Qisas qiyamətə qalmayanda… – Təyyar SALAMOĞLU yazır

50 Baxış

14

Firuzə Məmmədli – 80

Firuzə Məmmədli mənim ilk gənclik çağlarımdan, daha doğrusu, özümü ədəbiyyata meyilli bir gənc kimi dərk etdiyim zamanlardan – 80-ci illərdən üzü bəri “Ulduz”, “Azərbaycan” jurnallarından, “Ədəbiyyat qəzeti”ndən həmişə boya-boy ucalıb, zaman-zaman yorulmaz-usanmaz axtarışları və istedadının gücü ilə “Azərbaycan poeziyasının Firuzəsi” (V.Yusifli) məqamına yüksəlib.

Şair Firuzə Məmmədli haqqında çox yazılıb. Hətta mənim bildiyimə görə, bu yazılardan ibarət ayrıca bir ədəbi-tənqidi məqalələr məcmuəsi də çap olunub.Yenə də mənim bildiyimə görə, F.Məmmədlinin nəsri haqqında çox az yazılıb. Bəlkə də, heç yazılmayıb. Bir fakt da buna işarə edir. Şairənin “Seçilmiş əsərləri”nin yeddicildliyinin beşinci cildi başdan-ayağa nəsr əsərlərindən ibarət olduğu halda (bir neçə müsahibə və məqaləsi ilə bərabər), kitabda “Ön söz” əvəzinə verilən məqalələrdə (V.Yusiflinin “Azərbaycan poeziyasının Firuzəsi” və Əbülfəz Əzimlinin “Poeziyanın ruhu, ruhun poeziyası” yazılarında) ancaq şeir yaradıcılığı təhlil predmeti olur. Yalnız V.Yusiflinin məqaləsinin son abzaslarında F.Məmmədlinin nəsri haqqında qısa xarakteristika verilir. Məsələ burasındadır ki, bu abzaslar F.Məmmədlinin nəsri haqqında tənqidin ilk sözü kimi maraq doğurur və ciddi əhəmiyyət kəsb edir.

Beşinci cilddə F.Məmmədlinin “Ruhun qisası”, “İkinci həyat”, “Köhnə məscid həyəti”, “Sular sonası” povestləri və xeyli sayda hekayələri toplanıb. Bu əsərləri çox diqqətlə oxuyandan sonra onların həqiqi nasir qələmindən çıxdığına heç bir şübhəm qalmadı. Məsələ burasındadır ki, bu əsərləri oxumamışdan onları V.Yusiflinin təbirincə desək, “şairin nəsri” kimi qəbul edir və bu düşüncə mənə Firuzənin nəsrinə tənqidi yanaşma təlqin edirdi. Amma etiraf edim ki, elə birinci povestin oxusundan sonra mən çox dərin düşüncələrə dalmışdım və qarşımda sözün tam mənasında ciddi bir nasirin əsərlərinin dayandığının  fərqinə varırdım. Bu qənaətim povestdən-povestə keçdikcə bir qədər də möhkəmləndi. V.Yusifli çox dəqiq tutmuşdu ki, bunlar heç də “şairin nəsri” deyil, elə nəsr kimi doğulan yazılardır”. Mən F.Məmmədlinin nəsrində çox mükəmməl bir nəsr dili gördüm. Söhbət elə bir dildən gedir ki, fərdi nəsr üslubunun ortada olmasına heç bir şübhə yeri qoymur. Məhz bu cəhətə və bir sıra digər ciddi məziyyətlərinə görə Firuzənin nəsrinin orijinal nəsr təfəkkürünün məhsulu olduğuna şübhəm qalmadı. Ədəbi tənqidin “görünür, şeirdə ifadə edə bilmədiklərini nəsrdə deyə bilmək üçün yazıb bunları” (V.Yusifli) qənaəti məni heç cür razı salmadı. Şeirdən nəsrə keçid heç vaxt belə orijinal nəsr üslubu doğura bilməz. Firuzənin nəsri poetik təfəkkürlə heç cürə qarışıb-çulğalaşmayan, tam fərqli bir təfəkkürün, sanki qələmini ancaq  nəsr sahəsində sınayan və öz üslubu ilə ətrafındakıların hamısından fərqlənən, öz nəsr “mən”ini ortaya qoyan bir nasirin yaradıcılığıdır. “Bütün Azərbaycan oxucuları üçün şair Firuzə Məmmədli obrazı” nə qədər doğma və əziz olsa da, demək lazım gəlir ki, “Ruhun qisası”, “İkinci həyat”, “Köhnə məscid həyəti”, “Sular sonası” povestlərinin müəllifi nasir Firuzə Məmmədli şair Firuzə Məmmədli ilə rəqabətə davam gətirə biləcək bir gücdədir və bu güc ona Azərbaycan nəsrində öz yerini tutmağa kifayət edəcək.

