“Rəqib” – yeni detektivdən 8-ci hissə – EKSKLÜZİV

199 Baxış

reqib8Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 Detektiv yazıçı Müşfiq XANın “Rəqib” adlı yeni əsərindən 8-ci hissəni ilk dəfə dərgimizin oxucuları üçün yayımlayırıq *

 * romanın yeni hissələri hər dəfə redaktəsiz təqdim edilir

** Layihəyə aid olan ilk 6 buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masası” yazmaqla tapıb oxuya bilərsiniz.

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

 

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

 

Cinayət masası № 7

Əsərin 3-cü hissəsi

 

Cinayət masası № 8

Əsərin 4-cü hissəsi

 

Cinayət masası №9

Əsərin 5-ci hissəsi

 

Cinayət masası №10

Əsərin 6-cı hissəsi

 

Cinayət masası №11

Əsərin 7-ci hissəsi

 

8

 

Sato ötəngünkü kimi erkən saatlarda oyandı. Günəş hələ ki, göy üzünü işıqlandırmamışdı. Yataq otağının pəncərəsindən bayıra baxanda gecənin hələ də qapqaranlıq, boşluq içində və soyuq olduğunu hiss etdi. Yorğunluğu xeyli keçmişdi. Oyanmasında fayda vardı. Səhər açılan kimi Şəbnəmin meyidinin tibbi ekspertizasından sonuncu rəyi alacaqdı. Elnura da baş çəkməli, həkimi ilə görüşməliydi. Görüləcək bir sürü iş vardı. Yarıya qədər baxdığı, sonrasa yorğunluqdan diqqətinin yayındığını hiss edib bağladığı Delyanın istintaqa verdiyi ifadəsini də yenidən incələməliydi. Amma fikirləri bir az əvvəl onu yuxudan oyadan səsə ilişib qalmışdı. Satoya elə gəldi ki, gecəni narahat yatdığına görə eşitdiyi çıqqıltını da yuxuda görüb. Qəribə səs idi – elə bil kimsə fasilələrlə əlindəki dəmir çubuğu şüşəyə sürtərək nəsə bir ahəng yaratmağa çalışırdı. Gülümsəyib, dikələrək yatağının kənarında oturdu. Son iki gündə apardığı təhqiqat çox yorucu olmuşdu onunçün. Şəbnəmin öldürüldüyü gün onu Elnurun evinə gətirən taksinin sürücüsü – Soltanı axtarıb tapmışdısa da, indi fərqinə varırdı ki, onu danışdırması cinayət sirrinin çözülməsinə gözlədiyi ipucunu verməyib.

