Quldurun namuslu həyata qayıtması

26 Baxış

Ağ zanbaqlar ölkəsi

Senet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından növbəti hissələri təqdim edir.

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Beşinci hissə- Təlimçi məmurlar

Altıncı hissə- Hərbi hissə-xalq məktəbi

Yeddinci hissə- Futbol

Səkkizinci hissə- Valideynlər və uşaqlar

Doqquzuncu hissə - Xalq universiteti

 

Karokep

 Jarvinen nitqinin bu məqamında quldur Karokepin həyatından danışdı:

Cənablar! Bundan iyirmi beş il əvvəl bütün Finlandiyanı həyəcanlandıran və dəşhətli hislər yaşamağa məcbur edən Johan Karokep adını xatırlayırsınızmı?

            Karokep bir quldur idi. Böyük şəhərlərdəki banklar, ayrı-ayrı müəssisələr və kilsələrdən oğurluqlar edərdi. Oğurluq edərkən polislərə meydan oxuyurdu. Lazımsız cinayətlər törədirdi. Buna görə də ələ keçirilərkən ağlının yerində olub-olmadığını yoxlamaq məqsədilə ruhi xəstəxanaya göndərilmişdi.

            Karokep oradan da xüsusi cəsarət göstərərək qaçdı və onun izi tapılmadı. Finlandiyada onun adı sonralar xatırlanmadı. Bəlkə də izlənildiyi zaman açılan atəş nəticəsində ağır şəkildə yaralanıb ölüb və dostları da cəsədini naməlum bir yerdə basdırıblar. Hamı belə düşünürdü. Bundan sonra Karokep haqqında danışılmadı.

            Dostlar, Karokep yaşayır! Keçən il İtaliyada olduğum vaxtlarda Napolidə onunla görüşdüm. Mən onu tanıya bilmədim. Finlandiyada yaşayanlar kimi mən də onu ölmüş bilirdim. Bir restoranda yemək yeyərkən o, məni tanıdı və mənim masama yaxınlaşdı.

            Yanında da çox yaraşıqlı üç oğlu var idi. Sanki Fin millətinin ən sağlam, güclü və ən gözəl nümayəndələri idilər. Uzun boyları, enli kürəkləri, igid görkəmləri, qumral saçları və mavi gözləri var idi. Üzləri Cənubi Amerikanın yandırıcı günəşinin təsiri ilə qaralmışdı.

            İtaliyalılar onları “Apollon oğulları”adlandırırdılar. Üçü də Avropanın üç fərqli universitetində təhsil alırdı. Ən böyüyü İsveçrədə meşə təsərrüfatı fakültəsində oxuyurdu və Kaliforniyada bir meşə təsərrüfatı müəssisəsinin rəhbəri idi. Ən kiçiyi Fransada Əkinçilik Təsərrüfatı fakültəsində, ortancılı isə Almaniyada Kimya fakültəsində oxuyurdu. Onun dərinin, odunun və yağların kimyəvi tərkibi ilə bağlı apardığı araşdırmalar Almaniyanın məşhur universitetlərindən birinin diqqətini cəlb etmişdi. Bu gəncin məşhur bir kimya mühəndisi olması ehtimal edilirdi.

            Bu üç zəkalı, gözəl və kübar gənc ölkəmizdə bir vaxtlar quldurluqla məşğul olan Karokepin oğulları idi. O vaxtlar qəzetlər Karokepin bir ailəsinin olduğunu, həyat yoldaşının ərinin törətdiyi cinayətlərdən xəbərsiz yaşadığını və Karokepin həyat dolu bir insan, ər və gözəl ata olduğunu yazırdılar. Sonra Karokepin həyat yoldaşı və uşaqları yaddan çıxdı. Lakin ataları onları unutmamışdı və dostlarının köməkliyi ilə Amerikaya gətirtmişdi. Ancaq həyat yoldaşı Amerikaya gedərkən yolda sarı qızdırma xəstəliyinə yoluxmuş və ölmüşdü. Karokep üç övladını məhz özü böyütmüşdü, onlara həm analıq, həm də atalıq etmişdi. Uşaqları ilə birlikdə təhsil almışdı.

