“Qırmızısaçlı qadın” – Keçmişin yeni versiyası

52 Baxış

ty49836797.jpg

Keçmişi yenidən qurmaq ədəbiyyat üçün qaçılmazdır. Müasir dövrdə yazılan istənilən əsərin özündən əvvəlki əsərlərdən təsirlənməməsi mümkünsüzdür. Əsərlər yenidən yaradılır, insana, insanlığa aid universal mövzular fərqli formalarda həyat qazanır. Bu həmişə belə olub, belə olmaqda da davam edəcək.

 

“Qar” adlı romanı ilə Nobel mükafatı almış Türk ədəbiyyatının çağdaş yazıçısı Orxan Pamukun “Qırmızısaçlı qadın” romanının son vərəqini çevirəndə ağlıma gələn ilk fikir bu oldu.

 

Dünyanın hər yerində insanların yaşadığı şeylər eyni olsa da, yaşanma forması fərqlidir, eynilə ədəbi əsərlərdəki kimi. Dramaturq Sofoklun “Çar Edip” tragediyası fərqli şəkildə Firdovsinin “Şahnamə”sində keçən “Rüstəm və Söhrab” hekayəsində yaşanır. Sonra eyni hadisələr daha fərqli (postmodern roman), hətta vərdiş etmədiyimiz şəkildə iki klassik əsərin qarışdırılması ilə üçüncü əsər birləşdirilərkən yaranır. Pamuk Qərblə Şərqi özünəməxsus ustalıqla birləşdirərək, adını rəssam Dante Gabriel Rossettinin məşhur rəsm əsərinin adı ilə əlaqələndirdiyi “Qırmızısaçlı qadın” romanını belə yaradır. Yazıçı əvvəlki roman ənənəsindən uzaqlaşaraq, mətnlərarası əlaqə, dekonstruksiya, təhtəlşüur, mistifikasiya və digər üslubları sintez edərək romanını zənginləşdirib, ona yeni həyat bəxş edib. Kino adamı Kventin Tarantino dediyi kimi, “Bir növün içinə baş vurub, ordan əvvəllər xoşuma gələn şeyləri götürməyi və onları yeni formada təqdim etməyi sevirəm”ə əməl edib.

 

Ata-oğul, oğul-ata, ana-oğul, oğul-ana münasibətləri.

 

Freydə görə, dünya ədəbiyyatın üç ən güclü əsərində – Sofoklun “Oedipus the king”, Şekspirin “Hamlet” və Dostoyevskinin “Karamazov qardaşları” əsərlərində eyni mövzunun – ata qatilliyin əsas olması heç də təsadüf deyil, bütün bunların kökündə Edip kompleksi dayanır. Çar Edip Sofokla görə, bir əsər qəhrəmanı idisə, Freydə görə, insan olmağın faciəvi hallarından biri idi.

^F27301E71B6D9DFD933D0D13537F8AB1534B6AC6B13C417962^pimgpsh_fullsize_distr

 

Amma göstərdiyi əsərlər içərisində Freyd ən çox “Karamazov qardaşları”nın üzərində dayanır, dünya ədəbiyyatının ən kamil nümunəsi kimi həmin romanla heç bir əsərin rəqabət apara bilməyəcəyini qeyd edərək əsər haqqında böyük məqalə də yazır. “Qırmızısaçlı qadın” romanında da Pamukun “Karamazov qardaşları”ndan təsirləndiyi aşkardır. “Karamazov qardaşları”nda ataya qarşı cinayət başqası tərəfindən işlənmişdi. Amma onun öldürülən şəxslə əlaqəsi, romanın qəhrəmanı Dmitrininki kimi, ata-oğul əlaqəsidir. “Qırmızısaçlı qadın”da isə romanın qəhrəmanı – uşaqlıqda ata həsrəti çəkmiş Cemdir. O, ustası Mahmudla ata boşluğunu doldurmağa çalışır, onda ata sevgisi axtarmaqla yanaşı, həm də atasına bənzərlik hiss etdiyi üçün ustaya qarşı qəzəblə doludur. Bu səbəbdən ustasını quyuda çətin vəziyyətdə tərk edib qaçır.

