“Qul yaranan baş əyər şahına, sultanına”

33 Baxış


qələmAzərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi hər həftə “Yad et məni” silsiləsindən Sumqayıt şəhərində yaşayıb dünyasını dəyişən qələm sahiblərinin birinin əsərlərindən nümunələri Sumqayitfakt.az-da oxuculara təqdim edir:

Zülfəli ZÜLFƏLİYEV

Ömür təsbeh kimidir hər ipin öz dənəsi var,
Bir rübabdır çalınır, zil səsi var, bəm səsi var.

Diridir rahəti yoxdur, tapa bilməz dinclik,
Neçə arzu, neçə istək, nə qədər qüssəsi var.

Ölünün rahəti çoxdur, qulağı dinc, başı dinc,
Hamıdan gizli qalan bir qapalı xanəsi var.

Hər kəs öz ömrü üçün tapmalıdır bir məna,
Hər kəsin öz ürəyi, öz əli, öz kəlləsi var.

Bülbül istər gülü, pərvanə şəmi, ay günəşi,
Bayquşun arzusuna yetməyə viranəsi var.

Hamıdan xoş keçirir ömrünü rindanə olan,
İstəyə ən qısa yol tapmağa peymanəsi var.

Zülfəli, çoxdusa namərd bu bəşər içrə, yenə
Şükür elə ki arada bir neçə mərdanəsi var.

***

Aşiqin sözlərinə şəkk eləmə mərd sözüdür,
Aşiqin dil verəni, söyləyəni dərd özüdür.

Dərdə hər kimsə ki düşdü özünü kəşf etdi,
Saf – çürük eylədi insanı o sərraf gözüdür.

Dərd səhrada inildər edərək eyşə həvəs
Bisutunda çalınan tişələrin sərt izidir.

Düşməyən həsrətə anlarmı vüsal ləzzətini,
İsidən aşiqi həsrət günü möhnət gözüdür.

Ey deyən eşqə ki, eyşin yoludur, səhvin var,
Bax…bu yolda əyilən ər başıdır, ər dizidir.

Zülfəli, eyş ilə dərd doğma bacı – qardaşdır,
Bunların fərqi odur ki, o bunun tərs üzüdür.

***

Yandı ürəklər sənin, atəşi – suzanına,
Dözmədi bir parəsi, qəsd elədi canına.

Gözlərinin atəşi, çoxlarını ram edib,
Hardadır o: « mən» – deyən? Bir çıxa meydanına!

Vəsl günü gözlərin, qəlbə vurur yarələr,
Amma, yenə dözməyir, dözməyir hicranına!

İstəməyir bir kərə azad ola eşqdən,
Hey… diləyir baş əyə sevgili – cananına.

Oldu bu qanun o gündən, yaranıb yerlə göy,
Qul yaranan baş əyər şahına, sultanına.

Gündə səni görməyə meyl edərəm, ey sənəm,
Qorxu budur, söz gələr, şövkətinə – şanına.

Hicrə Zülfəli bu gün etmədi tab ağladı,
Yazdı yenə bir qəzəl, nazlı – Xuramanına.