalışar,

burda donan yad çöllərdə alışar,

bülbülümüz özgə dildə danışar -

Qarabağda ötən üçün neynədin?

Çul kimisən; gah əriyən, gah şişən,

dərdə gülüb, fəryadlara irişən,

vətən deyib, haqq yolunda döyüşən

şəhid olub ölən üçün neynədin?!

Torpaq dərdi neştər olub gözümə,

gəl alışaq, köz qarışdır, közümə,

Vətən – ayna boylanaraq üzümə,

hıçqırıram için-için “Neynədin?..”

Gözümü yaşartdı  xoş xatirələr…

                 Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin

direktoru professor Nazim Kazımov zəng edib dedi ki:

   Gənclik illərimin keçdiyi Şirvan şəhərində dostlarıyla

                     məni xatırlayıb şərəfimə badə qaldırırlar.

Gözümü yaşartdı xoş xətirələr,

həyat təknə imiş, ömür dənizdi,

gənclik illərimin keçdiyi yerlər,

mənə o vaxtkından indi əzizdi.

Ağrısı qəlbimdə ötən illərin,

təqsir-əyilməyən şəstimdə idi,

alnımda, üzümdə qalan izlərin

çoxsu eşqlərin qəsdindən idi.

Ürəyim taleylə daha barışıb,

xətrimə dəyənlə qırğın edirdim,

qonşu qızlarından gendə dolaşıb,

gendə olanlara yaxın gedirdim.

Elə xatirəm var-hərdən üşüdür,

eləsi tapılıb – ürəyim yanıb,

indi qısqananlar başa düşülür,

o vaxt qısqananlar nəyə qısqanıb?

Buruqlar içində adicə fəhlə,

bir çörək puluna külüng vururdum,

o vaxt nə misralar gəlirdi dilə,

nə də nəğmələr məclis qururdum.

Daha vaxtı çatır ömrün solmağa,

gedim ki, dostlarım yadına salsın.

Bakıya gəlmirdim şair olmağa,

bu söhbət başqa bir zamana qalsın…

Babam deyən nağıl-köhnə yenilik…

Babam deyən nağıl-köhnə yenilik:

“əyrisi-əyriydi, düzü-düz idi”.

Bəlkə olayları yalnış bilirik -

buralar dünyanın astar üzüdü?!

Xeyli dilək yazıb atdım dənizə,

insandan gileyim harasa üzür.

Əyri də dünyadan gileylənirsə;

yazıq dünyadır ki, bunlara dözür!

Tutaq, qanadlandım, həyana uçum?

nə göydə ulduzam, nə də yarasa.

Sənə bəxt qapısın nə cürə açım,

mən özüm-özümlə bacarmıramsa?

Yellər yerə səpdi sarmaşıqları,

çoxu-çiçək bildi, biçən olmadı.

Xan kimi böyüdü “ev uşaqları”,

“tamah dişlərini” çəkən olmadı!

Etdiyim söhbətin mətləbi nazik;

olmaya Şeytana Allah uduzmuş?!

Tanrı yaratdığın dağıdan bizik,

insan-yırtıcıdan daha quduzmuş!

Babam söylədiyi köhnə yenilik;

“əyrisi-əyriymiş, düzü-düz imiş”,

hərdən bu söhbətə şübhə edirik,

düz olan bu qədər əyilməzimiş…

Qılıncım özünü  kəsdi qınında…

“Bizi hara çəkər köçün sarvanı?” -

soruşdu göllərin sonası məndən,

Abıra salardım gidi dünyanı

asılı olsaydı sonrası məndən.

Yenə də köç edib, mehrin salmadı,

bu il də baş alıb getdi, qalmadı -

köçkün dəstəsinə durna almadı,

qorxdu ki, pozular sırası mənnən,

qılıncım özünü kəsdi qınında -

ədalət carçısı haqqı dananda.

nöqsanı abartdım “Eşq qanununda” -

o vaxtdan düzəlmir arası mənnən.

Çeşmədə gəzilməz-qazmağı lildi,

yandıran da odur, yanan da dildi.

Gözümün bəyazı simə çəkildi,

gedər o dünyaya parası mənnən,

El-oba eşqinə  həmdərd olan mən,

odlara atılıb haray salan mən.

Qarabağ dərdinə düçar olan mən -

qorxuram qocala yarası mənnən.

Mənim çoxlarından xeylidir fərqim,

qırdıqca, biçdikcə qalxıb cücərdim.

Can nədir? – onu da qurban verərdim

Yurdun bağlı olsa çarası mənnən…