“Rəqib” – yeni detektivdən 9-cu hissə – EKSKLÜZİV

163 Baxış

reqib9
Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 Detektiv yazıçı Müşfiq XANın “Rəqib” adlı yeni əsərindən 9-cu hissəni ilk dəfə dərgimizin oxucuları üçün yayımlayırıq *

 * romanın yeni hissələri hər dəfə redaktəsiz təqdim edilir

** Layihəyə aid olan ilk 6  buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masası” yazmaqla tapıb oxuya bilərsiniz.

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

Cinayət masası № 7

Əsərin 3-cü hissəsi

Cinayət masası № 8

Əsərin 4-cü hissəsi

Cinayət masası №9

Əsərin 5-ci hissəsi

Cinayət masası №10

Əsərin 6-cı hissəsi

Cinayət masası №11

Əsərin 7-ci hissəsi

Cinayət masası №12

Əsərin 8-ci hissəsi

 

 

9

 

Bura altmış il əvvəl tikilmiş bina idi. Pəncərələrinin çərçivələrinə ayrı-ayrı vaxtlarda qat-qat boyalar çəkilmişdi. Ətrafındakı qırmızı kirəmitlərində malası uçub-sökülmüş hissələri başdansovdu rənglənmişdi. Amma səhiyyə qurumlarına nəzarət edənlər nə qədər müasir və gözəl görünüş verməyə salışsalar da, xəstəxananın geniş koridorları boyu uzanan divarlarda çarəsiz bir mənzərə canlanırdı.

Sato xəstəxanaya çatanda həkimlər əməliyyat otağından yeni çıxmışdılar. Serjant hələ də reanimasiya otağındaydı və ölüm-qalım savaşında uduzmamaqçün çox az şansının olduğunu deyirdi cərrah. Xoşbəxtlikdən Gündüzün qan qrupu uyğun gəlmişdi. Yoxsa gecənin bir yarısı kəskin qan itkisi ilə birbaşa əməliyyat otağına gətirilən serjant elə əməliyyat masasındaca keçinə bilərdi. Sato heç vaxt həkimlərin belə ümidsiz danışmağını sevməmişdi. Amma indi vəziyyət həqiqətən də qorxulu idi. Xidməti ərazidə silahlı bir adamın bıçaqlanması serjantın ayıq-sayıq olmamasından, diqqətsizliyindən xəbər verirdi. Gənc xəfiyyə başladığı cinayət təhqiqatının ən qarışıq vaxtında kimə əsəbiləşəcəyini, hirsini kimə tökəcəyini müəyyən edə bilmirdi. Ağlına da gəlməzdi ki, Kazımı nəzarətdə saxlamaqçün göndərdiyi və bacarığına güvəndiyi bir əməkdaşı bu hala sala bilərlər. Bu da azmış kimi Kazım özü də yoxa çıxıb müəmmaya qarışmışdı. Səhər tezdən onun axtarışlarına başlayan Gündüz yaxın ətrafı qarış-qarış yoxlatdırmışdı. Kazımsa ilim-ilim itib müxərrəs olmuşdu.

– Gündüz, indi hardasan? – reanimasiyada serjantın vəziyyəti ilə indicə tanış olub otaqdan çıxan Sato dostuna zəng edib öyrənməyə çalışdı.

– Xəstəxanaya çatıram.

– Yaxşı, gəl. Kazımdan xəbər yoxdu hələ?

– Əməliyyat dəstəsini iki qrupa böldüm. Şübhələndiyin istiqamətlərdə yollamışam. Hələ ki, bir xəbər yoxdu… – Gündüz ağzını sürütlədi.

 

***

– Mənə Elnurun həkimini çağırın, zəhmət olmasa, – qeydiyyat bölməsinə yaxınlaşan baş müstəntiq səliqə ilə hazırlanmış kalpağı naşıcasına başına qoyan qeydiyyatçı qıza yaxınlaşdı.

Satoya elə gəldi ki, bu qızı daha əvvəl də hardasa görüb. Daha doğrusu qeydiyyatçı qız onun xahişini yerinə yetirmək əvəzinə bir-neçə saniyə dikilib qalanda gənc xəfiyyə bunu bir anlıq düşündü.

– Aha, bir dəqiqə.

Qız nəhayət ki, tərəddüdlərindən ayrılıb edəcəyi işə yönəldi:

– Doktor, cinayət-axtarış şöbəsindən sizi görmək istəyirlər.

Qeydiyyatçı Satoya həkimin otağına qədər gələcəyi yolda bələdçilik edib geri dönəndə yenidən nəzakətlə ona baxdı. Dodaqlarına nəsə deyəcəkmiş kimi qəribə bir gülümsəmə qonmuşdu.

