Gülşad Quliyeva
Ən uzunömürlü intihar
İllərlə dolabdan asılı qalmış
Nimdaş bir paltonun intiharıdır.
Paltarların da ömrü,
Paltarların da ölümü olur.
Axşam qayıdacağını bildiyin adamın ,
Səhərki gedişi belə kədərlidir.
Heyif ki, sən
Qızılgül mürəbbəsinin qoxusunu bilirsən ancaq.
Gecəni oyadıb, səhərə qalmayan
Dəqiqələri çoxaldıqca, səni azaldan öskürəyin belə
Bir adı yoxdur.
Boğulmayana kimi,
Nəfəsin dəyərini anlamır insan.
Uzanan saçlarım da sənə yoldur
Kəsib atsam
Sən, payızdan qışa qarımış narın
Budaq həsrətindən yazarsan.
Nə vaxtsa da
Şeirlərin vərəqlərə inanmadığı,
Şairləri unudulmaqda olan sabahlarda
‘”Sabahın xeyir” deyərik bir-birimizə.