“Qızıl Kəlmə” Ədəbi Mükafatı elan edildi

78 Baxış

kelimeMədəniyyət və Turizm Nazirliyi “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edib.

APA-nın məlumatına görə, mükafat 2014-2015-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə elan olunub.

Mükafat nəsr əsərləri (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri), tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri, orijinaldan bədii tərcümə əsərləri, uşaqlar üçün yazılmış bədii əsərlər üzrə elan olunub.

Göstərilən ədəbi janrlarda yaradılıb, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur, mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.

Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.

Bir təşkilat, şəxs mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

İşlər fevral ayının 16-dan aprelin 20-si son təqdimat günü olmaqla Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10