Qulamhüseyn Saidinin “Sonsuz səfər” hekayəsi

92 Baxış

qulamhuseynSenet.az Qulamhüseyn Saidinin “Sonsuz səfər” kitabından eyniadlı hekayəni təqdim edir. Qeyd edək ki, kitab “XAN” nəşrlərində işıq üzü görüb. Hekayələri dilimizə uyğunlaşdıran filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, redaktoru isə Cəlil Cavanşirdir.

Təbrizdə doğulan, ömrünün sonuna kimi Parisdə yaşayan istedadlı Azərbaycan yazıçısı Qulamhüseyn Saidinin “Sonsuz səfər” kitabında onun geniş yaradıcılığının kiçik bir hissəsini əhatə edən hekayələr toplanıb. Onları oxuduqca Cənubi Azərbaycan həyatı, insanların yaşayışı, mübarizə apardıqları çətinliklər, uğradıqları təqiblər, öz aralarında daim düşmənçilik edən tayfaların lazım gəldikdə ümumi rəqibə qarşı birləşə bildiyini əks etdirən örnək göstəriləsi maraqlı əhvalatlarla tanış olacaqsınız.

 

Sonsuz səfər

Yay çox pis başladı: Birdən-birə isti və tufanlı, parça-parça vəhşi buludları ilə. Təqaüdə çıxmış Sərhəngin mədrəsədə iş görüb-görməməsi üçün gənc qadını Mənijəyənin deyinmələri az imiş kimi, bir də iki qızı sarıdan nigarançılığı ortaya çıxdı.

Mənijə ondan nigaran idi ki, hələ toyundan bir ay keçməmiş – pərdələr, gəbələr, xalılar, gəlinlik bəzəkləri solub köhnəlməmiş dağınıqlıq evi bürümüşdü.

Onun pozğunluq və qərarsızlığından xəbəri olmayan Sərhəng düşünürdü ki, qaydaya düşmüş yaşayışına başqa bir qayda bəxş etsin. Beləliklə, bir gün xəbər çatdı ki, toyuqçu, quşçu və qəssabların gəl-gedindən yaxa qurtarıb. Alverə aid bütün dəftər-kitabı və ayrı-ayrı vəsilələri həyətin ortasında bir yerə toplayıb od vurdu.

Bütün bəhanələr kəsilmişdi. Qalırdı icarəli ev və təqaüd maaşı ki, haraya getsə, ala bilər və bir də aram, susqun, ona yapışıqlı və tab olan qadını. Qaldı ürəyi həmişə sıxılan, halsız və 27 yaşında ikən təqaüdə çıxmış Sərhəng ilə evlənən Mənijəyə, harada olursa-olsun, ona fərq etməzdi. Ancaq Sərhəngin onunla həmyaşıd olan böyük gənc qızı ilə görüş onun ürəyini sıxırdı. Mənijə indi onların rəhmətə getmiş analarının yerini tutmaqda idi.

Hər halda o, Sərhəngə “hə” deyəndə qızlarla qarşılaşma qorxusu vardı və indi bir də ev didərginliyi onun üstünə gəlmişdi. Xüsusilə pərdələri çıxaranda, bahalıları və ev əşyalarını fəhlələr bağlayanda bu duyğu getdikcə artdı. O, yaxşı görürdü ki, yaxın qonşularının əşyaları, elə o cür qalır, pəncərələrindən isə pərdələr qayda ilə asılıb. Getmək məqamı çatanda Sərhəngin həyəcanı artdı; o artıq Mələqa və Məlihədən danışırdı.

Hər dəfə ağlına yeni fikir gələndə keçmiş vəziyyəti düşünürdü. Bəzən bayıra çıxıb gələcəklərini teleqramla xəbər vermək istəyir və peşman olub telefonxananın önündən qayıdırdı. Ona elə gəlirdi ki, qızları onun gəlişinə sevindiklərindən sağlamlıqlarına zərər gələr.

Mənijə yaxşı bilirdi ki, Sərhəng qızlarını çox sevir və bütün bir ay boyunca hər gecə onların şəkil albomları ilə yaşayıb. Neçə gün bundan öncə, qızlarının göndərdiyi kasetləri dinləyərkən başını tovlayıb, hirsini ötürürdü. Nə vaxt halı pisləşib, xəstə düşsə, Mənijəyə deyirdi, onu bu günə salan qızlar olub.

Uşaqların fikirləri onların yaşayışını narahat etmişdi. Ona görə də uşaqların fikri Sərhəngin keçmiş uğurlarına güvənən Mənijə üçün xoşagəlməz idi. Sərhəngin davranışından bəlli olurdu ki, o, bu gün keçmiş nailiyyətlərlə yox, bəlkə, qızları və qadınının olması ilə öz həyatını çiçəkləndirə bilir. Bununla belə bir neçə gündən bir yeni hədiyyələr və sovqatlar alır, ayın əvvəlində aldığı aylıqdan qızlarına təhsil xərci göndərir, deyirdi: “Nə qədər ki, diriyəm, bu işi görəcəyəm. Qızlar bilməlidirlər ki, onların ataları var”.

Qızları atalarını yaxşı başa düşürdülər, ancaq tez-tez ondan xəbər tuta bilmirdilər. Gecələr saat doqquz yarımı keçəndə telefon zəng çalır, dəstəyi qaldıranda uzaq yollardan gələn Sərhəngin səsini eşidirdilər. Sərhəng qışqıraraq:

– Alo, haradır? – deyə soruşdu.

