“Rəqib” – yeni detektivdən 7-ci hissə – EKSKLÜZİV

274 Baxış

reqib
Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 Detektiv yazıçı Müşfiq XANın “Rəqib” adlı yeni əsərindən 7-ci hissəni ilk dəfə dərgimizin oxucuları üçün yayımlayırıq *

 * romanın yeni hissələri hər dəfə redaktəsiz təqdim edilir

** Layihəyə aid olan ilk 6 buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masası” yazmaqla tapıb oxuya bilərsiniz.

 

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

 

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

 

Cinayət masası № 7

Əsərin 3-cü hissəsi

 

Cinayət masası № 8

Əsərin 4-cü hissəsi

 

Cinayət masası №9

Əsərin 5-ci hissəsi

 

Cinayət masası №10

Əsərin 6-cı hissəsi

 

7

– Nə üçün? – bir-birinin ardınca eşitdiyi iki hadisənin stresindən zorla çıxan Soltan, handan-hana məsum görkəm alıb yalnız bunu soruşa bildi. Sevgilisinin – Mədinənin nə vaxtsa belə dəlilik edəcəyini bəlkə nə vaxtsa düşünə bilərdi. Amma illərdir taksi sürücüsü işləyən Soltandan indiyə qədər heç kim hansısa hadisədə şikayətçi olmamışdı. Ağlına da gətirməzdi ki, yolu nə vaxtsa polis şöbəsinə düşər. Təbiətcə çılğın adam olsa da, ziyansız adam idi Soltan. Bunu onun özünə dəfələrlə demişdilər. Mədinə də birdən-birə girmişdi həyatına. Daha doğrusu o özü gənc və kimsəsiz qadının həyatına girmişdi. Və bütün bunlar özündən asılı olmadan baş verəndə, Soltan bir də xəbər tutmuşdu ki, Mədinəyə aşiq olub. Elə Mədinə də. Birlikdə olmaları üçün çox əngəllər var idi – Mədinənin böyrək xərçəngi olması, Soltanın ailəli olması, bir yannan da qohum-qonşunun qınağı. Amma Mədinəni razı sala bilsəydi arvadından – Sevincdən ayrılacaqdı. Yadına düşəndə ki, son dəfə də sevgilisi ilə mübahisəsi ailəsindən ayrılmaq istədiyini dediyinə görə baş verib, əsəbindən, nagümanlıqdan, səbəb axtarmaqdan dəliyə dönürdü. Axı, Mədinə onu sevə-sevə necə ola bilərdi ki, arvadından ayrılıb həmişəlik yanına gəlməsi ilə razılaşmasın? Bu sualın cavabını Soltan ayrı-ayrı günlərdə gecə işdən evə – ailəsinin yanına yorğun qayıdanda səhərə qədər neçə dəfə düşünmüşdü, bunu bir Allah bilir. Axtardığı cavabsa həmişə eyni olmuşdu – o vicdansız idi, Mədinə isə yox. Amma heç vaxt bunu qəbul etməmişdi Soltan. Sevinci sevməsə də, hər iki qızını çox istəyirdi. Arvadına da, uşaqlarına da pis baxmırdı. Əlindən gələni edirdi ailəsiyçün. Amma evə gərgin, kefsiz qayıtdığı vaxtlarda yaşadıqları kiçik mənzil Soltan üçün əsil cəhənnəmə çevrilirdi. Sevinc onu heç vaxt başa düşmürdü. Və Soltana həmişə elə gəlirdi ki, arvadı bilərəkdən belə edir. Qazancı ortabab olsa da, evə dünyanın bütün naz-nemətini almağa çalışırdı Soltan. Buna baxmayaraq, Sevincin dodağı düzəlmirdi ki, düzəlmirdi. Mədinə ilə tanış olandan sonra isə, ər-arvad aralarında bircə dəfə olsun isti münasibət, yaxınlıq olmamışdı. Son iki ayı Soltan qonaq otağındakı divanda tək yatmağa başlamışdı.

Fikirləri uzaqlara gedib çıxsa da, Satonun göstərdiyi şəkildən sonra özünə gəlib, şəkildəkinə diqqət yetirməyə çalışdı.

