Milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği – Qırmızı bağ

34 Baxış

100031_pfxh8eq71c

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Cənnət də, cəhənnəm də insanın öz içindədir. Bəlkə əslində, sadəcə ovqatdan asılıdı hər şey. Yaxud da tale məsələsidir.

Bəzən seçim özünə buraxılır. Yəni hardasa, həyatının hansısa məqamında etdiyin seçim səni həmişəlik yönləndirir; ya cənnətə, ya da cəhənnəmə… Ya qırmızı, ya da qara… Ya al-əlvan, ya da bomboz… Seçimi özün etmisən, amma nədənsə elə hey çabalayırsan, vurnuxursan, nəyisə dəyişə biləcəyinə ümidlisən…

Ramiz Rövşən “Öz içində” şeirində bunu dəqiq ifadə edir:

Dırnağından telinəcən
Bu adam sənsən beləcə.
İndi bacar, ölənəcən
Bu adamın döz içində.

Sufizmdən gələn bu ideya Mirbala Səlimlinin “Qırmızı bağ” filmində də var, burada şairin təbirincə desək, öz içində dözən insanın ağrısı göstərilir. Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

“Qırmızı bağ”ın ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərovdur. Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırırlar. Əslində, bir yox, bir neçə ideyanı birləşdirən “Qırmızı bağ” çoxqatlılığı ilə seçilir.

Filmin müəllifi Mirbala Səlimov Qala gecəsində jurnalistlərə müsahibəsində bu ideyanı çoxdan içində daşıdığını demişdi. Həqiqətən filmin çəkilişləri müxtəlif maddi və texniki səbəblərdən 13 ilə başa gəlib. Və əlbəttə ki, fasilələrin filmə, müəllifin yanaşmalarına təsiri olub.

Film əsasən Şəkidə çəkilib. Şəkinin tarixi görkəmi, burda təbiətlə insanın, köhnəliklə yeniliyin vəhdəti filmin ideyasını çatdırmaq üçün vasitə olub. Uğurlu operator işi, seçilmiş rənglərin – dumanı kəsən qırmızının, bozun içində itib-batan yaşılın harmoniyası. Ümumiyyətlə, insanın təbiətlə birliyi, onun bir parçası olmasını göstərmək qarşıya qoyulan əsas məqsəddi. Elə ona görə də lap əvvəldə nadir ağacların kəsilməsi problemi qoyulur və film boyu bu, simvola çevrilir. Yəni əslində, “Qırmızı bağ” adı həm qırmızı rəngli bağın, insanların bir olduğu, rahat anlaşdığı məkanın ifadəsidir, eyni zamanda, bu ifadə insanlar arasındakı bağ, əlaqə kimi yozula bilər.

Filmin qəhrəmanı Abbas müəllim (Maqsud Məmmədov) elə ilk kadrlardan cəmiyyətdən təcrid olunmuş, özünə qapanmış bir adam kimi təqdim olunur. Təbiətşünaslıq müəllimi olan Abbas təbiətdən xeyli uzaqdı, əslində, təkcə təbiətdən yox, bütün canlılardan. Arvadı Vəfa (Gülzar Qurbanova) öləndən sonra isə ümumiyyətlə dünya ilə bağları qırılıb, gününü elə Vəfanın məzarı başında keçirir. Özünü günahkar bildiyi üçün, yaxud da tənhalığını ovutmaq üçün Vəfanın məzarından əl çəkmir.