– Gəlmək olar? – Sato həkimin oturduğu otağın qapısını tıqqıldadıb içəri keçdi.

– Buyurun.

– Elnurun vəziyyəti nə yerdədir? – baş müstəntiq oturar-oturmaz xəbər aldı.

– Hələlik durumu stabildi. Tibb bacısı on dəqiqədən sonra analizlərinin nəticəsini gətirəcək. Gözləməyə vaxtınız varsa, onda daha dəqiq cavab verə bilərəm.

Sato saatına baxdı. On birə iyirmi dəqiqə qalırdı. On dəqiqə uzun müddət deyildi. Ətrafına baxdı. Otaq olduqca kasat idi. Divarların tibb diplomlarıyla dolu olacağını düşünmüşdü. Plakatlar, sertifikatlar və mükafatlar görəcəyini ehtimal etmişdi. Bəlkə də hansısa dərman firmaları ilə bağlı broşürlər ola bilərdi. Ən azından bir neçə rəf dolusu tibb kitabları olmalıydı. Amma otaqda həkimin masası, sınıq-salxaq kreslosu, tək stul və İbn Sinanın kiçik portreti, dənizə baxan bir dənizçi, həkimin otağında gözləyən kiçik qız uşağı və daha iki-üç ucuzluq divar rəsmlərindən başqa otaqda demək olar ki, heç nə yox idi. Əlbəttə ki, otağın hər küncünə qoyulmuş saxsılardakı kaktusları da nəzərə almasaydı.

Sato artıq heç bir sual verməyib səbrlə tibb bacısının gəlməsini gözləməyə başladı. Yaranan sükutu həkim pozdu:

– Elnurun palatasına baş çəkmək istəyirsiz?

– Pis olmaz.

– Onda tibb bacısı gəlsin, sonra birlikdə gedək, – həkim razılaşdı.

Yaşı yetmişi rahat haqlamış bu adamın sanki rəngi-ruhu özündə deyildi. Sısqası çıxmış, bir dəri bir sümük qalmışdı. Amma dözümlü və güclü görünürdü. Yaşını tam müəyyən etmək çətin idi. Demək olar ki, tamamilə ağarmış saçlarını səliqə ilə alnının üstündən sağa doğru daramışdı. Həkimin görkəmi, otağın aurası və ümumiyyətlə xəstəxananın mənzərəsi Satoya qəribə təsir bağışlamışdı. Birdən ona elə gəldi ki, tamam ayrı bir ölkədə əlli-altmış il geriyə qayıdıb. Gənc xəfiyyənin beynini bir anlıq məşğul edən fikirlərdən bu dəfə qapını ehmalca döyüb içəri keçmək üçün icazə istəyən tibb bacısının gəlişi ayırdı.

Həkim onun gətirdiyi analiz nəticələrini alıb diqqət yetirdi. Baxdıqca qaşları çatılır, həyəcanlandığı hər halı ilə rahat sezilirdi. Sato narahat olmağa başladı:

– Doktor, nəsə olub?

– Yoldaş müstəntiq, Elnurun beyninə qansızma riski çox böyükdür. Təəssüf edirəm ki, biz əlimizdən gələni etsək də, xəstənin vəziyyəti hələ də tam kontrolumuzda deyil.

Bu Satonun bu gün eşitdiyi ikinci ümidsiz həkim cavabı idi. Sözün əsil mənasında aləm bir-birinə qarışmışdı. Sato başını itirməməkçün özünə çətinliklə nəzarət edirdi. Şəbnəmin qatilinin izinə düşməsi ümidləri isə getdikcə ondan daha çox uzaqlaşırdı. Həm Elnurun, həm də serjantın həyatının xilas edilməsi vacib idi. Ən azından əsas ipuclarının birdəfəlik əlindən çıxmaması üçün Sato indi qarşısında oturan bu ağsaçlı həkimə inanmaq məcburiyyətindəydi. Təhqiqat müddətində belə əlacsız durumların öhdəsindən gəlməyi bacarırdı. Amma bu dəfə bütün işləri tərs gətirirdi sanki. Gündüzün “xəstəxanaya çatıram” – deyib nə üçün gecikdiyini xatırlamışdı ki, tibb bacısı indi xatırlayıbmış kimi tələsik dilləndi:

– Müəllim, koridorda Gündüz adlı biri sizi görmək üçün gözləyir.

Sato ayağa qalxıb həkimə getmələri üçün işarə etdi. İtirəcək zamanı yox idi. Hər an hər şey dəyişə bilərdi. Və bu gedişlə hadisələr heç də Satonun apardığı cinayət təhqiqatının xeyrinə olacaqmış kimi görünmürdü…

 

***

 

Elnurun palatasının qarşısında onları Arif qarşıladı. Gündüz onu tərs-tərs süzüb nəsə deməyə istəyirdi ki, Satonun işarəsindən sonra kənara çəkilib həkimin içəri keçməsi üçün yol verdi.

