Qızların cehiz apardığı “Ömür kitabı” – Cəlil Cavanşir

30 Baxış

celil_56u37656_35767676

Senet.az oxucularına Ustad jurnalının “Bəxti gətirənlər” rubrikasından Cəlil Cavanşirin Qızların cehiz apardığı “Ömür kitabı” adlı yazısını təqdim edir.

Bir zamanlar  əldən-ələ gəzən, dillərə dastan olan kitablar var ki, indiki nəsil o kitablardan xəbərsizdir. Böyük populyarlıq qazanmış, bestsellərə çevrilmiş bu kitabları ancaq yaşlı nəsil xatırlayır, şöhrəti haqqında ağızdolusu danışır. Belə kitablardan biri də, xalq şairi  Sabir Rüstəmxanlının 1988-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görən, qısa vaxt ərzində bestsellərə çevrilən “Ömür kitabı”dır. Müəllifinə böyük uğur gətirən bu kitabın şöhrətini taleyindən mübarizə, “Meydan hərəkatı”,  milli azadlıq mübarizəsi keçən insanlar yaxşı xatırlayır. Kitab bir neçə il öncə yenidən latın qrafikası ilə nəşr olunsa da, demək olar ki, diqqət çəkmədi. Bəs çap olunduğu illərdə bu kitabın populyarlığı nə ilə bağlı idi? “Ömür kitabı”nı bu qədər məşhurlaşdıran nə idi?

Türkiyədə yaşayan tanınmış şairimiz Məmməd İsmayıl  “Ömür kitabı”nın uğur qazandığı dövrü daha yaxşı xatırlayır. Çünki bu, Məmməd İsmayılın baş redaktoru olduğu “Gənclik” jurnalının da əldən-ələ gəzdiyi, böyük səs-küy doğurduğu dövr idi. Ustad şairimiz  “Ömür kitabı”nı nəşr olunduğu ilk dövrdə oxusa da, hələ də yaxşı xatırlayır:  “Hər kitab oxucu ünvanına yol gedən qatara bənzəyir. Elə dayanacaqlar var ki, bom-boşdur, amma elə dayanacaqlar da var ki, gələn qatarda nə olub nə olmayacağı bəlli olmur. Sabirin “Ömür kitabı” vaxtında yazılmış bəxtəvər kitabdır! Bir yerinə düşməyən söz var, bir də vaxtına çəkən söz! Sabirin o zamankı sözü vaxtına çəkmişdi. Tez də yazılsaydı elə qarşılanmayacaqdı, bir az gec də! Bir tərəfdə Oljas Süleymenovun “Az i ya”sı o biri tərəfdə bədnam Zori Balayanın “Ocağ”ı yaxşı və ya pis anlamda böyük bir dalğa doğurmuşdu… Toplumlar iki zaman kəsiyi, iki rejim arasında çabalamaqdaydı. Belə bir səs mütləq Azərbaycandan da yanqılanmalıydı. Səs də ki, Tanrıdan gəlir. Bəlkə elə Tanrı da bir səsdir! Və o Tanrı səsi bir başqasının yox, Sabirin qulağına nələrsə pıçıldadı və “Ömür kitabı” yarandı. Tanrı və ilham səsinə hazır olmaq əsas şərtdir. İlham da quş kimidir, qonmağa “budaq”, məkan  axtarır. Bəlkə Sabir də daha çox publisistika ağırlıqlı qabiliyyətə sahib olduğundan ilham ilk onun qapısını döydü. Və o da bu fürsəti əldən vermədi. Və nə yaxşı ki, belə oldu!!!”

Kitabın son dövrlər diqqətdən kənarda qalmasını, kifayət qədər satılmamasını və gənclərin bu kitabdan xəbərsiz olmasını Məmməd İsmayıl maraqlı formada şərh edir: “O kitabın uğuru bir az da onun yazıldığı dövrün uğuru idi. Və elə bilirəm heç Sabir də o kitabı yazarkən əbədiyaşar olması üçün çalışmamışdı. Bir növ zori balyanlara isti-isti ilk  cavab idi. Əsas sevgi də bu ilkliyə görə ola bilərdi.  Yağan ilk qar yerdə elə də çox qala bilmir”.

Yazıçı Əjdər Ol “Ömür kitabı”nın publisistika və elmiliyi ilə bağlı açıqlamasında deyir ki, o zaman Azərbaycan oxucusu basqı altında qalmışdı deyə, Rusiyanın yeritdiyi siyasətdən xəbərdar deyildi və bu kitabın populyarlığı onun məzmunu ilə bağlı idi:  “Sabir Rüstəmxanlı müəyyən məxəzlərdən topladığı materiallar əsasında publisistik əsər yazmışdı. O dövrdə tarixçilər məhz tarixilik nöqteyi-nəzərdən bu əsərə ciddi yanaşmırdılar. Məsələn, Ziya Bünyadov demişdi ki, bu, Sabirin öz uydurduğu məsələlərdir. Amma o zaman xalqa bir yazıçının müəyyən tarixi mənbələrə söykənərək təxəyyül əsasında verdiyi məlumatlar çox vacib idi. İnsanlar o kitabı gözlərinə təpdilər. Amma o kitab iki il əvvəl çıxdı, qaldı rəflərdə. Çünki artıq oxucu bu mövzudan doymuşdu. İnsanlar bu mövzuda mətbuatdan kifayət qədər məlumat almışdı. Rüstəm müəllimin dediyi kimi, təxəyyül orda üzə çıxır ki, faktları az bilirsən”.

