“Rəqib” – yeni detektivdən 6-cı hissə – EKSKLÜZİV

242 Baxış

 mushfiqxan

Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 Detektiv yazıçı Müşfiq XANın “Rəqib” adlı yeni əsərindən 6-cı hissəni ilk dəfə dərgimizin oxucuları üçün yayımlayırıq *

 * romanın yeni hissələri hər dəfə redaktəsiz təqdim edilir

** Layihəyə aid olan ilk 5 buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masası” yazmaqla tapıb oxuya bilərsiniz.

 

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

 

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

 

Cinayət masası № 7

Əsərin 3-cü hissəsi

 

Cinayət masası № 8

Əsərin 4-cü hissəsi

 

Cinayət masası №9

Əsərin 5-ci hissəsi

 

 

6

 

Mədinə uçurumun ən hündür yerinə çatanda zorla nəfəs alıb-verirdi. Maşınsız bura qədər gəlib çatmaq çox vaxt alırdı. Kürəyindən axan tər sakitcə aşağı süzülür, amma sərt əsən külək bədəninin həddən artıq qızmasını önləyirdi.

Şəhərdə olarkən hər səhər evdən dənizə qədər piyada getmək işə yaradı, – deyə ağlından keçirdi. – Bura qədər çıxa bilməyim üçün mənə əməlli-başlı kömək oldu, – öz-özünə mızıldandı. Amma çox yaxşı bilirdi ki, indi bunun heç bir mənası yoxdur. Necə olsa, bu sonuncu intihar cəhdiydi. Bu dəfə hər şeyi düşünmüşdü. Bu dəqiqə – vaxt ötürmədən özünü aşağı atsaydı yoxluğuna Soltandan başqa heç kim heyfisilənməyəcəkdi də. O isə yəqin ki, çox gec xəbər tutacaqdı Mədinənin ölümündən. Bəlkə də heç vaxt bilməyəcəkdi.

Qadın bir anlıq sanki axmaq fikirlərə düşdüyünün fərqinə vardı. Axı hər şeyi ölçüb-biçmişdi. Soltanla vidalaşmayacaqdı. Mobil telefonunu çıxarıb saata nəzər saldı. Səhər on olacaqdı. Könülsüz halda mobil şəbəkənin tutub-tutmamasına da baxdı. Daha doğrusu, istəməsə də gözünə sataşdı. Displeydə şəbəkənin mövcudluğunu bir xətti davamlı olaraq görünürdü. İkincisi isə külək əsdikcə gedib-gəlirdi. Hərdən üç də olurdu. Demək sevgilisinin səsini son dəfə eşidib ömürlük sağollaşmaqçün hələ də şansı var idi Mədinənin. Amma bunu etməyəcəkdi. Tərəddüdlər burulğanında telefonu söndürdü. Sıdırımdan aşağı atmaq istəsə də, çox keçməmiş fikrindən daşındı. Bəlkə də bu dəqiqə onunçün həyatının ən vacib əşyası olan mobil telefonun yüksəklikdən düşərkən necə parça-parça olacağını görməməkçün, gözlərini qorxutmamaqçün atmaq istəmədi. İndi telefonu özü ilə gətirməsinə it peşmanıydı. Ağlamaq, var gücü ilə bağırmaq, sonrasa Soltana sarılmaq istədi bu an. Ağır və sağalmaz xəstəliyinə baxmayaraq, onu həyata bağlayan yeganə insana. Və bir də bu gün axşamkı matçda komandasının – “Real-Madrid”in oyununa baxıb sonuncu dəfə hesab yazmaq keçdi ürəyindən. Bu gənc qadının kimsəsiz həyatında Soltandan savayı vaxt ayırdığı yeganə məşğuliyyət idi. Dodaqları səyridi. Günəşlə üz-üzə dayandığını duydu sanki. Gülümsəməsi dodaqlarının kənarına süzülən göz yaşları ilə tamamlananda diksindi. Şor dadmırdı. O qədər məsum, o qədər şirin, həyatdolu ağlayırdı ki, kaş bunu kimsə ona elə indicə hiss etdirsin, desin istəyirdi. Gecəki yuxusunu xatırladı. Matçdakı hesabı ömründə birinci dəfədi ki, tutmuşdu. Həm də Soltanın ona dolanışıqçün verdiyi pulların hamısını yazdığı futbol hesabına yatırmasına rəğmən. Heyf ki, hıçqıraraq ayılanda yuxu olduğunun fərqinə varmışdı. Yoxsa Mədinə kim idi ki, Tanrı, yaxud da Tanrı kimi insanlar onun kimi ömrünün sonuna bir neçə ay qalmış xərçəng xəstələrini xatırlasın?