***

Firuzənin nəsri güclü bədii ümumiləşdirmələri ilə diqqəti çəkir. Prozaik məzmun bu nəsrə tamamilə yaddır. Məzmunun polifonikliyi və metaforik ifadəsi bu nəsrin əsas səciyyəvi cəhəti kimi yadda qalır. Bədii təsvirin ətinə-qanına hopdurulmuş ironiya idrakın hüdudlarını genişləndirir. Bu nəsrdə deyilənlə, təhkiyə olunanla idrak olunan arasında əsaslı fərq var. Hər bir ifadə, hər bir cümlə və abzas  düşüncə müstəvisində öz hüdudlarını aşır, oxucunu nəhayətsiz düşüncələr axarına salır.  Bu mənada “Ruhun qisası” povesti xüsusilə seçilir. (Povest 1996-cı ildə yazılmış, ilk dəfə “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsinin 15 iyun 2003-cü il nömrəsində çap olunmuşdur). Əsər cəmi on dörd səhifədir. Müəllif bu 14 səhifəlik povesti yeddi hekayətə ayırıb. Geniş götürəndə ön dörd səhifə povest həcmi deyil. Ənənəvi normativlərlə düşünsək, bu bir hekayə həcmidir. Lakin “Ruhun qisası” öz məna-məzmun genişliyi ilə bizi bu normativ düşüncə orbitindən çıxarır. Əsəri dönə-dönə mütaliə etdikdə orada bir roman materialının yerləşdirildiyini görməmək mümkün deyil.

“Ruhun qisası” Qarabağ mövzusunda yazılmış bir əsərdir. “O, 18 yaşlarında bir mesxeti türkü idi. Özbəkistandan köçüb buraya pənah gətirmişdilər. Adı, gərək ki, Əhməd idi. Hə, Əhməd Abdullayev. “Qarabağ bizimdir” – deyib canını tapşırdı”. Bu sözlər povestdə “əsirlikdən qurtarmış bir qadının dediklərindən” qeydi ilə epiqraf kimi verilir. “Qarabağ bizimdir” – deyib canını tapşıran Əhməd Abdullayevin faciəsi Azərbaycan-erməni savaşında xalqımızın qəhrəmanlıqla həlak olan igid oğullarının dönməz xarakterini, hüdudsuz vətən sevgisini görüntüyə gətirir. Bununla belə, Qarabağ mövzusunun bədii həllində ənənəviliyin davamı kimi səslənir. Birinci hekayət erməni əsirliyində onun miqyassız məhrumiyyətlərinin və faciəli ölümünün təsvirinə həsr olunub və bu təsvirlər də ilkin planda mövzuya ənənəvi münasibətdən xəbər verir. Yəni biz Qarabağ mövzusuna, Azərbaycan-erməni savaşına həsr edilmiş yüzlərlə nəsr əsərində əsirlikdə can verən soydaşlarımızın mətin xarakteri, erməni vəhşiliyi qarşısında sarsılmazlığı, ermənilərin insanlığa qarşı yönəlmiş cinayətləri haqqında çox oxumuşuq. Və biz çox vaxt nəql olunanı oxumuşuq. Ancaq birinci hekayətdə mövzunun ənənəviliyi ilə bərabər, onun təqdimində və bədii həllində bir qeyri-ənənəvilik də var. Əhmədin başına gələnlər bu “hekayət”də nəql olunmur, vizual görüntüyə gətirilir. Müəllif, sanki hadisələri ekranda canlandırır. Bizim gözlərimiz qarşısında canvermə anında çapalayan, – “gah titrəyən, gah da hərəkətsiz düşüb qalan bədən” canlanır. Biz “çiyinləri arasından al-qırmızı fəvvarə axan” başı kəsilmiş Əhmədi görürük. Təsvirin mükəmməlliyi və vizuallığını, sanki hadisələrin bizim gözlərimiz qarşısında baş vermiş kimi səciyyələnməsinin mükəmməlliyini şərtləndirən odur ki, başı kəsilməkdə olan və yaxud kəsilmiş qəhrəman başına gətirilənləri özü də görür, duyur: “Görür ki, həmin qaban avtomatın küpü ilə onun gicgahına güclü bir zərbə endirdi. Sonra o biri qaban bıçağı çəkib bir an içində onun boğazını üzdü. Sonra saçlarından yapışıb kəsilmiş başı qanı şoruldaya-şoruldaya öz boyu bərabərinə qaldırdı və yolun kənarındakı zibilliyə tulladı”.

