“Rəqəmsal dövrdə kitab və mütaliə” beynəlxalq konfransı

0 Baxış

hg

İyunun 21-də Azərbaycan Milli Kitabxanası “Rəqəmsal dövrdə kitab və mütaliə” mövzusunda Qırğızıstan Respublikasında keçirilən II Beynəlxalq Konfransda ölkəmizi təmsil edilib. Tədbir MDB-yə üzv Dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Qırğızıstan Respublikası Hökumətinin, Bölgələrarası Kitabxana Əməkdaşlıq Mərkəzinin, UNESCO-nun “İnformasiya Hamı üçün” Proqramının Rusiya Komitəsinin, A.Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasının və Qırğızıstan Respublikasının Kitabxanalar Birliyinin təşkilatçılığı ilə keçirilib.

Senet.az xəbər verir ki, konfransın moderatorları Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin Mədəni İrsin Qorunması Departamentinin rəhbəri vəzifəsinin icraçısı Rinat Bakeyev, UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin sədr müavini, Bölgələrarası Kitabxana Əməkdaşlıq Mərkəzinin İcraçı direktoru Sergey Bakeykin olublar. Beynəlxalq konfransı giriş sözü ilə Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədr müavini Jıldız Bakaşova açaraq qonaqları salamlayıb və onlara uğurlar arzulayıb.

Sonra Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kairat İmanəliyev, Hökumətlərarası Şura sədrinin müavini və UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin sədri Yevgeni Kuzmin, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, Strateji Təşəbbüslər Agentliyinin “Gənc Mütəxəssislər” Layihələr Mərkəzinin direktoru Aleksey Blaginin, Moskva Dövlət Pedaqoji Universitetinin prorektoru Lyudmila Trubina, Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasının baş direktoru Umıtxan Munalbayeva, Tacikistan Milli Kitabxanasının direktoru Jumaxon Fayzalizoda, Taras Şevçenko Milli Muzeyinin baş direktoru Dmitri Stus və digərlərinin məruzələri dinlənilib.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası: pandemiya dönəmi və elektron-informasiya xidməti” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası pandemiya şəraitində öz fəaliyyətini davam etdirərək oxuculara xidmət işini virtual rejimdə həyata keçirib. Bu müddət ərzində çoxsaylı Elektron məlumat bazaları, virtual sərgilər, elektron nəşrlər hazırlayaraq geniş istifadəçi kütləsinə təqdim edib. Daha sonra o, bu ilin ölkəmizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi ili” elan olunmasını vurğulayaraq Milli Kitabxananın bu istiqamətdə gördüyü işlərdən danışıb.

Konfrans iyunun 23-dək davam edəcək.

Bölmə : Ədəbiyyat