Qulaqsız canavar

68 Baxış

Xülya Cəfərova yeniXülya Cəfərova

QULAQSIZ CANAVAR

«Ana, mən parka gedirəm. Uşaqlar gözləyirlər.»

«Yeməyinin hamısını yeyib qurtarmamış olmaz!»

«Anaaa!»

«Dedim ki yox! İstəyirsən “qulaqsız canavar”ı çağırım?»

Əlbəttə ki istəmirəm! Həyatda “qulaqsız canavar”dan çox heç nədən qorxmuram. Ona görə də qayıdıb yeməyimi axıra qədər yeyirəm.

Uşaqlar bayaqdan yığışıblar. Hamıdan axırda gəlib çıxıram. Yenə də mənsiz başlayıblar futbola. Onsuz da həmişə məni oynatmamağa bəhanə axtarırlar.

Kənardakı skamyalardan birində əyləşirəm. Həmişə özümlə gəzdirdiyim portfelimdən sevimli albomumu və karandaşımı çıxarıram. Bugünkü şəklimin qəhrəmanı yenə «qulaqsız canavar»dır. Onun qorxunc dərinlikdəki qara gözlərini, üzündəki qəzəbli qırışları, iri ağzını, qanlı dişlərini, yumru, qulaqsız, gövdəsinə birləşmiş, boyunsuz başını bacardığım kimi çəkməyə çalışıram. Amma istedadım gecələr kabuslarıma hücum edən bu yaratığı lazımınca təsvir etməyə bəs eləmir.

Elə bu vaxt kiminsə yanımda əyləşdiyini hiss edirəm. Ötəri şəkildə soluma nəzər salıram. Çox qəribədir. Heç vaxt belə bir insan görməmişəm. Başdan ayağa kimi hər tərəfi örtülüb. Deyəsən qadındır. Təkcə sifəti görünür. Gördüyüm heç bir qadına oxşamır. Anamın gözləri açıq mavi, yanaqları qırmızımtıldır. İncə dodaqları və iri ağzı onu həmişə gülərüz göstərir. Boyu isə bütün dostlarımın analarının boyundan hündürdür. Bu qadının tünd gözləri, yumru, qarabəniz sifəti mənə çox maraqlı gəlir. Üstəlik bütün bədəni örtülüdür. Görəsən niyə?

«Yəqin çox eybəcərdir, ona görə hər yerini gizlədib», – deyə düşünürəm. Pərt olmasın deyə cəld üzümü çevirib təzədən öz şəklimə qayıdıram. Qulaqsız canavar… Qara gözlü, qulaqsız canavar… Başını çəkdim, indi növbə bədənindədir. Görəsən bədəni hansı formadadır? Kimin? Hmm… Kimin olacaq? Əlbəttə ki canavarın… Həmişə sifətini təsvir eləyirəm, bədəni qalır. Bu dəfə gərək şəkli tamamlayım. Başa birləşik, iki tərəfə, üzüaşağı uzanan şaquli xəttlər çəkirəm. Aşağı hissəni soldan sağa tərəf üfüqi bir xəttlə birləşdirirəm. Hmm… Görəsən qolları, ayaqları var? Yox… Canavar qollarını, ayaqlarını gizlədib. Hə, hamısını paltarın altında gizlədib.

«Nə maraqlı şəkil çəkirsən. Baxmaq olar?» – qadın soruşur.

Həyəcandan udqunuram. Danışığı da qəribədir. Deyəsən ingilis dilini yaxşı bilmir. Heç nə demədən albomu ona tərəf uzadıram. Albomu götürüb vərəqləməyə başlayır. Bir-bir sevimli «əsərlərimi» diqqətlə nəzərdən keçirir. Hamı futbol oynayanda kənarda tək oturan oğlan rəsmi, sevincdən qıyılan gözlərin arasında bir cüt qan ağlayan kədərli göz rəsmi, əlindəki qılıncla ağlaya-ağlaya ətrafdakı qaraltıları doğrayan oğlan rəsmi, çoxlu kədərli və qəzəbli sifət rəsmləri, əlində kəsilmiş baş tutan balaca oğlan və «qulaqsız canavar»… Səhifələr boyu qulaqsız canavarın tez-tez kabuslarıma girən əcaib üzünü təsvir eləmişəm. Nəhayət sonuncu səhifədə isə onun heç vaxt görmədiyim bədənini örtülü formada təqdim eləmişəm. Görəsən bu, haradan ağlıma gəldi?

Qadının fikri şəkillərdə olduğuna görə özümdə cəsarət tapıb sifətinə diqqətlə baxa bilirəm. Qaşlarını çatıb rəsmlərə dəhşətlə baxır. Deyəsən xoşuna gəlmədi. Hər halda gərgin görünür. Həyəcanım artmağa başlayır.

Nəhayət sonuncu rəsmə çatır. Diqqətlə nəzərdən keçirdikdən sonra soruşur: «Bu canavarın bədəni niyə belədir?»

«Bədəni yoxdur. Yəni…var, amma gizlədib», – deyirəm. Dərhal da utandığımdan dodağımı dişləyirəm.

