“Qışda vaxtsız açan yabanı güllər…” – Kamilo Pessanyanın şeirləri

158 Baxış

CamiloPessanha

Senet.az Portuqaliya ədəbiyyatının simvolizm nəhənglərindən biri Kamilo Pessanyanın (Camilo Pessanha) “Su saatı” (1920) adlı kitabından iki şeiri təqdim edir.

 

 Qışda vaxtsız açan yabanı güllər…

 

Qışda vaxtsız açan yabanı güllər

Tökür ləçəyini yel qanadında.

Əzizim, qəlbimi ram edən sədan

De, susur nə üçün, nədir bu kədər?..

 

Dağılır səmanın boş qəsrləri!

Hayana gedirik əl-ələ, dalğın?

Gözlərimi süzən saf baxışların

Necə də məyusdur, necə də qəmli…

 

Ləçəklər aramla bəzəyir yeri,

Buz ilə örtülü ağ təpələri.

Narın qar ələnir üzərimizə…

 

Ləçəklər yaşmayır, bax, simanı da!

Axı kim dayanıb bu asimanda,

Ələyir onları tellərimizə?..

 

 

Fonoqraf

 

Aktyor ölsə də, davam eyləyir

Güldürməyə, lakin məyuscasına.

Qəhqəhəylə birgə dolur salona

Sanki bir məzarın tozanaq iyi…

 

Səslənir qəfildən ləng barkarola,

Canlanır zanbaqlı bir çay qırağı.

Bataqlıqda bitən çiçək sayağı

Üzür xəyallarım, can atır ora…

 

Səslənir şeypurun zil çığırtısı,

Çalınır ucadan şən çağırtısı.

Duyulur nərgizin turşməzə ətri…

 

Musiqi dayanır, bu ahəngləri

Zərif şeh pərdəsi yavaşca örtür;

Bənövşə qoxulu bahar səhəri…

 

Tərcümə: Firudin Həmidli