Qoca Ümid

97 Baxış

nisebeyimNisə Bəyim      

 

Qoca ümid yorulmuşdu. O qapıda, bu qapıda gözləməkdən, qırılıb yarı yolda qalmaqdan, yıxılıb-əzilməkdən, gümanlarda, şübhələrdə qeyb olmaqdan bitib-tükənmişdi. Hiss edirdi ki, daha əvvəlki kimi güclü deyil, çox şey əlindən-gözündən qaçır, tutduqlarını saxlaya bilmir, yadından sürüşən inamlar da onu ilim-ilim tərk edir. İnsanlar daha ona inanmır, bütün uğursuzluqlarına görə, onu ittiham edir, onu günahlandırırlar. Adı gələndə, kinayə ilə qımışır, məyus təbəssümlə gülümsəyirlər. Bundan xoşu gəlməsə də, çarəsizcəsinə kədərlənirdi. Elə hey fikirli- fikirli dolanır, xilası üçün baş sındıraraq dərə-təpə dolanırdı. Sonuncu hadisə onu daha da pərişan edərək, qalmayan hövsələsini daha da daraltdı. Ümid məyus- məyus vaqonun altında çömbəlib, başını dəmir relsin üstünə qoydu.

Günortanın bürküsündə qızmış dəmir vaqonun içi təndir kimi dəm verirdi. Havasızlıqdan boğulan  Teybə arvad heysiz halda, vaqonun yerinə sərilmiş pambıq döşəkçənin üstündən  qapının ağzına süründü, ağac kimi qurumuş titrək əlləri ilə dəmir dəstəkdən tutub yerə düşmək istədi. Adətən, vaqona çıxanda və ya düşəndə ona gəlini və nəvəsi kömək edirdi. Dəstək  necə qızmışdısa, arvad əlini tez geri çəkib ufuldadı.

Son günlər uşağı ishal əldən salmışdı, tanışların, qonşuların hardansa tapdıqları dərmanlar da kömək eləmirdi. Bəlli ki, uşaq istidən xarablaşmış, iylənmiş su içmişdi, ya da anasının gözünü oğurlayıb nə isə yemişdi. Gəlin bacardıqca, imkan düşüncə su qaynadıb butulkalara tökürdü, Elçini çiy su içməyə qoymurdu.  Allah bilir, uşağın qarnı nədən pozulmuşdu. Gecəni çöldə keçirən gəlin səhər açılan kimi Elçini götürüb yaxınlıqdakı rayon mərkəzinə getmiş, hələ də qayıdıb gəlməmişdi. Saatlar keçdikcə, Teybə arvadın nigarançılığı daha da artırdı. Rayon mərkəzinə xeyli yol vardı. Payi-piyada, nabələd yerdə yazıq gəlin neyləyəcəkdi? Ya həkim tapmayıb, ya da maşın. Azıb-elədilərmi, görəsən? Hər kəsin başı özü-özünə elə qarışmışdı ki, kimsədən kömək istəməyə adamın üzü də gəlmirdi. Öz yerləri-yurdları olsaydı, indi başına nə qədər adam yığışmışdı. Dərd adamları  elə yormuşdu ki, elə çaşdırmışdı ki, kimsə kimsənin hayında deyildi. Başını vaqondan çıxarıb o tərəfə, bu tərəfə baxdı. Bir adam görünmürdü.  Bürküdən hərə başını bir yerə soxub daldalanmışdı. Bura gəldikləri gündən bəri,  rayon rəhbərləri siyahı tutub adamları hissə-hissə bağçalara, məktəblərə, köhnə kolxoz binalarına yerləşdirirdi. Zirək, əlli-ayaqlı olanlar da özləri-özlərinə bir daldanacaq tapırdı. Vaqonda qalıb gözləyənlər əlsiz-ayaqsızlar, imkansızlar, son ümidini başqasına bağlayanlar idi.