Gözləri otağın həyətə açılan pəncərəsindən qaranlıq pərdədəki hansısa məchul çevrənin mərkəzinə dikilmişdi. Bu saatlarda dünyada nəsə bir tərslik var idi sanki – nəsə düz getmirdi. Bəlkə də problem sadəcə öz dünyasındaydı. Kim bilməsə də, Allah bilirdi, bəzən həqiqətən də belə hiss edirdi. Yalnız indi hiss etdi ki, əynindəki maykanın kürək hissəsi tərdən sıxma-su olub. Qarışıq bir yuxu görmüşdü. Amma indi tam xatırlaya bilmirdi. Bircə bu gözlərinin qarşısında canlanırdı ki, dünən səhər Gündüzü, Soltan adlı həmin taksi sürücüsü ilə rayona yola salanda onu izləyən maşının sürücüsünü axşam evə gələndə ikinci dəfə görmüşdü. Əmin idi ki, bu yuxu deyil. Amma həmin adamı da həyatda ilk dəfə bu gün görmüşdü. Həm də iki dəfə. Birdən Satoya elə gəldi ki, həmin adamın çoxdan tanıyır. Nə baş verdiyini anlamağa çalışırdı ki, gözlərini hələ də ayırmadığı qaranlıqdakı məchul çevrənin mərkəzində ani bir işığın yanıb söndüyünü gördü. Dərhal – ani reflekslə yastığının altındakı tapançasını götürüb cəld pəncərəyə tərəf yürüdü. Bütün diqqətini bir neçə saniyə əvvəl işıq gələn yerdə toplamağa çalışdı. Qaranlıqda sanki bir-birinə qarışmış milyonlarla irili-xırdalı çevrənin arasında özününkünü itirməməkçün mərkəzin yenidən işıqlanmasını gözləməyə başladı. Sakitlik idi. Pəncərədən aşağı düşmək daha məqsədəuyğun olsa da, səs çıxacağından ehtiyatlanıb tərəddüd etdi. Yuxunun təsirində olduğunu indi qətiyyən zənn etmirdi. Amma bunu da hiss edirdi ki, bu gün onu izləyən adamı çoxdan tanıması ilə bağlı içinə dolan təəssüratlar yuxunun diktəsindən kənarda deyil. Qurduğu xəyalqarışıq analizin əngəlliklərinə baş vurma fürsəti olmadı. Ayın axıb gedən buludların arxasından gizlənqaç oynayan uşaqlar kimi anidən süzülüb keçməsi ilə hasarın üstündə bir göz qırpımında əks olunub, tez də gözdən itən kölgənin görünməsi bir oldu. Həyətdə həqiqətən də kimsə varmış. Satonun düşünmədən pəncərəni açması ilə, özünü həyətə atması bir oldu. On beş-iyirmi metrlik məsafəni sürətlə qaçıb var qüvvəsi ilə hasarı aşmağa çalışdı. İndi bircə küçəyə tullanmaq qalırdı. Bircə saniyəlik həmlə və bacardıqca daha da cəld tərpənib hədəfin qaçmasının qarşısını almaq. Amma Sato yaxşı bilirdi ki, bəzən ölümlə qalım arasında, hədəfə sahib olmaqla ona məğlub olmaq arasında elə cəmi bircə saniyəlik zaman olur. Belə bir zamanı itirən bu dəfə açılmayan qətl işləri üzrə baş müstəntiq Saday Oğuz idi. Bir neçə addımlığında olan maşının sürücüsünə çatması üçün bircə saniyə gecikmişdi, belə hiss edirdi. “Reno” markalı dövlət nömrə nişanı çıxarılmış avtomobil tam gücü ilə yerindən irəli – küçənin əksi istiqamətində şığıyanda Sato onu tanımışdı da. Zənnində yanılmırdısa, ötən gün iki dəfə gördüyü adam olmalıydı. Atəş açıb yersiz gərginlik yaratmağa lüzum görmədi. Ola bilsin ki, Şəbnəmin qatilini ifşa etməsi bir az ləngiyəcəkdi. Amma indi gənc xəfiyyə əmin idi ki, doğru yolda yürüməməsi ilə bağlı az əvvəlki tərəddüdlərində yanılıb. İndi qatilin, yaxud da əlaltılarının onu aradan götürmək istədiklərinə Satonun heç bir şübhəsi yox idi. Tədbirli olmalıydı…

 

 

***

 

İkiotaqlı evin qonşu həyətə baxan pəncərəsindəki axtarışın heç bir nəticə verməmişdi. Sato pəncərənin şüşəsində bir az əvvəl yola saldığı gözlənilməz qonağın kimliyinə dair tutarlı izə rastlamamışdı. Rahat hiss olunurdu ki, gələn adam ehtiyatlı davranaraq əlcəkdən istifadə edib. Şüşəni kəsməkçün özü ilə gətirdiyi alət də böyük ehtimalla almaz şüşəkəsici olub. Sato bunu qan-tər içində yuxudan ayıldığı vaxt eşitdiyini ehtimal etdiyi gecənin sükutu ilə ayaqlaşmayan səslərdən də duymuşdu. Ayın işığını pərdələyən buludlar gələn adamın tərəfində olsa da, külək Satonu qorumuşdu. Çox deyil, hava bir az küləkli olsaydı, gənc xəfiyyə yəqin ki, həmin səsi eşidə bilməyəcəkdi.

Küləksə sanki gecədən günəş çıxana qədər səbr edib dözmüş, indi əsməyə başlamışdı. Gün gözlənilməz başlamışdı. Sato hətta dəfələrlə araşdırdığı müəmmadolu qətl cinayətlərinin fonunda bu gün səhər öz başına gələnləri ağlasığmaz hesab edirdi. Çünki qatilin kimliyinə dair hələ ki, ciddi bir ipucuna qədər gəlib çıxa bilməmişdi. Buna baxmayaraq ifşa etməyə çalışdığı adam – Şəbnəmi üçüncü mərtəbədən atan qatil kim idisə, onu artıq tanıyırdı. Əslində indi çox yaxşı başa düşürdü ki, onun gəlişi, daha doğrusu məqsədinə çatmadığı gəlişi işin sürətlənməsinə xeyli təkan olacaq. Sato artıq şübhəliləri hansı siyahıda araşdıracağını bilirdi. Yenicə süzdüyü çayını udumlayıb noutbukunda Gündüzün apardığı istintaq dindirməsinin vodeoyazısını işə saldı.

