Qorxunun atası – Alfred Hitçkok

46 Baxış

hitckok3Alfred Jozef Hitçkok 13 avqust 1899-cu ildə Londonda anadan olub. Qatı katolik ailəsində böyüyən Hitçkok uşaq yaşlarından yaşıdlarından qaradinməzliyi ilə seçilib. Hətta bu xarakterinə görə məktəb yoldaşları ona “Özündənrazı” ləqəbi vermişdilər.

Valideynlərinin də ona qarşı münasibəti birmənalı deyildi. Hitçkok hələ beş yaşında olarkən atası ona bir kağız verir və polis bölməsinə yollayır. Əlindəki zərfi polisə verdikdən sonra, polis kağızda yazılanlara əməl edir və Hitçoku kameraya salır. 10 dəqiqədən sonra polis ona “yadında saxla, dəcəl uşaqların başına həmişə belə hadisələr gəlir” deyir və onu azad edir. Bu hadisədən sonra Hitçkokda polis tərəfindən günahsız yerə həbs edilmə qorxusu yaranır. O, bu mövzunu sonraları filmlərində dəfələrlə istifadə edir.

Onu saatlarca tək ayaq üstə dayanmağa məcbur edən anasından da filmlərində dəli ana obrazları ilə intiqam alır.

Hitçkokun borclu olduğu qadın

Alfred 15 yaşında olarkən atası vəfat edir. Bundan sonra işləmək məcburiyyətində qalan rejissor “Henley’s” reklam agentliyində rəssam kimi çalışır. London Universitetində mühəndislik təhsili alan Hitçkok, “Famous Players Lasky” Film Studiyasında prodüser köməkçisi vəzifəsində çalışmağa başlayır.

1926-cı ildə Alma Reville ilə evlənir. İki il sonra Patrisiya adlı qızı anadan olur. Qızı illər sonra onun “Manyak” və “Qatardakı yad” filmlərində rol alır.

Yaradıcılığına səssiz filmlər çəkərək başlayan Hitçkok, məşhurlaşdıqdan sonra verdiyi müsahibələrinin birində kino sənətini öyrənməyin ən yaxşı yolu səssiz film çəkməyə başlamaqdır deyib.

Həyat yoldaşı Alma Reville bütün çəkilişlər zamanı Alfred Hitçkokun yanında olur, onu heç vaxt tək qoymurdu. Hitçkok xanımının əziyyətlərini bu cür qiymətləndirirdi:  “Əgər gənc və gözəl xanım Reville, 53 illik həyatım boyu davam edəcək kontrakta imza atmasaydı, Hitçkok bu qədər məşhurlaşa bilməyəcəkdi”.

1922-ci ildə çəkdiyi “No.13” adlı ilk filmi müəyyən səbəblərdən  sona çatdırılmadı. 1923-cü ildən 1929-cu ilə qədər 10 səssiz film ekranlaşdırdı. Səssiz filmlərdə müxtəlif effektlər ilə tamaşaçıları təəcübləndirməyi bacaran Hitçkok, öz üslubunu 1926-cı ildə çəkdiyi “kirayəçi” filmində formalaşdırdı.

1929-cu ildə rejissorluğunu etdiyi və sonradan səsləndirilən “Şantaj” filmi İngiltərənin ilk səsli filmi olaraq tarixə düşdü.

1930-cu ildə filmləri ilə məşhurluq qazanan Hitçkok 1939-cu ildən Hollivuda köçür.

Hollivudun illərlə formalaşmış qayda-qanunları rejissora  mane ola bilmədi. O, bütün qadağalara baxmayaraq öz tərzini ortaya qoymağı bacardı. Buna görə də ona “Auter” deyirdilər.

hitchalmaHitçkok 1940-cı ildə çəkdiyi “Rebekka” ilə adını dünya film tarixinə yazdı. İngilis yazıçısı Daphne du Maurirerin eyniadlı romanı əsasında çəkilmiş film elə həmin il “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görüldü.

1965-ci ildə 10 mövsüm boyunca davam edən 361  serialı filmə produserlik etdi. Bununla kifayətlənməyən rejissor  17 serianın rejissorluğunu da öz üzərinə götürdü.

Hitçkok yaradıcılığının ilkin mərhələsində kino tənqidçiləri tərəfindən həddən artıq şouya meyilli olduğu üçün tənqid edilsə də, sonradan kino tarixində öz layiqli yerini tutdu.

Onun barəsində gəzən söz-söhbətlər səngimək bilmir

Onun filmlərinə baxanda rejissorun özünü görsəniz təəcüblənməyin. Çünki Hitçkok kino tarixinə “cameo”nun yaradıcısı kimi də düşüb. “Cameo” rejissorun çəkdiyi filmdə bir neçə saniyəlik görünməsinə deyilir. O, gah  “Manyak” filmində kovboy panaması ilə yol qırağında dayanır, gah da  “Quşlar” filmində mağazadan itlərlə çıxarkən kameraya düşür. Təsadüfi deyilki  50 illik karyerası boyunca tamaşaçılar onu  35 filmində gördülər. O, “cameo” aktyorluğunu belə izah edirdi: “Səhnədə görünməyim tamamilə yaradıcılıq baxımından lazım idi. Səhnəni doldurmaq məcburiyyətində idik. Sonradan isə bu xurafat sayılabiləcək bir ənənəyə çevrildi. Getdikcə “cameo” məni bezdirməyə başladı. Filmin ilk beş dəqiqəsində görünməyə çalışırdım ki, tamaşaçı film boyu məni axtarmasın”.

Hitçkok həmişə istəyinin tamaşaçını əyləndirmək olduğunu deyirdi. Ancaq onun filmləri heç də sadəcə əyləncə xarakterli deyildi. Bütün filmlərində Freydə aid nəsə tapmaq olurdu.

O, 1945-ci ildə çəkdiyi “Öldürən xatirələr” filmində Salvador Dali ilə bərabər çalışıb.

Amerikada senzuranın güclü olduğu illərdə belə o, fikirlərini deməyi bacarırdı. Bunun üçün müxtəlif texnikalardan istifadə edirdi.

Alfred Hitçkok yaşadığı illər ərzində dedi-qodulardan qaça bilmədi. Filmlərinin əsas qəhrəmanlarının sarışın olduğuna görə sarışınların onun zəif nöqtəsi olduğu yazıldı. Bəzən də qadınlara qarşı pis münasibətini onun katolik təhsili ilə əlaqələndirdilər.

Hətta operatoru ilə bütün gecə kameraya bağlı qalması, qızını “Şeytan çarxı”na mindirib, onu saatlarca  çarxın başından düşürməməsi iddiaları da uzun müddət mətbuatın dilindən düşmədi.

Hitçkokuk dünyaca məşhur “Quşlar” , “Manyak” , “Ölüm qorxusu” kimi filmlərində işlətdiyi səhnə texnikaları indiyədək rejissorlar tərəfindən istifadə olunur.

Onun “Rebekka” filmi Oskar alsa da, sonradan heç bir filmi bu mükafata layiq görülmədi. 1980-cı ildə Kraliçə II Elizabet tərəfindən “Ser” elan edildi.

Bölmə : Kino, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10