 

Pamuk əsərin müəyyən hissəsini Edip kompleksi üzərində qurub və əsərdə hekayə şəklində Çar Edipin adı bir neçə dəfə keçir. Baş qəhrəman Cem ədəbiyyata hədsiz marağı olan uşaqdır və gələcəkdə yazıçı olmaq istəyir. Bu nöqtədə romandakı ata və oğulun hər ikisinin yazıçı olmaq arzularını Orxan Pamukun şəxsi həyatına bağlayanlar da var. Əsərin başlanğıc “Əslində, yazıçı olmaq istəyirdim” və son “Unutma, əslində, atan da yazıçı olmaq istəmişdi” sanki müəllifin özünün də həyatından olan həqiqətlərə bir işarədir.

 

Romanda hər iki hekayənin baş qəhrəmanı Cem hesab edilə bilər, amma qırmızısaçlı qadının hadisələrə daha çox təsirini inkar etmək olmaz. Ata və oğul eyni qadına aşiq olub, bunu illər sonra Cem sadəcə özü anlayır.

 

Əsərin sonrakı hissəsi başqa bir ata-oğul mücadiləsi, yaxud ziddiyyətilə başlayır və müəllif bu hissədə “Rüstəm və Söhrab” hekayəsini rəhbər tutaraq irəliləyib. Hekayə Şərq ədəbiyyatının mühüm epik əsərlərindən olan Firdovsinin “Şahnamə”sində keçir.

 

Müəllifin özünün də hekayədən çox təsirləndiyi göz önündədir. Əsərdə baş qəhrəman Cem “Rüstəm və Söhrab” tamaşasını Öngörəndə sarı teatr çadırında izləyir. Tamaşadan təsirlənən Cem irəlidə “Şahnamə” əsərini tapıb oxumağa başlayır, əsərlə bağlı rəsm əsərlərini araşdırır.

 

Pamukun maraqlı cəhətlərindən biri də roman boyu oxucunu özü ilə bərabər araşdırmaya sövq etməsidir. Postmodern yanaşama ilə əsərdə istifadə etdiyi hər iki klassik hekayəni obrazların (Cem və Aişə) mütaliəsi və araşdırması yolu ilə çatdırır.

 

Orxan Pamukun “Qırmızısaçlı qadın” romanı qədim klassik hekayələrdən ilham alaraq hekayə içində hekayə quruluşunda təqdim edilib. Bu mənada müəllifin özünün də dediyi kimi, sadəcə türk ədəbiyyatı üçün deyil, Qərb ədəbiyyatı xaricində qalan bütün ədəbiyyatlar üçün ən əhəmiyyətli məsələ “sabahın xəyallarını bu günün rəngləri ilə yaratmaq” olmalıdır.

 

Pamuk Freydçi olmasa da, inanır ki, əfsanələrin, ədəbiyyatın, fəlsəfənin, əxlaq nəzəriyyələrinin cəmiyyətləri formalaşdıran tərəfləri var. “Yaşadığımız həyatın arxasında mətnlər var, insanların təhtəlşüuru bu mətnlərlə formalaşıb. Kitabxanada yaşamağa gərək yoxdur. Biliklər bizə ötürülür. Heç kitab oxumasaq da, bu bilikləri cəmiyyətdən, ətrafımızdan alırıq… Ən qəribəsi, əfsanələrin bir-birinə bənzədiyi yerlərdir. “Qırmızısaçlı qadın” romanımda bu cür bənzər iki hekayəni bir yerə gətirməklə oxucunu düşünməyə sövq edirəm” (Orxan Pamuk).

 

Kim bilir, dünyada daha nə qədər Ediplər və ataları yaşayacaq, dünya ədəbiyyatında daha neçə “Çar Edip”lər, “Rüstəm və Söhrab”lar yaranacaq və gələcək nəsillərə ötürüləcək, “Qırmızısaçlı qadın” kimi…

 

Ceylan Mumoğlu

Bölmə : Manşet, Tənqid
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10