Qumru quşunun tənhalığı – Orxan Fikrətoğlunun yeni hekayəsi

7 Baxış

photo_209

Suçu Ağarza daxmasını daxmalardan uzaqda qaraltdı. Damını yamyaşıl otla damladı. Divarını palçıqla suvayıb qurutdu. Qapısını bağlayıb açarını quyuya atdı. Uzaqdan baxanda daxma yamyaşıl çəmənlik içində qaralan gözə oxşadı. Dedilər, “Qartal gözüdü, göydən düşüb. At gözüdü çaparaq at salıb!”.

Sonra daxmanın rəngini illər qaraltdı. Kənd içində hələ belə qara daxma tikilməmişdi.

Fəsillər  bir-bir ötəndən sonra Ağarza kişi ayağa qalxıb daxmasını belinə şələlədi. Əlini göyə qaldırıb: -Dam-daşımı özüm tikdim.

Rəngini sən belə verdin! Heç kəsi sevə bilmədim. Geri qayıdıram, qapını aç! – dedi.

Kəndlilər suçu Ağarzanın ruhuna bir quyu qazdılar. Dolama çarxın üstünə böyük hərflərlə “Darıxma ha!” yazdılar. Dolama çarx fırlandıqca vaxt da fırlanıb keçdi. Bir gün Sənəm arvad quyuya salladığı badyasının içindən qara daxmanın açarını tapdı. Arvad açarı suyu süzülə-süzülə badyadan çıxarıb döşlərinin arasına soxdu. Açarın istisindən bədəni cavanlaşdı.

Vaxt dolama çarxdan tez fırlanır axı. “Darıxma” sözünün üstünü gör neçə ildi ot basıb. Quyunun gözü də tutulub.

Qumru quşları tək-tək uçarlar.

Həmin yay mənə nəsə olmuşdu. Key kimi idim. Heç nə fikirləşə bilmirdim.

Dünya gözümdən düşmüşdü, nədi. Hərəkətsiz uzanıb saatlarla bir nöqtəyə baxırdım. İçim boşalmışdı. Gözümdə bütün rənglər solmuşdu, səslər itmişdi. Bədənim ağır daşa dönüb çiynimdən sallanırdı. Fikirlərim qırıq saplara bənzəyirdi. Köhnə paltar kimi bükülmüş canımı hardansa asmağa yer axtarırdım. Bizi tələbə yoldaşım tanış etdi. Sən saçı kəsik, arıq qız idin. Güləndə yanaqların batırdı. Mənə  sənin döyülmüşlüyün, yorğunluğun xoş gəldi. Sən mənim kimi idin. Mənə oxşayırdın. Tanış olduğumuz ilk gecə dəli kimi bir-birimizə sarıldıq.

Eviniz albalı bağlarının arxasında idi.  Biz hər səhər həmin o albalı ağaclarının sıxlığında görüşürdük. Sən atandan qorxurdun, mən özümdən.

Albalı ağacları bizi özümüzdən gizlədirdi. Sənə qədər  qadın görsəm də, sevgi nədi bilmirdim.  Sevmək üçün ürəyimin odu az idi. O zaman səni anlamaq üçün ağlım da çox deyildi. Və yavaş-yavaş o albalıqda səndən çox  səndə uydurduğum  bir xəyal qızı sevdim.  Sən illərlə uydurduğum o xəyal qız kimi gözümə göründün. Pillə pillə içimdə yaşayan o xəyal qıza çevrildin. Qadın ağlınla sən məni özümdən daha yaxşı hiss edirdin. Məni sevginlə sağaldırdın. Özümə qaytarırdın. Səni mənə göydən göndərmişdilər.

Biz o yayı beləcə başa vurduq. Səni sevə-sevə özümü də tanıdım.

Ayıldım. Gözüm olanı gördü. Yaxşını-pisi anladım. Dünyanın axarına düşdüm. Hərdən sən uydurduğum o qız şəklindən çıxanda özümü görməməzliyə vururdum. Kəsişən yollarımız qaranlıqlardan keçib gəlmişdi. Sənin öz ağrıların mənim öz itkilərim vardı. Bir yerdə olanda bu ağrıları unudurduq. Bir-birinin qolundan tutub ayağa qaldırırdıq. Yenidən doğulurduq. Ürəyimin altı sevgiylə dolmuşdu.