 

Delyanın istintaqa verdiyi ifadədən

 

– Elnuru hardan tanıyırsan?

– İnternetdə tanış olmuşuq, – gənc qadın özündən razı şəkildə istəksiz cavab verdi.

– Bu qədərini mən də bilirəm.

– Mən başa düşmürəm ki, niyə burdayam! Elnur özü niyə gəlib mənə verdiyin suallara cavab vermir? – Delya danışdıqca hikkəsindən sarı saçları üzünə dağılıb gözlərini görünməz edirdi. Və qadın onları geriyə yığmaqçün cəhd belə göstərmirdi.

– Elnur komadadı. Danışacaq halda deyil. Buna görə də siz burdasınız, Delya xanım!

Gündüzün hövsələsizliyinə tuş gələn qadın eşitdiyi sözlərdən sonra yerindən sıçradı:

– Necəəə? Nolub ona? Kim edib?

– Bu barədə mən yox, siz danışacaqsınız! Dünən axşam onun evinə getmək təklifini kim irəli sürmüşdü? Siz yoxsa Elnur özü?

– Mən heç nə başa düşmürəm. Axı bunun Elnurun komada olmasına nə aidiyyatı var?

– Bəsdir, özünü gicliyə vurdun! Həmin gün, lazım gəlsə əvvəlki günlərdə də aranızda nə baş verib hamısını bircə-bircə danışacaqsan! Başa düşmürsən, görüşdüyün adamın ölüm ayağında olduğunu deyirəm, həmin gün sənin Elnurun evinə getməyindən danışıram, sən heç bir əlaqə görmürsən bunların arasında?

Gündüz ha səbr etdi ki, qadının ifadəsini alarkən təmkinli olsun, amma bu dəfə də alınmadı. Ayağa qalxıb əl-qolunu biçə-biçə Delyanın oturduğu stulun ətrafında var-gəl edərək danışırdı. Hövsələsizliyi ucbatından “sən”, “siz”, “xanım”… aləmi qatmışdı bir-birinə. Qarşısında oturub aşırı sərbəstliyi və inadkar davranışlarıyla onun bütün əsəblərini tarıma çəkən bu qadınla hansı dildə danışcağını, necə müraciət edəcəyini hələ də kəsdirə bilmirdi. Bircə “fahişə” deyib söyməsəydi, əla olacaqdı. Çünki bunu deməməkçün, onu atəşin söyüşlərinə qərq etməməsiyçün özünü zorla saxlayırdı.

– Birincisi siz çox zəhlətökən adamsız. Üstəlik çox yorucusuz. Bunlar azmış kimi yataqda da əlinizdən-….nüzdən bir iş gəlmir!

Delyanın ittihamlarının şiddətini Gündüz yalnız qadının ənsə hissədəki saçlarından tutub var gücü ilə başını arxaya çəkərkən bağıranda barmaqlarının qeyri-ixtiyari boşalmasından hiss etdi.

– Sənə dedim ki, mənnən qoz-qoz oynama!

– Amma bunun cavabını verməli olacaqsan!

Qadın növbəti dəfə şansını zorlayıb sonuncu həmləsini etdi. Deyəsən uğursuz cəhd olduğunu özü də hiss etdi. Çünki elə indicə danışmağa başlamışdı…

 

“ Elnurla feysbukda tanış olmuşuq. İmkanlı adam olduğunu bilirdim. Yəni özü demişdi. Bir neçə dəfə görüşəndən sonra inandım ki, yalan danışmır. Sonra hərdən evində də görüşməyə başladıq. Əvvəl sevgili idik. İndi isə sadəcə müştərilərimdən biridir. Amma hiss edirəm ki, hələ də mənə çox bağlıdı. Əgər belə olmasaydı yəqin ki, Elnura görə indi məni buraya qədər gətirməzdin.