Teybə  arvad ehtiyatla ayağnı vaqondan salladı, bütün gücünü yığıb yavaş-yavaş yerə endi. Yıxılıb əzilməkdən qorxurdu. Belə vəziyyətdə bir yerini sındırmaq ölümdən betər zülüm idi. Son zamanlar o qədər əziyyət, ağrı-acı görmüşdülər ki, uşağın- böyüyün, qocanın da qiyməti qalmamışdı. Göz qabağında sütül-sütül cavanlar can verirdi, su sonası kimi qızlar, gəlinlər əsir gedirdi, xanimanlar, evlər-eşiklər dağılırdı, onun kimi, əldən-dildən düşmüş yaşlı adamın nazını, əziyyətini kim çəkəcəkdi? Yazıq gəlinin içi çəkilmişdi, quru müqəvvaya bənzəyirdi. Nə gecəsi vardı, nə gündüzü. Neçə vaxt idi yata da bilmirdi, yuxuya gedən anda diksinib ayılırdı. Teybə arvad qorxurdu. Qorxurdu ki, gəlin havalana. Üzdə  ah-vay eləmirdi, özünü toxtaq tuturdu. Yazıqdı, bir əlcə uşaqdı,  onun nə vaxtıdı, başına daş düşdü, yiyəsiz qaldı, can yoldaşını itirdi…yaxşı ki , uşaq var. Əslində, ikisi də bilirdi – onları  dözməyə məcbur edən bu uşaq idi – Elçin idi!

Gözünü qıyıb uzağa baxdı. Çöl istidən ilğım kimi dalğalanırdı. Sanki hava bürküdən burma-burma yığılıb bərkimişdi. Sinə dolusu nəfəs ala bilmirdi. Evin yıxılsın, cəhənnəm yiyəsi! Belə yanğında canmı qalar?

Əlini qaynar topağın üstə qoydu. Şorandan üstü duz bağlamış torpağın qaysağı əzilib töküldü. Ətrafda, göz işlədikcə uzanan düzənlikdə bir ağac, bir kol belə yox idi. Saralıb qartımış tikanlar da qarsalanıb bürüşmüşdü. Torpağı deşik-deşik eləmiş qarışqalar hərdən yuvalarından çıxaraq vurnuxurdular. Qarışqalar o qədər yekə idi ki, gözləri belə görünürdü. Adamı at kimi dişləyirdilər. Onların əlindən gecə sərinləmək üçün yerdə də oturmaq olmurdu.

Teybə arvad vaqonun gölgəsinə çəkildi. Kürəyini vaqonun təkərinə söykəyib ləhləyən ümüdlə üzbəüz relsin üstündə oturdu. Offf…offf…Ay allah, hardasan ? Bu zülmü görmürsənmi, eşitmirsənmi?

Al canımızı, birdəfəlik qırılıb qurtaraq, canımız dincəlsin! Yazığıq, fağırıq , ay allah! Ölənlər bəxtəvərdi, bəxtəvər!

Ümid Teybə arvadın ah-naləsindən bir az da büzüşüb balacalaşdı. Ürkək-ürkək, günahkarcasına relsin lap dibinə qısıldı. Teybə arvadın yaddaşı sanki ölmüşdü. Qıpırdamırdı. Heç nəyi xatırlamaq istəmirdi. Sanki heç bu dünyada yaşamamışdı, sanki heç uşaq olmamışdı, cavan olmamışdı, doğub-törəməmişdi, övlad  böyütməmişdi. Sanki bunların heç biri olmamışdı. Hər şey  yanan evi ilə bərəbər kül olub getmişdi. Ağlında nə vardısa, nə görüb – nə eşitmişdisə, nə yaşamışdısa, tikə-tikə olmuş oğlunun cəsədi ilə bərabər torpağa gömmüşdü.

Bəxtəvərsən, bəxtəvər, ay Qarakişi! Hamıdan qabaq öldün getdin, bu zülümləri görmədin, ay tanrı bəxtəvəri! Məni looya saldın, ay insafsız, ay zalım! Teybə arvad ərinə qarğış edə – edə gözünü yumdu. Bərkdən danışmağa heyi yox idi, ürəyində qışqırırdı. Hərdən ürəyinin də səsi kəsilirdi, nəfəs almaq üçün susurdu. Başqa heç kimə gücü çatmırdı Teybə arvadın. Oturub-durub ərini qarğıyırdı. Sanki bütün olacaqların baisi o imiş kimi, hirsini-hikkəsini onun üstünə tökürdü. Canını götürüb getdin, bizi qoydun yaman günə. Bizim nə işimiz var Allahın bu cəhənnəm xarabasında?