– Tanıyırsız bu qadını? – Sato sınayıcı nəzərlə ona tərəf əyildi.

– Kimdi ki?

– Mən də sizdən bunu soruşuram. Bildiyimə görə taksi sürücülərinin diqqəti yaxşı olur. İki gün əvvəl müştəriniz olub.

Araya bir neçə dəqiqəlik sükut çökdü. Soltan baş müstəntiqin ona uzatdığı şəkli alıb xatırlamağa çalışdı. Bütün beynini işə salmışdı sanki. Bunu onun mimikalarından da hiss etmək çətin deyildi:

– Yadıma düşmədi. Xahiş edirəm, bu məsələni sonraya saxlayaq. Arvadım ağır xəstədi və indi vəziyyəti çox pisdir. Bir az əvvəl zəng edən də o idi. Rayona onun dalınca getməliyəm. Sənədlərim sizdə qalsın. Bakıya qayıdan kimi özüm gələrəm şöbəyə, – Soltan o qədər həyəcanlı və gərgin idi ki, hələ də şöbəyə nə üçün çağırıldığını, şəkildəki qadının kim olduğunu düşünə bilmirdi. Bütün fikri Mədinənin yanında idi. Amma nədənsə bir anlıq ona ellə gəldi ki, Satonun göstərdiyi qadını hardasa görüb.

– Mən yoldaşınızla – Sevinc xanımla bura gəlməmişdən əvvəl görüşdüm. Evinizə getmişdim. Çox vaxt burda dayandığınızı dedi, – Sato müsahibini sona qədər dinləyib tərəddüdsüz şəkildə yalanını faş etdi.

– Sizi tanımıram. Məni nə üçün şöbəyə çağırdığınızı da bilmirəm. Amma inanın ki, mənə çox yaxın bir insana kömək etməkçün getməliyəm. Vəziyyəti həqiqətən pisdir. Getməsəm intihar edəcək, – Soltan məcbur qalıb ağzından qaçırdı.

İntihar sözünü eşidəndə Sato tələsik dilləndi:

– Ona elə indi zəng edin, deyin ki, çıxmısız, gəlirsiz, – baş müstəntiq bunu deyib özü də dostu Gündüzə zəng vurdu.

Soltan zəng etməkçün maşından düşdü.

– Sato, eşidirəm səni. Tapa bildin taksi şoferini?

– Hə, yanımdadı. Sən təcili dediyim ünvana gəl. Bu adam rayona gedib, sonra şöbəyə qayıdacaq. Sən də yanında ol.

– Bəlkə elə şöbəyə gətirib danışdıraq, sonra hara gedir-getsin, – Gündüz yenə kəmhövsələlik edib səbəbini bilmədən tələsik öz təşəbbüsünü irəli sürdü.

– Dostum, uzatma. Bir az da danışsan, sevgilisi intihar edəcək. Ondan sonra səni onun əlindən alan deyiləm! – Sato söz atıb, telefon əlaqəsini kəsdi. Artıq başa düşmüşdü ki, Soltanın “arvadım” deyib kimliyini gizlətməyə çalışdığı Mədinə yaxın münasibətdə olduğu qadındır.

 

***

 

Təxminən on beş dəqiqə sonra Gündüz gəlib özünü yetirdi.

– Soltan, çıxa bilərsiz. Gündüz, maşını sən sürəcəksən! Soltansa yanında otursun. Keçin oturun, – Sato bunu deyib sürücünün oturması üçün ön sol oturacağı işarə elədi.

– Sənin Delyandan bir şey çıxdı? – Gündüzə onu danışdırmasını və videogörüntünü yazmağı tapşırmasını xatırlatdı.

– Məncə şübhəli məqamlar var. İstintaq ifadəsi olan diski stolunun üstünə qoymuşam.

– Arifi nə vaxt göndəribsən Elnurun yanına?

– Bu gün səhər tezdən çıxardıq təcridxanadan.

– Bəs tapşırmamışdım ki, yarım sutka qalsa bəsidir?!

– Çox səs-küy salırdı, buna görə.

– Səs-küy yox, de ki, başım qarışmışdı Delya xanıma. Zülmdü e sizin işiniz!

– Sato, Delya da bu işdi də, başqa cinayət deyil ki, – Gündüz qımışıb göz vurdu.