Qadın azca gülümsəyərək albomu qaytarır. «Adın nədir?»

«Damion»

«Damion. çox istedadlısan. Amma bütün şəkillərin qorxuludur. Niyə ancaq belə şəkillər çəkirsən?»

Fikrə gedirəm… Bu barədə heç vaxt fikirləşməmişdim. Şəkil çəkməyi həmişə xoşlamışam. Amma məktəbdə müəllimin tapşırdığı mövzular heç vaxt ürəyimcə olmur. Həmişə oyundan qovulan, atasını heç vaxt tanımayan, heç kəsdən doyunca diqqət, nəvaziş görməyən bir uşaq üçün günəşin altında gülə-gülə oynayan uşaqları, bir əli ilə atasından, o biri əli ilə anasından yapışıb hırıldayan ya da anasının boynuna bərk-bərk sarılan balacanı çəkmək mənə elə də cəlbedici gəlmir.

«Bilmirəm… Belə alınır…»

«Damion! Bayaqdan səni çağırıram. Eşitmirsən?!», – anam qaça-qaça özünü yanıma çatdırır. Əlimdəki albomu, karandaşı dartıb tələsik portfelimə yığmağa çalışır. Əlinin əsməyindən, ağzından gələn iydən başa düşürəm ki yenə çox içib. Kobud şəkildə qolumu qavrayır və darta-darta aparır. Son dəfə qadını görmək üçün arxaya çevrilirəm. Qara gözlərini mənə zilləyib. Qaşlarını çatsa da, gülümsəməyə çalışır.

«O qadın kimdir? Nə deyirdi sənə?»

«Heç nə… Bilmirəm ki. Şəkillərimə baxdı.»

«Bir də onunla danışma!»

«Niyə?»

«Dedim ki danışma!»

Evə çatana qədər aramızda başqa dialoq olmur. Axşam yeməyinə qədər qorxumdan mövzunun üstünü vurmuram. Nəhayət yemək vaxtı dözə bilməyib soruşuram: «Ana, niyə o qadınla birdə danışmayım?»

Əsəbi şəkildə köks ötürür. «Yaxşı… Nə bilmək istəyirsən?»

«Onu tanıyırsan? Pis adamdır? Axı mehriban görünürdü.»

«Bəs yaxşı adam olduğunu haradan bilirsən? Yaxşı ya da pis adamı olduğu kimi görürsən. Onun isə nə olduğu bəlli deyil. Bilmirsən ki o sallaq torbasının altında bomba gəzdirir ya yox.»

«Paltarının altında bomba var idi?», – yerimdən dik atılaraq soruşuram. «Bəs başını niyə gizlətmişdi? Bəlkə onun altında da nə isə var? Ya da nə isə yoxdur…,» – bir qədər fikrə gedirəm.

Anam kinayə ilə, – «Örtüyün altını bilmirəm, amma başının içində nəyin olmadığını bilirəm: Ağıl!», – deyir.

Anamın nə demək istədiyini tam başa düşmürəm. Qorxudan belimdə isti tər damcıları peyda olur. «Ana, bəlkə… qulaqları yoxdur? Boynunu da görmədim… Ana, bəlkə o qadın “qulaqsız canavar»dır?!» – vahimə ilə soruşuram.

Anamın sifəti ciddi bir ifadə alır. Diqqətlə üzümə nəzər salandan sonra soruşur: «Söz verirsən ki düzünü desəm, daha onunla danışmayacaqsan?»

«Aha, söz verirəm.»

«Bəli, o, ‘qulaqsız canavar’dır. Üstəlik, qulaqsız canavar bir dənə deyil. İndi bunlar dünyanın hər yerinə doluşublar. Harada görsən, uzaqlaş. Sənə yaxınlaşmaqlarına imkan vermə, eşitdin?»

«Baş üstə», – deyə cavab verərkən qəlbimdə məni hər cür canavardan xilas etməyə çalışan fədakar anama qarşı gizli bir heyranlıq baş qaldırır.

Bayaqkı rəsmdə canavarın bədənini nəyə görə örtülmüş şəkildə çəkdiyimi də indi başa düşürəm. Deməli, yuxularımda da elə bu cür imiş. Yəqin qadını görəndə yadıma düşüb. Hə, onsuzda gözləri də qapqara idi…

* * *

Günlər keçir, amma mən qulaqsız qadını heç cür beynimdən çıxara bilmirdim. Anam vaxtında gəlib məni xilas etməsəydi, başıma nələr gələcəyini heç təsəvvür belə edə bilmirəm. Yəqin ki çoxlu işgəncələr verərək öldürərdi məni. Ya da anamın danışdığı əfsanədə deyildiyi kimi, əvvəlcə qulaqlarımı, sonra başımı kəsərdi. Daha sonra boynumu da kəsib başımı birbaşa gövdəmə tikərdi. Ardınca da öz paltarından geyindirib küçələrə salardı. Yox, istəmirəm! Qulaqsız canavar olmaq istəmirəm!

