“Qorxulu cümə günü”

379 Baxış

cumeParaskevidekarhobiya. Böyük ehtimalla bu söz dilinizə yatmayacaq. Hecalayın:  pa-ras-ke-vi-de-kar-ho-bi-ya. Yox, zəhrimar çox qəlizdi. Belə də alınmır. Yaxşı, mənasına baxaq. Paraskevi – cümə deməkdi. Dekatries – 13 rəqəmidi. Hobiyanı da bilirsiz, fobiya, qorxu anlamındadı. Yunan sözləridi. Yəqin ki, söhbətin, “qara cümə”dən getdiyini təxmin elədiniz. Hə, bu insan psixologiyasının patoloji bir halıdır. Həm bioloq, həm də xurafata qətiyyən inanmayan adam kimi sizi əmin edirəm ki, bu əlamətə inanmaq paranormal haldı.

“Da Vinçi şifrəsi”ni çoxlarınız oxumuş olarsınız. Ən azından dəb xatirinə olsa belə alıb evə “atmısınız”, bilirəm. Əcəb eləmisiniz, öz işinizdi. Sözüm bunda deyil. Den Braunun məlum əsərindən sonra PR işinin sirlərinə yaxşı bələd olan yazıçılar, əsasən də rejissorlar bu mövzuda xeyli ssenarilər yazıb, filmlər çəkdilər. Məqsəd? Təbii ki, yaxşı para qazanmaq! Yoxsa, Leanardo Da Vinçinin, Lodovico Sforza üçün çəkdiyi “Sonuncu şam yeməyi” əsərinin ətrafında gedən söz-söhbət hansı rejissora lazım idi?!

 

Baxın, yəhudilərin İsa Məsihi çarmıxa çəkməsini xristianlar öldürdülər deyə qəbul edir. Müsəlmanlar isə Allah Hz. İsanı özünə yaxınlaşdırdı, yanına çəkdi deyə qəbul edirlər:

“Və: “Biz, Allahın Rəsulu Məryəm oğlu Məsih İsanı həqiqətən öldürdük” demələrinə görə (onlara belə bir cəza verdik.) Həqiqətdə isə onu öldürmədilər və asmadılar.” Nisa 157

“Xeyr; Allah onu özünə yaxınlaşdırdı. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.” Nisa 158

 

Görürsünüz də, eyni bir hadisəyə tamamilə fərqli iki yanaşma var.

Siz də etiraf edərsiniz ki, “qara cümə”ni mövhumata, ulduz fallarına, cadu-pitiyə inanan, cinin, yaxud şeytanın varlığını qəbul edənlər bu qədər şişirdib, bu qədər uğursuzluq, bədbəxtlik rəmzinə də onlar çevirib. Şükür Allahın birliyinə ki, bizim məmləkətdə “13-ü cümə” bir o qədər dəbdə deyil. Hələlik, avtomobillərə “13”lə başlayan nömrə verməməklə canımızı qurtara bilmişik.

 

“13-ü cümə”nin mistik cazibəsini qəbul edən oxucular üçün qətiyyən təxirə salmayacaqları 5 vacib məqamı qeyd edirəm:

 

Birincisi, bu filmə https://www.youtube.com/watch?v=DifOuGJlvVc qətiyyən baxmayın!

 

İkincisi, bu gün nə işiniz olursa-olsun, gecə saat 12-də mütləq evinizdə olun və qətiyyən tək qalmayın. Qaniçənlər, əcinnələr və şeytanlar qapı-qapı düşüb boş evləri, tənha adamları axtaracaqlar.

 

Üçüncüsü, qətiyyən, evinizdə sayı 13 olan heç nə saxlamayın. Şeytanlar hətta mətbəxinizin çəkməcəsindəki qaşıq-çəngəllərin sayını da bilir.

 

Dördüncüsü, nəqliyyatdan qətiyyən istifadə etməyin. Qəza təhlükəsi 52%-dir.

 

Beşincisi, sabah 13:00-dan tez qətiyyən yataqdan qalxmayın.

 

 

P.S:

 

Sual verə bilərsiniz: “Belə “ağır” gün haqqında niyə məhz bu səpgidə yazı? Nə üçün “ağır” yazı yox?”

 

Cavab verirəm:

– İnandırım sizi, əgər mütləq “13-ü cümə”nin xüsusi bir gün olduğunu qəbul etməliyiksə, mən yenə də “qara cümə”ni deyil, “xoşbəxt cümə”ni seçərdim. Bir neçə il əvvəl tanış olduğum gözəl bir xanımla ilk görüşümüzü məhz “xoşbəxt cümə” gününə təyin etmişdik. Həmin günün “xatirəsinə həsr olunan” telefon nömrəsini indi də işlədirəm. Sonu belədir: 13-55.

 

Müşfiq XAN

 
 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10