            Karokep- indi adını dəyişdirib, lakin yeni adını söyləməyi lazım bilmirəm,- iki transatlantik okeanı gəmisi ilə Genuyaya buğda göndərmişdi. Həmçinin özü də uşaqları ilə birlikdə İtaliyaya köçmək istəmişdi.

            Karokep yeni adı ilə məskunlaşdığı Cənubi Amerika ölkələrindən birində ticarətlə məşğul olmuş, pul qazanmış və buğda kralı olmuşdu. O qədər varlanmışdı ki, sizin Cem kralı Jarvinen belə onun yanında çox yoxsul görünür.

            Uşaqlığımızda və sonralar gəncliyimizdə biz Karokeplə dost idik, ikimizin də ailəsi yoxsul qatrançı idilər. Karokeplə birlikdə böyüdük, elə təsadüflər oldu ki…: İkimizin də atası eyni vaxtda vəfat etdi və yetim qaldıq. Dul qalan analarımız bizi şəhərə apardılar. Mən bir çörəkçinin yanında köməkçi olaraq işə düzəldim; Karokepi də varlı bir tacirin yanına qoydular.

            Bu tacir ölkədə yun, şam ağacından çıxan qatranı toplayır və ixrac edirdi. Ticarət üçün getdiyi yerlərdə becərilən buğda ehtiyacı ödəmədiyindən, xaricdən idxal etdiyi buğdanı kəndlilərə satırdı.

            Karokep yaraşıqlı, ağıllı və çalışqan bir uşaq idi. Yalnız son dərəcə hiddətli və dəliqanlı idi. Onu təhqir edənlərə qarşı hər şey edə bilərdi. Əsəbiləşdiyi zaman bədəni titrəyir, üzü saralırdı, dişlərini qıcadırdı və ilan kimi fısıldayaraq “Mən sənə Karokepin kim olduğunu və məni təhqir etməyə necə cəsarətin çatdığını göstərərəm”,- deyirdi.

            Həmin tacirin Karokepdən çox xoşu gəldi. Hər yerdə onun bu cür namuslu davranışlarından danışırdı. Bir neçə il sonra mühüm alqı-satqı işlərini ona tapşırmağa və ona külli miqdarda pullarını etibar etməyə başladı. Nəhayət onu böyük anbarlarından birinin rəhbəri təyin etdi.

            Burada qeyri-adi və anlaşılmaz bir hadisə baş verdi. Karokep heç bir əsası olmadan həmin şəxsin ona verdiyi böyük məbləğdə pulu kəndlilərə payladı və tacirə çox böyük ziyan vurdu. Bundan başqa onun özünü də yaxşıca kötəklədi. Bu davranışından nəticəsi olaraq məhkəməyə verilmişdi. Karokep məhkəmədə ağzını belə açmamışdı. Sadəcə əsəbi şəkildə gülümsəmişdi. Məhkəmənin yekununda “Mənim yerimə onu məhkum etsəydiniz daha yaxşı olardı”,- deməklə kifayətlənmişdi.

            Tacir sonralar “Yəqin Karokep dəli olub! ” demişdi.

            Karokep bir neçə ay həbsxanada qaldı. Bu müddət ərzində heç kimlə əlaqə saxlamamışdı, sadəcə oxumaqla məşğul olmuşdur. Yalnız zəncirlənmiş məhkumların etdikləri cinayətləri dinləməkdən zövq almışdır.

            Karokep həbsxanadan çıxdıqdan sonra həyat yoldaşı və uşaqlarını xarici ölkələrdən birinə göndərmişdi. Bundan sonra Finlandiyada qorxusuz şəkildə həyata keçirilən oğurluqlar, soyğunlar və cinayətlər başlamışdır. İki il ərzində bir çox bank və ona yaxın kilsədən oğuqluqlar edilmiş, 3 keşiş cinayətlərin qurbanı olmuşdur.

            Hər kəsin sevgisini qazanan bir bələdiyyə həkimi xəstə yanına gedərkən yolda öldürülmüşdü. Lakin onun üzərindəki heç nəyə toxunulmamışdı. Niyə görə öldürüldüyü ilə bağlı heç bir səbəb də tapılmamışdır.