Ürəyi su istədi.Təpimiş dodaqları bir-birinə yapışmışdı. Dili ilə dodaqlarını yaladı, ağzı da qupquru idi. Başını yana əyib zarıdı. Oğlunu heç xatırlamaq istəmirdi. Hər dəfə ağlına gələndə, yadına düşəndə başını yelləyirdi, qovurdu xəyalından. Onu xatırlayacaq, oxşayacaq, ağlayacaq gücü yox idi. Bədəninin suyu ilə bərabər, gözünün yaşı da qurumuşdu. Oğlunu qarşılamaq , oxşamaq, ağı demək, içindəki acını-ağrını çölə tökmək üçün təpər lazım idi. Onunla üz-üzə gəlmək, danışmaq üçün hünəri yox idi. Gəlmə, gəlmə üstümə, ay anası ölmüş, ay tifağı dağılmış! Bu halımızı bilmə, yerlərdə süründüyümüzü görmə! Rəşidim , oxxxx!!!

Ümid bu qıyyadan diksindi. Gözünü açıb  əti tamam tökülmüş, qapqara kösəvə dönmüş qollarını döyən Teybə arvada baxdı. Günahkarcasına sivişib relsin altından çıxdı. Teybə arvadın səsi kəsilmişdi. Oturduğu yerdə hərəkətsiz qalmışdı. Bəlkə, huşunu itirmişdi, bəlkə də, yuxulamışdı. Ümid nigaran-nigaran ətrafa baxdı. Kimsə yox idi.

Stansiyadan vaqona doğru gələn cığırda gənc qadın  on iki yaşlı oğlunun tərli əlindən bərk-bərk  tutaraq :

-Qadan alım, bir az tez elə, çatmışıq, az qalıb.

Oğlan anası ilə ayaqlaşmağa çalışaraq:

-Ayağımın altı yanır e…

Qadın  dimdikli kepkanın altından uşağın pörtmüş üzünə süzülən tər damcılarını silərək:

-Su istəyirsən?

Uşaq əlindəki su şüşəsini sinəsinə sıxaraq:

-Yooo…bunu içməyəcəm, axşama saxlayacam. Gecə lap isti olur.

-Xaraba nə uzaqmış, nənən yazıq bişdi indi vaqonda. Ac-susuz qaldı arvad.

Başındakı yaylığı aşağı çəkərək üzünü örtdü. Gün düz sifətinə vurur, gözünün içini yandırırdı. Oğluna:

-Yuxarı baxma, ayağının altına bax, gözünə şüa düşməsin.

-Kepkam var dana, gün düşmür.

Yolda  bir kimsə olmasa da, gənc qadın  oğlunun əlini buraxmırdı. İçindəki qorxu hissi onu yuxuda da tərk etmirdi. Hər an, hardansa bir təhlükə gələcəyini düşünərək, ehtiyatı əldən vermirdi. Elçin əlini onun əlindən zorla çəkərək:

-Burax dana, qolum qırıldı.

Cəvahir ona baxaraq dinmədi. Elçin əlini cibinə salıb nəsə çıxartdı, ağzına atdı.

-O nədi? Nə yeyirsən?

Uşaq ovcunu açıb göstərdi:

-İstəyirsən? Sən də ye, dadlıdı, deyə əlini anasına sarı uzatdı.

Cəvahir oğlunun ovcundakı bənövşəyi rəngli, hamar, yumru toxumlara baxaraq:

-Bunu hardan almısan?

-Uşaqlarla yığmışıq dana, yeməlidi.

-Hardan dərmisən?

-Kanalın üstündəki kollardan.

Cəvahir onun əlindəki toxumu götürərək iynədi, sonra da dişləyərək:

-Ay bala, bu, zəhərlidi. At, at yerə!

-Zəhərli deyil, uşaqlar da yeyir.

