Qobustan Qoruğunda tərəkəmə festivalı

0 Baxış

hg

 

Noyabrın 15-də Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Yurdda bayram” adlı tərəkəmə festivalı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Qobustan Milli Tarix- Bədii Qoruğunda keçirilən festivalın əsas məqsədi zəngin elat mədəni irsinin təbliği və iştirakçıları onların həyat tərzi ilə canlı şəkildə tanış etməkdir.

Festivalın əhəmiyyətindən danışan mədəniyyət naziri Anar Kərimov deyib ki, Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu ədalətsizliyə son qoyub: “Biz göstərdik ki, Azərbaycan xalqı, ümumiyyətlə türk dünyası ədalətsizliyə boyun əyən xalq deyil. Tarix göstərir ki, türk dünyası hər zaman dünyaya ədalət, nizam, barışıq gətirəndir”.

“Yurdda bayram” adlı tərəkəmə festivalının Azərbaycan xalqının tarixi köklərə, adət-ənənələrə bağlı olduğunu göstərən bir tədbir olduğunu bildirən nazir vurğulayıb ki, belə tədbirləri tək Qobustanda yox, azad olunan Qarabağda da keçirəcəyik. Bundan sonra hər il belə tədbirlərin keçirilməsini planlaşdırırıq. Bu festivalın keçirilməsi onu göstərir ki , biz ənənələrimizə sadiq qalırıq. Həmçinin belə tədbirlərlə turist axınına da nail olacağıq. Çox şadam ki, burada qazilərimiz iştirak edir. Onlara sonsuz təşəkkür edirəm, var olsunlar. Allah onları qorusun, şəhidlərimizə rəhmət etsin. Yaşadığımız tarixi günləri onlara borcluyuq.

Festivalın proqramına “Yurd” musiqili kompozisiyanın nümayişi, xalçaçılıq və zərgərlik nümunələrindən, o cümlədən tərəkəmələrin məişətini, yaşayış tərzini, təsərrüfatını əks etdirən nümunələrdən və milli geyimlərdən ibarət sərginin nümayişi və xeyriyyə məqsədi ilə Daun sindromlu uşaqların əl işlərindən ibarət sərgi-satışın həyata keçirilməsi daxil edilib.

İştirakçılar festival meydanında qurulmuş Tərəkəmə obasındakı çadırlarda tərəkəmələrin yeyinti məhsulları və təsərrüfat həyatı, onların mətbəx mədəniyyəti ilə tanış olublar və zəngin tərəkəmə süfrəsinin yeməklərindən dadıblar.

Bundan başqa, tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş “Oxatma meydançası” iştirakçılara maraqlı anlar yaşadıb. Tədbirin sonunda canlı musiqilər səsləndirilib. Cəngi sədaları altında kəndirbazlar və pəhləvanlar məharətlərini göstəriblər.

Bölmə : İncəsənət