            Sonuncu dəfə bir şəhərin kənarında məzarlıq kilsəsinə oğru girmişdi. Kilsənin yanında oturan keşiş təsadüfən kilsə pəncərələrindən birindən işıq gəldiyini görmüşdü. Xidmətçini çağıraraq birlikdə kilsəyə getmişdilər. Binanın qapısı qarşısında oğru ilə üz-üzə gəlmişdilər. Oğru bir zərbə ilə xidmətçini yerə sərmişdi. Arxada duran keşişin başına da dəmir bir çubuqla vurub başını partlatmışdı. Bununla belə keşiş çığıraraq kömək çağırmağı bacarmışdı.

            Ay işığının olduğu qarlı bir qış gecəsi imiş. O vaxt bir neçə kənd sakini qəbiristanlığın yanından keçirmiş və kömək çağırışı səsini eşidib ora qaçmışdılar. Bir nəfərin qaçdığını görmüşdülər. Onun arxasınca qaçıb tutmuşdular və polisə təhvil vermişdilər.

            Dindirilmə zamanı adının “Quldur və qatil Karokep” olduğunu demişdi. Əsəbi bir gülüş və sükutla bank, ayrı-ayrı müəssisələr və kilsələri necə soyduğunu, üç keşişi və bir həkimi necə öldürdüyünü danışmışdı.

            “Kimdən kömək aldın?” sualına da “Hamısını özüm etdim. Köməkçilərim yalnız mənə məlumat veriblər. Heç birinin adını da deməyəcəm. Bütün hamısını özüm etdim və bütün məsuliyyət də mənim üstümə düşür. Oyunu uduzdum. Buyurun alın, taleyim indi sizin əlinizdədir. Hər şeyə razıyam, istəyirsiniz öldürün, amma mənə kömək edənlərin adlarını soruşmayın.”- deyə cavab vermişdir.

            Bundan sonra Karokep xəstəxanadan qaçdı və heç bir iz qoymadan yoxa çıxdı. Bu hadisələrdən sonra illər keçdi və hər şey yaddan çıxdı.

            İndi Napolidə məhz Karokep özü mənim yemək yediyim masanın yanına gəlib Fin dilində məndən:

            “Bağışlayın, siz Jarvinen deyilsiz?”-deyə soruşdu.

            Mən “Bəli” dedim və bir az çaşdım.

            “Jukko Jarvinen?” -deyə təkrarən soruşdu.

            “Bəli…”- dedim.

            “Tomerfors ətrafındakı Kolmarvidən deyilsiniz? ”

            “Bəli, bəli amma siz bunları haradan bilirsiniz? Mən sizi ilk dəfədir ki görürəm. ”

            “Mən keçmiş Karokepəm…” -deyə bildirdi. “Jukko, mənim keçmiş dostum Jukko! Ah mənim sevimli uşaqlığım… O zamankı balaca dostun Johanı xatırlayırsanmı? Keçmiş Karokepə əlini uzadacaqsanmı?”

            Karokeplə birlikdə otağıma getdik. Gecə gec saatlara qədər Fin dilində söhbət etdik. Mənə bunları dedi:

            Oğlanlarım Karokepin kim olduğunu bilmirlər. Amerikada iki dəfə vətəndaşlığımı dəyişdirdim və iki dəfə də adımı dəyişdirdim. Ailəmi Cənubi Amerikaya apardım, özüm Şimalda çalışdım.  Mən doğulandan yarı amerikalı, yarı ispaniyalıyam. Amma ruhən finəm. İndi necə yaşadığımı görürsən. Günahlarımı etiraf etmək istəsəm, məni dinləyərsənmi? Mənim yerimi heç kimə deməyəcəyinə dair namusun üstünə söz verirsənmi? Jarvinen, mən sənin həyatını bilirəm. Bizim Suominin inkişafını da izləyirəm. Sən hələ balaca olanda mən səni çox istəyirdim. İndiki Cem kralını da çox istəyirəm. Gənclik dostunun necə biri olduğunu anlamağını istəyirəm. Johan Karokepə nifrət etməyini istəmirəm. Johan Karokep cinayətkar deyil.”

            “Sən o vaxtlar ruhi xəstə idin?”

