Quli-biyabanlar – Cəlil Məmmədquluzadə

56 Baxış

3

Ey quli-biyabanı! Gəl apar bu heyvanı.

Bilmirəm nədəndirsə, Zəngəzur və Qarabağda aclıq məsələsi düşəndən bəri bizim müsəlmanların içində dövlətlilərin hörməti bir az da artıb. Hər kəsdən soruşursan ki, “şəhərinizdə nə var, nə yox?” – cavab verir ki, “bir elə təzə əhvalat yoxdur, ancaq şəhərimizin əhli filən dövlətlinin təziyəsinə ya toyuna məşğuldurlar”. Soruşursan ki, “haman dövlətli Zəngəzur və Qarabağ aclarına nə qədər pul göndərib?” Cavab verir ki, “heç yarım qəpik də göndərməyib”. Deyirsən: “Bəs niyə ona bu qədər hörmət edirsiniz?” Lotu dinməyib, gözlərini bərəldir.

Deyirsən: “Hey! Niyə dinmirsən, maralım?” Görürsən rəfiq dəxi söz tapmır cavab verməyə.

Kuzma Prutkov yazır ki, baş əyməklik və ikiqat olmaq hər bir millətlərə nisbət müsəlmanların içində çox adətdir. Məşhur Darvin deyir ki, heyvanların içində də baş əymək var. Məsələn, bir quzu naqafil bir qurdun qabağına çıxanda ya meşədə bir zəif heyvan pələngin qabağına naqafil çıxanda, yıxılır yerə. Demək ki, heyvanların içində bu da bir cür ikiqat olmaq və ehtiram qoymaqdır.

Amma bir az yaxşı fikirləşsək, baxıb görərik ki, bu barədə biz müsəlmanlarla meşə heyvanlarının arasında böyük bir təfavüt var. Və necə də ki, olmasın? Biz ki, bilatəşbeh heyvan deyilik.

Təfavüt buradadır ki, zəif heyvan güclü heyvanı görəndə məhz qorxusundan ikiqat olur, amma bizlərdə dövlətlilərə baş əymək və ikiqat olmaq qorxudan deyil.

Bəs nədəndir? Hünər istər ki, birisi çıxsın meydana və mənim bu sözümə cavab verə bilsin.

Gərək oxucularımızın heç biri bunu inkar etməyə ki, biz bir dövlətlini görüb ikiqat olanda məhz onun dövlətliliyini nəzərə alırıq, nəinki ləyaqətini, hüsni-əxlaqını, insaniyyətini, ibadətini, ya millət yolunda xidmətini. Əgər biz bu sifətləri nəzərə alsaq, kasıblarda həmin sifətlər dəxi də tez tapılar, nəinki dövlətlilərdə.

Məgər İrəvanda kankan Cəfərəli insaniyyət xüsusunda İrəvan dövlətlilərindən əskikdir? Məgər İrəvan dövlətliləri Zəngəzur və Qarabağ aclarına göndərdikləri pul Cəfərəli göndərdiyindən çoxdur?

Hansı insaf əhli bunu deyə bilər ki, Bakıda adı-sanı olmayan bir müəllim ya bir əsnaf ya kasıb baqqal ləyaqətdə Bakı dövlətlilərindən əskik adamdır?

Ağdamda dəllək Hüseyn, yəqin ki, ömründə bir müsəlmana əziyyət eləməyib, bəs niyə biz bu kişinin salamını almırıq, peşələri bir-birindən şipyonluq olan Qarabağ bəylərinə baş əyirik?

Hünər istərəm ki, birisi çıxsın meydana və mənim bu sözlərimə cavab versin.

Əgər bir dövlətliyə baş əyəndə çıxardıb cibindən bir qəpik pul verə, yenə demək olar ki, mənfəətimiz üçün dövlətlilərə baş əyirik.

Özgə millətlər içində belə şeylər yoxdu. Özgə millətlər içində bir dövlətli öz millətinə dövlətilə xidmət eləməsə, ona etina və hörmət eləməzlər. Amma bizlərdə tərsinədir. İstər bir yanda aclar acından ölə-ölə İrəvan və Naxçıvanda dövlətlilərimiz kef çəksinlər, istər bir yanda aclarımız acından ölə-ölə Bakıda dövlətlilərimiz dəstəbazlığa məşğul olsunlar, istər Qarabağda bəylərimiz şeytançılığa qurşansınlar, – biz yenə hər yanda onları görən kimi ikiqat olacağıq.

Ey mənim əziz müsəlman qardaşlarım! Bircə söz sizə demək istəyirəm:

Zəngəzurda müsəlmanlar acından ölürlər.

Mən sözümü qurtardım. Siz də hər kəsə istəyirsiniz, baş əyin. Amma onu yaddan çıxarmayınız ki, biz müsəlmanlar həmişə ibadətdən və insaniyyətdən söhbət düşəndə öz-özümüzə demişik. “Bu allahsız ermənilər görəsən Allaha nə cavab verəcəklər…”

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  24 mart,  1907,  N 12.  

KÖŞƏ YAZARLARI
TOP 10