Firuzənin təsvir və təhkiyəsində reallıq bütün çılpaqlığı, acıları və dəhşətləri ilə görünür. Bütün məqamlarda təsvir və təhkiyəni psixoloji gərginlik müşayiət edir. Qədli-qamətli bir gənci “özü kimi bir sürü qabana göstərərək”, “yaxşı qurbanlıqdı” – deyib, erməni varlığını ortalığa qoyan təbiəti ilə (qana hərisliyi, nadanlığı, təcavüzə və təcavüzkarlığa meyli, bütövlükdə isə xəstə millətçi xarakteri ilə) “yerdə canı ilə əlləşən cəsədin” canını tapşırsa da, ruhunu qoruyub saxlaması, bu ruhun “bu dünya ilə hələ işinin qurtarmaması”, onu intiqama səsləməsi arasındakı paralelizm hər iki xalqın mənəvi dünyası arasında müqayisəyəgəlməz fərqlərin mükəmməl bədii ifadəsi olmaqla bərabər, hadisələrin sonrakı davamının qeyri-ənənəviliyini də işarələyir.

Povestin ikincidən epiloq əvəzi yeddinci hekayətə qədərki sonrakı hissələri bir erməni ailəsində cərəyan edir və bu ailədəki yeniyetmə bir qızın taleyini önə çəkir. Hadisələrin cərəyan etdiyi məkan ermənilərin xəyanət və zor gücünə işğal etdiyi bizim Vətən torpaqları – Dağlıq Qarabağ ərazisidir. Əsərdə Dağlıq Qarabağın adı çəkilmir, hadisələri təhkiyə edən erməni qızı “dərdsiz-qayğısız böyüdüyü” və ürəyincə olan malikanələrinin babasının “dünyanın cənnəti” adlandırdığı bir torpaqda yerləşməsindən, babasının tez-tez bu torpaq uğrunda axıdılmış qanlardan danışmasından söz açır. Söhbətin Qarabağ torpaqlarından getməsi aydın olur. Erməni qızı tez-tez babasının kabinetində divardakı türk xalçasının üstündən asılan bir bıçaqdan söz salır, babasının hər səhər o bıçağın tiyəsini vəhşi bir ehtirasla əmməsini müşahidə etdiyini söyləyir. Yeniyetmə erməni qızının təhkiyəsində oxuyuruq: “Mən bu mənzərəni ilk dəfə görəndə babamın gözünə necə göründümsə, kişi bıçağı tullayıb ikiəlli boğazından yapışdı. Sonrası yadımda deyil”.

Babanın öz nəvəsini görən gözü yoxdur və tez-tez təkrar edir: “Bu qız bizlərə oxşamır. Onun gözləri mənə qəribə baxır”.

Baba, sözün həqiqi mənasında, nəvəsindən çəkinir, onu görəndə hansısa bir fövqəlqüvvənin təsiri ilə həmişə gözlərinin önündə vaxtilə başını kəsdiyi türk oğlunun xəyalı canlanır. Baba türk oğlunun intiqamından qorxur (həmişə bu hissin təsiri altındadır) və bu hissin təsirilə əlini həmişə boğazına atır. (Bıçaqla başını kəsdiyi Əhmədin bıçağını öz boğazında hiss edir).

Əhmədin vəhşicəsinə qətlə yetirilməsi erməninin törətdiyi nə birinci, nə də sonuncu cinayət idi. Erməni rəzaləti qarşısında Əhmədin cismini tərk edən ruhu Haqqın dərgahında da sakitləşmir, intiqam hissi ilə aşıb-daşır. Əhmədin ruhu Haqqın səsini eşidir. “Haqq dedi: Sən intiqam ala bilməzsən. Bunu sənsiz edəcəklər”.