– Yaxşı, Gündüz uzatma. Sən əvvəllər daha iti tərpənirdin. İndi lap əldən düşübsən elə bil. Hə, Elnur dünən gecə bir neçə saniyəlik özünə gəlib. Daha doğrusu göz qapaqlarında hərəkət olub.

– Bəs indi niyə deyirsən?

– Çünki dediyim kimi – bir-neçə saniyə olub bu. Onu da ki, tibb bacısı təsadüfən görüb. Bəlkə də yuxulu imiş, ona gəlib.

– Təsadüfən heç nə olmur! Yaxşı, siz gedin. Yolda bu adamı da danışdır. Mənə Şəbnəmi xatırlamadığını dedi. Amma xatırlayacaq, xatırlamalıdı!

Söz Satonun ağzında qaldı, Soltan tələsik maşından düşüb onlara yaxınlaşdı:

– Bayaqkı şəkli mənə verin.

Sato, qayğılı halda Şəbnəmin pasport fotosu böyüklüyündə şəklini ona təzədən ona uzatdı.

– İndi yadıma düşdü. Düz deyirsiz, srağagün mənim müştərim olub. Yolda çox həyəcanlı idi. Səhv etmirəmsə siqaret çəkən olmalıdı, çünki yolda icazəsiz birini yandırmışdı.

Siqaret sözünü eşidəndə Sato başa düşdü ki, sürücü həqiqətən də Şəbnəmi xatırlayıb. Qadının çantasına baxanda orda aznikotinli siqaretin olduğunu cinayət-axtarış qrupunun əməkdaşları da qeydə almışdılar.

– Hara apardığınız da yadınızdadı? – Gündüz həmişəki tələskənliklə soruşdu.

– Əlbəttə.

Soltanın tərif etdiyi yer Elnurun evinin qarşısı idi. Qəribəsi bu idi ki, Şəbnəmin taksiyə oturduğu evlərinin qarşısı deyil, bir neçə dayanacaq aralıdakı mağazanın yaxınlığıydı. Sota bunu ayrıca araşdırmağı indi mənasız bir iş hesab etdi. Çünki qadın ora siqaret, yaxud kontur almaqçün də girə bilərdi. Hər halda siqaret qutusu yeni açılmışdı. Konturun telefona son yüklənmək tarixini gərək olsa, yoxlaya bilərdilər. Həm də Şəbnəm qonşuların, yaxınlıqdakı taksilərin diqqətini çəkməməkçün bir az aralıdakı dayanacaqdan istifadə etmiş ola bilərdi. Və Sota indi düşündü ki, bu daha inandırıcı ehtimaldı.

– Qayıdanda danışarıq, – bu dəfə Sato özü Soltanın gecikməməsini işarə edib, Gündüzdən ayrıldı.

– Bunu necə tapdın, – Gündüz uzaqlaşmaq üzrə olan Satoya Soltanı işarə edib xəlvətcə soruşdu.

– Niyaz sağ olsun, – baş müstəntiq də kiçik ipucu verib, göz vurdu, sonra ləngimədən getdi. Gedərkən hiss etdi ki, bayaqdan bəri yolun qarşı tərəfində dayanıb onlara göz qoyan maşının sürücüsü də mühərriki işə saldı.

O gedəndən sonra Gündüz arxasınca bəlkə bir dəqiqə başını ironik tərzdə yelləyib nəhayət ki, yola düşməkçün Soltanın yanına – sükan arxasına oturdu…

 

 

***

 

Günün bütün həyəcanı Soltanın çiyinlərinə ağır yük kimi çökmüşdü. Əvvəlcə həmişəki kimi evdən iş – müştəri dalınca çıxsa da, sonra gözləmədiyi halda günlərdir axtardığı Mədinədən zəng gəlmiş, sevgilisinin ölümlə üz-üzə olduğunu eşitmişdi. Saday adlı o adamsa, kabus kimi birdən-birə peyda olmuş. Sonra da ardınca həmin çox sual verən Gündüz. Polis şöbəsində verdiyi istintaq ifadəsi. Bütün bunlar onu əldən salmışdı. Və bir də Şəbnəm…

Soltanın bütün fikirləri alt-üst olmuşdu. İsrarlı idi ki, bu gecə ailəsinin, xüsusilə o çərənçi arvadının yanında dönməyəcəkdi. Artıq rayona müştəri apardığı ilə bağlı mesaj da yazmışdı Sevincə. Cinayət-axtarış şöbəsindən bu gün onu axtarmalarına isə evə gələndə aydınlıq gətirəcəyini qısaca bildirmişdi ki, arvadı çox sual verməsin.

