Qırmızı çarmıx əfsanəsi

59 Baxış

elchin_aslangil

Senet.az gənc yazıçı Elçin Aslangilin “Qırmızı” povestindən olan “Qırmızı çarmız əfsanəsi” hekayəsini təqdim edir: 

“Onlar cəhənnəmdəki Fəyy dərəsinə düşəcəklər”

Buludların ətəkləri qırmızı rəngə çalırdı. Göylər qapılarını çəkib örtmüşdü. Qüdsün dar və dolanbac küçəsində heç nə olmayıbmış kimi var – gəl edən insanlar, çox güman ki, göylərin hökmündən xəbərsizdir.
Bir az əvvəl Məcdəlli Məryəmlə Hz. İsanın söhbətinə şahidlik edən Jasmin Qrandvala çox şey aydın olmuşdu. O artıq bilirdi ki, Məcdəlli Məryəm heç də keşişlərin söylədiyi kimi iman gətirərək fahişəlikdən Hz. İsaya sığınmamışdır. Misirli Məcdəlli Məryəm, bilgin ana, Hz. İsaya və Allaha iman gətirən mömin qadındır. Allahın salamı olsun ona. – Bu sözləri, Məcdəlli Məryəmi düşünən Jasmin Qrandval dodaqları arasında pıçıldadı.
Hz. İsa Bilgin anayla sağollaşaraq zirzəmidən çıxdıqda, Jasmin yanından keçən Allahın elçisinin üzünü görməyə çalışmış, fəqət gözlərindən tumurcuqlayan yaşlar buna imkan verməmişdi. O sadəcə, gözlərindəki yaş pərdəsinin arxasından kəskin işığa tamarzı – tamarzı baxmalı olmuşdu. Sonra ayaqları zəncirləndiyi yerdən san ki açılaraq buraxılmış və o da, daş pillələrlə Həzrətin arxası ilə gedərək özünü indi dayandığı küçənin ortasında görmüşdü.
Birdən, o, qulaqlarının və gözlərinin eşidib gördüklərinə şahid oldu. – Ey Qüds əhli! Ey peyğambərləri və Allahı danmaqda mahir olan İsrail övladları. And olsun İbrahimə, and olsun Süleymana, and olsun Musaya, and olsun Yaquba ki, cəhənnəmin səmun küləkləri bizi yerlə – yeksan edəcək! Əhd divarı başımıza uçacaq! Tur dağı boyda daşlar töküləcək üstümüzə! Yediyimiz xurmalar, zəqqum kimi boğazımızda od olub tutuşacaq! Biz zəlilik! Vay bizim halımıza!
Küçənin baş tərəfində dayanaraq əllərini havada yelləyib qışqıran kişinin hay – həşiri Mis Jasmin Qrandvalı ona tərəf getməyə sövq etdi. Kişi vayşüvən edə – edə küçənin başından sağa burularaq gözdən itdi. Jasmin də, küçədəki bir çoxları kimi kişinin ardınca qaçmağa başladı. Nədənsə hiss edirdi ki, dəhşətli bir mənzərəylə qarşılaşacaq. Bir anlıq görüntü aləmində seyrə daldığını unudub yanından keçən kəsdən soruşdu:
- Nə olub?
Jasminin sualı cavabsız qalsa da, ondan bir neçə metr öndə gedən kişilərin təntiyə – təntiyə, “Meydanda Məryəm oğlu İsa çarmıxa çəkilir” – deməklərindən hər şeyi anladı.

- Bu gördüyünüz məlun, Məryəm oğlu İsa, özünü İsrail xalqının kralı elan edib. O iddia edirdi ki, guya Allahın oğludur. Guya biz ona və onun anasına səcdə etməliyik.
Mis Jasmin Qrandval bu sözləri eşidə – eşidə izdihamın arasından su kimi axıb keçərək çarmıxın önündə gəlib dayandı. Günəş yarım gün göy üzünə yüksəlmişdi. Parlaq günəş ziyası gözlərini qıyaraq çarmıxdan nəzərlərini ayırmayan Jasminin üzünə sancılmışdı. O, çarmıxa çəkilmiş adamın kölgəli üzünü görüb diksinərək dedi:
- Şeytanın şərindən Allaha sığınıram…
Keçəl başı günəşin şuaları altında par – par yanan qoca, çarmıxın dibində sağa – sola var – gəl edərək üzünü kütləyə tutub ucadan danışırdı:

