Qustav Kaybott – Aytəkin Miriş

165 Baxış

18194239_950377551732387_819622686846743205_n

Senet.az oxucularına “Ustad” jurnalının “Rəssamlıq” rubrikasından Aytəkin Mirişin təqdimatında “Qustav Kaybott” haqqında araşdırma yazını təqdim edir.

Fransız impressionizmi üstündə bir az baş sındırsanız, böyük ehtimalla ya günün günorta vaxtını təsvir edən işıqlı peyzajlarla, ya dumana bürünmüş Sen-Lazar vağzalı ilə, ya da Purvildə bir çimərliyin təsviri ilə qarşılaşacaqsınız. Lakin zamanda səyahət edib 1877-ci il Parisdə İmpressionistlərin sərgisinə getsəniz, bütün gözləntilərə zidd olan tablolara tamaşa edəcəksiniz.

akai

Dəbdəbəli Paris küçələri? Dəqiq xətlərlə təsvir olunmuş bulvarlar? Və üstəlik bunlar hamısı realist təsvirlərdir?

Sözü gedən rəsmlərin müəllifi məhz Qustav Kaybottdur, sərgiyə diqqətlə tamaşa etsəz onu Klod Monenin, Ogüst Renuarın yanında görə bilərsiz. Fikir verin necə də qürrələnir, haqsız da sayılmaz, 20 yaşında Parisin və bütün sənətin diqqət mərkəzində olmağı bacarmaq asan məsələ deyil.

Məsələn, bu tabloya baxın. “Parisdə küçə; yağışlı gün”

Dövrünün perspektiv ustadı-Kaybott yenə fərqli perspektivli bir rəsmlə qarşımızdadır. Bu tabloda məkanda 3 ölçülü şəkildə yerləşdirilmiş obyektlər bir cizgi, kontur hissi verir. Normalda bu 1877-də impressionistlərin etdiyi bir şey deyildi. Eyni sərgidə olan digər tablolara baxsaz fərq açıq ortadadır. Məsələn Renuarın “Bal du moulin de la Galette” əsəri işıq, hərəkət, açıq fırça izləri ilə doludur. Ya da Monenin Sen Lazar Vağzalına baxın, Mone ən əsası vağzaldakı tüstüdən süzülən işıq effektlərinə fokuslanıb və bunu o həddə gətirib ki, qatar görünməz olub.

İndi qayıdırıq, Parisdə Yağışlı günümüzə. İndi arxa plandakı binalara, parket daşlara baxın. Burda heç bir detal fırça zərbəsi ilə, ya da işıqla örtülməyib, yenə də bu rəsm tamamən işıqla, onun əksetdiriciliyi ilə bağlıdır. Kölgələrlə, işığın obyektlərin formasını müəyyənləşdirməsi ilə bağlıdır. Kaybott modern Parisi təsvir edib, hələ inşa edilməmiş geniş bulvarlar və modern binalar. Eyni zamanda bizə Parisin əsas əhalisi olan orta sinfi də göstərir. Məsələn, öndəki cütlüyün necə zövqlə geyindiyinə baxın. Lakin üst təbəqənin insanları ilə yanaşı rəsmdə fərqli tip insanlar da var. Əgər yaxından baxsaq qadının arxasında, sağda, çiyninin üstündə işçi sinfinə bənzəyən biri var. Həmçinin arxa planda nərdivan daşıyan rəngsaza bənzər birini də görürük. Əslində bunlar yeni, modern şəhəri tamamlayan şeylərdən biridir. Fərqli siniflərdən olan insanların həyatlarının küçələrdə kəsişməsi.

