Rəşid Bərgüşadlının yaradıcılığında hekayə janrı

198 Baxış

reshidbergushadli

Tamara Heydərqızı

Tənqid də yaradıcılıqdır (Vaqif Yusifli ) 
Ön söz əvəzi
Səmimi şəkildə etiraf edim ki, Qarabağ müharibəsi, Qarabağ dərdi ,qarabağlılar,bu ağır el-oba mənim üçün həmişə düyününün ucunu tapa bilmədiyim bir kələf olub.
İndi yazıçı Rəşid Bərgüşadlının hekayələr kitabını əlimə alanda elə bildim ki,əlimdə içində qubadlılar haqda qiymətli incilər olan mücrü tutmuşam……
Heç də səhv etməmişdim…

 

Müasir Azərbaycan nəsri bu gün çoxşaxəli şəkildə inkişaf edir.Yüzlərlə bədii nümunələr yaranır.Müasir nəsrimizin hekayə janrı da bu inkişafla irəliləyir. Hekayələrimizdə müasir yazarlar zəmanənin ,dövrün , nəbzini tutmağı qarşılarına məqsəd qoyur,cəmiyyətin , müxtəlif sosial təbəqələrin yaşayış tərzini,dünyanın ,ölkənin qloballaşan problemlərini,onların həlli yollarını hekayələrində əks etdirməyə çalışırlar.Və buna nail olurlar .Müasir dövrdə çoxsaylı qəzet,jurnal, internet saytları bədii nümunələri rəqabət aparırmış kimi yayımlayır ,oxucu kütləsinin arxalarınca getməsini istəyirlər. Məhdud sayda olan müasir oxucu az olsa da,onun həyatını,qayğılarını ,arzu və istəklərini əks etdirən özünə yaxın əsərləri seçib oxumağa üstünlük verir.
Bu gün sizlərə təqdim edəcəyimiz yazıçı Rəşid Bərgüşadlı özünü nəsrin müxtəlif sahələrində sınamış, uğur qazanmış istedadlı yazıçılardandır .Onun “Sevginin dadı” adlı romanı , hekayə və povestlərdən ibarət 2 kitabı çap olunmuşdur. R.Bərgüşadlının hekayə yaradıcılığı müasir yazıçıların hekayə yaradıcılığından özünəməxsusluğu ilə seçilir.Onun hekayələri müasir həyatın yaşanmış kiçik hissələridir.
Rəşid Bərgüşadlı “Əsərləri” adlı 2014-cü ildə Azərnəşr tərəfindən çap olunmuş kitabına bir sira müxtəlif mövzulu hekayələrini daxil etmişdir.”Sagır nun”,”Türkün məsəli”,”İşıq pulu”,Lənət”,”Dik”,”Təhqir edilmiş vicdan”,”Namus dağı”,”Dəmir duası”,”Təbrizin küçələri dolanbadolan”,”Dovşan”,”Mutant”,”Bəxti-xuda” adlı hekayələr bu kitaba toplanmışdır. Bundan başqa yazıçının “Cəngi”,”Dostum Qulam”,”97 nömrəli marşurutun sərnişinləri”,”Dişi canavar”,”Bozbaş” mügənni”,”Tanrının gözü”,”Zamanın nəbzi” kimi hekayələri də vardır.
R.Bərgüşadlının hekayələri onun yaradıcılıgı haqqında aydın fikir yaratmaqla yanaşı,həm də onun gələcək uğurlarından xəbər verir.Onun hekayələrinin əsas xüsusiyyətləri özünü necə büruzə verir? Bu hekayələri birləşdirən ümumi cəhət nədir?Müəllif həyat həqiqətlərini hekayələrində nə dərəcədə əks etdirə bilmiş,hansı aktual,bəşəri məsələləri hekayələrində göstərmiş və onların bədii həllini necə vermişdir?
Bütün bu gərəkli suallara cavab tapmaq ümidi ilə yazıçının hekayələrinin araşdırılmasını ,təhlilini qarşıma məqsəd qoydum.