Bu, tikanların üstündə yetişən narıncı paxlanın  içindəki toxumları idi. Neçə gün idi kəndin əli-ayağı yer tutan kişiləri qamış kəsməyə gedirdilər. Ağsaqqallar deyirdi ki, bunların yalan vədlərinə bel bağlamaq olmaz. Nə qədər günün altında, çöldə, vaqonda qırılmamışıq, hərəyə qamışdan, palçıqdan pəyədən-zaddan, daldanacaq düzəltmək lazımdı. Bu qədər adamı hara yerləşdirəcəklər? Paytaxta buraxmırlar, hələlik, burda başımızın çarəsinə baxaq özümüz. Qamış kəsməyə gedən kişilərə qoşularaq  arxın üstünə gedən uşaqlar, tikan kollarından paxlaları dərib, qabıqlarını  aralayıb, içindəki konfetə oxşayan toxumları ciblərinə doldururdular.

Cəvahir onun əlindəki toxumları yerə tökdü, ciblərini təmizləyib çırparaq:

– Qarnını bu ağrıdıb elə! Yaxşı ki, zəhərlənib ölməmisən! Adam  qabağına nə gəldi yeməz! Heç soruşub-eləmir də! Allah qoruyub səni.

Anasının təlaşından qorxuya düşən Elçin pərt halda susdu.

Cəvahir Teybə arvadın sonbeşiyi Rəşidin arvadı idi. O biri övladları hələ müharibədən əvvəl ayrılıb, özlərinə yurd – yuva qurmuşdular. Qaçaqaç başlayanda qızlarının ailələri ilə hara getdiyi bilinmirdi. Hələ ki, onları soraqlayan, axtarıb- tapan yox idi. Böyük oğlu çoxdan Rusiyada idi. Ara qarışanda gəlib arvad-uşağını kənddən apardı. Rəşidin müsibəti Teybə arvadın qollu-budaqlı ağacını kökündən kəsib atmışdı. Ağlında, qəlbində təkcə Rəşidin yeganə əmanətini qorumaq, xilas etməkdən başqa, heç nə yox idi. İndi uşağın xəstələnməsi onu elə sarsıtdı ki, gəlinin təkbaşına rayon mərkəzinə getməsinə razı oldu. Neyləsin? Uşağın qarnı kəsmir. İraq-iraq, bu küdrüdə  başlarına bir iş gəlsə, neyləyər? Çətini bir yer tapana qədərdi. Hökumət onları çölün ortasında qoymayacaq ki…baş-başa verib, birtəhər dolanacaqlar. Camaat necə, biz də elə…

Güclü təkan səsindən diksinib gözlərini açdı. Əvvəlcə nə olduğunu anlamadı. Qeyri-adi, tükürpədici bir səs beynini silkələdi, sonra kürəyində zərbə duydu. Əlini yerə atıb, dikəlmək istədi, amma  tərpənə bilmədi. Sanki sümükləri bir birinə keçdi. “Hıqq” eləyib əyildi. Bircə anlıq şüurunda şimşək çaxdı: Qatar tərpənmişdi!!! Bu bir an ona çox uzun gəldi…bu uzun anda hər şey bir-birinə qarışdı. Qatarın relsin üstü ilə sürüşməsindən çıxan cingiltili səsə Teybə arvadın  təkərin  altında xırçıldayan sümüklərinin səsi də qarışaraq , boğazından çıxan cüyültü ilə bərabər düzənliyin sonuna qədər yayılaraq vahimə ilə əks-səda verdi. Ümidin  bərəlmiş gözləri Teybə arvadın dəmir relsə yayılıb – yapışmış bədəninə ilişib qaldı. Adamların dəhşətli çığırtısından kənara çəkilib, özünü qarışqa yuvasına  soxdu.

Adamlar bayaqkı sükutun içindən bədheybət qışqırtı ilə çıxıb, biri-birini haylamağa, axtarmağa başladılar. Qatarın çölündəkilər qaçışır, vaqonun içində olanlar pəncərədən bağırışırdı. Nə baş verdiyini anlamayan insanlar qorxu içində, vahiməylə vurnuxurdular.