            “Sən nə qədər xəstə idinsə, mən də o qədər xəstə idim. O vaxtlar mən cahil idim. Bir daha fikirləş. Qaranlıq bir evin içində gəzişirsən. Yüzlərlə otağın içində cürbəcür şeylər var. Amma heç bir işıq şüası yoxdur. Əl toxunuşu ilə gedirsən. Əlbəttə ətrafdakı əşyalar qırılır. Həm başqalarının əşyalarını qırırsan, həm də özün yaralanırsan. İnsan belə bir yerdə təkbaşına qalarsa dəli, cani, yoxsa işıqdan məhrum olmuş bədbəxt olur? Bax o vaxt sənin bir az sevdiyin Johan bu vəziyyətdə idi. Belə qaranlıqda qalmış neçə milyon Johan var? ”

            Karokep əlimi tutaraq sözlərinə davam etdi:

            “Ah Jukkom, həyatın belə zalım vaxtlarında sənin də səndələyib yıxılmadığına sevinirəm. Amma mən ağamın anbarlarında çalışarkən çox darıxırdım. Nə isə mənə darlıq edirdi.”

            Mən- “O vaxtlar mən də sıxıntılar içində yaşayırdım.” -deyə qarşılıq verdim.

            “Bax görürsənmi!” -dedi Karokep. “Milyonlarla Jarvinenlər, Karokeplər həyatın müəyyən vaxtlarında sıxıntılar yaşayırlar. Onlar da daha geniş, daha gözəl, daha firavan həyat istəyirlər. Mənim yaşayışım yaxşı idi. Bir həyat yoldaşım, üç uşağım var idi və onları çox istəyirdim. Özümün şəxsi ticarətlə məşğul olmaq niyyətim də var idi. Lakin mən sıxılırdım. Bir gün gördüm ki, bizim ağanın anbarındakı tərəzi aldadıcıdır. Kəndlilərdən alınan mallar bir tərəzi, onlara satılan buğda isə başqa bir tərəzi ilə çəkilir. Hər ikisi ilə kəndlilər aldadılırdı. İllərdir bunun belə olduğunu, mənim də bilməyərəkdən onun oğurluğunda iştirak etdiyimi başa düşdüm. Çox pis oldum, ürəyim sıxıldı. Əlimdəki pulların hamısını kəndlilərə payladım. Anbarın sahibini isə yaxşıca kötəklədim. Əlimdən almasaydılar, bəlkə də canını da alardım. Məhkəmə ilə məni məhkum etdilər. Əhalini aldadan tərəzilərdən bəhs etmək istədim. Ancaq kəndlilər tərəzidən şikayət etməyəcəkləri ilə bağlı öz imzaları ilə öhdəlik götürmüşdülər; bundan imtina etdim. Kölələr! Ağılsızlar! Şikayət edəcəkləri təqdirdə tacirin onlara heç vaxt borc verməyəcəyindən qorxurdular. Mən də susdum. Kölələrə nifrət edirdim. Həbsxanada daim düşünürdüm. Cəzam bitəndən sonra məni sərbəst buraxacaqdılar. Onda nə edəcəkdim? Aldadıcı tərəzi ilə təkrar başqalarını aldatmağa başlayacaqdım, yoxsa məni aldatmalarınamı dözəcəkdim? Belə düşünəndə ürəyim sıxılırdı. Zavallı xalq! Zavallı insanlar… Həm soyulurlar, həm də bir-birini soyurlar. Allah sevgisinə görə böyük məbədlər inşa edirlər, sonra bir məbədin qarşısındakı meydanda minlərlə insanı diri-diri yandırırlar. Bir çox insan da Allah sevgisinə görə həyatını itirir. Mən də insanlara və Allaha üsyan etdim. İspaniyada olub, oradakı insanlara mənəvi və fiziki işgəncə verilməsində iştirak edə bilmədiyimə görə təəssüflənirdim. Əgər orada olsa idim, qışqıraraq “Köləsiniz! Qurbansınız! Çəkməlisiniz! Məhv olmalısınız! ” deyərdim. Bundan sonra insanlardan və Allahdan intiqam almağa qərar verdim. Bankları soydum. Onları soymaqla daha çox insanın faciəsinə səbəb olacağıma inanırdım. Ən xoşuma gələn isə kilsədəki əşyaları oğurlamaq idi. Ən yaxşı keşişlərin kimlər olduğunu araşdırıb tapır və gedib onları öldürürdüm. Ey Allahım, məni niyə tutdurmursan, deyə digər tərəfdən də üsyan edirdim. Ələ keçmədiyimə görə, daha da hirslənirdim. Yalanı, hiyləni yer üzündən yox etmək üçün əlimdən gəlsə bütün insanları yox etmək istəyirdim. Həmin vaxt yenidən ələ keçdim, amma qorxmadım. Yalnız bir az çaşdım. Deməli, heç də hər şey yalan deyilmiş. Ancaq məni güllələmək əvəzinə -”dəlidir”,- deyib ruhi xəstəxanaya göndərdilər. Öz-özümə “Ağılsızlar, axmaqlar, yalançılar…” dedim. Mən də ağılsızlıq edib ələ keçdim. Yerdə qar olan, ay işığı ətrafı işıqlandıran bir vaxtda heç oğurluğa getmək olardı? Bir müddət ruhi xəstəxanada qaldım. Davamlı olaraq sorğu-sual edilirdim, amma dərdimi başa düşmürdülər. Bir fürsət tapıb, oradan da qaçdım. Ağlıma hiyləgər bir fikir gəlmişdi. Başını yardığım keşiş yaxşılaşmışdı və əvvəlki evində yaşayırdı. Xəstəxanadan qaçdıqdan sonra bir dostumun evində paltarımı dəyişdim və o gecə birbaşa keşişin evinə getdim. Pəncərədən baxanda gördüm ki, oturub kitab oxuyur. Alnındakı yaranın izi hələ də hiss olunurdu. Qapını döydüm. Ayaq səslərinin yaxınlaşdığını hiss etdim.