Rəşid Bərgüşadlı hekayələrinin bədii xüsusiyyətləri o qədər zəngindir ki, o, kiçik hekayələrində Azərbaycan kəndlisinin,şəhərlisinin,ziyalısının,yeniyetməsinin,,eyni zamanda Azərbaycan döyüşçüsünün ,qadınının ,mömininin ,demək olar ki,bütün sosial təbəqələrin nümayəndələrinin bədii obrazını ,bəlkə də prototipini yaratmışdır.Müasir yazar onların necə yaşamalarına ,həyat tərzlərinə,gələcək arzularına,hətta daxili düşüncələrinə belə işıq sala bilir.Hekayələrində müasirləşmə,eyni zamanda yadlaşma ,kasıblaşma,azərbaycanlı həyat tərzinə hər gün yeni problemlərin əlavə olunması,vətəndaşlıq məsuliyyətinin azalması göstərilir. Bu bədii parçalarda sanki humanist insan vicdanı ilə laqeyd azərbaycanlı vicdanı üz-üzə durur. Digər bir tərəfdən isə hekayələrində hamının dərdini qəlbində daşıyan ümumiləşdirilmiş əsl vətəndaş,əsl azərbaycanlı obrazı da yaratmışdır.Onun hekayələrinin əsas əlaməti mövzu rəngarəngliyi olmaqla yanaşı ,həm də hekayə qəhrəmanlarının daxili dünyasını,davranış və insanlara münasibətini açıb göstərə bilməsidir.Məsələn ,”Lənət” və “Mutant” hekayələrində hadisələrin şahidi olmuş hekayənin qəhrəmanları mənfi obrazalara da mənfi münasibət nə üçün bəsləyə bilmədiklərini yazçı incə detallarla açıb göstərə bilmiş ,obrazın daxili aləmini işıqlandırmışdır.”İşıq pulu “hekayəsində oxucu Möhsünün daxili aləminə bələd olur,onu alqışlayır,eyni zamanda Aşa da göründüyü kimi deyil,yazıçı onu da oxucusuna sevdirə bilir.
Yazıçı hekayə qəhrəmanına qarşı özü yüksək insani və əxlaqi münasibət əks etdirir.Məhz ona görə onun epik seçimi uğurlu alınır və birnəfəsə oxunur.Yazıçı nümayiş etdirmir ki,insan əxlaqlı,Vətənini sevən olmalıdır.Bunu hekayə qəhrəmanlarının mürəkkəb həyat hadisələrinə münasibətində bizə çatdırır.
R. Bərgüşadlı hekayələri hekayə janrının tələblərinə cavab verir.Hekayələrdəki hadisələr çoxşaxəli deyil,bir hadisə,bir əhvalat, bir məkan faktı götürürlür . Hekayələrdə real həyatda baş verə biləcək və ya baş vermiş hadisələr bədii şəkildə əks olunur. Müasir nəsrimizdə onun hekayələri həyat həqiqətlərinin dərinliyi və təbiiliyi ilə seçilir.Yazıçının hekayələrində baş verən hadisələr,mətləblər işğal olunmuş Vətən,tərk edilmiş yurd fonunda verilir.Bu, çox maraqlıdır.
Reallıq R.Bərgüşadlı hekayələrinin əsasını təşkil edir.O,oxucusunu aldatmağa çalışmır,özünü təsdiq etmək üçün bərli-bəzəkli cümlələlər seçmir,hay-həşir salmır,oxucusunun xoşu gəlib-gəlməyəcəyini də düşünmür,necə var,elə də yazır.Məsələn, “Uzun sözün gödəyi,ermənilərin qabağını ala bilmədik,arvad kimi qaçdıq.Hər ev,hər məhəllə uğrunda qan tökməyi lazım bilmədik,bəlkə də ,ağlımıza gətirmədik, bəlkə də ,ağlımıza salan olmadı…..” (”Cəngi” hekayəsindən) Bəzən həyat həqiqətləri hekayələrdə o qədər aydın,olduğu kimi verilir ki,düşünürsən ki, elə olmuş əhvalatdır ,yazılıb.Bədiiliyin azaldığını güman edirsən,amma şirin ,axıcı təhkiyə bədiiliyi,yazıçı niyətini üzə çıxarır,əsəri publisistik sərhədə gətirib çıxarmaqdan xilas edir.Bədii əsərdə həyat hadisələrinin ifadə üsulu kimi R.Bərgüşadlı hekayələrində təhkiyə üsulundan istifadə edir,hadisələri oxucusuna şahidlik yolu ilə çatdırır.Yazıçı