“Rəqib” – yeni detektivdən 3-cü hissə – EKSKLÜZİV

309 Baxış

cover cm7Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 

Layihənin 5-6-cı buraxılışlarında detektiv yazıçı Müşfiq XANın şərti adı “Sonuncu görüş” olan yeni əsərinin ilk 2 hissəsini yayımlamışıq. Bu dəfə əsərin 3-cü hissəsini oxucularımıza təqdim edirik. Müəllif dediyinə görə artıq əsərdə hadisələr bitkin və tamamlanmış süjetə uyğun axar aldığına görə şərti addan uzaqlaşaraq “Rəqib” adını seçmişdir.

 

* Layihəyə aid olan ilk 4 buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masa” yazmaqla tapıb oxuya bilərsiniz.

 

 

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

 

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

 

3

 

– Elnuru tez-tez görürsüz?

– Demək olar ki, içənnən-içənə. O da ki özü dəvət eləyəndə.

Satonun fasilələrlə verdiyi suallara tərəddüdsüz cavab verən otuz beş-qırx yaşlarındakı xırpıboy, qaşları daha çox həvəskar təzə gəlinlərindəki kimi çatma, saçının yanları çallaşmış adam ev sahibinin qonşusu idi – Niyaz. Yanaqlarının qızartısından hiss olunurdu ki, təzyiqi yuxarıdır. Elə indi də hadisənin təsirindən yenicə çıxmış, əllərini alnının üstündə cütləşdirib sıxmaqla sakitləşmək istəyirdi.

– Axırıncı dəfə nə vaxt görüşmüsüz?

– Srağagün günorta həyətdə oturmuşduq. Bir az yedik-içdik. Sonra nərd oynadıq. Özü dəvət eləmişdi yenə.

– Dünən görməmisiz Elnuru?

– Zaborlarımız bitişik olduğuna görə mən bağçada-zadda işləyəndə hənirtidən eşidib çerez-zabor salamlaşıram. Adətimizdi. O da belə eləyir. Dünən də səhər belə salamlaşmışdıq.

– Deyirsiz özü dəvət edəndə gəlirsiz. Bu gün səhər necə xəbər tutduz bəs hadisədən? Zəng eləmişdiz?

– Yooooo… Səhər həyətdə yır-yığış edirdim. Tanış olmayan telefon səsini dəfələrlə eşitdim. Əvvəlcə fikir vermədim. Amma kim idisə birnəfəsə zəng edirdi. Narahat qalıb Elnuru çağırmağa başladım. Hay verməyəndə zabordan boylanmalı oldum. Qalanını da ki bilirsiz.

– Hə, Şəbnəmin əri imiş dəfələrlə zəng edən.

– Elnurun ailəsinin rayonda yaşadığını dediz. Xəbər vermisiz?

– Arifə dedim. Elnurun sürücüsüdü. Elə deyəsən həm də işlərində kömək edir. Cavan uşaqdı. Yaxşı oğlandı.

– Siz zəng edəndə hardaydı, bilmədiz?

– Hə, Elnur dünən tapşırıbmış ki, ata-anasını şəhərə gətirsin. Mən zəng edəndə dedi yoldayam, çatıram. Baxın, odur e özü də gəldi, – Niyaz indicə tövşüyə-tövşüyə darvazadan özünü içəri salan Arifi işarə elədi. – Yaxşı adam sözünün üstünə gələr.

 

***

 

Bayaqdan bəri özünü bütün söhbətlərdən təcrid edən Gündüz nəhayət ki, noutbukun “enter” düyməsini şəstlə vurub oturduğu kreslodan sevincək ayağa qalxdı:

– Gəl bax, Sato. Elnur dünən axşam saatlarında bu qızla danışırmış. Hər halda adı “Delya”dı. Mən keçən aykı yazışmalarına qədər hamısını tapıb oxuya bildim. Görünür yeni tanış olublar. Başlanğıcda feysbukdan daha çox danışıblar. Amma son həftələr yerli-yersiz smayliklərdən və mahnı-kino linklərindən başqa demək olar ki, heç nə yoxdur.

– Görüşürmüşlər?

– Məncə hə. Yazışmaların azalmasına baxmayaraq davam etməsi buna işarədir.