Mədinə rayonda böyüsə də, ata-anası dünyasını dəyişəndən sonrakı altı ili Bakıda yaşamışdı. Elə xərçəng xəstəsi olduğunu da bu xaraba qalmış şəhərin qəsəbə xəstəxanasında itsifət yaşlı həkimlərdən biri demişdi. Mədinə indi onun adını da unutmuşdu. Çünki böyrək xərçəngi olduğunu eşitdiyi gündən ora bir daha ayağını basmamışdı. Onsuz da kimsəsiz qadını həmin xəstəxanasında heç bir həkim doğru-dürüst qarşılamamışdı. Doğrudu, Mədinə diaqnozu qoyan həkimin adını unutmuşdu. Amma dediyi sözləri indi də – sıldırımdan əsən sərt külək qulağının təbil pərdəsinə çırpıb, deşir, beyninin əngəlliklərinə yol edirdi. Sənin kimiləri o qədər var ki. Televizora-zada çıx, camaatdan kömək istə. Pulsuz sənə heç bir tabletka da verə bilmərəm, qızım. Həm də kimin-kimsən yoxdusa bu xəstəliklə yaşamağının mənası nədir ki? – demişdi həkim. Mədinə həmin gün axşama qədər ağlamışdı. Sonra Soltan yaxşı ki, taksisi ilə rayona apardığı müştərilərin əlindən canını birtəhər qurtarıb yanına gəlmiş, onu sakitləşdirməyi bacarmışdı.

Böyürtkən kolları, kordüyün düşmüş sarmaşıqlar və tikanlı yaşıllıqların arasından sıldırımın qayalıq olan hissəsinə doğru bir neçə addım da yürüdü. Burdakı çox az çeşidli bitki növləri yandırıcı günəşin, eroziyaya səbəb olan küləyə və kəskin yağışlara qarşı davam gətirə bilmiş nadir canlılar idi. Amma mənzərə insanların buraya qədər çıxması üçün çəkdiyi zəhmətə dəyərdi. Gözlərinin önündə canlanan mənzərə sanki dünyanın tanımadığı ən məşhur rəssamının çəkdiyi böyük bir tablo idi. Bu misilsiz mənzərə haqqında indiyə qədər Mədinəyə heç kim danışmamışdı. Ən dəhşətlisi bu idi ki, içində böyüdüyü belə gözəlliyi fotoqraflar heç vaxt görməmişdi. Lap aşağıda böyük qayaların ara-sıra yayıldığı çəmənlikdə Arazın küləklə qovulan köpükləri yarıda kəsilirdi. Aradakı yoxuş aşağıya doğru enən yola bələdçilik edirdi. Yol ağaclıq labirinti arasında yox olurdu. Amma digər tərəfdən qıvrılıb ucqar dağ kəndinə girərkən yenidən görünməyə başlayırdı.

Mədinə uçuruma daha da yaxınlaşdı. İri boz qayaların üstündən Araza doğru – çayın ortasına bir neçə metr məsafədə olan bir nöqtəyə ilişdi gözləri. İndicə özünü buradan atsaydı ora düşəcəkdi.

O nöqtəyə doğru yürüyürmüş kimi sakitcə kiçik bir addım atdı. İçinə yalnız bir hiss dolmuşdu indi – qorxu. Üşütdüyünü hiss etdi. Bədəni buz kimi oldu. Hardansa çox, lap çox uzaqlardan bir səs eşitdi sandı “dur”, – deyə. Soltanın səsi olmalıydı. Tələsik geriyə çevrildi. Ayağının altındakı kəsək bu an qaçıb sıldırımdan aşağı yuvarlandı. Qeyri-ixtiyari cikkə çəkib özünü toparlamağa çalışdı. Geri çəkildi. Kimsə yox idi. Kimsə də Mədinəni çağırmırdı.

Bir az geridə çömbəlib ehtiyatla oturdu. Nə üçün belə edirdi? Özünü burdan atmağı Mədinəyə kim hökm etmişdi? “Hökmetmə” kəlməsi beynində kök salmışdı və düşünmədən planını tamamlamağa çalışırdı. Gücü qalmamışdı sanki ayağa qalxmağa. Özünə hökm etməyə çalışdı, bacarmadı.

Sonra dizlərinin üstünə çökdü. Göz yaşları xəlvətcə sinəsinə soxulmağa başladı. Bura qədər keçirdiyi bir neçə saatı gözyaşlarına qarşı köksünü sipər etmişdi Mədinə.

Soltanın israrla ailəsindən ayrılması fikrini rədd etsə də, Mədinə bu yay yenə bərabər olacaqlarını düşünmüşdü. Həm bəlkə də təkrar düşünməsi üçün onu razı sala bilərdi.