özü,ya da hekayənin qəhrəmanları təhkiyəçi olurlar.Adətən,R.Bərgüşadlı hekayələri üçün xas olan cəhət təhkiyəçinin yazıçının özünün olmasıdır.Hekayə janrının xüsusiyyətləri bu hekayələrdə ,əsasən ,gözlənilir.Yəni yazıçı konkret bir hadisədən,bir obrazın həyatının mühüm bir hadisəsindən danışır. Onun hekayələrinin bəziləri isə gözlənilməz bir sonluqla başa çatır.Bu da onları hekayə kimi yox,novella kimi təqdim etməyə gətirib çıxarır.Onun bu tipli hekayələrində məzəlilik ,surətin özünün özünü çıxılmaz vəziyyətə salması və ya çıxılmaz vəziyyətdən çıxarması göstərilir.Hadisənin yumorlu gedişi, qeyri-adi –oxucunun gözləmədiyi sonluqla bitməsi ona novella adı qazandırır.Əsərin yarısınacan oxucu sonluğu başqa şəkildə xəyalında canlandırır,amma sonda başqa bir yekunla qarşılaşır.Yazıçı onu əhatə edən adamlarda müxtəlif cəhətləri görür,müqayisə edir,çatışmayan cəhətləri tənqid etmək istəyir .Müasir dövrün müşkül məsələləri ,yurdundan ayrı düşmüş insanların ağrı-acısı ,torpaqan yadırğamaları onda müxtəlif düşüncələr yaradır.İnsanın daxili aləmini ,psixoloji sarsıntılarını düzgün verə bilmək istəyi onun mövzu rəngarəngliyinə səbəb olur.
İstedadlı yazıçının hekayələrinin mövzuları müxtəlifdir.Amma bu mövzular bir ana mövzuda birləşirlər.Vətənə məhəbbət, torpağa məhəbbət.Yazıçı oxucusunda elə-obaya ,Vətənə ,torpağa sevgi hisslərini aşılayır. Amma bu istək kimlərdə cəmləşəcək?Cəmiyyətin ziyalı, ortabab,kasıb təbəqələrində,yaxud ölkənin vətəndaşı olub, Vətənində qaçqın,köçkün adı daşıyanlarda?Yazıçı hekayələrində göstərmək istəyir ki, onlar yurdlarına dönmək həsrətini yaşaya-yaşaya laqeydləşmək prosesini yaşayırlar və ya yazıçının dili ilə desək “sırtılırlar”(“Cəngi” hekayəsi)
Bilirik ki,bədii ədəbiyyatda gülüş obyektə müxtəlif münasibəti əks etdirir.Oxucu gülüş vasitəsilə ya obrazı sevir,ya da nifrət edir.Ya da obraz özü düşdüyü müxtəlif çətin vəziyyətlərdən çıxmaq üçün gülüşdən istifadə edir.Bərgüşadlı hekayələrindəki gülüş yazıçının öz yaratdığı obrazına olan səmimiyyətini əks etdirir. Onun gülüşü qəhrəmanlarına olan məhəbbətini,qayğısını,doğmalığını göstərir.Oxucusunu da bu istiqamətə yönəltməyi bacarır.Məsələn,”Türkün məsəli “ hekayəsində sədr Dursunun, Kəkliyin,Simavərin dialoqlarında yazıçı sözləri yerli –yeində işlədir,mənalı təbii gülüş yaratmağı məharətlə bacarır,məzəli əhvalatları obrazların əhatəsində nəql edir.Oxucuda hekayənin mərkəzində dayanan obrazlara saf gülüş təqlin edə bilir.
Yazıçının hekayələri üçün xarakterik olan cəhət hekayələrin başdan –başa xalq danışıq dilində olması, atalar sözlərinin,deyimlərin, dialektizmlərin,terminizmlərin, frazeologizmlərin bolluğudur.Bunlar hekayələrin bədii dil xüsusiyyətlərini zənginləşdirir.Təəssüf ki,hekayələrdə vulqarizmlərin çoxluğunu müsbət bədii dil xüsusiyyəti kimi vurğulamaq olmur.
Hekayələrdə bədii təsvir və ifadə vasitələri yerli- yerində işlədilir.Bu nəsr nümunələrində təşbeh,metafora ,metonimiya,sinekdoxa ,inversiya ,kinayə və başqa vasitələr kifayət qədərdir. Bunlar da bədii dili gözəlləşdirir,yazıçının təsvir və ifadə vasitələri ilə mətləbləri aşılamaq bacarığını göstərir.
