Qurbağa kimi… – Türkan Turanın yazısı

12 Baxış

37
Yanımda oturub,  “İkimiz də qurbağaya bənzəyirik” – dedi. Dənizin qayalara çırpılan dalğa səsləri o qədər şiddətli idi ki, səhv eşitdiyimi zənn edib daldığım sükutdan qopmadım.

Bu dəfə “qurbağalar haqqında məlumatın var?” deyə sual verdi.

Qaşlarımı çataraq üzümü sağımda mənimlə eyni qayalıqların üzərində oturan adama çevirib məmnuniyyətsiz şəkildə “yox” deyə cavab verdim.

“Bilirsən, alimlər maraqlı təcrübə aparıblar” deyə mənimlə eyni səmtə baxaraq danışmağa başladı. Qurbağanı yaşadığı göldən bir qab su götürərək içinə qoyursan. Qabı sobanın üstünə qoyub altını yandırırsan. Su tədricən qızdığı üçün qurbağa bunu hiss etmir. Hətta müşahidə edəndə sağa-sola hərəkət etmədən yerində qaldığını görürsən. Çünki yavaş-yavaş isinən su ona həzz verir. O dərəcədə ki, suyun qaynarlaşmağına, ətrafında baş verən dəyişikliklərə reaksiyasız qalır. Heç bunun fərqində də olmur. Qaynama prosesi başlayanda qurbağa suda şişərək heç nə hiss etmədən xoşbəxt şəkildə ölür. Amma bunun əksinə, onu qaynar su dolu qaba salanda vəziyyət fərqli olur. Qurbağanın instinktiv proqramı temperaturun kəskin dəyişməsini ciddi təhlükə olaraq qarşılayır və buna görə qurtuluş refleksi işə düşür. Dərhal qabdan atılıb çıxır. Yansa da həyatda qalmağı bacarır. Maraqlıdır, elədir? Əslində, maraqlı idi. Amma düşündüm ki, üst-başı nimdaş, saçı-başı dağınıq, üzündən kir tökülən adamın ürəyimdən xəbər verən mövzudan bəhs etməyi mənim onunla dialoq qurmağım üçün səbəb olmamalıdır. Buna görə də susdum. Hətta neçə saatdır oturduğumu unutduğum daşın üstündən sükutumu pozan, kim olduğu bəlli olmayan adamın yanından qalxıb getməyə hazırlaşarkən yenə danışmağa başladı.

“Çoxumuz yavaş-yavaş qaynadılan qurbağa kimiyik. Ətrafımızda baş verən dəyişiklikləri hiss edə bilmirik. Xarabalığın ortasında oturub proseslərin yolunda getdiyini düşünürük. Relsindən çıxan qatarın zamanla yerinə oturacağını yenə aşağı-yuxarı şütüyəcəyini sanırıq. Ən çox sevəndə bu yanlışlara qapılırıq”.

Ürək döyüntülərimin sürətləndiyini hiss elədim. Münəccimdir, falçıdır, kimdir bu adam dedim öz-özümə. İçimdə baş verən fırtınaları necə görə bilmişdi, axı? Şübhəyə qapıldım. Arxaya çevrilərək göz gəzdirdim, ətrafda quru ağaclardan, çürüyüb əldən düşmüş oturacaqlardan başqa heç nə yox idi. Naməlum adam isə gözünü eyni nöqtəyə zilləyərək danışmağa davam edirdi.

“Öz suyumuzda qaynayır, ləzzət alaraq pörşələnirik. Onun bizi sığallayaraq məhv etməyini görə bilmirik. Narkotik kimi damarımıza yeridiyini hiss etmirik. Nə yalanını, nə xəyanətini görürük. Ən çirkin yönü belə gözümüzə cazibədar görünür. Onu həyatımızın mərkəzinə çeviririk. Almadan veririk, sevilmədən sevirik, əksildikcə əksilir, tükəndikcə tükənirik. Tərkediləndə arxasından baxırıq, fikrini dəyişib geri dönəndə bütün qapılarımızı üzünə açırıq. Hər boyun əyməyimizin bir intihar olduğunu görə bilmirik. Onu heç nə ilə tətmin edə bilmirik. Azdırsa çoxunu veririk, çoxdursa daha çoxunu bəxş edirik, yenə də qane etməyi bacarmırıq. Bu dəfə niyə çox olduğunun davasını çəkir Bizə isə gözümüzü döyə-döyə baxmaq qalır. Boyun əyməkdən boynumuz, diz çökməkdən belimiz əyilir. Başqa yolumuz qalmayanda adını fədakarlıq qoyuruq. Bu az deyilmiş kimi fədakar davrandığımız üçün özümüzü qəhrəman hesab edirik. Məsələn, sən bu günə qədər fədakarlıq etdiyinə görə mükafatlandırılan insan görmüsən?” deyə sual verdi üzümə baxmadan. Cavablamağıma imkan vermədən yenidən davam etdi.