Ayağına var gücü ilə yumruq vurdu. Sevgilisi ilə axırıncı görüşdə Mədinə küsüb getsə də, Soltan ardınca gəlməmişdi də! Amma indi səhvini başa düşürdü. Gec idimi? Bəlkə də yox. Tərəddüdlərə son qoymağa çalışsa da, bacarmırdı. İstəsəydi elə indicə zəng edərdi Soltana. Bilirdi ki, hər yerdə onu axtarır. Bəlkə də yeni aldığı nömrəni tanımadığıyçün telefonu gec açacaqdı, yaxud heç cavab verməyəcəkdi. Amma necə olsa təkrar zəng edəcəkdi. Və biləndə ki, Mədinədi, iki əli qanlı olsa, qoyub gələcəkdi Soltan. Gənc və kimsəsiz qadın buna əmin idi. Çünki ağrıları olanda, istəyəndə, dar günündə sevgilisi həmişə özünü yetirmişdi. Əlbəttə ki, bircə sonuncu dəfə Soltanın ailəsindən ayrılmaq istəyini biləndən sonra çox əsəbiləşib getməsini nəzərə almasaydı.

İndi telefonu açıb bircə zənglə həyatının axarını dəyişməyi bacarardı. Daha bir neçə ay birlikdə ola bilərdilər. Sonsuza kimi olmasa da, bəlkə də bir ilə qədər davam edə bilərdi. Hər şey istədikləri kimi olsa bəlkə də bu aylar sonsuzluğun başlanğıcı ola bilərdi. Bir-birlərinə aşiq deyildilərmi? Gecənin örtüyü altında onu sinəsinə yatırıb, etdiyi yəminlərə içindən gələn sözlərlə qarşılıq verən Mədinə deyildimi?

Qəlbi qarışıq duyğularla sızıldamağa başlamışdı. Yanında olsaydı ona aşiq olduğu üçün Soltanı bu qayadan atmaq istəyərdi indi. Bir yandan da onu öpmək, var gücü ilə sarılmaq və yanına gəlməsi üçün yalvarmaq istəyirdi.

Amma indi heç bir şey edə bilmədən ağlayaraq özünü uçurumun kənarında hədər edirdi…

 

***

 

Şəhərin mərkəzdən xeyli aralı küçələrindən birində yolun kənarında dayanan taksinin sükanı arxasında mürgüləyən gur qara saçlı sürücünün telefonuna zəngin gəlməsi ilə müştərinin ön sağ qapını açıb içəridə oturması eyni anda baş verdi. Əlinin işarəsi bərabər mimikası ilə də indicə maşına outran müştərisinə üzürxahlığını bildirib, bir az gözləməsini işarə edib gələn zəngə cavab verdi.

– Soltan, səni istəyirəm. Gəl apar məni, – telefonun o başından gələn sakit və ürəkdələn hıçqırtı səsi sürücüyə tanış idi. Mədinəydi – aylardır həyatının qayğısına, mənası çevrilən qadın. Maşında olduğunun fərqinə varmadı sanki. Yerində dikəlməyə çalışdı. Tələsik qapını açıb yerə endi. Nə soruşacağını, hardan başlayacağını, sevgilisinin başına nə iş gəldiyini – hamısını bircə saniyədə bilmək istəyirdi. Çiynində şiddətli ağırlıq hiss etdi:

– Nəsə olub? Hardasan? Bu nə nömrədi Mədinə?

– Heç nə olmayıb. Gəl məni apar, Soltan. Amma qurban olum, sakit sür. Arazın yanındayam…

Soltan “Arazın yanı” kəlməsini eşidəndə Mədinənin öz rayonlarında olduğunu anladı. Hətta həmin sıldırımı da xatırladı. Bircə dəfə getmişdilər birlikdə. Onda da “qanadların ola, uçasan o qayanın lap yuxarısına, sonra özünü ordan atasan aşağı”, – demişdi Mədinə. Və bir dəfə də hansısa gecəni birlikdə keçirəndə xatırlatmışdı bunu sevgilisi. Zarafata salıb gülmüşdülər. İndi Soltan biləndə ki, Mədinə ordadı, vəziyyətin nə yerdə olduğunu anladı.

Maşının qapısını açıb tələsik müştəriyə dilləndi:

– Qardaş, bağışla, təcili işim çıxdı. Rayona getməliyəm. Başqa taksiylə gedərsən.

– Soltan, təəssüf ki, mən düşə bilməyəcəm. Rayon polis şöbəsinə qədər bir yerdə getməliyik.

Müştəri bunu deyib rahat oxuya bilməsi üçün vəsiqəsini Soltana tərəf uzatdı. Orada “açılmayan qətl işləri üzrə baş müstəntiq Saday Oğuz” sözləri oxunurdu.

Sato, Şəbnəmin öldürüldüyü gün onu Elnurun evinə gətirən bu taksi sürücüsünü çətinliklə olsa da, tapa bilmişdi.

İki od arasında qalan Soltan isə onu şirin mürgüsündən oyadan iki gözlənilməz hadisənin təsiri altında hələ də çaşqın vəziyyətdə nə edəcəyini bilmirdi…

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10