Rəşid Bərgüşadlının hekayələrində bədii portret azdır və ya yox dərəcəsindədir.Nədənsə, yazıçı hekayələrində buna çalışmır və ya bədii portretləri yarımçıq işləyir,yəni hekayənin qəhrəmanının özünəməxsus danışığını,üz çizgilərini geyimini ,başqalarına münasibətini harmoniya şəklində tam verə bilmir.Bildiyimiz kimi,hekayə janrında bədii portret çox vacibdir. Müəllifin “İşıq pulu” hekayəsində Möhsun müəllim yarımçıq işlənmiş bədii portret təsiri bağışlayır.Eləcə də “Mutant” hekayəsində Zaxar surəti,”Bəxti-xuda” hekayəsində Bərxudar obrazı.“Türkün məsəli”hekayəsində sədr Dursun,Kəklik,Simavər əsl bədii portret ola bilən surətlərdir .Hər birinin özünəməxsus danışığı, geyimi ,üz çizgiləri ola bilər ,amma yazıçı onları işıqlandırmamış ,yarımçıq işləmişdir.Yalnız son yaradıcılıq məhsullarından biri sayılan “Tanrının gözü” hekayəsində bu bədii uğura nail olub deyə bilərik .Bu hekayədə Qəmsiyyə obrazı əsl bədii portretdir.Üzünün ifadəsi, geyimi ,üz çizgiləri ,danışığı ,(az danışsa da ) hərəkərləri digər obrazlara aydın münasibəti və bunlar vasitəsilə də daxili aləminin açılması əsl bədii portret yaradan yazıçının uğurudur.Bu da müasir yazıçının hekayədən hekayəyə keçdiyi inkişaf yolunu,bədii dilinin cilalandığını,püxtələşdiyini göstərir.
Məhsuldar yazıçının həvəslə yazdığı hər bir hekayə- istər bədiilik cəhətdən zəifi olsun ,istərsə də seçiləni .Hər biri araşdırmaya,təhlilə layiqdir .Yazıçının hekayə yaradıcılığında qarşımıza çıxan bütün hekyələrini məsuliyyətli oxucu kimi oxumağı,tələbkar tənqidçi kimi təhlil etməyi qarşıma məqsəd olaraq qoymuşam.
“Cəngi” hekayəsi – Hekayə şəhid Məğrur İsgəndər oğlu Şirinovun xatirəsinə həsr olunmuşdur.Yazıçı həyatı olduğu kimi təsvir etməklə ,sanki gizli,sözaltı bir fikir -əsl münasibətini saxlayır,demir.Tələbələri yataqxanadan çıxaranda hekayənin təhkiyəçisinin dediyi cümlələrdə(“….gecə vaxtı isti otaqlarından qovduq yazıqları..Get ,vuruş! ..dedik..”)yurdundan-yuvasından qovulanların özlərinin özlərinə qarşı nifrəti,əsəbiliyi hiss olunur.”İnsan zülmə tabedir”fikrini yadımıza salaq.Yazıçı hekayədə onların yataqxana həyatına “alışmalarını”,qoyub gəldikləri axarlı-baxarlı yurdlarının əvəzində”yayı qızmar küləkli” Bakıya öyrəşmələrini göstərməklə dəqiq təsvirə nail olmuşdur.Yazıçı sadəcə yazır”….çox sırtıldıq”.Yaranan suallara isə oxucu özü cavab tapır.Bu “günahın” “elini-obasını atıb gələn” əhalidə olmadığını gözəl anlayır.Yazıçı bunun üçün hay-küy salmır,özünümüdafiəyə keçmir,dəlil-səbəb gətirmir.Sadəcə görünən vəziyyəti yazır.Əslində isə hər şey göründüyü kimi deyil.Yataqxanalara “sığışıb yaşayanlar”ağır ellərin ayrı-ayrı hissələridir.Bu yazıçı niyətini oxucu özü tez tapır.Hadisələrin ardıcıl inkişafı oxucunu süjet xəttindən ayrılmağa qoymur.Yazıçı heç oxucusunu intizarda saxlamaq da istəmir ,buna çalışmır,sadəcə hadisələrin şəklini çəkib göstərir.Axıcı,rəvan təhkiyəyə sahib olan yazar kənd həyatının dəqiq təsvirini çəkə bilir.Onun sakit təhkiyə axarında əslində isə biz acı bir nisgilin,faciənin gözümüzün qarşısındaca böyüyə-böyüyə qocaldığını ,”qaçqın ,köçkün camaatı” içindən gəmirib yediyini görürük.Bu çəkilməyən yurd nisgili günlərini bir-birinin evində keçirən kənd camaatını indi bir-birindən soyudub,yad,tanınmaz,soyuqqanlı edib. Vuruşub şikəst gələnini də bu nisgil məhv edəcək,xlor satanını da… Bəzən yazıçı hekayənin qəhrəmanı Məgrurun dili ilə yazıçı öz vətənlərindən istər-istəməz yadırğayan yurddaşlarının ovqatını təsvir edir.Yazıçının “Cəngi” hekayəsində qarşıya qoyduğu problem o biri hekayələrində olduğu kimi aktualdır.Öz həllini tapmış sayılır.
