“Rəqib” – yeni detektivdən 4-cü hissə – EKSKLÜZİV

263 Baxış

cm8 cover“Rəqib” – yeni detektivdən 4-cü hissə – EKSKLÜZİV

 

 Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 

Detektiv yazıçı Müşfiq XANın “Rəqib” adlı yeni əsərindən 4-cü hissəni ilk dəfə dərgimizin oxucuları üçün yayımlayırıq *

 

* Romanın yeni hissələri hər dəfə redaktəsiz təqdim edilir

** Layihəyə aid olan ilk 4 buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masası” yazmaqla tapıb oxuya bilərsiniz.

 

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

 

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

 

Cinayət masası № 7

Əsərin 3-cü hissəsi

 

4

 

Elnurun həyətindəki masanın ətrafındakı stullardan birinə çöküb üzüqara insanlar kimi peşmanlıq burulğanında qıvrılan Kazım təzəcə sakitləşmişdi ki, həyətə düşən Arifi görüb yenə də ilanvurmuşa döndü:

– O alçaq hansı xəstəxanadadı?

Bunu deməsi ilə ley kimi sürücünün üstünə şığıması bir oldu. Boyda-buxunda Arifdən geri qalmasa da, adamın yaxasından tutduğu kimi də çəkməyə macal tapmamış sinəsinə dəyən yumruqdan sonra səndələyib yıxılmamaqçün özünü zorla saxladı.

– Alçaq sənin nəslindi! Arvadına sahib çıxardın! – Arifin gözləri qızmışdı. Hiss olunurdu ki, illərdi yanında çalışdığı, çörək kəsdiyi Elnurun haqqında hansısa yoldankeçənin, tanımadığı birinin nəlayiq danışması əsəblərinə toxunub.

– Gündüz, bunu istintaq təcridxanasına apar, – Sato, Arifi qamarladığı kimi də sadə bir fəndlə qolunu boynunun arxasında burub dizləri üstünə çökdürdü. – Siz də tamaşanızı sonraya saxlayın. İşimiz çoxdu. Oturun və suallarıma doğru-dürüst cavab verin, – Kazımın çiynindən basıb stula oturtdu.

Adam hirsindən əsirdi. Arvadının xəyanəti kişilik qürurunu yerlə bir etmişdi. Özünü heç cür ələ ala bilmirdi.

– Səninlə də görüşərik, darıxma! – arxasına dönüb həyət qapısından çıxmaq üzrə olan Gündüzün yanı ilə gedən Arifə hədə biçdi.

Kazım özünü bu həyatda heç vaxt indiki kimi əlacsız, kimsəsiz, artıq hiss eləməmişdi. Bu dəqiqə ən çox arzu elədiyi ucuz bir ölüm idi.

Sato qarşısında oturan bu adamın onun suallarını susqunluqla qarşılamasını gərəksiz vaxt itkisi hesab edirdi:

– Qulaq asın, sizi başa düşürəm. Amma özünüz də yaxşı bilirsiz ki, bu da bizim işimizdi. Şəbnəmin qatili kimdisə, onu tapmağımız üçün siz də əlinizdən gələn köməyi etməlisiz. Eşidirsiz məni?! – baş müstəntiq Kazımın hələ də ona qulaq asmadığını görüb ovuclarının arasına pərçim elədiyi başını çənəsinin altından itələyib yuxarı qaldırdı.

– Əl çəkin mənnən! – Kazım əsəbi halda ayağa qalxdı.

– Gündüz! – Sato qəfil nə xatırladısa, indicə maşını işə salıb uzaqlaşmaq üzrə olan dostuna səsləndi. – Tez qaç, de ki, Şəbnəmin mobil telefonunu aparmasın. Al, gətir, – cinayət-axtarış şöbəsinin gənc əməkdaşına səsləndi.

– Kazım, belə cinayətlər ilk dəfə deyil ki, törədilir, – bunu bir qədər sakit tərzdə deyib, siqaretinin acı tüstüsünü birnəfəsə ciyərlərinə sümürən həmsöhbətinə yaxınlaşdı. – Mən hər şeyi aydınlaşdırmalıyam. Həm də vaxt itirmədən.

– Mən başımı itirmişəm. Sizsə vaxtın dərdini çəkirsiz!

– Siz dənizdə – işdə olmalıydınız. Qayıtmağınıza isə hələ iki gün qalırmış. Niyə dünən qayıdıbsız? Təkcə bunu izah edin. İndilik sizi çox yormayacam.

– Məni dənizdə işlədiyimi, iş qrafikimi sizə kim deyib?

– Sualımın cavabını gözləyirəm, – Sato baxışları onun üzündə gəzişib, gözlərinə dikilərək sükunət halına keçdi. Arifin bir az əvvəl Şəbnəm və onun əri haqqında danışdıqları yadına düşsə də, heç nə demədi. Görünür Kazım evdə olmadığı günlərdə Elnurun evində Şəbnəmin gəlişi üçün əməlli-başlı hazırlıq gedirmiş. “Hər dəfə də məni iş adı ilə bir yerə yola salırdı”, – Arifin Elnur haqqında danışdıqlarını da xatırladı.