Bir neçə metr hərəkət edən qatar öz-özündən dayandı. Qatarın birdən- birə  tərpənib hərəkət etməsi ağlasığan  şey  deyildi. Niyə belə olmuşdu, səbəbi nə idi, hələ heç kimə məlum deyildi. Belə qarışıqlıqda  hələ  bu barədə fikirləşən yox idi. Hər kəs can hayında idi, yaxınlarını axtarıb –tapmaqla məşğul idi. Tez bir zamanda xəbər rayon rəhbərliyinə çatdı. Maşınlar sürətlə bir-bir gəlib vaqonların ətrafında dayanır, içindəki əndişəli adamlar yaxınlaşaraq,  bir yerə yığılan həyəcanlı adamları sorğu-sual edirdi.

Uzaqdan camaatın  vaqonun qarşısında yığıldığını görən Cəvahirin içində nə isə qırıldı. Addımlarını bir az da yeyinlətdi. Allah xeyir eləsin, görəsən, nə olub yenə? Günün günortasında bu qədər maşının bura yığışması heç xeyir əlamət kimi görünmürdü.

Adamların arasından keçmək istədi. Onu görənlər aralanıb yol verdilər. Cəvahir key-key, batqın səslə:

-Nə olub burda?

Kimsə dinmədi. İrəli keçib relsin üstündə  qaynanasının qana bulaşmış, yaprıxıb yerə yapışmış cəsədini görüncə, heysiz halda yerə çökdü. İki əli başına vurub qışqırdı:

-Ay Allahhh!!!

Kişilər başlarını aşağı salaraq susmuşdular. Qadınlardan bəziləri içini çəkə-çəkə ağlayırdı. Cəvahir nəfəsi tutulmuş kimi əl-qol atdı, gözləri hədəqəsindən çıxaraq dirəndi. Huşunu itirib Teybə arvadın yanında yerə sərildi. Qonşulardan kimsə Elçini qolundan tutub kənara çəkdi. O nə isə dəhşətli bir şey olduğunu hiss edərək, dartınıb çıxmaq istəyir, ağlaya-ağlaya qışqırırdı :

-Nənə, ay nənə! Nənəm hanı? Mama, nənəmə nə olub?

Onun ağlamağına baxmayaraq, kənara çəkib uzaqlaşdırdılar. Qonşuları Əşrəf onu qucaqlayıb başını sinəsinə sıxdı.  Kişilərdən biri vaqona qalxıb bir adyal gətirdi. Teybə arvadın cəsədini yerdən ehtiyatla qoparıb adyalın arasına qoyub bükdülər. Çoxları bu mənzərəyə baxa bilməyərək, üzünü yana çevirdi. Yaşlı qadınlardan biri ağı dedi, ağlaşdılar.

-         Ay bədbəxt! Oğlun kimi tikə-tikə getdin sən də!

Kişilər də hönkürdü.

Qadınlardan biri qaçaraq su gətirib Cəvahirin üzünə çırpdı. Gəlin ayılmırdı. Rayon rəhbərləri kənara çəkilib pıçıldaşırdı. Bu zaman təcili yardım maşını gəlib çatdı.

Camaatın üstünə sanki su ələnmişdi. Kişili- qadınlı hamısı yerə oturub qaşqabaqlı halda, gözlərini yerə dikmişdilər. Sanki danışmağa heç kimin sözü qalmamışdı. Əllərini hər şeydən üzmüş kimi, Teybə arvadın adyala bükülmüş cəsədinə baxırdılar. Elçin  gözləri ilə anasını axtararaq hıçqırırdı. Həkimlər iynə vuraraq onu ayıltmışdılar. Ayağını uzadaraq yerdə oturmuşdu. Əli ilə keyimiş qıçını ovurdu. Yanındakı qadınlar yaylıqla onun üzünü yelləyirdi.

İcra başçısı yanındakı təlimatçılara göstəriş verirdi.  Bir azdan ağsaqqalları yanlarına çağırdı. Cəsədi kənd qəbiristanlığında basdıracaqdılar. Qəbiristanlıq uzaq deyildi, vaqonun üstündən baxanda baş daşları aydın görünürdü.  Kişilər qəbir qazmaq üçün piyada yola düşdü. Teybə arvadın cəsədini məsciddə yuyulmaq üçün təcili yardım maşınına qoydular. Uzaqdan bunu görən  Elçin qəfil dartınıb, Əşrəfin əlindən çıxaraq, ağlaya-ağlaya maşının dalınca qaçmağa başladı:

-Nənə, ay nənə! Ay nənə!