Tənqidçi Aydın Talıbzadə film haqqında yazdığı məqaləsində Abbas müəllimi qısaca belə xarakterizə edir: “Özündən şübhəli, sevgi – günah – borc üçbucağında boğulan ziyalı görkəmli birisidir; filmin məkanı ilə sakit-sakit kabus kimi gəzişir, bəy nəslindəndir, varisi olmadığından şəcərə xiffəti çəkir, özünü yer üzünün axırıncı bədbəxti sanır, arvadının özgə uşağı götürüb böyütməsinə qarşı bir avropalı qədərincə yumşaq, introvert təpki göstərir, heç də kənd kişisi kimi, azərbaycanlı kimi davranmır”. Həqiqətən Maqsud Məmmədovun oyununda böyük ağrının, etirazın, üsyanın təmkinli ifadəsini görmək olar. Aktyor filmin Qala gecəsində müsahibəsində bu məqamı xüsusi vurğulamışdı: “Mən xaraktercə çılğınam, əsəbiyəm, tez özümdən çıxanam. Amma Abbas müəllim çox sakit, təmkinli olmalı idi, hirslənəndə də, iztirab içində olanda da öz daxilində çəkməliydi hər şeyi. Ona görə asan deyildi mənim üçün. Mirbala müəllim məşqlər, çəkilişlər boyu məndən çılğınlığı azaltmağımı, daha təmkinli oynamağımı istəyirdi”.

Özü üçün qəbir qazdırmaq, qəbrinin pulunu özü verib ölümünü planlaşdırmaq səviyyəsində “sakit”di Abbas. Xanımı uşaq üstdə vəfat edəndən sonra yaşamağının bir mənası qalmayıb. Filmdə qəhrəmanın daxili sarsıntılarını göstərən detallar, metofalar yetərincədir və bunların içərisində uğurluları da çoxdur. Abbasın həyatına son qoymaq üçün dərman içib huşunu itirməsindən sonra gördüyü yuxusu qəhrəmanın daxili “cəhənnəmini”, təbəddülatlarını dəqiq göstərir. O dünyaya düşən Abbas, əslində, harda olduğunu kəsdirə bilmir. Sadə bir elektrik – “mantyor” ona həyata, işığa qayıtmağı məsləhət görür. Ümumiyyətlə, filmdə sadə adamların təmkini, müdrikliyi önə çıxarılır. Məsələn, qəbirqazanların sakitliyi, pula biganəliyi, elektrikin ironiya ilə – o dünyada da işıq gördüm, biz heç yerdə işsiz qalmayacayıq – deməsi, adi bir mollanın Abbasa matəmlə bayramın qardaş olduğunu anlatması və s. Müəllif bu sadə adamların dediyi kəlamlar vasitəsiylə tamaşaçını ən müxtəlif suallar ətrafında düşündürür.

Uzun illərdir, Şəki teatrında baş rejissor kimi çalışan və bir çox uğurlu tamaşalar qoyub Beynəlxalq layihələrə imza atan Mirbala Səlimli “Qırmızı bağ” filmində səhnə estetikasından minimum istifadə edib. Yəni filmdə nə qədər qəribə səslənsə də, kino hədsiz çoxdur. Məhz görüntüylə deyilən “söz”, ötürülən mesaj üstünlük təşkil edir. Hətta o qədər çoxdur ki, tamaşaçı bunların bəzilərini yozmaqda, anlamaqda çətinlik çəkər.

Ana olmaq istəyən, amma sağlamlığı buna imkan verməyən, kimsəsiz bir oğlana mərhəmət göstərən qadını-Vəfanı canlandıran Gülzar Qurbanovanın oyunu rolun xarakteri ilə harmoniya təşkil edir. Gülzar xanım Vəfanın onu anlamayan ərin yanındakı boz-qara-ağ dünyasını xəfif bir təbəssümlə, həm də bir az soyuqqanlı əsəbiliklə, eyni zamanda sakit üsyanla göstərir. Bir sözlə, bu oyunda, daha doğrusu, bu qadında qatmaqarışıq hissləri sezmək, duymaq olur. Elə təkcə yelləncək səhnəsində saçlarını yel aparan, az qala qanad açıb uçan, uşaq kimi sevincək olan Vəfa xoşbəxtdi. Həm də axı bu yelləncəyi Orxan gətirib, həmin o nənəsi öləndən sonra kimsəsiz qalan, Vəfanın himayəyə götürdüyü uşaq. Uşaq deyəndə ki…