1985-ci ildən başlayaraq Sabir Rüstəmxanlının tariximiz, dilimiz, mədəniyyətimiz və tarixi yurd yerlərimiz haqqında yazdığı yazılar oxucular arasında böyük  şöhrət qazanmışdı. Bu sahədə çox ciddi boşluq olduğu üçün erməni və rus müəlliflərinin yazdığı yazılara cavab xarakteri daşıyan məqalələr xüsusi diqqət çəkirdi. O vaxtacan böyük oxucu kütləsi tərəfindən şair kimi tanınan və sevilən Sabir Rüstəmxanlının özünəməxsus tərzdə qələmə aldığı publisistik yazılar ciddi maraq doğurur, sanki oxucu “aclığını” doyururdu.

Dosye:

Adı: “Ömür kitabı”

Müəllifi: Sabir Rüstəmxanlı
Rəyçiləri: Oqtay Əfəndiyev, Rəfael Hüseynov

Redaktoru: Tahirə Muxtarova

Tirajı:

-Azərbaycan dilində: 182.000

-rus dilində: 50.000

 Tərcümə olunduğu dillər: rus, türk, ingilis, fars

Kitabın ilk nəşrinin annotasiyasında deyilir: “Onun (S. Rüstəmxanlının) publisistikasında da, şeir və poemalarında olduğu kimi ciddi vətəndaşlıq problemləri qaldırılır, xalqımızın mənəvi ləyaqəti, böyük tarixi, sarsılmaz ruhu barədə danışılır”.

1988-ci ildə, qısa müddət ərzində iki dəfə Azərbaycan, bir dəfə də rus dilində yüksək tirajla nəşr edilən “Ömür kitabı” müəllifinə böyük şöhrət gətirir, Sovet imperiyasının çöküşü ərəfəsində Azərbaycan gəncliyinin milli şüurunun inkişafında mühüm rol oynayır. Uzaq olmayan tarixin canlı şahidləri danışır ki, “Ömür kitabı” gəlin köçən qızlara cehiz verilir, “Meydan hərəkatı” zamanı meydanda əldən-ələ gəzirmiş. Ümumilikdə  kitab iki dəfə ingilis dilində, 3 dəfə Azərbaycan dilində, bir dəfə rus dilində, bir dəfə də Türkiyə türkcəsində nəşr olunub. Fars dilinə tərcümə olunsa da, kitabın İranda nəşrinə icazə verilməyib. İsveçdə “Ömür kitab”ından böyük bir parça “Qayıdıram Araz boyu” adıyla işıq üzü görüb. Eyni zamanda kitab hissə-hissə Cavad Heyətin  baş redaktoru olduğu “Varlıq” dərgisində, İraqda “Yurd” qəzetində çap edilib.  Xalq şairi kitaba giriş üçün yazdığı “Ömrümdən keçən vətən” adlı yazısında deyir: “…Bu kitabda mən uğur və uğursuzluqlarımdan, əzab və mübarizələrimdən, bir sözlə, taleyimdən, varlığımdan keçən Vətəndən, öz tanıdığım və dərk etdiyim Ana yurddan danışmaq arzusundayam. Nə qədər azərbaycanlı varsa, o qədər belə kitab yarana bilər. Mən öz payımı yazıram…”

Üstündən illər keçsə də xalq şairi ona böyük uğur və oxucu sevgisi qazandıran, dillərə dastan olan kitabını xoş sözlərlə yad edir: “ “Ömür kitabı” tale kitabımdır. 1985-ci ildə münasib hava yarandı və hiss elədim ki, vaxtdır, öz içimdəkiləri yaza bilərəm. O vaxta qədər ermənilərin bizim haqqımızda yazdığı çoxlu kitab var idi. İçimdə belə bir istək vardı ki, hansı yolla olur-olsun, onlara cavab verməliyik. Mənim vətənimi necə dərk etdiyimi, o vaxta kimi oxuduqlarımı, gördüklərimi sistemləşdirib bir yerə yığmaq üçün şərait yetişmişdi. Millətin içində də bir oyanma, dərketmə prosesi gedirdi. O kitab vətən haqqında işıqlı bir nəğmə idi və məhz dövrün kitabıydı deyə, yerinə düşdü. “Ömür kitabı” insana güc, qüdrət, işıq verir.

