Rəşad Məcidin esselər kitabı Türkiyə türkcəsində

9 Baxış

87030_08acx8c9mp

Şair və nasir, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Dəlicəsinə” adlı kitabı Türkiyə türkcəsində nəşr edilib. 

Türkiyədə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) ilə AYB arasındakı razılaşma əsasında çap olunan kitabın bu gün – mayın 13-də Ankaradakı Türk Tarix Qurumunda geniş təqdimatı keçiriləcək. Bundan əvvəl – 2015-ci ildə Avrasiya Yazarlar Birliyi tərəfindən Türkiyədəki “Bengü” nəşriyyatında R.Məcidin bütün şeirlərinin toplandığı “Bir daha gəlməyəcək” kitabı çap olunmuşdu. Yeni kitaba isə R.Məcidin müxtəlif illərdə qələmə aldığı esselər, publisistik mətnlər daxil edilib.

Tanınmış şair və ədəbiyyatşünas, Türkiyə Səfirliyinin Mədəniyyət attaşesi İrfan Çiftçi kitaba “Rəşad Məcidi necə oxumalı: maraqlananlar üçün bələdçilik cəhdi” sərlövhəli geniş ön söz yazıb. Bu yazıda R.Məcidin yetişdiyi dövr və mühit, onun həyat və fəaliyyəti, yaradıcı dünyagörüşü və dəsti-xətti, nəşrdəki mətnlərin məzmunu və ideya-estetik cəhətləri barədə olduqca maraqlı mülahizələr, dəqiq, tutarlı təsbitlər var.

İ.Çiftçinin fikrincə, “..Rəşad Məcid çağdaş Azərbaycan düşüncəsinin dünyadakı yerini quşbaxışı müəyyənləşdirmək üçün seçilə biləcək bəlkə də ən səciyyəvi – özünəməxsus və orijinal xarakterli – müəlliflərdən biridir… O, yaşadığı dünyanı özündən əvvəlki dövrə aid dil və üslubla deyil, öz zamanına xas aydın və çevik şüurdan qaynaqlanaraq, bugünkü dillə ifadə edir”.

Ön sözdə vurğulanır ki, Rəşad Məcid hətta çox məhəlli alına biləcək yaddaş yazılarını belə, orada önəmli bilgilərə yer verərək, məzmununu maraqlı əhvalatlarla dərinləşdirərək, tarixə dair qeydlərini poetik və metaforik təsvirlər, incə yumoristik gedişlər sayəsində dönə-dönə oxutmağı bacarır… Onun bəzi esseləri, əslinə qalsa, arxasından uzun hekayələr boylanan mətnlərdir… Bunların içərisində, informasiya yükü ilə bərabər, bütöv bir dövrə xas çox güclü ədəbi-sosioloji məzmun var…”

İ.Çiftçinin qənaətinə görə, R.Məcidin bütün mətnlərində gerçək insan münasibətlərindən ibarət qaynar bir həyat var:

“…Onlarda təklənmiş, yalqızlaşmış insanlar tapmaq az qala mümkünsüzdür. Tarixi mövzu və şəxsiyyətlərdən söz açarkən də, sadəcə portretlərə nəzərən deyil, insani münasibətlər müstəvisindən çıxış edir. Hadisəni sürətlə dramatikləşdirərək, bir film epizodu effekti yaradır…Uzun-uzadı mülahizələr, fəlsəfi mühakimələr vermək əvəzinə, gerçək insana xas durum və davranışlar, canlı dialoqlar vasitəsilə dinamika yaradıb, yazını darıxdırıcılıqdan sığortalayır…”

KÖŞƏ YAZARLARI
TOP 10