Qonşumuzdakı şəkillər (hekayə) – Səbuhi Şahmursoy  

120 Baxış

28109078_789446744583290_1596385556_n

Senet.az oxucularına Səbuhi Şahmursoyun “Qonşumuzdakı şəkillər” hekayəsini təqdim edir.

“Ağlama!

Dünyada hər şey əşyadır, sənsə Allahın sevərək yaratdığısan. Odur ki, heç nə sənin göz yaşlarına dəyəcək qədər qiymətli deyil…”

Kəndin qəbiristanlığı qonşumuz idi, yəni, çoxunun üşəndiyi bu məkanla bir çəpər arxasında yaşayırdıq. Mən bu evdə doğulsam da, yalnız dörd yaşımda qonşumuzda kimlərin yaşadığını anlamağa başlamışdım. Bu fikrə yetişməkdə babam mənə kömək etmişdi; “Bala, orada rəhmətliklər yaşayır.”

Bəzən şıltaqlıq edib evdən qaçanda da sırala düzülmüş daş parçalarını seyr etmək maraqlı olardı. “Rəhmətliklər”in əslində kim olduğunu düşünəndə yalnız həmin daşlar üzərindəki şəkillərdən başqa diqqətəlayiq bir şey görmürdüm. Bu şəkillərdə hər şey donmuşdu – bu məkanda olan hərəkət kimi donmuşdu. Amma sonradan çox istədiyim babam da qonşuluğa “köçəndə”, nədənsə onun şəklinin digərləri kimi hərəkətsiz olmadığını hiss edirdim. O, yenə də öz titrək əllərilə başıma sığal çəkərdi. Şıltaq hərəkətlərimə görə atam-anam mənə hirslənəndə, o, yenə də havadar çıxardı, məni hamıdan, hər şeydən qoruyardı. Bütün dərdlərimi gəlib onun “hərəkətli” şəklinə danışardım, o da məni anlayar, dərdlərdən azad edərdi. Amma nədənsə mənimlə heç vaxt bir kəlmə də kəsməzdi. Bəzən onun nağıllarından ötrü darıxardım, saatlarca oturub onun nə vaxt inadından dönərək mənə nağıl söyləyəcəyini gözləyərdim. Adətən gün batandan xeyli keçmiş anam məni qonşumuzdan danlaya-danlaya aparardı. Mənsə qəmlənərdim – anamın danlağına görə yox, babamın susmasına görə qəmlənərdim… Onun nə vaxtsa danışacağı ümidilə böyüyürdüm…

Bəzən qonşumuz adamla dolu olardı və hər dəfə bir şəklin artdığını görərdim. Onların sayını və yerini əzbər bilərdim. Hətta, bir neçə günlüyə qohumlara qonaq getsəm də, gələrkən dərhal təzələri nəzərdən keçirərdim. O şəkillərə öyrəşmişdim, onlar çoxları kimi vəfasız deyildilər, həmişə öz yerlərinə sadiqdilər. Onları heç nəyə dəyişməzdim.

Amma bir dəfə öz kiçik qızıyla bir qadın şəkli önündə “Ana” deyib ağlayan cavan gəlini görəndə yaman kədərləndim. Və mən o şəkli onlara verməyə razılaşdım. Hətta, bir dəfə onlar gedəndən sonra qadın şəklini daşdan ayırmağa çalışdım, amma yorulub əldən düşəndə ona etdiyim vəfasızlığa görə üzr istədim… Çarəsiz qaldığımdan oturub ağladım… babam gedəndə ağladığım kimi.

Günahımı yumaq üçün o şəklin ətrafını həmişə otlardan təmizləyəcəyimi özümə söz verdim və mən kənddən gedənə qədər nurani qadın şəklinin yanı babamın şəklinin sahəsi kimi həmişə təmiz qaldı…