“Kimdir?” – deyə səsləndi.

“Keşişi axtarıram.”-dedim

“Nə edəcəksən ki?” -deyə soruşdu.

“Dini işlərə görə…” -deyə cavab verdim.

Keşiş qapını açdı. Əlində bir şam vardı. Məni yaxşı görə bilmək üçün əllindəki şamdanı xeyli qaldırdı. Sanki nə isə xatırladı, bədəni titrəməyə başladı. Mən isə qapıda durmuşdum:

“Məni tanıdınızmı?”  -deyə soruşdum.

“Sizi hardasa görmüşəm elə bil. Amma harada olduğunu yaxşı yadıma sala bilmirəm. Son vaxtlar yaddaşım yaman zəifləyib.” -dedi.

“Mən sizə kömək edim.”- dedim.

“Kilsə soyğununu xatırlayırsınızmı?”

Keşiş arxaya doğru getdi, amma qışqırmadı. Qapını da örtmədi. Dərin bir nəfəs alandan sonra sakitcə soruşdu:

“Siz həbsxanada deyildiniz?”

“Qaçdım.”

“Bura niyə gəldiniz?”

“Məni gizlədəsiniz deyə. Bir vaxtlar cinayətkarların kilsələrdə gizləndiyini hardansa oxumuşdum. Mən sizi öldürmək istəmişdim. İndi də bir keşişin öz qatilinə necə davranacağını görmək istəyirəm.”

“Buyurun, içəri keçin.”

Addımımı içəri qoyan kimi qapını sərt bir şəkildə örtdüm. Kinayəli bir gülüşlə:

“İndi yenə sizi öldürə bilərəm deyə qorxmursunuzmu?” -dedim.

“Xeyr, qorxmuram.” -dedi.

“Niyə?” -deyə soruşdum.

“Gözləri belə olan insanlar heç vaxt kimisə öldürməzlər.” -deyə cavab verdi.

“Mənim gözlərim necədir ki?” -deyə maraqla soruşdum.

“Hüznlü, dərin kədər var içində. Siz ruhən çox xəstəsiz. Otağa keçək.”

O an mənə nə oldu bilmirəm. Əvvəl dəmir kimi sərt Karokep bu dəfə isti otağa gətirilən donmuş balıq kimi birdən-birə yumşalmışdı. Masanın üstündə keşişin oxuduğu İncil açıq şəkildə dururdu.

“Acsınız? Nəsə yemək istəyirsinizmi?” -deyə soruşdu.

Mən kobud səslə:

“Şərab gətir!” -dedim.