Hekayədə milli ruh,milli musiqiyə ,elinə,kökünə bağlılıq sadə, təbii formada əks olunub .Döyüşçünün “Baş Sarıtelli” aşıq havası ilə ölümü təsirli şəkildə verilmişdir.Əslində bu ölüm torpaq ,el-oba həsrəti çəkən yurddaşların içindəki vüqarın ,mənliyin,dözümün ölüm təntənəsi idi.Hekayədə obrazların təsvirində bir natamamlıq,tələskənlik nəzərə çarpır. Ən əsası isə hekayənin adınıın bədii həlli tam açılmır.Məgrurun ölüm səhnəsində onun son nəfəsini məgrur ,döyüşkən milli ruhumuzun himni olan “Cəngi” sədaları ilə tapşırması daha təsirli olardı .Fədakar döyüşçüyə belə vida yaraşardı .
“Namus dağı” hekayəsi mövzu cəhətdən digər hekayələrindən kəskin şəkildə fərqlənir. Biz “Sağır-nun” ,“Türkün məsəli” , “İşıq pulu “ ,”Bəxti-xuda” kimi hekayələrdə məzəli hadisələr,məişət qayğıları,qonşuluq münasibətləri və digər kiçik ziddiyyətlərlə qarşılaşırdıqsa,”Namus dagı”nda daha ciddi,daha dərin bir ziddiyyətin şahidi oluruq.Burada dərd ,bəla 1-2 nəfərin yox,bütöv bir xalqın,millətin dərdidir,dağıdır.”Namus dağı”hekayəsinin mövzusu iki kiçik qızın dostluğu fonunda mənfur ermənilərin türklərə,azərbaycanlılara qarşı başladıqları çoxşaxəli düşmənçiliyin acı nəticələrindən bəhs edir.Hekayənin müəllifi demək istəyir ki,bu açıq ,gizli hərtərəfli düşmən həmlələri biz millətə qarşı yönələn,bizi sındırmaq istəyən yoldur.Və nə yazıq ki,bu bu düşmən çox məkrli,insanlığa yad işlər etməkdən çəkinməyəndir.
Mövzu həyat həqiqətlərini tam əks etdirir.Hekayə elə bəşəri bir hadisə üzərində qurulub ki,əslində bu “namus dağı “ təkcə biz türkləri damğalamaq, anlımıza qara ləkə vurmaq üçün yox,həm də insanlığı “dağlamaq” üçün tuşlanıb.Erməni bütün insanlığa yad olan işləri həyata keçirər,təki türk mənliyini əzə bilsin .Amma bunu nə qadınlarımızda ,nə də kişilərimizdə görmür.Qanında bir qətrə türk qanı olan bəşər ovladı əsirlikdə də ,azadlıqda da ,düşmənlə eyni şəhərdə də,eyni istirahət yerində də öz türk qürurunu uca tutur,hər gün ölüb-dirilsə belə…Budur düşmənlərimizi hər an quduzlaşdıran. Əslində hekayə özü-özülüyündə erməni mənfurluğu haqqında əsl həqiqəti bir məktubla özlərinin diliylə,əliylə açıb göstərir.Biz necə bir düşmənə məğlub olmuşuq,biz necə bir düşməndən talanmış yurdlarımızı geri almalıyıq? sualı bu hekayədə bədii həllini tapmışdır.Düşmənimiz nələrə qadirdir?Onu necə məhv etmək olar?Onlardan nələrə görə intiqam almalıyıq?Sadə bir ziyalı obrazı vasitəsi ilə yazıçı bizi agah edir ki,biz hər şeydən əvvəl kiçik günahsız qızcığazlarımızın intiqamını almalıyıq.