… “Ömür kitabı” nəsrə keçməyimdə böyük rol oynayıb. O kitab ermənilərin, rusların bizə qarşı etdiklərinə, yazdıqlarına, o dövrdə baş verənlərə cavab kimi yazılmışdı. Bu, Azərbaycan mənəvi ruhu haqqında ana kitabımdır. Əslində, əvvəlki kitablar da elə ömür kitabımın səhifələri idi… Mən o kitabı bir səhifə – Azərbaycanın quzey səhifəsi kimi yazmışdım. Düşünürdüm ki, güney Azərbaycana gedəndə kitabın ikinci hissəsini də yazacam. Təəssüf ki, Dünya Azərbaycanlıları Konqresindəki fəaliyyətim, güneylə bağlı yazılarım İrana gedən yollarımı bağladı və mən “Ömür kitabı”nın ikinci hissəsini yaza bilmədim. Amma düşünürəm ki, sonra yazdığım “Xətayi yurdu”, “Bütövlük həsrəti”, “Göy Tanrı”, “Ölüm zirvəsi”  kitablarım, əslində, ömür kitabımın səhifələridi. “Ömür kitabı” ona görə mənim tale kitabımdır ki, böyük tirajla çap olunub və dünyanın bir çox dillərinə tərcümə olunub. Bu kitab mənə böyük şöhrət gətirib, maddi sıxıntılardan qurtarıb, sonrakı həyatımda rahatlığıma yol açıb. Heç kəsi eşitmək istəməyən bir milyon insan meydanda məni dinləyirdi. Çünki gənclər içlərində o kitabla silahlanmışdılar. Kitab, əslində, mənim sonrakı siyasi həyatımın, dünyada gördüyüm işlərin bir növ təməli oldu…”

Gəncliyi Milli azadlıq hərəkatının qızğın çağına düşmüş, “Meydan” hərəkatında, gizli dərnəklərdə iştirak etmiş şair Ehtiram İlham “Ömür kitabı” haqqında hərarətlə danışır, kitabın o dövrdə gənclik üçün əvəzsiz rolundan sayğıyla söz açır: “Ömür kitabı” göydən düşməmişdi. Hələ “qırmızı qaranlığın” (Əli bəy Hüseynzadə)  girdabında boğulanda belə bizim qələm adamları milli duyğuları bacardıqları qədər ifadə edə bilirdilər. Onilliklər boyu az-cox milli hislərlə bağlı nə vardısa, bədii ədəbiyyatda hiss etmək olurdu bunu. Sabir Rüstəmxanlı lap gəncliyindən milli ədəbiyyatın örnəklərini yaradırdı. Onun “Gəncə qapısı” və “Sağ ol, ana dilim” kitabları 1980-ci illərin əvvəlində əl-əl gəzirdi. 80-Cİ İLLƏRİN SONUNDA MİLLİ-AZADLIQ HƏRƏKATINA VÜSƏT TAPANA QƏDƏR Azərbaycanda  Məmməd İsmayılın “Gənclik” və Vaqif Bayatlının “Xəzər” jurnalları milli ifadəni təmsil edən mətbu orqanlar kimi xeyli populyar idi. “Ömür kitabı” da məhz belə bir vaxtda – Milli-azadlıq hərəkatının fonunda çap olunaraq məşhurlaşdı. Məhz bu kitab Azərbaycanın tarixinə və coğrafiyasına bir güzgü tutdu. “Ömür kitabı”na qədər bizdə bu cür şirin dillə və təbii məntiqlə yazılan belə dəyərli publisistik bir kitab olmadığından, bu kitab 100 minlərlə tirajla çap olunsa da, yenə tapılmırdı. O dövrün əsl stolüstü kitabı olan “Ömür kitabı” milli düşüncənin oyanmasında əvəzsiz rol oynamışdı. Həmin vaxt bütün dünyaya səs salmış milli-azadlıq hərəkatının bu qədər güc toplamasında bu kitabın özəl xidməti vardı. Təsadüfi deyil ki, 1989-cu ildə Azərbaycan dünyada “İLİN XALQI” elan olundu. Bu kitabı hamı oxuyurdu – ziyalı da, fəhlə də, nazir də, məktəbli də. Tələbələr isə bu kitabı su kimi içirdilər. Saatlarla bu kitabın müzakirələrinin keçirildiyini indi çoxları xatırlayır – ən müxtəlif auditoriyalardan tutmuş ən adi məclislərə qədər. Böyük ziyalımız Sabir Rüstəmxanlı özgə heç nə yazmasaydı belə, təkcə “Ömür kitabı”yla həm milli-azadlıq hərəkatının, həm də ədəbiyyatımızın tarixində həmişəlik qalacaqdı… “Ömür kitabı” o dövrün gənclərinin bir çoxu kimi, mənim də ömür kitabımın bir ayrılıb, pozulmaz səhifəsinə çevrilib. Və bu, nə yaxşı ki, belədir.”

KÖŞƏ YAZARLARI
TOP 10