Gecəni elə burada – Mədinə ilə həmişə gəldikləri oteldə keçirəcəkdi sevgilisi ilə baş-başa. Bir azdan gecə saat üçün yarısı olacaqdı. Soltan kreslosunda arxaya yaslanıb Mədinənin mətbəxdən çıxıb hamama getməsini və sonra da geri qayıdışını izlələyirdi. Mədinə hamamdan çıxarkən əvvəlcə köynəyini, sonrasa qumaş şalvarındakı qırışları düzəltməyə çalışdı. Gecə lampasının zərif işığında çox gözəl görünürdü. Düz qara saçları çiyinlərinə tökülmüşdü. Qəhvəyi rəngli gözləri isə istilik və çəkicilik saçırdı. Otağa girib Soltanın önünə keçdi. Sonra sualdolu baxışlarını gözlərinin içinə dikdi:

– Yenə burda olduğumuza inanmıram.

Soltan gülümsədi:

– Harda, oteldəmi?

– Zarafatı burax, nə demək istədiyimi yaxşı anlayırsan, – əvvəlcə özünü, sonrasa sevgilisini işarə etdi. – Bunu deyirəm. Bizi. Təkrar olmasını istəmirdim. – İlahi, necə oldu, yenə də təkrar eyni nöqtəyə gəldik, – əlini qulaqlarının yanına qədər aparıb Soltandan başqa kiminləsə söhbət edirmiş kimi pıçıldadı.

Soltan oturduğu yerdə bir az dikəldi:

– Belə oldu: əvvəlcə çiyinlərimə toxundun, sonra gözümün içinə baxdın…

– Bəsdi, – Mədinə donuq ifadəylə ona baxıb susdu. – Bunları sayaqladığın bəsdi, Soltan.

Sevgilisi gülüb ayağa qalxdı. Ona yaxınlaşdı. Mədinəyə tərəf əyildi. Qucaqlamaq istədi, amma Mədinə gərilibmiş kimi olduğuna görə qollarını geri çəkdi.

Mədinə ona baxanda gözlərində tərəddüdlü bir ifadə vardı. Bir yandan qayğıkeş idi, digər yandan da inadcıl idi. Onu görmədiyi günlər ərzində heç nə dəyişməmişdi.

– Nə olub, – Soltan sakitcə soruşdu.

– Əvvələ qayıtdıq, həm də lap əvvələ.

– Bu o qədər pis şeydirmi?

– Şey… Yox, bunu demək istəmədim.

– Birlikdə olmağımız pisdi?

– Hə… Allah lənət eləsin hər şeyə!

Soltan ona baxdı. Nə deyəcəyini bilmirdi. Günlərlə görə bilmədiyi sevgilsi ilə keçirdiyi bu ilk gecə çox qayğılı başlamışdı. İndicə düşünürdü ki, bu dünyada yalnız ikisi olsa bəlkə onda hər şey istədikləri kimi axarınca gedə bilərdi. Amma belə deyildi. Onun ailəsi, Mədinəninsə sağalmaz xəstəliyi vardı. Özlərindən başqa arada qalan hər şey indi Soltançün əngəl kimi göründü birdən-birə.

Hər ikisi bunun dəyişməyəcəyini bilirdi.

Soltan nəsə demək istədi. Nəsə demək lazım olduğunu düşündü. Amma həmişəki kimi deməkçün istifadə edəcəyi doğru sözləri tapa bilmədi.

– İndi necə olacaq, – dedi sakitcə Mədinə, – burdan hara gedəcəyik?

Soltan sevgilisinin gözlərinin içinə baxdı və ona ağlına gələn ən dürüst cavabı verdi:

– Yenidən biz olmaqçün bir də bura gələcəyik…

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10