Sevgim şərab kimi aşıb-daşıb burnumdan, qulağımdan çölə tökülürdü.

Bir gün yenə albalı ağaclarının sıxlığında öpüşürdük. Birdən kim isə pıçıltıyla səni hayladı. Səsə tərəf boylanıb bic-bic gülümsündün.

Gözlərində  qəribə bir işartı əmələ gəldi. Məni geri itələyib səsə doğru qaçdın. Ağacların budaqlarını əyə-əyə arxanca gəldim. İri küknar ağacının altında özündən çox böyük olan bir kişi ilə öpüşürdün.

İçimdə nəsə qırıldı. Birdən-birə gözümdə adiləşdin. Həmin gün sənə heç nə demədim. Telefonumu da söndürdüm. Gecəni köhnə qadın tanışlarımdan birinin evində  keçirdim.  Səhər ayılıb içimi ələk-vələk elədim. Sən orda yox idin. Səni ürəyimdə tapa bilmədim. Dünən orda idin axı! Bəs necə oldun? Yenə tənha qaldım. Ürəyim deşilmiş hava şarı kimi boşaldı. Heç nə fikirləşə bilmədim. Dünya gözümdə  daraldı.

O hadisədən  sonra səni evə gətirib zorla çarpayıma saldım. Sən buna hazır idin. Məndən  bunu gözləyirdin. Biz səhərə qədər sevişdik. Sən bakirə deyildin. Məni də sevmirdin. Mən sənin üçün görüşdüyün kişilərdən biriydim. Səhər çarpayıda oturub  siqaret çəkirdik.

İtirdiyim sevginin ağrısını isti-isti dərk etmirdim. Sən bic-bic gülürdün. Aylardı səni təmiz qız uşağı kimi tanıdığıma görə məni lağa qoyurdun. Mən isə uydurduğum o qız ilə bir çarpayıda yatdığıma  görə səndən utanırdım. Keçirdiyimiz gecəyə görə məni daha  çox sevirdin.

Bəlkə sənin  öz xəyalların vardı. Bəlkə mən sənin sevdiyin kişilərə indi daha çox oxşayırdım. Biz böyük sevgini və onun ağrılı yalanlarını unudub çarpayıda çılpaq uzanmışdıq. Belə yaşamaq daha asan idi. Sən yalanını, mən xəyalımı soyunmuşdum. Bir-birimizi deyil, bir-birimizdən istədiyimzi istəyirdik. Dərin qəşəng idi. Tumarladıqca gül kimi açırdı.  Mən sənə nifrət etmək istəsəm də, edə bilmirdim. Ovsunlanmışdım. Gülə-gülə üstümə atılıb məni arxası üstə çarpayıya sıxdın. Xırdaca ayaqlarınla sinəmin üstünə çıxıb : – Məni sevməsən səni öldürərəm! – qışqırdın. Sonra da ağladın.

Biz yenə görüşürdük. O, gecədən sonra səni bir də öpmədim.  Sən ərə gedən il isə araq içməyə başladım.

Qumru quşları tənha uçurlar axı.

Ciblərimi eşələyirdim. Elə bil nəsə itirmişdim. Görəsən nə itirmişdim?

Nə axtarırdım? Dünyanı əldən salmışdım. İtiyimi hər yerdə axtarırdım. Axı mən nə itirmişdim? Nəyi axtarırdım?

Qumru quşlarından biri dolama çarxı üstünə qonmuşdu. “Darıxma” sözünün axırıncı hərfini dimdikləyirdi. Mən o quşu görən kimi nədənsə  səni xatırladım. Və birdən-birə dərk etdim ki dünyada ancaq səni sevdiyim o üç-dörd ayı yaşamışam.

Bir də yadıma düşdü ki, adım suçu Ağarzadır. Özü də çoxdandı ki, ölmüşəm.

KÖŞƏ YAZARLARI
TOP 10