“Mən görmədim. Əksinə, həmişə ilk zərbə həmin şəxsdən gəldi. Bədbəxtçilik budur ki, bütün həqiqətləri görürük, bilirik, amma geri çəkilmirik. Qaynadığımız suda xumarlanmaqla məşğul oluruq. Eşqdir, sevgidir, cəfasına da dözərik, səfasına da… deyirik, amma öldüyümüzün fərqində olmuruq. Özümüzü sığalladaraq, oxşadaraq, tumarladaraq məhv edirik. Ayrılsaq da, qurtulmaq istəmirik, günlərlə, aylarla yasını saxlayırıq. Mesajımıza cavab vermir, ömürboyu ona yazacaq hikkədə olur, telefonu əlimizdən yerə qoymuruq. Qara siyahıya atılanda da dincəlmirik, bır yırtıq deşik tapıb mütləq sözümüzü oradan deyirik. Qalmağı bilmirik, getməyi bacarmırıq. Elə biri mən… qaçmaq əvəzinə getdikcə isinən suyun içində heç bir şey hiss etmədən oturdum. Artıq mənim hərəkətə keçməyə ehtiyacım var, yavaş-yavaş qaynayaraq ölməyə hazırlaşan qurbağa olmaqdan bezdim”.

İşə bir bax, aylardır hər kəsdən qaçdığım, heç kimə qulaq asmadığım təqdirdə tənhalığımın ortasında dəli görkəmində bir adam peyda olmuşdu və mən az qalsın nəfəs almadan onu dinləməklə məşğul idim. Bəlkə də ehtiyacım olan mənasız suallar verməyən, çəkdiyim acıdan içdən-içə həzz almayan, eyni mövzunu mənə təkrar-təkrar danışdıraraq dırnaqarası məsləhətlər verməyən, ürəyimdən keçənləri naməlum şəxsin üzümə deməyi idi. Özü də bunu monoloq şəklində edirdi. Yavaş-yavaş ayağa qalxdı, çəkinməsəm qolundan tutub saxlayacaqdım. Gözümü çuxurdan boylanan göz bəbəklərinə dikdim. O qədər hissiz, ifadəsiz baxırdı ki, oradakı varlığıma və ya məni görüb görmədiyinə belə şübhə etmişdim. Kaş bir az da danışardı deyə təəssüf hissi ilə dərindən nəfəs aldım. Elə bil bütün duyğuları ölmüş bu adam içimdən keçənləri duydu və əlavə etdi: “Bəzi qurbağalar qaynayarkən belə lazım olanın hərəkətə keçmək deyil, boyun əymək olduğunu sanırlar. Hərəkət edənlər önə keçir, heç bir şey hiss etməyənlər boyun əyir. Doğru olan nədir, bilirsən? Nə qədər yanmış olsan da, sağ və cəld şəkildə qurtulmağı bacarmaq!”

“Cəld, sağ qalmaq, qurtuluş, xilas…” deyə təkrarladım dilimin ucunda. Özümə gələndə yanımda yox idi. Tez ayağa qalxaraq arxaya çevrildim. Ağır-ağır addımlarla artıq çürümüş oturacağın yanına çatmışdı. Arxasınca qışqırdım: “Bəs, əgər bacarmasam?”

Ayaq saxladı, buz kimi baxışlarını mənə tərəf çevirdi, “həzz alaraq öləcəksən, qurbağa kimi…” dedi və getdi.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10