Ürəyim sancdı, boğazım qurudu. Ev sahibi otaqdan çıxan kimi kürsüyə oturub ağlamağa başladım. Uşaqlığımdan bəri heç bu cür ağladığımı xatırlamıram.

Keşiş bir stəkan şərabla üzərinə kərə yağı sürtülmüş bir dilim çörək gətirdi. Mən qarşısında diz çöküb əlindən tutdum.

“Məni bağışlayın… Bağışlayın…” -dedim.

“Rahat olun, şərabınızı için. Nə istəyirsiniz söyləyin.”

Nəsə deməkmi istəyirdim? Mən üsyan etmək istəyirdim… Keşişi ələ salmaq, bəlkə də onu öldürmək üçün bura gəlmişdim. Nəticə isə başqa cür olmuşdu!

Mən pərişan halda illərdir nələr hiss etdiyimi, yer üzündə və göy üzündə yalanı məhv etmək istədiyimi danışmağa başladım.

Ev sahibi məni sakit bir şəkildə dinləyir, yalnız arada əllərini və başını ovuşdururdu. Hekayəm qurtarandan sonra keşiş gülümsəyərək soruşdu:

“Deməli, siz Allahla mübarizə aparırsınız. Allahı hirsləndirmək üçün isə kilsələri talayır və yaxşı insanları öldürürsünüz. Siz ağılsız və səfil adamsınız.”

“Amma, Allah varsa, niyə mənim cəzamı vermir?”

“Övladım, sən Allahı özün kimi hesab edərək onu qıcıqlandırmaq istəyirsən. Allah sənin kimi cinayətkarlara bənzəmir ki, sənə sənin kimi cavab versin. Əgər Allah səni cəzalandırmayıbsa, deməli özünü düzəltməni gözləyib. Əvvəl o balaca Johan necə yaxşı və məsum bir uşaq idisə, sən yenə elə olmağa çalış!”

“Onda gedib özüm təslim olum…”

“Xeyr, buna ehtiyac yoxdur. Günahkar bir qadın Hz. İsanın yanına gəlib, günahlarının bağışlanması üçün nə etmək lazım olduğunu soruşub. Hz. İsa da ona “Qalx get, bir də günah iş görmə”, -deyib. Sən də bundan sonra namuslu adam ol. Namusunla işlə, qazan. Elə bilirəm ki, sənin uşaqların da var. Onları tərbiyə elə. Öz dolanışıqlarını doğru-dürüst bir işlə qurmağı öyrənsinlər.

Bax, əzizim Jukko! Mən yenidən namuslu həyata qayıtdım. Uşaqlarımı böyütdüm, oxutdum, onların düzgün tərbiyə almağına çalışdım… Mənim hekayəm bax budur… İndi də sən mənə necə “şirniyyat kralına” çevrildiyini danış. Çünki Jarvinenlə Karokep çox yaxın uşaqlıq dostları olublar. Onlar bizim millətimizin ayrı-ayrı yarılarıdırlar. Biri soyuq bir qaranlıq və cəhalətin içində ölüb. Digəri isə günəşin işığı ilə “aydın” bir bahar həyatı yaşamağa çağrılıb.

Jarvinen nitqinin bu məqamında Xalq Universitetinin professorlarına (təsisçilərinə) bu sözləri söylədi:

Baxın, siz işlərinizə davam etdiyiniz vaxt “şirniyyat kralı” Jarvinen və mənim kimi daha çox Jarvinenlər üçün göstərdiyiniz xidmətləri xatırlatmaq istəyirəm.

Dəyərli, müəllimlər! Jarvinenlərlə Karokeplər eyni xalqın övladlarıdır. Hər biri uşaqlığında yaxşı və pis təsirlərə eyni dərəcədə açıqdır. Əgər mən hər kəsin sevgisini və hörmətini qazanan bir şəxs olmuşamsa, bu mənim şəxsi bacarığım sayəsində olmayıb. Əgər mənim çox istədiyim uşaqlıq dostum Johan Karokep quldur və qatil olubsa, bu da onun qəbahəti deyil. Bu onun sadəcə bəxtsizliyidir. Jarvinen və Karokep eyni medalın bir üzüdürlər. Eyni ağacın iki budağıdır. Ağacın gövdəsi isə milyonlardan təşkil olunmuş xalq kütləsidir.