“Qırmızısaçlı qadın”ın qırmızı xətti – Aysel Əliyeva

7 Baxış

 29746301_810700525791245_563106400_o

Mənim üçün sözün əsl mənasında həyatı əks etdirən söz sənəti olduğu üçün ədəbiyyata siyasi tribunadan baxa bilmirəm.

“Türklüyə həqarət” ittihamı ilə məhkəməyə verilmiş ilk türk nobelçi Orxan Pamukun 2016-cı ildə işıq üzü görən ən son romanı “Qırmızısaçlı qadın” müəllifdən oxuduğum ilk əsər oldu. Hədiyyə olaraq aldığım kitabın həm üz qabığına, həm də adına görə ilk baxışdan gözəl təsir bağışladı. Kitabı ilk görəndə qırmızısaçlı qadına aşiq olan bir kişinin hekayəsi gözümün önündə canlanırdı.

Çox rahat dili olan roman hər səhifəsində həyəcan verir. Diqqətimi çəkən məqamlardan biri – kitabın həm faciə, həm də romantikasının çox kübar formada nəql olununmasıdır.

Əslində, kitaba eşq hekayəsi də demək olar, amma əsl gerçəklik Qərb və Şərqə məxsus iki qədim əfsanənin – qədim yunan mifologiyasındakı “Şah Edip” ilə Firdovsinin “Şahnaməsi”nin iç-içə toxunmasıdır. Bu əfsanələrin fonunda eşqdən çox ata-oğul problemi var.

On yeddi yaşlı yeniyetmənin evli, otuz yaşlarında, saçlarını qırmızıya boyamış qadına (“Sizin saçlarınız təbiətdən, doğal olaraq qırmızıdır, mənsə özüm boyamışam”) ilk hisləri və bundan sonra davam edən platonik sevgi, ata-oğul faciəsi – melanxolik abu-hava ilə ümumilikdə zövq vericidir. Müəllif daha çox atasızlığın yaratdığı boşluğu göstərmək istəyib. Qədim dövrlərə aid olan ata-oğul əfsanəsi müasir dövrdə yenidən təkarlanır. Tarix doğurdanmı təkrar yaşanır? Həyatımızda baş verənlər həqiqətənmi təsadüfdür? Daima əsatirlərlə dərindən maraqlanan, “Karamazov qardaşları”nı oxuyan, Freydi, Dostoyevskini araşdıran, saatlarla muzeydə Rüstəmin Söhrabı öldürdüyü tablonun qarşısında zaman keçirən bir insanın başına bu hadisələrin gəlməsi taleyin təsadüfü ola bilərdimi? Şərqdə belə bir atalar sözü var: “Niyyətin hara, mənzilin ora”. Cem mifləri, əfsanələri ələk-vələk edib, tarixin toz basmış səhifələrini tərpədərək, demək olar, öz həyatın öz əli ilə yazır. Yazır ki, “1980-ci illərdə İstanbulda bir ailədə atanın onları tərk etməsi ilə, on yeddi yaşlı oğlunun həyatında boşluq yarandı”. Bu boşluqdan irəli gələrək yanlış addım atır və otuz il sonra bu yanlışlığın açdığı yol faciə ilə nəticələnir.

…daha çox həyəcanı qaçırmayım…

Kitabı xeyli vaxt olar bitirmişəm, amma hələ də fikrimi cəm edə bilmirdim, çünki hər oxuduğum əsərin, obrazın ruhunu hiss etmək şərtdir mənim üçün.

Romanda üç əsas obraz – Mahmud usta, Qırmızıqsaçlı qadın və Ənvər var. Axtardığım ruhu kimsədə görmədim, hiss etmədim.

Cem mənim nəzərimdə vəfasız, dönük, boş xarakterdir. Onda formalaşmış dünyagörüşü atasızlığın yaşatdığı boşluqdan irəli gəlir. Qırmızısaçlı qadında isə demək olar, xarakter duymadım – sadəcə öz missiyası varmış kimi peyda olub, daha sonra qeybə çəkilmək, illər sonra yenə üzə çıxmaq. İllər öncə Cemin atasıyla sevgili olan qırmızısaçlı Gülcahan indi Cemin diqqətin özünə çəkir. Ondan övlad dünyaya gətirir. Bu obrazı ümumiyyətlə sevmədim… Oğul Ənvər isə sərtdir, dikbaşdır, hər kəsdən intiqam alacaqmış kimidir, bunun da səbəbi yenə atasızlığın verdiyi boşluqdur. Sanki atasına tökməli olduğu haqlı hirs-hikkəni, kin-küdurəti xarakterində ətrafa yayır.
Bütün hallarda haqq qazandırdığım, sevdiyim obraz isə dövrünün ən hörmətli sənətilə yadda qalan quyuçu Mahmud ustadır. Ata kimi şəfqətli, insan kimi əzmli olan, sərtliyi və qayğını yerində, qədərində göstərən Mahmud usta. Quyunu qazır-qazır, gündə bir metr yerin dərinliyinə yaxınlaşır, amma su çıxmır. Bu işin sonu səbr tələb edir. O, quyunun dərinliyinə enərək kiçik bəy Cemi özü ilə bərabər aydınlığa, təmizliyə, paklığa çıxarmaq niyyətindədir. Cem isə zəif xarakterilə ona xəyanət edir. Ustanı ölüm ayağında qoyub, heç nə olmayıbmış kimi qaçır…

Ən təsirli səhnəsində boğazımı qəhər kəsdi.

Cem doğma atasının illər sonra ölüm xəbərin eşidib gəlməsi, onun yanında uzanıb saçlarını, yanaqlarını seyr etməsi idi – eynilə uşaqlıqdakı tək qoxusunu duyması kimi…

…Uşaq vaxtı dənizdə atası ona üzməyi öyrədəndə qorxudan, həyəcandan atasının boynuna sarılır.

“Ata:

- Oğlum, qorxacaq bir şey yoxdu, bax, mən burdayam. Yaxşımı?

Mən də atamın qucağında olmağımın verdiyi xoşbəxtlik hissilə təngnəfəs “yaxşı” deyirdim…”

Daha bir səhnə: Oğul Ənvər həbsdədir. Görüş vaxtı qırmızısaçlı Gülcahan ana oğlu ilə vida səhnəsində illər öncəni xatırlayır. Oğlun məktəbə qoyub qayıdanda uşaq anasına yalvarıb, ətəyindən yapışır, anasın buraxmır getməyə, “Ana, məni tək qoyub getmə” deyir. Onda da hər şey gec olur.

“Atasın öldürən, anası ilə yatan, Sfinksin müşkülünü çözən Edip!

Bu üç qədərin mənası nədir?”

Nitsşe, “Tragediyanın doğuşu”.

“Atasız bir oğula olduğu kimi, oğulsuz bir ataya da kimsə qucaq açmaz!”

Firdovsi, “Şahnamə”.

Orhan Pamukun “Qırmızısaçlı qadın”ı rəfimdə sevimli kitablarım cərgəsində öz yerin aldı.

Kitabın üz qabığındakı rəsm əsərinin müəllifi Dante Qabriel Rosettidir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10