Yazıçı belə bir müqayisəyə bədii əsərdə nail olur və bizim gözlərimiz önündə canlandırır:Bir tərəfdə ailəsi ilə sanatoriyaya müalicəyə və dincəlməyə gəlmiş azərbaycanlı,digər tərəfdə isə onun dağlardan ağır vüqar,namus ,Vətən dağı! Dincəlmək mümkünmü?! Mövzu öz bədii həllini tapır.Harada olursan ol,Vətənin tapdaq altındadır,qadınların,qızların təhqir olunub.Bu nəticəyə gəlirik ki,əsl Vətən oğlu bu ağrıları özündə gəzdirər,gəzdirər,intiqam gününü gözləyər,mübarizə aparar,haqq-ədalətlə qisas alar.Əslində hekayənin qarşıya qoyduğu bəşəri ,milli məsələ-milləti təhqir etmək, ,onu “cılızlaşdırmaq”, bu yolla türklərdən intiqam almaq kimi düşmən məkri oxucuya çatdırılır.”…Mən doğuram ,o isə fransız müştərisinə satır..” “…… bircə onu bilirəm ki,türkəm,türk olduğuma görə ən rəzil təhqirlərə dözmək məcburiyyətindəyəm.Amma heç özüm də bilmirəm ki,türk olmaq niyə bu qədər rəzalətmiş….”
Günahsız Zeynəbin bu sözləri düşmənin necə türk mənliyini təhqir etməyə susadığını göstərir.Hekayədə real vuruşan düşmən obrazı olmasa da,onun kabusu ,əməlləri düşmənimiz haqda təsəvvür yaradır.Hekayəni Xocalı faciəsi ,Qarabağ müharibəsi haqda yazılmış heç bir əsərlə müqayisə etmək fikrində deyiləm .İstər Sevindiyin “İşgal” romanı olsun,istər Ş.Sadiq və MüşfiqXAN-ın “Ümidlərin izi ilə “romanı olsun ,istərsə də R.Bəgüşadlının “Namus dağı “ hekayəsi olsun .Bu əsərlər azərbaycanlı müəlliflərin ürək ağrıları ,ürək qanları ilə yazılmış əsərlərdir.Mövcud məglubiyyətimizi bizə bir daha xatırlatmalarıdır.Hekayə mövzusu üçün seçilmiş fakt,məkan cəlbedicidir.Hekayənin dili Bərgüşadlının o biri hekayələrində olduğu kimi təsirli ,aydın və maraqlıdır.Bədii təsvir vasitələri yerli –yerinində işlədilir.Obrazların daxili aləmi bir neçə cümlə ilə açılır ,oxucuya göstərilir:”….bu sinə dağını dağlara çəksəm ,dağ yarılar,xanım! ……mən bu qeyrətlə gürcünün üzünə dik baxa bilmərəm.Mən bu namus dağını ancaq özümüzkülərin içində sindirə biləəm,xanım”. Hekayə həyat həqiqətlərini.milli,bəşəri məsələləri əks etdirən ,acı da olsa məğlub ruhumuzun hekayəsidir.
“İşıq pulu “ hekayəsi “Ədəbi Azadlıq-2012” müsabiqəsinin “Finalçı”mükafatına layiq görülmüşdür.Hekayənin mövzusu ailə-məişət mövzusudur. Hekayədə Yeni il qabağı Möhsün müəllimin və ailəsinin başına gələnlərdən danışılır.Əsərin ideyası ailədə ata və ananın eyni dərəcədə ailə səmimiliyini saxlaya bilmələri, insanın mənəvi cəhətlərinin maddi çətinliyə həmişə qalib gəlməsidir.Hekayə janrın tələbinə uyğun yazılıb ,çoxşaxəli və surətlərlə zəngin deyil.Mövzu aktual mövzudur.Müasir dövrdə ailənin kommunal xərclərinin çoxluğu,maddi sıxıntıdan xilas olmağın yollarının axtarılmasıdır.Əsərin süjet xətti çox sadədir,,oxucunu cəlb edir.Hekayənin əvvəlindəki dialoqun sətirlərinə göz gəzdirdikcə oxucunun üzünə təbəssüm qonur.Haqlı,haqsız gileylərdən obrazların xarakteri açılır,çozələnir.