Ailəli olmadığını bilirdim. Var-dövlət, ev, maşın və subay yaraşıqlı gənc adam. Özündə etiraf edərsən ki, belə bir kişi əksəriyyət qadınların ən böyük arzusudur. İndi heç təəssüf də etmirəm, amma Elnura qədər mən öz yolumu çoxdan seçmişdim. Elnur da çox yox – mənimlə ikinci görüşdən sonra bildi. Amma bu məni ona qətiyyən soyutmadı. Hətta əksinə, əvvəlkindən daha tez-tez görüşürdük. Çünki daha mənim Elnura hansısa bəhanələr uydurmağıma ehtiyac qalmamışdı – işdə olduğum saatları demək olar ki, əzbər bilirdi. Və həmin vaxtlar məni axtarmırdı. Bunu sənə deməməliyəm, amma deyəcəm. Əslində çox istəyirdim ki, o, məni işdə olduğum saatlarda da axtarsın, həmişə yanında istəsin. Amma istəmirdi!..

Dünənsə, mən Elnurla görüşməmişəm. Yalnız bunu deyə bilərəm. Düzdür, o mənə feysbukdan yazmışdı. İşdə olduğumu da bilirdi. Sevincək onun yanına gələcəyimi də yazdım. Amma çıxhaçıxda daimi müştərilərimdən biri gəldi. Ona vacib işim olduğunu deyib razı salsam da, gecə klubunun sahibi məni işdən qovacağı ilə hədələdiyinə görə qalmalı oldum. Sonrası isə yadımda deyil. Çox içmişdim… “

 

 

Sato istintaq ifadəsini sona qədər dinləyib qeydlərini götürdü. Delya kimi hikkəli qadının son fikirlərində əslində nə qədər əlacsız və həyata ümidsiz olduğunu düşünsə də, bunun şübhələndiyi cinayət detallarının qarşısını almamasına çalışdı. Əgər Delya cinayət saatlarında və ümumiyyətlə, həmin gün həqiqətən də Elnurun evində olmamışdısa, onda görüşdüyü adamla bunu təsdiqləyəcək faktları üzə çıxarmalı olacaqdı. Və beləcə iş yenə uzanıb gedəcəkdi. Amma gənc xəfiyyə başqa çıxış yolunun olmadığını da yaxşı başa düşürdü.

Evdən çıxıb Elnurun həkimi ilə görüşməyə getməzdən əvvəl fikirlərini dəftərçəsində hadisənin səhəri günü qarajın qapısının yanından tapdığı ayı brelokuna dair qeyd etdiyi qeydlər üzərində cəmlədi. Artıq bilirdi ki, bu brelok hadisədən əvvəl Şəbnəmin əl çantasının üstündə olub. Amma zamanlamanı heç cür uyğunlaşdıra bilmirdi. Və qəliz uyuşmazlıq öldürülən qadının əl çantasının nə üçün meyidinin yanında tapılmasıydı. Əgər ekspertizanın da ilkin və ikinci rəydə təsdiq etdiyi kimi ölümə səbəb yüksəklikdən düşərkən kəllənin təpə və gicgah nahiyələrindəki ağır zədələnmələr idisə, çanta meyidin yanında nə gəzirdi? Digər tərəfdən brelokun qaraj qapısının yanından tapılması, məhz bu iki fakt ya Şəbnəmin balkondan düşərkən artıq ölü olduğunu, ya da qarajın yaxınlığında özünə nəzarət vəziyyətindən uzaqlaşdırılıb sonra yuxarı – Elnurun üçüncü mərtəbədəki iş otağına danışdığını ehtimal etməyə imkan verirdi. Sato yalnız ikinci halda Şəbnəmin əl çantasının sonradan, məhz görüntü üçün və əlbəttə ki, qatilin düşünmədən tələsik atdığı yanlış addımı olaraq meyidin yanına qoyulmasını anlayırdı.

Qeyd dəftərçəsində Delyanın adının altından qoşa xətt çəkib evdən çıxmağa hazırlaşırdı ki, telefonuna zəng gəldi. Gündüz idi:

– Sabahın xeyir, Sato. Təəssüf ki, sənə pis xəbərim var…

– Elnur keçinib?

– Yox. Kazımı izləməyi tapşırdığın serjantı gecə bıçaqlayıblar.

– Sağdı???

– Vəziyyəti çox ağırdı…

– Kazım nəzarət altına alın! Gəlirəm!

– Kazım evində yoxdur. Aradan çıxıb…

 

***

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10