Görünür ki, Haqqın qüdrəti sayəsində Əhmədin ruhu erməni qızının varlığına köçürülür. Sanki Haqqın dərgahında erməni qızına İntiqam ilahəsi statusu verilir…

Erməni qızı babasının törətdiyi cinayəti sənədləşdirən fotoşəklə baxır. Bu şəkildə babası “üz-gözü qapqara tük, əlindəki qanlı bıçağı ayağı altına sərilmiş bir cəsədin paltarına silib təmizləyir”. Erməni qızı bu dəhşətə dəhşətlə baxır, fotoşəklin təsiri altında “hərdən boğazında iti bıçaq yerinin ağrısını duyur”.

Evlərinə qayıdanda gözünü xalçanın üstündəki bıçaqdan ayıra bilmir. Babasını yoxlamaq üçün onun yanına girəndə babası onu Əhməd şəklində görür, “Əhməd, Əhməd….” deyib onu qovmağa çalışır. Bu səhnədən dəhşətə gələn qız özünü otaqdan bayıra atır. Otağa daxil olan oğlanları atalarını başı kəsilmiş vəziyyətdə tapırlar. “Tiyəsi qanlı yatağan (bıçaq) babamın kəsilmiş başının yanında düşüb qalmışdı”. Babanın başını kim kəsmişdi? Bir-birini əvəz edən müstəntiqlər bu müəmmadan heç cür baş aça bilmirlər. Bıçağın üstündə tək bir nəfərin – varlığında Əhmədin ruhunu daşıyan nəvənin əl izləri var. Onu istintaqa çəkirlər. “Maraqlanmışdım, nənəmdən bir ötəri eşitmişdim ki, babam bu bıçaqla (yatağanla) “Əhməd” adlı bir türk oğlunun başını kəsibmiş. Türklərin (azərbaycanlıların) qatı düşməni idi babam. Yadıma düşdü ki, babam çapalaya-çapalaya mənə baxır və “Əhməd, Əhməd”, – deyirdi. Nənəmin üstünə qaçdım. “Siz nahaq məni günahlandırırsınız. Qatil babamdır”. Mən demək istəyirdim ki, Əhməddir. “Babam Əhmədin qatili idi, Əhməd də babamın qatili oldu”.

Erməni qızı müstəntiqləri və bütün ətrafındakıları inandırmağa çalışır ki, “o, (yəni Əhməd) ölü də olsa, ruhu diridir və öz intiqamını almışdır. Ola bilsin ki, bunun üçün mənim əllərimdən istifadə etmişdir”.

“Ruhun qisası” povesti ermənilərin tökdüyü nahaq qanların yerdə qalmaycağından danışır. Ancaq bu motiv povestin fəlsəfəsini ifadə etmir. Şübhəsiz ki, burada fərdi intiqamdan, hansısa bir qan intiqamından söhbət getmir. Povestin fabulasında Azərbaycan xalqına qarşı yönəlmiş genosiddən, etnik təmizləmə siyasətindən və bu yolda nəhayətsiz qanların tökülməsindən, bu qanın yerdə qalmayacağına qəti bir inamdan söhbət gedir.

F.Məmmədli müəllif mövqeyini heç cürə çılpaqlaşdırmaq fikrinə düşmür. Povestdə ermənilərin törətdiyi vəhşilikləri erməni qızının öz pozulmamış (antitürk əhval-ruhiyyəsi ilə zəhərlənməmiş) xarakteri ilə, ən əsası isə varlığında türk oğlunun ruhunu daşıyaraq və məhz bu ruhun təlqini ilə təmizlənərək, bəsirət gözünü açmaq imkanı əldə edərək götür-qoy edib insan haqqında ən bədbin qənaətlərə gəlməsi tam təbii bir proses kimi verilir. Erməni xisləti haqqında ən real həqiqətlər varlığında türk oğlunun ruhunu daşıyan erməni qızının taleyindən keçərək həyata vəsiqə alır. Povestin oxunaqlığını və bədiiliyini şərtləndirən əsas cəhət də budur.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10