“Qobustan”ın qış buraxılışı

9 Baxış

102961_omh214ey37

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Qobustan” sənət toplusunun 2017-ci il üçün son sayı çapdan çıxıb. Bu sayda da maraqlı materiallar yer alıb.

Toplu baş redaktor Vaqif Əlixanlının “Qırx sətir” və Əli bəy Hüseynzadə haqqında “Qaranlıqda üfüqləri görən adam” yazıları ilə başlayır.

“Qonaq odası” rubrikasında Teymur  Əhmədovun “Füyuzat” jurnalı haqqında məqaləsi və Narıngül Nadirin “Füyuzat”: 100+10” başlığı ilə hazırladığı “Füyuzat”çılarla “Qobustan”çıların söhbəti yer alıb.

“Dünyanı bəzəyənlər” bölməsində Ömər Qoçulunun memarlıq sənəti haqqında “Öncə deyəcəklərim…” yazısı və “özü, sözü, bir də izi barədə…” müsahibəsi çap olunub. Müsahibəni professor Minəxanım Təkləlinin “Şərqi slavyan memarlığında türk nəfəsi”, Səbinə Nemətzadənin “Kitabın bəzəyi-təzhib…” məqalələri izləyir.

Ziyadxan Əliyevin “Miniatür: üslub və ya sənət növü?” adlı üçüncü məqaləsi, Türkan Abbasovanın “Əli Verdiyevin portretləri- rəssamın üstün tutduğu janr…” yazısı da toplunun bu sayındadır.

“Pərdə arxası” rubrikasında Məsməxanım Qubadovanın “Teatrımızın dünəni və… sabahı: “Şərq üslubu”, İsrafil İsrafilovun “Ötən əsrin “Pəri cadu”su” Ələkbər Qasımovun “Məhəmmədhüseyn Təhmasib və teatr”, Ağaddin Babayevin Xan Babayev haqqında “Operatorların Xanı” məqalələri yer alıb.

Tofiq Quliyev haqqında Vaqifin qələmə aldığı “Dünyada mahnı qaldı”, Mustafa Çəmənlinin Roza Cəlilova haqqında “Səhnədən ulduz keçdi”, Elçin Qaliboğlunun “Məclislər yaraşığı Kalvalı Əli” məqalələri “Xatirə çiçəyi” rubrikasındadır.

Rubrikanı Qalib Soltanoğlunun “Kalvalı Əli Dədə” kitabından balaban ustası Əli Kərimov barədə deyilənlər izləyir.

“Sarı sim”də Zülfiyyə Hüseynovanın “Aşıq havalarının bölgüsü”, Aygün Bağırovanın “TV: Musiqi və əyləncə güzgüsü” yazıları çap olunub.

Toplunun “Beş yarpaq” bölməsi Şeyx Şamilə həsr olunub. Bölmə baş redaktordan “Rusiya kanallarında saymazlıq” yazısı ilə başlayır. Yazını İmam Mustafayevlə Sadıq Murtuzayevin “Girovların dəyişdirilməsi”, A.Runovskinin “Şeyx Şamil Kaluqada”, Rudolf İvanovun “Qəhrəman və düşmən Şamil” məqalələri davam etdirir. Əlisa Nicatın “Məhəmməd Tahirin kitabına ön söz”ü, Vaqif Əlixanlının “Bakıda Şeyx Şamil küçəsi”, Orxan Paşanın (Məhərrəm Qasımlı) “Taleyimdən, ürəyimdən keçənlər…” yazıları da bu bölmədədir.

Toplu Ənvəroğlunun “Yazıya pozu yoxdur” rubrikasında yer alan “Oğlum, Qardaşım Əcəl” adlı təkadamlıq pyesi ilə tamamlanır.

KÖŞƏ YAZARLARI
TOP 10