“Yıxılmaqdan qorxan adam” – Səma Fuadqızı  

51 Baxış

15871126_1318245628195708_370828246_n

Qorxu hissi insanı təhlükələrdən qoruduğu kimi, onu yaşaya biləcək gözəlliklərdən də məhrum edir. Bəllidir ki, qorxuların əksəriyyəti naməlumluqla əlaqədardır və onun dayanıqlı şəkildə qalması isə fobiya adlanır. Kimi kütlə qarşısında çıxış etməkdən qorxur, kimi yüksəklikdən, kimi də təyyarəyə minməkdən… Bu siyahını bir xeyli uzatmaq da olar. Təqdim edəcəyim qısametrajlı film isə qorxuların, əslində, heç də qorxulu olmadığını  göstərir.

4 dəqiqə 28 saniyə davam edən bu film “Yıxılmaqdan qorxan adam” (The man who was afraid of falling) adlanır. Film Joseph Wallace və Emma Rose Dadenin diplom işidir. Qısametrajlı film 2011-ci ildə, 8 ay müddətində çəkilib. “Stop motion” (Kukla animasiyası) üslubunda çəkilən filmdə bütün detallar əllə hazırlanıb: güllərdən tutmuş qəhrəmanın paltarına qədər. Səhnə kartondan qurulub və bütün detallar akril boya ilə rənglənib. Film 40-a yaxın film festivalında  iştirak edib, 5 mükafata və 5-dən çox nominasiyaya layiq görülüb.

1

Filmin qəhrəmanının adı İvordur. İzdihamlı şəhərin tənha sakini İvor hündürmərtəbəli binada  yaşayır. Qoca İvor təbiəti sevir. Bu sevgini onun dibçəkdə yetişdirdiyi güllərində, İvroun divardan asılmış portet fotosunda görmək olar. Tənha qocanın yeganə təsəllisi bu güllərdir.

2

Bir gün İvor pəncərəsinin ağzına yeni dibçək qoyarkən həmin dibçək pəncərədən aşağı düşür və qırıq-qırıq olur. Dibçəkdəki güllər isə ətrafa səpələnir. İvorda belə bir sual yaranır: “Əgər mən yıxılsam, nə baş verər?” O özünü dibçəyin yerinə qoyur və yuxarı mərtəbədən aşağıya yıxılmasını təsəvvür edir. Beləliklə, İvorda qorxu yaranır və o başqa bir yerə (ikimərtəbəli evə) köçməli olur. Yeni evində əşyalarını yerbəyer edərkən əlindəki kitablar pilləkandan aşağı düşür. Kitabın vərəqləri ətrafa səpələnir. Bu dəfə isə İvor özünü kitabın yerində hiss edərək pilləkəndən necə yıxıldığını gözünün önünə gətirir və yenə qorxur.  Və bu səbəbdən  başqa bir evə köçmək  qərarına gəlir. Bu dəfə isə əşyaları yerbəyer edərkən  saxsı çaydan əlindən sürüşüb düşür və parça-parça olur. Bu zaman İvor otaqda stul görür. Zərərli qorxusu İvoru məcbur edir ki, stula əyləşsin və heç bir yerə tərpənməsin. Bu zərərli qorxunun insanı hansı vəziyyətə saldığına işarədir. Zərərli qorxular insanı məcazi mənada iflic edir. Ona rahat yaşamağa imkan vermir. İvor üçün stul çıxış yolu kimi görünür. O elə bilir ki, əyləşsə və heç bir yerə tərpənməsə nə hansısa əşya qırılar, nə də özü yıxılar. Amma bunun əksi baş verir. Stulun divara dəyməsi ilə divarda çərçivəyə salınmış fotolar yerə düşür və çərçivələrin şüşələri çilik-çilik olur. Qoca İvor bunu görüb dəhşətə gəlir. Sonda  isə özünün ayağı büdrəyir və o, həyətə yıxılır, amma zədələnmir. İvor gözünü açanda  ətrafında al-əlvan çiçəklər görür. Sən demə, yıxılmaq heç də onun təsəvvür etdiyi qədər qorxulu deyilmiş.

3

Əlbəttə, yıxılmaq və ya zədələnmək qorxusu hər kəsdə var. Lakin İvorun qorxusu əsassızdır. Yıxılacağından qorxduğu üçün 3 dəfə evini dəyişdirməli olur. Sonuncu ev birmərtəbəli olduğundan İvor elə bilir ki, məhz bu evdə heç vaxt yıxılmaz. Amma o yıxılır. Bütün bu qorxular onun qocalığından, həm də tənhalığından irəli gəlir.

4

Rejissor  burada qorxu ilə yanaşı yaşlı insanların kövrəkliyinə də diqqət çəkib. Əbəs yerə biz “insan yaşlaşdıqca kövrəkləşir, uşaqlaşır” fikrini işlətmirik. Joseph Wallace: “Yaşlı insanların bədən və ruhları arasındakı əlaqə onların kövrəkliyi daim məni düşündürürdü. Filmin əsas ideyası da bu kövrəkliyə baxmayaraq qorxulara qarşı insanın cəsarətli olmasıdır”.

5

İvor film boyu əşyalarının başına gələn bədbəxtlikləri özü ilə müqayisə edir və qorxur. Bu, əslində, rejissorun ahıl insanlar, onların kövrəkliyi haqqında düşüncələrinin fəlsəfi təqdimatıdır. O, tamaşaçıya “Qorxunun üzərinə getmək və onunla mübarizə aparmaq” mesajını vermiş olur. Bir sözlə, elə etmək lazımdır ki, qorxunun özü səndən qorxsun! Zərərli qorxular  “qonaq olanda” isə özünü gül-çiçəklə bəzənmiş çəmənlikdə təsəvvür et. Onların səni qaranlıq bir otağa həbs etmələrinə imkan vermə!

KÖŞƏ YAZARLARI
TOP 10