Qüdsü və Vaşinqtonu birləşdirən metafizika – Aqşin Yenisey

33 Baxış

aqsin

Yəhudilər Misirdən qaçmamışdan çox-çox əvvəl, miladdan öncə 20-19-cu əsrlərdə özünü İbrahimə “El Şadday” adıyla təqdim edən Yahova ilə vədələşmə səbəbiylə qədim Mesopotamoyadan qaçmışdılar və özləri ilə onlara Fələstin torpaqlarında vətən – əslində, tanrısı İbrahimə dövlət vəd etmişdi, çünki o dövrdə Mesopotamiyada yəhudilər köçəri çobanlar və muzdlu əsgərlər idilər, İbrahim özü də Sodom kralının muzdlu əsgəri idi – vəd edən bu tanrıdan və qoyun sürülərindən başqa, heç nə götürməmişdilər. Babildən qaçdıqdan və Fələstində yaşayan İbranilərlə ittifaq qurduqdan sonra yəhudilər Yahovaya verdikləri sözü unutdular və bütpərəst fələstinlilərin El, İsra-El, İsma-El kimi bir çox tanrılarına sığındılar. Bunu görən Yahova qəzəbləndi və yeni peyğəmbər İşayanı göndərib yəhudiləri sürgünlə hədələdi, bununla da ürəyi soyumadı, Assuriya sərkərdəsi Sanharibi göndərib öz qövmünü onlara verdiyi torpaqlardan Misirə qovdurdu. Bir müddət sonra hirsi soyuyan Yahova yanan kolluqların arasında daha bir peyğəmbəri Musanın qabağına çıxıb ona sehrli bir əsa uzatdı və tapşırdı ki, yəhudi xalqını arxasına salıb bu əsanın dikinə aparsın. “Qalanı mənlikdir” ifadəsi də o zaman çıxdı meydana. Misirdən yenidən Fələstinə qaçan yəhudlər bu dəfə bu torpaqlara öz vətənləri kimi qayıtdılar və İsrailin yəhudilərin vətəni olması söz-söhbəti də bu ikinci qayıdışdan sonra başladı. İkinci qayıdışdan sonra tanrı yəhudilərə vəhşi adətlərdən əl çəkməyi, zahiri ibadətə deyil, batini sevgiyə yönəlməyi dönə-dönə əmr etsə də, yəhudilər məbəddə göyərçin yandırıb, keçi boğazlamaq zövqündən əl çəkmədilər. (Burada mən heç bir tarixi-siyasi səbəbə toxunmuram, çünki yazımın məqsədi bu deyil, yalnız tək tanrı və onun seçilmiş xalqı arasında gedən danışıqlara yer verirəm.) Bu dəfə Yahova öz sözəbaxmaz xalqını Roma sərkərdələrinə şikayət etdi və ikinci dəfə Roma qoşunu onları yurd-yuvalarından didərgin saldı, ta ki 1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqləyənə qədər. Yəhudi inancına görə, Yahova həm də yəhudi tarixinin müəllifidir. Onu da qeyd etməkdə fayda var ki, yəhudilər üçün Yahova heç vaxt metafizik varlıq olmamışdır, yəni məsələn, buddistlər kimi onlar tanrı ilə aralarında məsafə saxlamırdılar. Yəhudlər tanrını yol göstərən, əl tutan, yanlış hərəkət etdikdə cəzalandıran, doğru iş gördükdə mükafatlandıran bir valideyn, bir böyük qardaş, uzaqgörən bir lider kimi tanıyırdılar. Elə yəhudi tanrısı da öz xalqı ilə bir hakim qüvvə kimi məsafə saxlamaq niyyətində deyildi. Yahova onların hər xırda işinə qarışır, gününün çox hissəsini göydə yox, yerdəki dini mərasimlərdə, gündəlik tədbirlərdə keçirirdi. Hətta Yahovanın dediklərini qulaqardına vurub, Qüdsdə köhnə tanrılar Baala, Elə tapındıqları zaman o (Yahova) öz xalqına “eşem zeuunim”, yəni “fahişəlik edən arvad” deməkdən belə özünü saxlaya bilməmişdi. Bu cür gündəlik dava-dalaşlara baxmayaraq, nə tanrı onlardan birdəfəlik üz çevirmiş, nə də yəhudilər tanrının yaxasını buraxmışlar. Əksinə, hər bir yəhudi peyğəmbəri heç çəkinmədən yəhudi tanrısını öz xarakterinə və həyat təcrübələrinə uyğun gələn bir obraz biçmişdir. Məsələn, İşaya peyğəmbər kral ailəsinin bir mənsubu olduğu üçün tanrını bir kral ata kimi təbliğ edirdi, yaxud kasıb zümrədən olan Amos peyğəmbər özünün zülm ayaqlayan yoxsullara duyduğu canıyananlığını tanrıya da müncər etmişdi.

