Qısqanmayan qadının nağılı – Türkan Turan yazır

14 Baxış

169250_ixfw87m2s8

Dünya şöhrətli insanlara baxanda və ya onları araşdıranda düşünürük ki, bu həyatda hər şeyə sahibdirlər. Belə insanların kimisə qısqanmağı bizə ya gülməli gəlir, ya da mümkünsüz. Fikirləşirik ki, qısqanclıq, paxıllıq belələrinin həndəvərindən belə keçə bilməz. Amma çox tez-tez unuduruq ki, nə qədər cahillik kimi qəbul etsək də, qısqanclıq insana xas olan duyğudur.

Məsələn, Simona de Bovuar fransız yazıçı, intellektual, ekzistensialist filosof, siyasi fəal, feminist və sosial nəzəriyyəçi idi. Özünü filosof hesab etməsə də, onun həm feminist exzistensializminə, həm də feminist nəzəriyyəsinə mühüm təsiri olub. Bovuar fəlsəfə, siyasət və sosial məsələlərə dair romanlar, esselər, bioqrafiyalar, avtobioqrafiyalar, monoqrafiyalar müəllifidir. Adı intellektual qadın siyahısının başında gəlir. Onun böyük fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri Jan-Pol Sartrla yaşadığı eşq isə dillər əzbəridir. Sual yarana bilər: bu üstünlüklərə sahib olan şəxs niyə kimisə qısqansın ki? Ya da qarşısındakı şəxs necə bir qeyri-adiliyə sahib olmalıdır ki, Simona de Bovuar onu qısqansın? Amma doğru yanaşma deyil. İntellektual və ya dünya şöhrətli insan qısqanmaz deyə bir qayda yoxdur. Bu fikri zorla kiməsə sırımaq, kiminsə boynuna qoyub içindəki hisslərin daxilini parçalamasına səbəb olmaq yanlışdır. “Sən siyasətçisən, filosofsan, professorsan, sənətçisən, dünyanın ən məşhur yazıçısısan qısqana bilməzsən” fikri tamamilə absurddur. Hər kəs sonradan adının yanında sıralanan titullardan öncə insandır, ətə, sümüyə bürünmüş insan. Yəni daxilində bütün hissləri mövcud olan və onu idarə edən duyğuları var. Heç kəs ömür boyu robot kimi özünü kontrol altına alaraq, proqramlaşdıraraq yaşaya bilməz. Kim olursan ol, içəridəki hisslər gec, ya tez bir nöqtədə mütləq fışqırıb çıxır.

Simona de Bovuara keçməzdən əvvəl onunla eyni dövrdə yaşayan və adaşı olan Simona Veildən bəhs edim. Yəhudi bir ailədə dünyaya gəlib. Kiçik yaşlarından kitablarla iç-içə böyüyüb. Ailədə uşaqlıqdan etibarən Simonaya “dahi” gözü ilə baxıblar. Çünki həddən artıq istedadlı, bacarıqlı və ağıllı olub. Yunan dilini öz ana dili kimi öyrənəndə onun cəmi 12 yaşı var idi. Keçilən bütün dərslərdə yaşıdlarından çox öndə idi. Hətta o dönəmin ENS imtahanlarında birinci olmuşdu. Eyni imtahanda ikinciliyi qazanan isə adaşı Simona de Bovuar idi.

Simona Veil çəlimsiz, balaca boylu, zəif bir qadın idi. Amma təbii və özgüvənli davranışı, gözəl görünmək üçün heç bir üsula əl atmamağı kişilərin gözündə onu daha da cazibədar qadına çevirir və bu, ətrafdakıları maqnit kimi çəkirdi. Məsələ burasındadır ki, Simona de Bovuar çox gözəl olduğu halda həmişə özünü onun kölgəsində qalmış kimi hiss edirdi. İkisi də tələbələrin aksiyalarına qoşulurdular, fəhlələrin və etnik azlıqların yanında olurdular, ən əsası ikisi də dünyanı dəyişməyi arzulayırdılar. Ancaq çox keçmədən bir seçim etməli oldular. Simona de Bovuar intellektuallığı, Simona Veil isə kasıb təbəqə ilə iç-içə olmağı seçdi. Veil ədalətsizliklərin həllinin beyinlə deyil, əmək verərək, qol yoraraq mümkün olacağına inanırdı. Qısacası, aydın insanların fabriklərdə işləməyindən yana idi. Hətta bunun üçün ilk addımı özü atmışdı və fabrikdə işə girmişdi. Yüksək təbəqədən, zəngin ailədən gələn qadının fəhləlik etməsi insanların ona olan rəğbətini artırırdı. Halbuki bu işi bacarmırdı və bacarıqsızlığının ucbatından üç fabrikdən qovulmuşdu. Ziddiyyətli həyat yaşayırdı. Qabığına sığmırdı. Həmin ərəfələrdə Bovuar kitab dili ilə danışdığı üçün tənqid edilərkən, Veil həyatın içində olduğuna görə təqdir toplayırdı. Amma bir gün sanki yuxudan oyandı. Fabrikdə bütün gün işləməyin insanı romantizmdən, ehtiraslarından uzaqlaşdırdığının fərqinə vardı. Özünü sorğulamağa başladı. İnqilaba olan inamını itirdi. Dostları onu yeni düşüncələri ilə qəbul etmədilər və yavaş-yavaş ətrafından çəkilməyə başladılar. Beləliklə, Simona Veilin yalnızlığı başladı. Bu dəfə insan ilə din arasındakı əlaqələri gözdən keçirdi. Müqəddəslərin həyatına, hind fəlsəfəsinə yönəldi. Ruhunu tərbiyə etmək üçün yemək yemədi, 34 yaşında öldü. Hətta aclıqdan öldüyünə dair şayiələr yayıldı, amma ölüm səbəbi ürək tutması idi.

Aradan illər keçdi. Bir gün elit təbəqənin ayrılmaz parçasına çevrilən Simona de Bovuar adaşını necə qısqandığını etiraf etdi. “Nəyini qısqanırsınız” sualına isə “ürəyini” deyərək cavab vermişdi. Bovuarın qısqandığı digər qadın isə Kamilla idi. Jan Pol Sartrın sevgilisi olan Kamilla. Bovuar əsərlərindən birində Kamillanın sarı və gur saçlarından, mavi gözlərindən, cazibədarlığından, uzun boyundan, mükəmməl bədən quruluşuna sahib olmağından yazaraq təkcə Sartrın deyil, həm də özünün onun görünüşündən necə ram olduğunu göstərirdi. Həm Simona Veil, həm də Kamilla Simon de Bovuarın dəli kimi qısqandığı qadınlar olub. Təbii ki, etik çərçivəni keçmədən daşıyıb bu hissi özündə. Ona görə də, intellektual qadın qısqanmaz deyimini çox ciddiyə almaq lazım deyil. Çünki bu, tamamilə cəfəngiyyatdır. Hər kəs sonradan adının yanında sıralanan titullardan öncə insandır, ətə, sümüyə bürünmüş insan. Bütün hisslər insan üçündür. Təbii ki, həddi aşmamaq, səddi keçməmək, ağını çıxarmamaq şərti ilə…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10