- Bəs əgər bu kişi Allahın oğludursa, çarmıxda niyə belə çarəsiz qalıb? Ölüləri diriltdiyi söylənilirdi. Görəsən bu bədbəxt özünü də dirildə biləcəkmi? Ey məlun, vücudunun hər tərəfi doğram – doğramdır. Hanı sənin yaralardan axan qanı durdurmaq kəramətin? Bəs dilinə nə olub? Qamçılananda da, çarmıxa çəkiləndə də, dil açıb atanı köməyə çağırmadın, susdun. Nə üçün susduğunun sirrini mən indi burda hər kəsə bəyan edəcəm. Ona görə susdun ki, səsinə səs verən olmayacaqdı. Əvvəlcədən işarə edib susma orucu tutduğunu bildirərək hiyləgərlik etmiş oldun. Ey Məryəm oğlu İsa, sən bir çoxlarının qəzəbinə tuş gəldin. Təkcə romalıların tanrılarını özünə düşmən etmədin, eləcə də ehtiyac içində yaşayan insanların inancı ilə oynayaraq zənginlərin üstünə qaldırdın onları. Öz sehr və cadularınla əminəmanlıq içində yaşayan Qüdslülərin arasına nifaq toxumu səpdin. Sən bu çarmıxa və başına keçirilmiş paslı dəmir taca layiqsən.
İnsanlar özlərinə niyə belə əzab verirlər? – Jasmin Qrandval düşünürdü.
Nə bir saatdan az, nə iki saatdan çox. Çarmıxa çəkilən Allahın mükafatlandırılmış qulu, başını sağ çiyninə qısaraq ya huşunu itirdi, ya da öldü. Onun öldüyündən əmin olmaq üçün, iki əsgərə süngü ilə sinəsini deşdəkləmək əmr oldundu. O, heç qımıldanmadı da. Bir neçə saat sonra, meydana toplaşanların hərəsi öz işinin arxasınca getdi. Dişlərini sıxıb gizlincə ağlayanlar da, “şarlatan Məryəm oğlu İsa” deyib, qışqıranlar da, çox çəkmədi ki, tamaşanı bitmiş sayıb meydandan uzaqlaşdılar. Ağlayanların bir çoxu, təəssüfləndi də. Gözyaşları üçün heyifslənənlər  də oldu. Şübhələrə qapılıb imanlarını tərk edənlər, öz – özlərinə “Bu da bir dövr idi gəldi keçdi” deyərək qəlblərini möhürlədilər.
Jasmin öz gözləri ilə gördü. Meydanda, yalnız iki roma əsgəri və bir də onlardan azacıq kənarda at belində dayanan kök bir kişi qalmışdı. Əsgərlərdən biri çarmıxdan endirdikləri adamla nə edəcəklərini öyrənmək üçün atlıdan soruşdu:
- Eyyy, komandir Jozef Arimeteay, bunu nə edək?
- Sizə verdiyim ağ kətana bükün. Sonra arabaya qoyub aparın şəhər kənarında basdırın. Mən də arxanızca gələcəm.

Jasmin Qrandval tamam taqətdən düşmüşdü. Dodaqları susuzluqdan od tutub yanırdı. Sonra yavaş – yavaş gözləri qaraldı. Daha sonra qulaqları hardansa ağı səsi eşitdi. Yumulmaqda olan göz qapaqlarını qəfil ciddi – cəhdlə açan Jasmin, səsgələn tərəfə boylandıqda, qara çadraya bürünmüş üç qadın gördü. Bir də baxdı və nəhayət anladı ki, indi tamam başqa yerdədir. Ətrafa göz gəzdirdikdə, yaxınlıqda quru təpələrdən və uzanıb gedən düzənliklərdən başqa heç nə görmədi. Qadınlar ağlayırdı. Jasmin onlardan birini tanıdı. Bu, Məcdəlli Məryəm idi. O deyirdi:
- And olsun Allaha və əhdimə ki, sənin öldüyünə zərrə qədər də inanmıran. Sən ölməmisən. Və əgər bu məzardasansa, qalx bizə Allahdan danış, hikmətlər söylə.
Məcdəlli Məryəmin yanındakı qadınlarsa, ovunmaq bilmirdilər, elə – hey içlərini çəkə

- çəkə ağlayırdılar. Birdən, Məcdəlli Məryəm dedi:
- Susun! Mənim eşitdiyimi siz də eşitdinizmi?
Qadınların ikisi də bir ağızdan – xeyr, eşitmədik, dedilər.