qaçış mifi 1492-ci ildən sonra indiki amerikalıların əcdadlarının da başına gəlib. Bir çox araşdırmalara görə, Kolumbun səyahətini maliyyələşdirənlər də İspaniyanın cənubunda müsəlmanların, şimalında xristianların təzyiqlərinə məruz qalan yəhudilər olmuşdur və gəmi-gəmi “yeni torpaqlara” köçənlər o vaxt Avropanı özlərinə vətən hesab etməyənlər idi. Onlar da yeni qitəyə, eynən bir vaxtlar yəhudilərin etdiyi kimi, özləri ilə tanrıdan başqa heç nə aparmırdılar. Riçard Doukinz deyir ki, ABŞ əhalisinin bünövrəsini təşkil edən bu köçkünlər öz ölkələrində (İngiltərədə, Almaniyada, Fransada, İspaniyada) inkivizisiyanın vəhşiliklərini, katoliklərlə protestantların kilsənin və dindar kralların fətvası ilə bir-birilərini necə qırdıqlarını öz gözləri ilə görmüşdülər, ya da eşitmişdilər. Onlar Amerikaya özləri ilə Avropa xristianlığını gətirmədilər. Dindən uzaqlaşdırılmış, sözün həqiqi mənsaında tək Tanrını gətirdilər. (Yəhudilər də başlanğıcda Babil tanrılarından qaçıb tək tanrıya, Yahovaya sığınmışdılar). Tanrı onların nəyinə lazım idi? Riçard deyir ki, Tanrı onlara yad, tanımadıqları torpaqlarda qoyub gəldikləri doğmalarını, kiməsə sığınmaq ehtiyaclarını qarşılayacaq, onların tənhalığını ovunduracaqdı. (Eynən yəhudlər də yeni, yad torpaqlarda yəni, Fələstində, sonra Şərqi Avropada, Şimali Afrikada və s. Yahovanı belə görürdülər, metafizik mənadan uzaq) Və deyir ki, ABŞ-da hal-hazırda da bir çox kilsələr insanlar üçün əqraba, qohum, doğma ocaq funksiyasını yerinə yetirir. (Qaçqın yəhudi icmalarının Avropada tikdikləri ilk Sinaqoqlara münasibətini xatırlayın) Digər fərziyyəyə görə, Amerikanın aşırı dindarlığı paradoksal bir şəkildə bünövrəsindəki dünyəvilikdən (rasionallıqdan) irəli gəlməkdədir. Amerika hüququ cəhətdən açıq-aşkar dünyəvi olduğu üçün din burada bir təşəbbüs halını almışdır. Bu gün yəhudi rasionallığına da Qüdsün İsrailin paytaxtı olması təşəbbüsü dindən gəlir, amma prosesin gedişatında çox ciddi siyasi praqmatik yanaşma dayanır, nəinki dini fanatizm. Bu işdə qarşı cəbhələr, yəni müsəlmanlar və xristianlar daha fanatik yanamşa sərgiləyirlər. Yəhudilər, yuxarıda oxuduğumuz kimi, tarix boyu dinə ötəri bir ənənəçilik gözüylə baxsalar da, Yahovaya həmişə sadiq qalmışlar. Doukinz, xüsusilə, ABŞ-ın ilk dörd prezidentinin ateistliyini və ya siyasi ehtiyatkalıqla deyilmiş deistliyini də bu cür yozur və Ceffersonun “xristianlıq insanlıq üzərində indiyə qədər parlamış ən pozğun bir sistemdir”, Benjamin Franklinin “Dəniz fənərləri kilsələrdən daha yararlıdır” və Con Adamsın “Bu dünya ola biləcək dünyaların ən yaxşısı ola bilərdi, təbii, əgər içində din olmasaydı” kimi dini aşağılıyan fikirlərindən örnək verir. Amma heç bir ciddi amerikalı allahı inkar etmək qüdrətində olmamışdır. Əslində, dövləti dinlə deyil, tanrı ilə ittifaqda görmək yəhudi təfəkkürünün təməlidir. Bu təmələ görə, tanrı yuxarılar, din aşağılar üçündür. ABŞ vətəndaşı və bir İsrail yəhudisi gözünü açanda artıq onun dindarlağını, fanatizmini zərərsizləşdirəcək dövlət və tanrı düşüncəsi ilə qarşılaşır. Tanrı və dövlətə münasibətdə amerikalı və yəhudi özünü dindar kimi aparmır, tam əksinə, tanrı və dövlət anlayışları bu iki qövmün rasional təfəkürünü formalaşdırır.

Adamlar tanrıya və dövlətə sadiqliyin çörəyini yeyirlər, siz isə onların qarşısına dinlə çıxırsınız, elə bir şeylə ki, ondan hər Afrika qəbiləsində yeddi-səkkiz dənə var…

P.S. Yazıdakı tarixi faktlar Riçard Doukinzin “Tanrı illüziyası” və Karen Armstronqun “Tanrının tarixi” kitablarından oğurlanıb.

KÖŞƏ YAZARLARI
TOP 10