Yağışlı bir gün, sarı boz bir hava. Səki daşlarının arasındakı su qalıqlarının necə əks olunduğuna baxın. Son dərəcə ani bir görüntü. Zamandan bir parça. Heç kim poz vermir. Əsas fiqurlar mərkəzdə deyil. Hətta sağdakı adam tam olaraq kəsilib, bədəninin sadəcə bir qismini görə bilirik. Bu əsərə klassik rəsm kimi baxsaq, heç estetik görünmür, hətta klassik rəsmə tamam ziddir. Amma nəzərə alın ki, biz hal-hazırda zamanda səyahət edirik və bizə adi gələn bu təsvirlər 1877-ci il tamaşaçısı üçün son dərəcə radikal idi.

İlk baxışda nəzərə çarpmasa da, rəsm qəribə bir perspektivdə çəkilib. Tablonun mərkəzindən şaquli olaraq düz xətt çəksək, o, rəsmdəki küçə lampasını tam ortadan böləcək. Eyni qayda ilə üfüqi xətt çəksək, bu xətt binalarla səkini bir-birindən ayıracaq. Beləliklə, görünür ki, perspektiv asimmetrik olsa da, Kaybott özü müəyyən bir qayda yaradıb.

Kaybott bu izahlarla bizi ciddiyyətə dəvət etsə də, rəsmə bir az da yumoristik tərəfdən baxaq. Məsələn, arxa plandakı qırmızı təkərli arabanın üstündən tullanırmış kimi görünən o adama fikir verin. Hələ rəsmin mərkəzindəki adamın çətirindən sallanan ayaqları demirəm. Bunlar Kaybottun şüurlu olaraq qurduğu kiçik oyunlardır. Və bunlar modern dünyanın qarmaqarışıq olduğunu, obyektlər arasında gözlənilməz bağlar qura biləcəyini göstərir. Bu detallara görə siz özünüzü 1877-də belə modern dünyada hiss edə bilərsiz, amma Kaybott bunlarla sadəcə əylənirdi.

Gustave_Caillebotte_-_Jour_de_pluie_à_Paris

İndi də 1877-ci il Parisdə İmpressionistlərin sərgisində bir sənət tənqidçisinin dilindən Kaybott haqqında deyilən bu sözlərə fikir verin: “Kaybott sözdə impressionistdi. O, necə çəkmək lazım olduğunu yaxşı bilir və dostlarından daha ciddi rəsm çəkir. Bilirsiniz ki, impressionizm haqqında düşünəndə yaz mövsümünü, sərbəst fırça zərbələrini düşünürük. Amma Kaybott burda bizə yağışdan sonra, o zəif işıqlı şəhərin görüntüsünü verir və o, bunu sərbəst, açıq fırça zərbələri olmadan edir. Hə, o, çəkməyi, həqiqətən də, bacarır.”

Zaman maşınını bir az da keçmişə qaytaraq. 1875-ci il, Paris, Kaybottun emalatxanası və nəhayət, “Döşəmə qazıyanlar”.

Hələ Kaybot yaradıcılığının ilk illərindədir, realizm və naturalizmlə başını qatır, perspektiv, məişət rəsmləri ilə maraqlanır. Hal-hazırda sanki özü yuxarıda dayanıb, dizləri və əlləri üstündə döşəmə qazıyan işçiləri müşahidə edir. Arxa divardakı pəncərə otağı işıqla təmin edir və rəsmə qızılı ton verir. Döşəmədə qazımaq üçün bir neçə alət və açılmış şərab şüşəsi görünür. Çəpinə döşəmə xətləri, divarın dördbucaqlı dekorasiyaları, pəncərə barmaqlıqları və üç baş obrazı. Rəsmin bütün elementləri sanki çox diqqətlə seçilib, yerləşdirilib. Məsələn, pəncərə barmaqlıqlarının qıvrılması yerdəki parket döşəmə qırıntılarının qıvrılması ilə, eyni zamanda işçilərin qollarının pozası ilə bir harmoniya yaradıb. Obrazlar aydın olaraq bir-birinin nüsxəsidir, yəni Kaybott işçi obrazlarının üçünü də yarıçılpaq, başıaşağı əyilmiş və eyni geyimdə təsvir edib. Dövrünə görə çox cəsarətli bir rəsmdir deyə bilərik, işçi sinfinin bu qədər qayğılı, real təsvirini çəkməyə kim cəsarət edərdi? Kaybott bacardı və əsərin başına da çox iş gəldi, homoseksuallığı təbliğ etdiyi iddia edildi, “vulqar” damğası vuruldu, 1875-ci il sərgisi üçün Salona təklif ediləndə birbaşa rədd edildi. Yaxşı ki, edildi. Bundan sonra Kaybott özünü Salona qarşı birləşənlərin-impressionistlərin yanında tapdı.