- And olsun Allaha ki, torpaqdan səs gəldi. Mənə kömək edin.
Bunu deyib torpağı eşməyə başladı qadın. Yanındakılar da, Məcdəlli Məryəmi köməksiz qoymadı. Jasmin heyrət içində bu işin nə ilə nəticələnəcəyini gözləyirdi. Cəmi yarım saat sonra qadınların qışqırığı Jasminin tüklərini ürpərtdi. Qadınlar, ağlaya – ağlaya hay – qışqırıq salıb, məzarın torpağını qazaraq kənara atdılar. Məcdəlli Məryəm belinə keçirdiyi kəmərdən su tuluğunu çıxardıb məzarın içinə doğru əyildi. Mis Jasmin Qırandval təəccüb içərisində onlara tərəf bir neçə addım atdıqda, yerindəcə donub qaldı. Bu Yahudadır? Bəlkə Hz. İsadır? Yoxsa mənə belə görünür? Qadınlar kişini məzardan çıxardıb yerə uzatdılar. Məcdəlli Məryəm onun üzünə öz əlləri ilə su çəkdi. Kişi yavaş – yavaş özünə gəlməyə başladı. O zarıyaraq dodaqlarının altında nəsə deyirdi. Çox çəkmədi ki, kişi tamam özünə gəldikdən sonra, hələ də ağlaşıb dua edən qadınlara bir söz demədən heysiz bir şəkildə ayağa qalxdı. Aramla ağ kətana bürünərək sağ ayağını çəkə – çəkə qadınlardan uzaqlaşmaq istəyirdi ki, Məcdəlli Məryəm üzünü ona tutub dedi:
- Ey Allahın sevimlisi, möcüzələri ilə bizə haqqın dəlillərini göstərən Məryəm oğlu İsa, hara gedirsən?
- Mən İsa deyiləm.
Üzünü geri çevirmədən zarıya – zarıya bunu deyən kişi, onlardan uzaqlaşdı. Qadınlar ayağa qalxıb onun ardınca getdilər. O, demək olar ki, hər atdığı addımda İsa olmadığını təkrarlayırdı. Məcdəlli Məryəm ona tərəf qaçaraq onu saxlmaq istədi, amma bacarmadı. İsa onlardan üz çevirirdi. Və hətta bir az sonra, təkidlə İsa olmadığını qışqıraraq deyib qaçmağa başladı. O, gözü yaşlı qadınların yalvarışlarına məhəl qoymadan daşkəsəkli təpəni keçib get – gedə gözdən itdi. Jasmin də onun arxasınca gedərək, ayaqlarının hökmü ilə təpəni aşdıqdan sonra, yaşıl bir vahəyə yetişdi. Xortlayan adamla burda rastlaşdı. O, addımlarını arxasınca sürüyə – sürüyə su deyib güclə özünü ağacın gölgəsinə çatdırmağa çalışırdı. Susuzluqdan və çox güman ki yaralarının ağrısından əzablar içində qıvrılan adam suyun lap yaxınlığında idi. Bir az nəfəsini dərib sürünərək suya doğru irəlilədi. Başını büs – bütün suyun içinə salaraq doyunca içdi. Özünə gəldikdən sonra suyun içinə girib əl – üzünü yumaq istəyəndə, durduğu yerdən dik atılıb qışqıraraq suyun kənarına sıçradı.
- Yoooox! Bu ola bilməz! Mən Yahudayaaam, Yahudaaa! Allahın oğlu İsanın öz əmri ilə onu otuz axçaya satan Yahudayam. Ey müqəddəs ruh, vücudumdakı yaralardan xəbərsiz olduğum kimi, and olsun ki, çöhrəmdən də xəbərsizəm. Sənin əmrini yerinə yetirərkən, müjdələnəcəyimi söyləmədinmi? Elə kafirlərin gözü qarşısında dodaqlarımdan öpüb mənə xeyir dua vermədinmi? Ey Allahın oğlu, mənə nə olub? Vay mənim halıma! Öz istəyinlə səni ələ verdikdən sonra içimə əkdiyim şübhə toxumlarına görə vay mənim halıma! Mən bədbəxt və rəziləm. Mən imanı axsayan lənətli qulam.
Jasmin bütün bunları eşitdikdən sonra, dizləri üstə çöküb ağlayan kişinin üzünə dəfələrlə yaxşıca diqqət yetirdi və əmin oldu ki, bu, sonuncu dəfə xəstəxanada gördüyü Yahuda deyil.

Allahı dərk etmək üçün, o qüdrət sahibi haqda düşünmək lazım deyil. Sadəcə, onun bizə verdiklərini və bizdən aldıqlarını, əvvəlimizi, eləcə də axırımızı xatırlamaq bizə bəs edər.
Bu odur, Yahudadır. Cansız cismini öz kəfənindən asan Yahudadır. Mis Qrandval gözləri ilə görüb şahid oldu. Yahuda su üzündə öz çöhrəsinin əvəzinə Hz. İsanın çöhrəsini görüb ağlını şeytana öz əlləri ilə verdi. Ağlı başından çıxan Yahuda vahə yaxınlığındakı mağarada özünü  öz kəfənindən asdı.

 

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10