Həmişə diqqətimi cəlb edən şəkilsiz baş daşı bikarçılığımın əyləncəsiydi. Ora müəyyən sifət cizgiləri cızmaq xüsusi zövq verirdi. Hər dəfə yenisini cızanda köhnəsindən qalan dərin izləri pozmaq mümkünsüz olurdu. Get-gedə əlimdəki ucu iti daş parçasıyla qəsdən dərinə həkk etdiyim pozulmayan cızıqlarım çoxalmağa başladı. Onları cızmağa davam edərkən məni Bakıya oxumağa göndərdilər. Ali məktəbi bitirib Türkiyəyə getdim. İşimlə əlaqədar dünyanın çox yerlərində oldum və bu sərhədlərin xətlərini də cızıqlarıma əlavə etdim. Çox millətlər tanıdım. Cızaraq tərtib etdiyim cədvəllərdən kənar addım atmadan həyatımı gözəlləşdirməyə çalışdım. İşimdəki məsuliyyətimi vəzifələrlə qiymətləndirdilər, pillə-pillə uğurlar əldə etdim. Arzularım məqsədə çevrilib həmişə məni izlədilər, onları xəyallardan gerçəkliyə gətirməkçün zamanımı qurban verdim. Yaşam hüquqları naminə mübarizə aparan insanları, zəngin və kasıb təbəqələrin sərhəddinin hər saniyə möhkəmləndiyini, siyasətin iyrənc formalarını, müharibələri, aclıqdan tələf olanları, hər gün yenisi yayılan xəstəlikləri, vicdansızlığı, İblis hakimiyyətinin fəsadlarını və daha nələr… nələr müşahidə etdim bu cızıqlar arasında. Amma yenə də o daş üzərindəki tanımadığım simanı cızmaqda davam edirdim…

Uzun illərdən sonra kəndə qayıtdım.

Uşaqlığım keçmiş bu kənddə indi məni qonaq kimi qarşılayırdılar. Bir günün içində, demək olar, kəndin yarısı bizə gəlmişdi. Bəzisi bu kəndin yetirməsi olan vəzifəli şəxsi görməyə gəlsə də, bəzisi sadəcə artıq qocalmış ata-anama göz aydınlığı vermək üçün bizə təşrif buyurmuşdu. Hər kəsi çox gözəl anlayırdım. Onları doğma kimi qəbul etməyə çalışsam da, məndə heç nə alınmırdı. Bu insanları başqa kəndin camaatından fərqləndirə bilmirdim. Nədənsə buna əsas tapmağa çətinlik çəkirdim. Amma o donmuş şəkillər mənə bu dirilərdən daha gerçək görünürdü. Odur ki, aranı xəlvət görən kimi qonşuluğa keçdim…

…Aman Allah, qəbiristanlıq necə də böyümüşdü! Baş daşları sayı bilinməyən ulduz yığınını xatırladırdı. Tanış olmayan onlarca sima məni qəribəliklə süzürdü. İndi cəhd etsəm də onların sayını və yerini uşaqlıqdakı kimi əzbərləyə bilməzdim. Onların arasıyla addımladıqca əvvəllər fikir vermədiyim bir amili də açıq-aydın gördüm; bu qəbirlərdə də həyatda olduğu kimi təbəqələşmə vardı. Onu dəqiq bilirdim ki, bu, “rəhmətliklər”i narahat edə bilməzdi. Kiminin məzarı bahalı mərmərdən yonulsa da, o birininki solğun görünən ağ daşdan düzəldilmişdi. Hələ bəziləri səliqəylə dəmir çərçivəyə də alınmışdı. Eləsinin sahəsi artıq çürümüş taxta parçalarının yerə basdırılmasıyla, onlara dolanmış iplərlə məlum olurdu.

“Bu, “rəhmətsizliklər”in şöhrət kəfəninə bükərək sırıdığı həqiqətlərindəndir…”

Fikirli-fikirli başımı qaldıranda özümü babamın “hərəkətli” şəklinin qarşısında dayanmış gördüm. O, heç dəyişməmişdi. Üzündəki həsrətində olduğum nur yenə də qəlbimi işıqlandırdı. Sanki məni görcək sevinmişdi, gözləri məhəbbətlə parlayırdı. Ondan yenə də qüvvə aldığımı hiss edirdim… daha heç bir azarın məni xəstələndirməyəcəyinə, heç bir yanlış siyasətin qurbanı olmayacağıma, heç bir İblisin məni azdıra bilməyəcəyinə özümdə inam tapırdım. Daim bizi izləyən qorxu daxilimdə mum kimi əriyirdi, o da babamın nurundan qorxurdu.

Babamın şəklinin digərlərindən fərqli olaraq “hərəkətli” olmasının sirrini də anlamışdım; o, mənimçün ölməmişdi, həmişə məndə yaşayırdı.

