Qolundan tutub qaytaraydılar

43 Baxış

14652_1634746006745079_1030871412719397489_nParkın içi ilə sakit, çiskinli havada addım-addım, anbaan havanın toranlıqlaşmasını izləyirəm. İşdən qayıdıram, amma sanki işdən deyil xəyalımda dəfələrlə dincəlmədən gedib-qayıtdığım keçmişdən qayıdıram. Uzun zaman, uzun yollar yorub məni… Asta-asta.., addım-addım.., yorğun-yorğun…
Gözlərimin obyektivi ətrafı sadəcə fiksasiya edir. Oxumur beynim yaddaşa yazılanları. Çılpaq çinar ağacları çiskində çimişirlər. Damlaları üzərimə, yanağıma sıçrayır.Qapqara torpaq üzərində budanmış gül kollarının yerdən qalxan bir qarış boyu bir az daha yalqızlıq saçır ətrafa…
Amma bircə, deyəsən, o adamların, Novruz gəlir sədasını eşidib bayram əhval-ruhiyyəsini yaradaraq çiskin havada kabab çəkib pul qazanmaq istəyən o adamların xəbərləri yoxdur bu yalqızlıqdan. 
Gəlib, gedənlər var park aşağı, park yuxarı. Mənim üçün aşağı olan bəlkə birinə yuxarıdır, ya əksinə… Asta-asta yürüyürəm. Gözlərim isə sadəcə fiksasiya edir…
Nənə.., ana.., körpə… Hərə bir tərəfdə, bir-birindən aralı… Ana telefonla danışır, nənənin diqqəti ondadır, körpə isə heç kimin diqqətində deyil sanki… Körpə bu yalqızlığın fərqindədir, deyəsən. Gəlib-gedənlərə də baxır diqqətlə. Nəsə arayır, sanki, onlarda. Mən isə səssiz-səssiz, ayağımın da səsi çıxıb bu yalqızlığı pozmasın deyə, süzülürəm. 
Kimsənin fərqində deyiləm guya, kimsənin də mənim fərqimdə olduğunu zənn eləmirəm.
Amma birdən fərqində oldum. Fərqində oldum ki, bayaqdan parkın ortasında durub ətrafa göz kəsilən o körpə mənimlə addımbaaddım yürüməkdədir. Qırmızı, dolu gödəkçənin içində lap bayram yumurtasına oxşayır…
Körpəni sezdimsə də, amma fərqinə vara bilmədim bu qoşa yürüməyin. O vaxta qədər ki…
Nənə arxadan çağırdı:
-Kənan! Kənan!
Biz isə yürüyürdük yanaşı, guya elə belə də olmalıymış kimi, fərqinə varmadan o səsin, kimi çağırır, niyə çağırır. O vaxta qədər ki…
Nənə bir az da təlaşla çağırır:
-Kənan! Kənan! Getmə, yıxılarsan…
Fərqinə vardım axır ki, Kənan bu körpə imiş, mənimlə yanaşı parkın yalzızlığını pozmaq istəmədən addımlayır.
“Getmə, yıxılarsan” kəlmələrini oxudu beynim qəfildən bütün bu yazılanların içərisindən. Kim yıxılar? Niyə yıxılar? Düşündüm… Fərqinə vardım axır ki, körpə yıxıla bilər… İrəlidə bir addımlıqda pilləkənlər vardı, amma körpə hələ indi-indi ayaq açıb yeriyirdi.
Nənə yenə də arxadan və ucadan:
- Ancaq getmək olsun…
- Səsində təlaşla bərabər, sevinc, qürur da vardı. Mən isə hələ də fərqində deyildim nə etməli olduğumun. Amma körpə… Söhbət körpədən gedirsə, beynim oyanır. Fərqinə vardım nə etməli olduğumun. Qolundan yumşaqca tutub, sanki əzilərmiş ehtiyatıyla geri döndərib nənəyə tərəf apardım. Körpə yanıma düşüb səssizcə yürüdüyü kimi, eləcə səssiz də tabe oldu istəyimə.
Totuq əllərini nənəyə verib döndüm, yenə addım-addım uzaqlaşdım. Amma yorğun düşdüyüm zamandan, yorğun düşdüyüm yollardan uzaqlaşmadım. Bu zaman kəsiyində yorğun düşdüyüm bu yollarda məni eyni ilə bu körpə kimi səssizcə tərk edən ruhum düşdü yadıma.
Doldu gözlərim, ürəyimdən də dolu oldu… Görəsən, indi haradadır? Bu zaman kəsiyində bu yollarda təzə-təzə ayaq açıb yürüyən ruhumdan xəbərsiz qaldım, kimə qoşulub getdi, kimin sürətiylə ayaqlaşıb tərk etdi məni, eynilə o körpə kimi. Ətrafa göz qoyub addımıyla ayaqlaşa bildiyi birinə qoşulub getdi.
İndi ruhumun peşindəyəm. Hər gün uzun zamanda uzun yollar qət edirəm bugündən keçmişə, keçmişdən bu günə kimi.

Ömür yolumu üzüaşağı, üzüyuxarı addımlayıram. Mənim üçün aşağı olan kiminə yuxarıdır, ya əksinə…
Ruhumun peşindəyəm… Kimə qoşulub getdisə, qolundan tutub qaytaraydılar…

Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10