Həmişə dəstəyi götürən Məlihə deyirdi:

– Ata, sənsən? Salam.

Sərhəng deyirdi:

– Hə, mənəm. Salam, salam! Sən kimsən?

– Mən özüməm, ata.

– Bilirəm, kimsən? Məlihə, yoxsa Mələqa, hansınızsınız?

– Mən Məlihəyəm, ata. Halın necədir?

– Mələqa haradadır? Orada deyil?

– Niyə, “papa”, buradadır.

– Neyləyirsiniz? Niyə sizdən xəbər yoxdur? Nigarançılıqdan öldüm axı!

– Biz yaxşıyıq, çox yaxşı. Xanımın halı necədir, yaxşıdır?

– Niyə məktub yazmırsınız?

– Ata, çatdıra bilmirik, səhərdən axşama kimi iş görürük.

sonsuz sefer– Niyə, nə xəbərdir? Sizi kim pul dalınca göndərir? Adam həmişə cavan olmur, nə üçün özünüzü incidirsiniz, hə? Nə qədər işləsəniz də, sizi başa düşən olmayacaq. Bu məmləkətdə işləməyin faydası yoxdur, adamı qocaldıb yazıq eləyir.

– Ata, narahat olma, bizim üçün çox da çətin deyil.

– Mələqa ordadır? Ver mənimlə danışsın.

Məlihə dəstəyi Mələqaya verdi, Mələqa dedi:

– Salam, “papa”.

– Salam, əzizim, halın necədir?

– Yaxşıyıq, ata. Siz necə?

– Səsin niyə tutulub, soyuq dəyib?

– Yox, ata, səsim yaxşıdır, telefon yaxşı deyil.

– Mənim səsim yaxşı gəlir?

– Hə, “papa”, yaxşıdır.

– Sənin səsin nə üçün belədir? Olmaya, mərizsən, məndən gizlədirsən?

– Yox, ata, arxayın ol,

– Mənijə necədir?

– Yaxşıdır, mənim yanımda oturub. İstəyirsən, verim, danış.

– Niyə, ver, danışım.

Məlihə qulağını telefona yaxınlaşdırdı, o biri tərəfdən Mənijənin zərif və incə səsi eşidildi:

– Salam.

– Salam. Halın necədir?

– Sağ ol, yaxşıyam, siz necəsiniz?

– Şəklinizi göndərməli idiniz, nə oldu?

– Özümüz nəyik ki, şəklimiz nə olsun.

– Məni aldatma, səsindən bəllidir ki, gözəlsən.

Mənijə tutqun səslə:

– Yox, elə deyil, – dedi, – amma sizin şəkliniz məndə var, çox gözəlsiniz.

– Elədir. Yaxşısınız? Necəsiniz? Bizə baş çəkmək istəmirsiniz?

– Niyə, inşallah, gələcəyik.

– Unutmayın.

– Yaxşı, ayrı işiniz yoxdur?

– Yox. Atamı qoyma çox darıxsın.

– Baş üstə, sağ olun.

– Sağ ol.

Telefon danışığı sona çatdı. Sərhəng Mənijədən soruşdu:

– Yaxşı, nə danışdınız?

Mənijə cavab verdi:

– Heç nə.

Sərhəng soruşdu:

– Nə üçün gülürdü?

Mənijə dedi:

– Elə-belə.

Sərhəng deyir:

– Elə-belə olar? Yəqin, bir söz vardı.

Mənijə dedi:

– Mənim şəklimi istəyirlər.

Sərhəng dedi:

– Yaxşı, onlar üçün göndər daha.

Mənijə dedi:

– Üzüm gəlmir.

Sərhəng dedi:

– Üzüm gəlmir nədir? Gec-tez onlar səni görəcəklər. Belə utanmaq yaxşı deyil. Mən evlənmək istəyəndə onlara bunu yazdım, onlar da mənə tapşırdılar ki, cavan və gözəl bir qadın alım. Onlar yazdılar ki, qoca və çirkin qadın alsam, dərimə saman təpəcəklər. Neyləməli, onlar məni sevirlər, – bir müddət sonra albomu stolun altından götürüb, – şəklə baxmaq istəmirsən? – deyə soruşdu və albomu vərəqlədi.

Bununla da ev əşyaları bağlandı, hərəkət başlandı. Ancaq birdən-birə bir növ yorğunluq Sərhəngi bürüdü. Bütün həyəcan və sevinci məhv olub getdi. Mənijə heyrət içində donub qalmışdı.

Beləliklə, bir neçə gün ötdü. Hava tutuldu, yağış yağdı, sonra yandırıcı günəş çıxdı. Sərhəng isə ruhi dəyişikliyə büründü. Parçalanmış köhnə məcəllələri bir yana atıb, üz-gözünə yetişdi. Sonra satdığı toyuqçuluq əşyalarına baş çəkib, onları alan adamı təəccübləndirdi. Mənijənı isə gedib-getməmək düşüncələrindən qurtardı. Onlar zəng etdilər. Tanışlar, dostlar, qonşular onları yola salmağa gəldilər. Sərhəng pillələrlə sevincək aşağı endi. Mənijə yaşlı gözlərlə sağollaşdı. Yayın parça-parça buludları havanı tutdu. Onların naməlum və sonsuz səfərləri başladı.

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10