Gustave Caillebotte-875958

Kaybott rəsmdəki süni nəcibliyi pozmaq istəyirdi. Bir tərəfdən həqiqəti olduğu kimi çatdırmaq istəyi, digər tərəfdən impressionistlərin güclü təsiri nəticəsində Kaybott stil, texnika baxımından bir-birindən tamam fərqli tablolar yaratdı. Bəzən eynən Deqas kimi bol rəngli realist tablolar çəkir, başqa vaxtlarda isə Renuar, Pisarro kimi yumşaq pastel rənglər, yüngül fırça toxunuşlarından istifadə edirdi. Ürəyi nə istəsə, onu çəkirdi. Mövzu seçməkdə heç kompleksli deyildi. Paris mənzərələrini də çəkirdi, bir kişini də. Gah modelləri ailə üzvləri olurdu, gah da qəssabxanada asılmış ətlər. Amma 34 yaşından sonra, ümumiyyətlə, rəsm çəkmək istəmədi, ömrünün qalanını pul kolleksiyası, at yarışları, dənizçilik, bağbanlıq kimi hobbilərinə ayırdı. Bir gün Londonda olsaz, İngilis kitabxanasında sərgilənən Kaybottun pul kolleksiyasını görməyiniz məsləhətdir. Amma Parisə gedib Kaybottun Orsaydakı rəsmlərinə baxmaqsa, mütləqdir. Niyəsini deyim: Qustav Kaybottun sənətə olan dəstəyi ilə qazandığı ad onu rəssamlıqdan daha çox tanıtmışdır. Açıqlaya bilərəm: Kaybott həm impressionist cərəyanı sevdiyinə görə, həm də dostlarına dəstək olmaq üçün onların əsərlərini satın alırdı. Sərgilər keçirirdi, tabloları çərçivəyə saldırırdı, bir sözlə, rəsmləri insanlara tanıdırdı. Kolleksiyasında Pisarro, Renuar, Mone, Deqas, Sisley, Mane və Sezanna aid 68 tablo vardı. Bu rəsmləri vəsiyyətində əvvəlcə Lüksemburq muzeyində, daha sonra Lüvrda sərgilənməsi şərti ilə Fransaya bağışladı.

İmpressionistlər rəssamın vəfat etdiyi vaxtlarda hələ də sənət mühitində qınaq obyekti idilər. Beləliklə, ölümündən düz 20 il sonra 38 rəsm Lüksemburqda sərgilənmə icazəsi aldı, 29-u isə hələ də gözləyirdi. 10 il də keçdi və gəldik 1924-ə. Artıq Fransa bu rəsmləri qəbul etdiyini açıqlayıb, amma artıq gecdi, çünki Kaybottun ailəsi buna icazə vermədi və hələ də o kolleksiya Barnes Fonduna aiddir və Filadelfiyada sərgilənir.

Kaybottla tanışlığımıza çox şad olduq. Ümid edirik ki, o da oldu. Sonda zamanda səyahət üçün göstərdiyi köməyə görə “Gələcəyə dönüş” filminin heyətinə, sərgidə pulsuz iştirakımızı təmin etdiyinə görə Renoirə, Monetə  və dəyərli vaxtını bizə ayırdığı üçün Qustav Kaybotta xüsusi minnətdarlığımızı bildiririk.

Mənbə: “Ustad” jurnalının 11-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10