“Qobustan”ın yay buraxılışı

14 Baxış

113985_xrquxlw5io

“Qobustan” sənət toplusunun yay nömrəsi işıq üzü görüb. Ənənəyə uyğun olaraq redaktordan olan “Qırx sətir” yazısı bu dəfə mərhum Xalq artisti Fuad Poladova həsr olunub.

“Sən-siz” rubrikasında Xalq yazıçısı Anarın “Adil İskəndərov dramı”, Mehdi Məmmədov haqqında “Rejissor ləyaqəti”, Şəmsi Bədəlbəyli haqqında “Şux adamın qəmgin sonu” adlı üç essesi yer alıb.

“Dil ağacı” bölməsində Cəlil Məmmədquluzadənin “Bizim obrazovannalar” və “Dil” felyetonları var. Bölmədə “Dedim-dedi” başlığı altında Həyat Şəmi, Minəxanım Təkləli, Xalid Kazımlı, İntiqam Mehdizadə, Zakir Məmmədli bugünkü dilimizdən danışıblar. Həmçinin, Ağasəfanın “Ana sözlərimiz” şeiri də bu bölmədədir. Sorğunu Narıngül Nadir hazırlayıb.

“Yurd yeri”ndə Teyfə Hüseynova Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Toy elə toydur – dünən də, bu gün də…”, Firuzə Əsədzadə “Qardaş Türkməndə baxşı sənəti”, Camal Aydın “Paris məzarlığındakı “abidə” məqalələri ilə çıxış ediblər.

İlham Nəzərovun Üzeyir Hacıbəyli və Bülbülün birgə ərsəyə gətdikləri “Koroğlu” operası haqqında “Opera dağının qoşa zirvəsi”, Aydın Dadaşavun “Mehman” ekrana necə gəldi?”, Ruslan Tağıyevin Habil Kaman və Ədalət Vəzirovdan bəhs edən “İki ustadın simindən bir “bayatı…”, Şirməmməd Nəzərlinin 70 illik yubileyinə həsr olunan “Foto və söz hörgüsü”, Ülkər Məmmədovanın “25 il – teatrda xeyli möhlətdir” yazıları dərginin “Beş yarpaq” rubrikasını təşkil edib.

“Xatirə çiçəyi”ndə Esmira Nəzərli “Utanıram ölməyə” essesində Xalq artisti Qara Tağızadədən, Ağalar İdrsioğlu “Qədri bilinməyən adam” deyərək Şahmar Qəriblidən söz açıblar.

Oxucular bu dəfə “Pillələr” rubrikasında Sahibə Ələkbərovanın “Azərbaycan tarixi muzeyi – həm də bir məktəbdir”, İnarə İsmayılova “Mərziyə Davudova barədə bəzi sənədlər”, Qürbət Mirzəzadə “Ədəbi-tənqidi mühakimədə nəzəri başlanğıcın yeri” məqalələri, “Yazı-pozu”da isə V.Ənvəroğlunun Meşa Selimoviçin eyni adlı romanı əsasında yazılmış “Dərviş və ölüm” pyesi ilə tanış ola biləcəklər.