“Qobustan: tədqiqatlar və mülahizələr” kitabı çapdan çıxıb

16 Baxış

15123739432592855076_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin “Qobustan: tədqiqatlar və mülahizələr” kitabı nəşr olunub.

İnstitutdan Senet.az-a bildiriblər ki, Azərbaycan, ingilis və rus dillərində üç fəsildən ibarət əsərdə müəllif Qobustan ərazisində aparılan arxeoloji tədqiqatlardan söz açıb, daş dövrünə aid petroqliflərin semantik şərhi ilə bağlı irəli sürülən mülahizələri təhlil edib.

Kitabın “Qobustanın tədqiqatlarının bəzi məsələləri: mütəxəssislər və diletantlar” adlanan birinci fəslində arxeoloji kompleksdə İ.Cəfərzadə, С.Rüstəmov, F.Muradova və digər mütəxəssislərin tədqiqatları barədə məlumat yer alıb. Həmçinin bəzi qeyri-mütəxəssislərin, diletantların irəli sürdükləri mülahizələrin əsassızlığı göstərilir.

“Qobustanın ilk məskunlaşma tarixi: üst paleolit, yoxsa mezolit?” adlanan ikinci fəsildə Qobustanın ilkin məskunlaşma tarixi barədə elmi fikirlər təhlil edilib. N.Müseyibli buradakı qayaüstü təsvirlərin, arxeoloji qazıntılardan aşkara çıxarılan tapıntıların xüsusiyyətlərinə əsasən Qobustanda ən qədim tarixin son 30 ildə yazıldığı kimi üst paleolit dövrünə deyil, sonrakı erkən mezolit dövrünə aid olması nəticəsinə gəlib.

Əsərin “Qobustanın qayıq təsvirləri” fəslində isə Qobustan və Azərbaycanın digər abidələrində aşkarlanan qayıq təsvirlərinin ümumi səciyyəsi göstərilib. Tədqiqatçı qayıq təsvirlərinin sonluğunda bu günədək yazıldığı kimi Günəşin deyil, əslində müxtəlif heyvanların başlarının rəsm edildiyini bu qayıq təsvirlərinin özünün xüsusiyyətləri və tarixi-xronoloji aspektdə müqayisəli təhlillərlə əsaslandırıb. Sonuncu fəsildə, həmçinin məşhur səyyah Tur Heyerdalın norveçlilərin əcdadlarının Qobustandan Skandinaviyaya miqrasiyası barədə mülahizəsinin tənqidi təhlili aparılıb. Müəllif Qobustan kompleksində müasir texnologiyaların istifadəsi ilə arxeoloji tədqiqatların bərpasının zəruriliyinin elmi əhəmiyyətini xüsusi vurğulayır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının müvafiq qərarı nəşr olunan tədqiqat əsəri arxeoloqlar, tarixçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

KÖŞƏ YAZARLARI
TOP 10