Məsələ burasındadır ki, filmdə ana ola bilməyən Vəfanın da, bioloji varisinin olmasını arzulayan Abbasın da Orxana münasibəti aydındı. Vəfa ona mehrini salır, ana nəvazişi göstərir, Abbas isə yad uşağı öz oğlu kimi qəbul etmək istəmir. Amma bəs Orxanın bu adamlara münasibəti? Daha öncə Aydın Talıbzadənin haqqında söz açdığım məqaləsində bu məsələ sərt şəkildə qoyulur, yəni tənqidçi Orxanın hisslərində, davranışında freydist elementlərin olduğunu iddia edir. Həqiqətən də filmdə belə məqamlar var; Əriylə mehribançılıq edib yelləncəkdə yellənən Vəfaya ağacdan qəzəblə baxması, yaxud gecə yağışdan, şimşəkdən qorxub böyüklərin yatağına gəlib girməsi və ya Vəfanın dərmanı olan sarağanı dağlardan tapıb gətirməsi və s. Lakin bu detallar da birmənalı yozuma imkan vermir.

Və bununla da film Çingiz Aytmatovun “Cəmilə” əsərini yada salır. “Cəmilə” əsərində də əri müharibədə olan Cəmilə qaynı, yeniyetmə Seyidin “himayəsi” ilə tarlada işləyir, buğda kisələrini daşıyır, hətta kəndçi Daniyarla məzələnir də. Seyidin dilindən nəql olunan hekayədə balaca oğlanın hissləri o qədər çoxqatlı, təzadlıdır ki; bir yandan gənc və gözəl Cəmiləyə heyrandı, bir yandan onun açıq-saçıqlığına, sərbəstliyinə görə qəzəblənir, bir tərəfdən soyuq, sakit Daniyarı necə özündən çıxarmasına azarkeşlik edir, o biri tərəfdən də əsil kişi kimi böyük qardaşının qeyrətini çəkir, bütün bu qatmaqarışıq hisslər içində hələ təbiətlə də təmasdan qalmır və rəssam olmaq istəyir. “Qırmızı bağ”da da Orxan bu cür qəliz qəhrəmandır. O da bir tərəfdən qürurludu, soyuqqanlıdı, amma Vəfaya isti, ilıq hisslər bəsləyir. Həm Vəfanı qorumaq istəyir, həm də ona sığınmaq, Abbasa qəzəblidi, onu Vəfanın ölümündə günahkar bilir, amma Abbası intihardan, o dünyadan, ölümdən qaytarmaq üçün təcili yardım çağırır, hamıdan gizli dünyası var, ancaq təbiətin də qeydinə qalır, ağacları qıran adamları ayı müqəvvası ilə qorxudur. Bir sözlə, filmdə ən dərin və çoxqatlı adam elə Orxanın özüdür.

…Orxan mənəvi dəyərlərin qoruyucusuna çevrilir sonda. Əlbəttə, sadəcə ağacları yox, həm də “qırmızı bağ”ları mühafizə etməsi ilə… Ümumiyyətlə, ilk baxışdan süjet ailə-məişət təsiri bağışlasa da, “Qırmızı bağ” insanın mənəvi aləminin müxtəlifliyini, dərinliyini, daha doğrusu, həyatın məhz bu mənəvi aləmdən asılılığını göstərir. Təsadüfi deyil ki, bu film 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Proqramın əsas mükafatı filmə Kanada, İslandiya, İtaliya, Qırğızıstan, Filippindən olan münsiflər heyəti tərəfindən təqdim olunub. Bundan başqa, “Qırmızı bağ” bir çox festivallarda Azərbaycan kinosunu uğurla təmsil edib. Rusiyada 30-cu “Nika” mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına  nominant elan olunub. Həmçinin, film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivallarında iştirak edib. Bakıda keçirilən 7-ci Avropa Film Festivalında da Azərbaycan “Qırmızı bağ” filmi ilə təmsil olunub.

Filmin sonunda Orxanla Abbas sarağan kollarının arasında hər şeyi eşidir və görürlər. Yəqin elə dünyasını dəyişmiş Vəfanın özünü də… Çünki yalnız birliyin, mənəvi bərabərliyin olduğu yerdə insanlar bir-birini eşidə, görə bilərlər…

Pərvin NURƏLİYEVA
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10