– Gündüz, demə ki, buna əsasən görüşdüklərini ehtimal edirsən. Səni tanımıram mən? Ordakı mesajların hamısını oxumamış əl çəkən deyilsən.

– Başladın yenə? – Gündüz narazı görkəmi alsa da, dodağı qaçdı. Həqiqətən də bu neçə ildə Sato onun bütün xüsiyyətlərini əzbərləmiş sayılırdı. Elə o özü də Satonu necə deyərlər, əlinin içi kimi tanıyırdı.

– Yaxşı-yaxşı. Ünvanını öyrənə bildin barı?

– Buyur, – Gündüz printerin indicə çap etdiyi vərəqi ona uzatdı.

İndi prokurorluğun açılmayan qətllər üzrə baş müstəntiqi Saday Oğuzu düşündürən əsas məsələ dünən axşam Delya adlı həmin qadının Elnurun evində olub-olmamasını öyrənmək idi. Elnur özünə gəlməsə, ümid təkcə əlində tutduğu kağızdakı ünvanda yaşayan qadına qalırdı. Əgər hələ də ordaydısa və adı həqiqətən də Delyaydısa.

 

***

 

– Elnurun vəziyyəti necəydi?

Satonun sualı bu dəfə bir az əvvəl otağa gələn ev sahibinin sürücüsü Arifə yönəlmişdi. Bu adamın Niyazın dediyi kimi – iyirmi beş yaşı ancaq olardı. Sağlam və cüssəli görkəmini qətiyyətli gözləri ahənglə tamamlayırdı. Hadisədən xəbər tutanda Niyazın dediyi kimi yoldaymış. Xəstəxananın ünvanını qonşudan öyrənib Elnurun atasını birbaşa ora aparıb gəlmişdi. Təəssüflə başını yırğaladı:

– Ümid çox azdı…

– Elnur təkcə atasını gətirməyi tapşırmışdı?

– Xeyr, Yaqut xalanı da gətirəcəkdim. Amma sonra özü gələcəyini dedi. İnəkləri bu gün sabah əkiz doğacaqmış, buna görə.

– Tez-tez gətirirsən onları Bakıya?

– İl ərzində çox olmur. Amma yayda bir neçə dəfə. Bu yay gecikiblər bir az. Əkrəm əmiyə həkimlər dəniz qumu yazıblar. Tək gəlmək istəmirdi.

– Bəs necə razı saldız?

– Elnura zəng elədim. Kişinin müalicəsi üçün israrla gətirməyimi tapşırdı.

 

Satonun hələ ki, istədiyi ilişmə nöqtəsinə çata bilmirdi. Şübhəli bir neçə məqam diqqətini çəksə də, heç birini yetərli hesab etmirdi. Niyazın söhbətində qeyri-adi heç nə görmürdü. Bircə detaldan başqa. Bunu da dəqiqləşdirmək üçün çox əziyyət çəkməyə ehtiyac yox idi. Həm də Elnurun qonşusu Şəbnəmi tanımadığını, ilk dəfə gördüyünü demişdi. Niyazdan fərqli olaraq Arif gənc qadını tanıdığını, bir neçə dəfə bu evdə ev sahibi ilə görüşdüyünü demişdi.

– Yekunlaşmadı sizin işiniz? – Sato meyidin ətrafında çalışan kriminal şöbənin əməkdaşların səsləndi.

– Çıxırıq, – indicə Şəbnəmin meyidini xərəyə qoymağa hazırlaşan əməkdaşlardan biri tələsik dilləndi. Gözləri həyat qapısından içəri gözləri vahimə və qorxudan hədəqədən çıxmış adamın gözlərinə zillənmişdi. Evdə olanlardan heç biri bağıra-bağıra onlara tərəf gələn bu adamın kim olduğunu bilmirdi. Bəlkə ehtimalı olanlar var idi, amma Sato həyətə girən cavan oğlanın Kazım olduğuna heç bir şübhə etmədi. Qəribə gələn isə onun Elnurun evini belə rahatlıqla tapa bilməsi oldu. Çünki iyirmi-iyirmi beş dəqiqə əvvəl Gündüz bu adama ünvanı tələm-tələsik demişdi…

 

***

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10