– Vəziyyəti necədir? – baş müstəntiq məlumatı yoxmuş kimi Arifdən soruşdu.

– Həkimlər indi yaxşı olduğunu deyirlər, – Elnurun köməkçisi də onların ardınca otağa keçdi.

Xəstənin çarpayısının yanında qoyulmuş stulda oturmuş əlli yaşlarındakı qadın onları gələndə yerindən qalxdı. Saçlarında ağ tellər yenicə iz salmağa başlamış bu qadın dörd nəfərin otağa birdən girdiyini görcək nigaran baxışlarını həkimin üzündə cəmlədi. Gündüz isə içəri girməyib qapının kandarında dayanmışdı. Analizin nəticələrini gətirən tibb bacısı günahı varmış kimi onlardan bir az aralıda canını qoymağa yer tapmırdı. Həkimin indicə nəyisə bəhanə edib onu acılayacağından ehtiyatlandığıyçün gözünə daha az görünməyə çalışırdı.

– Yaxına gəl, yaxına, – həkim arxaya çevrilib onu çağırdı. – Sənə neçənci dəfədir deyirəm ki, bu andıra qalmışı istifadə edəndən sonra xəstənin yanında saxlama?! Hə?!

Yaşlı həkim tibb bacısına qəzəblənib əl-qolunu biçə-biçə hansısa dərman qutusunu göstərirdi. Qızın yanağına birdən-birə çökən qızartı Arifin nəzərindən qaçmadı. Cəld söhbəti dəyişməyə çalışdı:

– Yaqut xala, Elnurun anasıdı, – Sato ilə tanış edib, tələsik də aydınlıq gətirdi:

– Xala, narahat olmayın, Saday müəllim cinayət-axtarış şöbəsinnəndi. Qorxulu heç nə yoxdu.

Arifin canfəşanlığı qapının ağzında dayanan Gündüzü getdikcə lap hövsələdən çıxarırdı. Bunu onun indicə dərindən ah çəkməsindən də başa düşmək çətin deyildi. Bu dəfə Sato dostuna tərəf dönüb koridorda gözləməsini işarə etdi. Əslində Arifin onu qadınla tanış etməsi lazım idi. Çünki baş müstəntiq bu neçə gündə Yaqutu ilk dəfəydi ki, görürdü.

– Yoldaşınız rayona qayıdıb? – Sato, Elnurun atasının gedib-getmədiyini dəqiqləşdirməyə çalışdı.

– Əkrəm axşam burdaydı. Yuxusuz olduğu üçün məcbur evə dincəlməyə göndərdim.

– Doktor, belə neçə gün davam edəcək? – Sato bu dəfə həkimə tərəf üz tutdu. Cansıxıcı mənzərəydi. Hər şey bir yana, baş müstəntiqin işinə yarayacaq heç nə öyrənmək olmurdu bu xəstəxanada.

– Analizin nəticələrini sizə dedim. Bu halda ayılması işimizə yaramır.

– Sizcə ayılanda hadisəni xatırlaya bilər?

– Əgər şübhəli kimisə görübsə, xatırlaya bilər. Amma bilirsiniz, Elnur hadisə ərəfəsində yüksək miqdarda alkoqol qəbul edibmiş.

Həkim danışdıqca Yaqut daha çox narahatlıq keçirirdi. Hətta indicə əlləri də titrəməyə başlamışdı. Sato tibb bacısına işarə etdi ki, onu palatadan çıxarsın.

– Yaqut xanım, etiraz etməsəz, sizinlə ayrıca söhbət etmək istəyirəm.

Gənc xəfiyyə hələ də ümid edirdi ki, Elnurla bağlı bilmədiyi və hadisəyə bağlı olan ehtimallarını onun anası vasitəsilə öyrənə biləcək.

Qadın palatadan çıxan kimi Sato dərhal bayaqdan bəri həkimə vermək istədiyi sualı soruşdu:

– Bir neçə dəqiqəlik ayıltmağınız mümkündürmü?

– Yoldaş müstəntiq, bu çox təhlükəlidi.

– Məncə hər an müdaxiləyə hazır olsanız, bacararsınız. Bildiyimə görə siz şəhərdə ən təcrübəli həkimlərdən birisiniz, – gənc xəfiyyə onu razı salmağa çalışdı. Yalnız bundan sonra həkim növbəti dəfə cavab verməyə cəhd etməyib, fikrə getdi. İndi onun çəlimsiz üzündə əzab və iztirabın kök saldığı çətin anlaşılan izləri oxumaq qətiyyən mümkün deyildi…

 

 

 

 

 

 

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10