– Gəmi təmirə dayandırılacaqdı. Gözlənilmədən oldu. Buna görə iki gün tez qayıtmalı olduq, – Kazım nə fikirləşdisə, nəhayət cavab verdi.

– Birbaşa evə gəlmişdiniz?

– Yox. Sahildə uşaqlarnan oturduq bir az. İş yoldaşlarımızdan birinin ad günü idi.

– İçmişdiniz?

– Həmişəki kimi…

– Çox?

– Mən və iki yoldaşım, hə. Biz çox oturduq. Qalan uşaqlar bir az oturub getdilər.

– Gələcəyinizlə bağlı arvadınıza zəng edib nəsə demədiniz?

– Əvvəlcə sürpriz eləmək istədim, demədim. Amma içənnən sonra iki-üç dəfə zəng elədim. Dəqiq xatırlamıram. Cavab vermədiyinə görə sonra yığmadım. Fikirləşdim ki, yəqin yorğundu, yatıb.

– Evə qayıdanda saat neçə olardı?

– Qətiyyən xatırlamıram. Çox içmişdim. Gecədən çox keçmiş olmalıydı. Çünki evə mən qayıdanda hər yer sakitlik idi. Taksiyə də yolu səhv izah eləmişdim. Bilmirəm necə oldusa, küçəmizi tapa bilmirdik.

– Sonra?

– Amma elə bil ürəyimə nəsə dammışdı. Uşaqlardan ayrılannan sonra evə girənə qədər Şəbnəmin nömrəsini dayanmadan yığdığımı xatırlayıram. Yuxu kimi gəlirdi mənə. Qorxuqarışıq nəsə hiss edirdim. Arvadımın gedəcək, evimizdən başqa qalacaq heç bir yeri yoxdu. İt kimi yorğun idim və dərdimi kimə deyəcəyimi də bilmirdim. Bütün evi alt-üst elədim. Zapiska-zad heç nə yox idi. Başına bir iş gəldiyinnən çox qorxurdum.

– Niyə polisə xəbər vermədiniz?

– Özümə sığışdıra bilmədim. Zəng edib nə deyəcəkdim?! Deyəcəkdim ki, arvadımı oğurlayıblar? Amma mənə xəyanət edəcəyini heç vaxt ağlıma gətirməzdim. Ona özümnən çox güvənirdim. Evdə tək qoyub iki həftə dənizdə işləyə bilməyimin də səbəbi bu idi. Yoxsa işimi çoxdan dəyişmişdim.

– Gecəni heç yatmamısınız?

– Divanda telefon əlimdə zəng edib, cavab gəlməsini gözləyə-gözləyə bir-iki dəfə özümnən xəbərsiz getmişəm…

– Kazım, evinizə qayıdıb dincəlin. Telefonu yanınızda saxlayın. Sualım ya da nəsə bir yenilik olsa, sizə zəng edəcəm.

– Dincəlmək?! Məni ələ salırsınız?

– Gedin! İndi burda qalmağınızın heç bir faydası yoxdur, – Sato ondan uzaqlaşıb əlində Şəbnəmin mobil telefonu, kənarda dayanıb bayaqdan gözləyən cinayət-axtarış şöbəsinin əməkdaşına yaxınlaşdı:

– Telefonu meyidin düşdüyü yerə qoyun və zəng gəlsə cavab verməyin.

Bunu deyib işarə elədi ki, Kazımı yola salsın. – Küçədən uzaqlaşandan sonra onu izləməyi sizə tapşırıram. Ehtiyatlı davranın, duyuq düşməsin, – pışıltı ilə əlavə elədi.

Təxminən on dəqiqə sonra hadisə baş vermiş həyətdə prokurorluğun açılmayan qətl işləri üzrə baş müstəntiqi Saday Oğuz tək idi. İndi bütün şübhəli detalları təkrar nəzərdən keçirməkçün əsl fürsət idi. Mane olacaq hansısa kənar təsir də yox idi. Tələsmədən əvvəlcə həyətin qurtaracağındakı daş hasara – Elnurun qonşusu Niyazgil tərəfə yaxınlaşdı. Şəbnəmin nömrəsinə zəng edib diqqətlə gələn zəng səsini eşitməyə çalışdı – eşidilirdi, amma çox yaxşı yox. Əgər Niyaz dediyi kimi – həqiqətən də yad adamın telefon zəngini öz həyətində hasarın digər tərəfindən eşitdiyini deyirsə, bu, inandırıcı görünürdü. Əlbəttə, səhər mehinin ağacların yarpaqlarında yaratdığı xışıltı nəzərə alınmasaydı. Çünki, indi hava süst olsa da, səhər havada zəif külək olmuşdu. Amma indi Satonun diqqətini çəkən bu yox, dayandığı yerdən yaxşı görünən açıq qaraj qapısı və yanında düşüb qalmış tünd göy rəngli kiçik oyuncaq ayı idi. Bunun Şəbnəmin əl çantasının üstündəki kiçik zəncirdən qopan brelok olduğunu düşünüb qarajın qapısına yaxınlaşdı…

KÖŞƏ YAZARLARI
TOP 10