Ayağı birr-birinə ilişdi, üzü üstə yerə sərildi.  Yıxıldığı yerdəcə maşının dalıyca baxa-baxa qışqırırdı:

-Nənə…ay nənə!

Ümid gah təcili yardım maşınının dalınca, gah da  Elçinin yaş, toza bulaşmış üzünə baxdı. Əlini uzadıb oğlanı qucaqladı.

Əşrəf onu yerdən qaldırdı, üstünün tozunu çırpıb, əlindən tutaraq Cəvahirin yanına apardı.  Elçin dizi üstə çöküb anasına sarıldı. Cəvahir key- key Elçinin üzünə baxdı, birdən üzü-gözü əyidi, çiyinləri titrəməyə başladı. Qadınlardan biri dərindən köks ötürüb, yanındakına pıçıldadı:

-Allaha şükür, axır ki, ağladı!

İdarə rəhbərləri icra başçısının  başına toplaşmışdılar. Görünüşlərindən nəyi isə qızğın müzakirə etdikləri hiss olunurdu. Tezliklə pambıq zavodunun işçiləri iri palatkalar gətirən yük maşınlarında peyda oldular. Qapısına “Növbətçi həkim” yazılmış təcili yardım maşını gəlib  qatarın yanında dayandı. Su maşını  kranın gətirdiyi böyük  beton çəni su ilə doldurdu.

Axşamtərəfi qəbiristanlığa gedən adamlar qayıtdılar. Qaşqabaqlı, məyus halda, Cəvahirin yanına gəlib sıra ilə oturdular. Elçin anasının yanında oturub başını onun çiyninə söykəmişdi. Heç kim danışmırdı, bir qədər kənarda çadır quran fəhlələri seyr edirdilər.

Qatarın üstünə hüzn dolu qaranlıq çökürdü. İrəlidə  ağrılı-acılı, qüssəli, çəkilməsi ağır olan  bir gecə vardı. Ac-susuz adamlar yerlərindən tərpənmədən kənarda, maşın işığında işləyənləri seyr edirdilər. Çalın-çarpaz işığın altından bir “07” onlara yanaşdı. Maşından düşən dolu, ucaboylu, orta yaşlarında bir qadın düşərək, başçının yanına getdi. Bir neçə dəqiqədən sonra oturanlara yaxınlaşaraq:

-Axşamınız xeyir. Allah rəhmət eləsin.

Oturanlar başlarını tərpətməklə ona cavab verdilər.

-Mən Fatma müəlliməyəm. Yolun qırağındakı məktəbin direktoru. Özüm də bu kənddənəm. Qızım, Cəvahir, sizi aparmağa gəlmişəm, gedək mənimlə.

Hamı gözünü Cəvahirə dikdi. Elçin anasına daha çox sığındı.

-Uşaq da xəstədir dedilər, gecə çöldə qalmasın. Dur, gedək.

Cəvahir nə deyəcəyini bilmədən gözünü yerə zillədi. Kəndçilərindən, qonum-qonşularından ayrılıb tək-tənha yad bir qadınla getmək istəmirdi. Necə olsa, yerlidirlər,  bir-birlərini tanıyırlar. Heç zaman heç nəyə özü , təkbaşına qərar vermədiyinə görə, qonşularına baxdı. Onun qımıldanmadığını görən Fatma müəllimə:

-Gedək, hələlik qalın. Istəməsən , yenə qayıdarsan.

Bu zaman icra başçısı onlara yaxınlaşdı. Kişilər onu görüb qalxdılar. Başçı üzünü ağsaqqallara tutaraq:

- Hamımız kədərlənirik, gərək belə olmayaydı…nə edək…qəza…Allah rəhmət eləsin, Allah o dünyasını versin…İcazə verin, gəlin getsin  Fatma müəlliməylə. Rayonumuzun ən hörmətli ziyalılarındandır. Heç olmasa, uşaq rahat olsun. İmkan daxilidə, hamınızı yerləşdirməyə çalışırıq.