Amma o, yenə danışmadı, heç mən də kişini əziyyətə salmadım. Əvvəllər olduğu kimi, dizlərimi yerə qoyaraq onun məzarının ətrafında bitən ot-alafı təmizlədikcə olub-keçənlərdən babama danışırdım. İndi o, mənim nağıllarımı dinləyirdi. Dil-dodağım quruyana qədər dərdləşdik, yazıq kişini öz dərdimlə yüklədim. Amma babam buna görə incimədi, əksinə…

Öz qəlbimdən babamın ərafındakı tikanları təmizlədikdən sonra onunla vidalaşıb evə gəlmək üçün “rəhmətliklər”i tərk etmək istədim. Birdən hansısa qüvvə, elə bil, məni yerə mıxladı. Mən vəfasızlığımın bir neçə addımlığındaydım. Lap çoxdan verdiyim söz yadıma düşdü. Nurani qadın şəklinə yaxınlaşıb əziz adamım kimi onunla salamlaşdım. Onun məzarı, elə bil, təzəlikcə təmizlənmişdi, orda-burda cücərən otlarısa çıxarıb yana tullamağa başladım. Uşaqlıqda sadəlövhcəsinə verdiyim sözdən indi həzz alırdım. Mən vəfasız çıxmamışdım…

Lap yaxınımdan gələn incə qadın səsindən diksindim;

- Hər qəbri öz qohumları təmizləyir, bəs siz onun nəyisiz?

Dönüb səs gələn tərəfə baxdım. Xəbərim olmadan yanımda dayanan otuz-otuz beş yaşlarında bir gəlin idi. Öncə tanış olmayan bu qadının gözlənilməz sualına nə cavab verəcəyimi bilmədim. Ayağa qalxdım.

- Bunu öz vicdanımın sakit olması üçün elədim.

- Sizin vicdanınızın nənəmin qəbrilə nə əlaqəsi var?

İndi hər şey mənə aydın oldu. Bu qadın uzun illər qabaq hər cümə axşam anasının əlindən tutub bura gələn həmin balaca qızdır. Lap unutmuşdum, bu gün də həftənin dördüncü günüdür. Ömrümdə ilk dəfə illərin necə tez keçdiyi məni üşütdü.

Əlimdəki otları yana atdım.

- Mən qonşuluqdakı bu evdə böyümüşəm, – deyə başımla evimizi işarə etdim, – Balaca olanda siz ananızla çox vaxt bu qəbri ziyarətə gələrdiniz. Mən o vaxtlar baş daşlarındakı şəkillərə baxmağı çox sevərdim… və onları hamıya qısqanardım. İlk dəfə bu şəkli sizə verməyə razılaşmışdım. Amma…

- Bəs anamın da şəklinin bura gəlməyinə sevindinizmi?

O ağlayırdı. Gözündən süzülüb yanağında xətt salan yaşları görəndə bir anlıq mənə elə gəldi ki, qəbirlər üstündə bitən tikanlar yalnız bu yaşlardan qida alırlar. Və onları öz kədərimizlə bəsləyirik.

Ona anasını xatırlatmağıma çox peşman oldum, halbuki, o, elə buna görə bura gəlmişdi. Qadın məndən bir neçə addım aralanıb başqa qəbrin önündə dayandı. Mən də qeyri-ixtiyari ona yaxınlaşıb həmin şəklə baxdım. Onlar çox oxşar idilər: onun simasında nuranilik olmasıyla yanaşı, nisgillik və kədər də sezilirdi… onun simasında bir ömürlük məna vardı. Həyatdakı qızısa ağlayaraq onun tikanlarını sulayırdı.

“Ağlama!

Dünyada hər şey əşya…”

Müəllifini unutduğum bu sözləri ona çatdırmaq istədim, amma bacarmadım, çünki özüm də qəhərlənmişdim. Mən də tikan bitirmək istəyirdim. Kaş, gül bitirə biləydik…

Onun necə çıxıb getdiyini duymamışdım. Yenə də qonşumuzdakı şəkillərlə baş-başa qalmışdım. O qədər yaxınlaşmışdım ki, onları “rəhmətsizliklər”dən daha aydın hiss edirdim. Yenə cızırdım, bu dəfə lap dırnağımla cızırdım o surəti. Duraraq cızırdım, qaçaraq… yatanda da, nəfəs alanda da cızmağa davam edirdim. Və nəhayət, bu xətlərdən yaranan o cizgini seçə bilmişdim. Bu özüm idim. Mən də qonşuluğa köçmüşdüm… şəklimlə birgə.

KÖŞƏ YAZARLARI
TOP 10