Günlərin bir günü daxilimdəki maraq qorxuya qalib gəlir. Dərsdən sonra həmin parka gedirəm. Ətrafda xeyli veyllənəndən sonra axtardığımı tapıram: Qulaqsız canavar yelləncəkdəki balaca bir uşağı dartışdırır. Uşaq ağlayır. Onu qucağına götürür. Aman Tanrım! Qorxudan az qalır ki ürəyim sinəmi yarıb çıxsın. Tələsik addımlarla uşağı harasa aparır. Tərəddüd etmədən evə tərəf qaçıram. Otağıma girib qapını qıfıllayana qədər sürətimi azaltmıram. Gözümün qabağında qulaqsız canavar balaca uşağı oğurladı. İndi onu aparıb başına oyun açacaq! Anam olmasaydı, indi onun yerində mən ola bilərdim! Yaxşı ki anam vaxtında özünü yetirdi… Axı… bəs birdən yenə məni oğurlamaq istəsə?

Mətbəxdəki ən iti bıçağı götürüb çantamda gizlədirəm və həmin gündən etibarən hara getsəm, özümlə aparıram. Anam düz deyirmiş. O canavarlardan hər yerdə var imiş. Restoranlarda, mağazalarda, küçələrdə, hətta yaşadığımız binada. Hamısı bədənlərini bərk-bərk gizlədirlər. Kəsilmiş boyunlarını, qulaqlarını gizlətdikləri örtüyə  “niqab” və ya “hicab” deyirlər. Onları nə vaxt görsəm, qaçıram. Yolumun üstünə çıxanda istiqamətimi dəyişir, McDonaldsda arxamda dayandığını görən kimi növbəmi verib aradan çıxıram. Hətta bir dəfə supermarketdəki kassirin qulaqsız olduğunu anlayan kimi aldıqlarımı elə kassadaca qoyub qaçmışdım.

Artıq çəkdiyim rəsmlər də kifayət qədər aydındır. Qulaqsız yaratığı lazımınca təsvir edə bilirəm. Ondan həddindən artıq qorxuram və bu, mənliyimə toxunur. Axı nəyə görə onlara qarşı mübarizə aparmırıq? Bu qulaqsızlar bütün şəhərimizi əsir alıblar. Biz isə heç nə eləmirik. Qorxumuzdan özümüzü hər şey qaydasındaymış kimi aparırıq. Anam da qorxur. Amma yazığın əlindən heç nə gəlmir. Neyləsin? Məni onlardan uzaq tutmaqla kifayətlənir…

Yox, belə olmaz… Qoy, böyüyüm! Bunların hamısının axırına çıxacağam! Hmm… Əslində o qədər gözləməyə nə ehtiyac var ki?

Çantamı qamarlayıb həmin parka üz tuturam. Qulaqsız yenə buradadır. Keçən dəfəki uşaq da yanındadır. Uşaq bu dəfə ağlamır. Qulaqlarını hələ kəsməyib. Yəqin gözləyir ki uşaq bir az böyüsün, sonra kəsəcək.

Əl-ələ gedirlər. Mən də arxalarındayam. Park qurtarır, küçə dəyişir, tanımadığım bir məhəlləyə daxil oluruq. Binalardan birinə girir. Mən də arxalarındayam. Portfelimdəki bıçağı çıxarıb əlimdə gizlədirəm. Uşaq qadının əlini buraxıb gülə-gülə yuxarı qaçır. Yazıq… Hələ də necə bir zibilə düşdüyünü dərk eləməyib… Qadın bilmədiyim bir dildə aşağıdan yuxarıya doğru ucadan nə isə qışqırır. Yəqin bu da qulaqsızların dilidir. Qışqırır və gülməyə başlayır. Ay səni iblis… Şikarını əldən buraxmamaq üçün necə də artistlik eləyir…

«Tam vaxtıdır!», – deyə düşünürəm. Bütün gücümü toplayıram və məndən xeyli hündür olan qadının belinə atılıram. Yerə yıxılır. Bıçağı çıxarıb başının ortasından zərbə endirmək istəyirəm. Amma səriştəsiz olduğuma görə hədəfdən yayınıb bıçağı yana doğru endirirəm.

Qadın dəhşətlə bağıraraq dikəlir və belindən yerə yıxılıram. Qanlı bıçaq da əlimdən düşür. Örtüyün bıçağa tuş gələn hissəsi qanın təsirilə rəng dəyişmiş vəziyyətdə yerdədir. Altından nə isə nəzərə çarpır. Diqqətlə baxanda örtüklə bir yerdə kəsilən hissənin nə olduğunu anlayıram: Qulaq!!!

Bu hadisədən artıq uzun illər keçib. Yox, həyatına təkqulaq davam etməli olan o qadın məni canavara çevirmədi. Mən hər zaman haqq yolunda olmuşam. Kəsdiyim qulaq yaxşı bir başlanğıc oldu. Get-gedə bədən üzvlərinin də, qurbanların da sayı artmağa başladı. Özüm kimi insanlarla tanış oldum. Dövlətimizi «İŞİD» adlandırırıq. Məqsədimiz mütləq ədaləti təmin etməkdir!