Qadınlar Cəvahirin qolundan yapışaraq yerdən qaldırdılar. O, addımını atmaq istəyəndə dizləri büküldü, onu tez tutaraq, yıxılmağa qoymadılar. Köməkləşib  maşına apardılar. Elçin anasının yanında oturdu.

Cəvahirlə Elçin  böyük, daş evin yanında, hasara bitişik  bir otaqlı evin kiçik eyvanında oturmuşdular. Hüseyn müəllim oğlu Kamranla evi boşaldırdılar. Adətən, kənddə hər həyətdə belə bir-iki otaqlı kiçik evlər olur. Camaat buraya dən, un, kartof-soğan, artıq məhsullarını yığır. Çox zaman təzə binə vaxtı tikilən belə kiçik yardımçı evlər sonradan sökülmür, “əl evi” kimi işlədilir. Otağı boşaltdıqdan sonra ortalıqda əl-ayaq edən qadınlar evi silb-süpürməyə başladılar. Cəvahirgilin yanından səsiz-səmirsiz keçərək, Fatma müəllimimənin göstərişlərini yerinə yeririrdilər. İki dəmir çarpayı, döşək , yastıq daşıyaraq, səliqə-sahman yaradırdılar. Fatma müəllimə gəlib eyvanın kənarında oturaraq:

– Bax, qızım, fikir eləmə…Biz də Hüseyn müəllimlə təkik indi. Qız köçüb, ərdədir, oğlan da oxuyur Bakıda, beş-on günə gedəcək. Burda qalmağın məsləhətdi. Uşaq gedər məktəbə, oxuyar, səni də apararam işə, yanımda işləyərsən. Yox, işləmək istəməzsən, elə həyətdə başını qatarsan. Baş-başa verib dolanarıq. Elçin də Kamrana qardaş olar. Sizin dərdiniz elə bizim dərdimizdir, heç təfavütü yoxdu. Bizim də kənd altı nəfər şəhid verib. Qonşu kənddən lap çoxdu. Biri elə baldızımın, Hüseyn müəllimin bacısı oğludur. Allah baiskarların evini yıxsın! Yaxşı ol, aparıb göstərəcəm. Həkim sənə dərman yazıb, sabahdan iynə-dərmanını elətdirəcəm. Həkim deyir, çox yatmalısan. Bir tikə  çörək yeyək, yat, dincəl. Bacardıqca yat, durma. Belə olsan, oğluna da baxa bilməzsən. Güclü ol, ümidinin əlini buraxma!

Əlini uzadıb Elçinin başını sığalladı.

– Özün yuyuna bilirsənmi, öğlum? Çimizdirimmi səni?

Elçin öna baxaraq, utancaqlıqla  başı ilə təsdiqlədi.

– Gəl, gedək hamamı göstərim, yaxşı-yaxşı çim…

Elçin dönüb anasına baxdı.

Cəvahirin üzündəki gərginlik keçib getmiş, baxışları mülayimləşmişdi. Müəllimənin inamlı danışığı, isti, səmimi münasibəti, qayğılı siması   sanki ona təpər vermiş, ölən ümidini diriltmişdi. Elçinə:

– Get, – dedi.

Fatma müəllimə duşu açdı,  suyu yoxlayıb tənzimlədi. Elçinə sarı dönərək:

– Paltarını soyun, bu vannaya yığ. Bax, təmiz paltarlarını buraya qoymuşam. Bu da qətfən. Gəl, ağıllı balam, yaxşı-yaxşı yuyun . Çöldəyəm mən, qorxma.

Kamran nərdivan gətirib, başına lampa bağlanmış uzun şunuru eyvanın tirinə bağladı. Böyük evin pilləkənində dayanan Hüseyn müəllimə:

– Bağladım, tax, ata.

Eyvan gur işığa boyandı. Həyət aydınlaşdı.

Cəvahir qapını azca aralayıb içəri baxdı. Elçin duşun altında bərk-bərk başını sabunlayırdı.

Ümid onun çiynindən boylanıb Cəvahirə gülümsədi…

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10