“Rəngli röyalar görən kora bənzəyir arzum” – Aygün Toğrulqızı

144 Baxış

109961_q0ahnqus21

Rəngli röyalar görən kora bənzəyir arzum
Öz əlimdə olmadı qisməti cızım, pozum
Mənə etdiklərini hansı qanunla yozum?
Bunca zülmə dayanan dözümü axtarıram.

Aləm çölümə düşmən, içim içimi yeyir.
İblis aldadır məni mələk libası geyir,
Hökm eyləyir ruhuma, ürəyimə “sev” deyir
Pisi yaxşıdan seçən gözümü axtarıram.

Hardadı vəd etdiyin xəyallardan sarayım?
Yerini söylə gedim sonsuzlarda arayım.
Niyə yetişmir sənə hıçqırığım, harayım?
Duya bildiyin qədər sözümü axtarıram.

Tanrı qədər bilirdim eşqin hər yasalını
Borc istədim vermədi bir anın vüsalını.
Mən yaşıya bilmədim xoşbəxtlik masalını
Düyünlənmiş bəxtimə çözümü axtarıram.

Hər kəs öz yuvasında, evində, eşiyində.
Mən keçilməz ümidlər, xülyalar keşiyində
Hələ heç doğulmamış körpəmin beşiyində
Səninlə bir yorulan özümü axtarıram.

Son görüş

İlk sevirəm söylədiyim
Həmin o görüş yerimiz,
Bu dəfə ayrılıq üçün
Çağırmışdı bizi dəniz.

Dalğalar fəryad edirdi
Sahildən kömək umaraq.
Sözlər boğazı didirdi
Udqunurduq göz yumaraq.

Günəş qaçıb gizlənmişdi
Görünmürdü gözümüzə.
Özümüz də inanmırdıq
Ayrılırıq sözümüzə.

Bəxtimizi itirmişdik
O çiskinli çən, dumanda.
Ömrümüzü bitirmişdik
Son görüşdən vaxt umanda

Yetişdi ayrılıq vaxtı
Əlin əlimdən üzərək,
Son dəfə gözümə baxdı
Sanki dünyadan bezərək.

Ağır gəldi “getmə” sözü
Sevirəm deyən dilinə.
İnanmırdım mən də düzü,
İllər bir anda silinə.

Xatirə oyanır

Tufan qopur, külək əsir başımda
Fikirlərim zorla dözür dayanır
Silkələnir qayalarım, daşım da
Fırtınalı bir xatirə oyanır.

O xatirə kəsir yolu, gumanı
Fürsət olmur qabağından qaçmağa
Özü ilə bir gətirir dumanı
Vermir aman Günəsə nur saçmağa.

Məhəbbətin qürub çağı qanımda,
Damarımda hava kimi qaralır.
Sübh boylanır üfüqümə, danım da
Gülü solmuş bənizim tək saralır.