Möhsün müəllim hekayənin qəhrəmanıdır.Onun hallalığı ,təmkini ,övladlarını sevməyi ,qonum-qonşuya hörmət etməyi,həyat yoldaşı Aşanı hövsələ ilə dinləməyi onu oxucusuna sevdirir.Möhsün müəllim həm də aciz deyil,bacarıqlıdır,çətin vəziyyətdən çıxış yolu tapa bilir.O ,camaatın da güzəranını düşünür,alternativ enerji mənbələri axtarır,elmi iş yazır,əlavə dərs deyir,çalışır,ailəsini dolandırır.Amma Möhsün müəllim yazıçı tərəindən tam ideal bir ziyalı kimi işlənməmişdir.O, başqasının yanında və ya evdə həyat yoldaşı Aşaya əl də qaldırır.Möhsün müəllim ,işin-gücün çoxluğundan həyat yoldaşına nəvaziş də göstərmir.Bunun başqa bir səbəbi də Aşanın acı dili və ailə qayğılarıdır.Möhsün surəti müasirdir,realdır və bu günümüzün az sayda olan kişi müəllimlərinin ümumiləşmiş surəti sayıla bilər.Aşa da əsərin əsas surətidir. Evdar qadın dili və “fəaliyyəti”,çox danışmaq və bərkdən danışmaq,hər işdə ərini haqsız saymaq,yeri gəldikdə qonşuların yanında ərini acılamaq,işıq ,su,qaz pulu üçün gələnlərlə “dava”da qalib çıxmaq bu surət üçün ölçülüb-biçilmişdir.Bu surətin xarakterinin dəyişilməyi yazıçı tərəindən qəfildən göstərilir.Buna səbəb isə ərinin onun günahını öz boynuna götürməsi olur.Bu oxucu üçün gözlənilməzdir.Oxucu bunu qəbul etsə də,Aşanın əri ilə mehriban rəftarını müşahidə etsə də,sonrakı günlərdə ,aylarda (yazıçı onların sonrakı mehribançılığını da təsvir edir) Aşanın formalaşan xarakterində bu haqsız gileylərin ,deyingənliyin olmayacağına inanmır.Hekayədə polis şöbəsində olan “alver”,Möhsün müəllimin oğlu Gülağanı dərsi öyrənmədiyinə görə sinifdə tənbeh etməsi kimi cəhətlər əsas mövzu ilə birləşir.Məqsəd , yazıçı niyyəti insanın mənəvi saflığının qorunmasını aşılamaqdır.
Müasir nəsrimizdə əxlaqi keyfiyyətləri önə çəkən ,öz tərbiyəvi əhəmiyyəti ilə örnək olan ailə-məişət və daxili saflıq mövzusunda yazılmış ən yaxşı hekayələrdən biridir.Hekayə ailədə qarşıya çıxan kəskin problemlərin həlli yollarını düzgün göstərir. Buna görə hekayə təqdirəlayiqdir.
Hekayənin dili sadə,axıcı ,şirin,dialoqlar yerli-yerindədir,obrazlar həm öz danışıqları,həm də müəllif təhkiyəsi vasitəsilə bizə tanıdılır.
“Bəxti-xuda” hekayəsi maraqlı süjet xətti,yaddaqalan mövzusu ,nikbin sonluğu ilə oxucuda bir rahatlıq,məmunluq doğurur.Hekayənin adını oxucu yadında saxlayır ,məzmununa yaraşdırır.Mövzu şəhər və kənd həyatının ,eləcə də şəhər və kənd adamının qaynayıb –qarışması,”xoşbəxtlik axtarışına “çıxanların gözlənilməz nikbin sonluğu oxucuda xoş ovqat yaradır.Yazıçı bunu elə sadə,şirin dillə göstərir ki,oxucu hekayənin nə vaxt sona çatdığını bilmir.Hekayədə əhvalat təhkiyəçinin dilindən verilir.”Bəxti-xuda”nın maraqlı süjet xətti var.Hadisələr nə qədər tez,gözlənilməz inkişaf etsə də,yazıçı oxucunu buna inandırır ,inandırıcı dialoqlar,konkret qərarlar göstərir və yaranan xoşbəxt ailənin sonrakı rahat yaşayışı ilə oxucusunu tanış edir.
Əslində həm Səfurə,həm Bərxudar,eləcə də oğulları müasir dövrün adamlarıdır,realliğı qəbul edirlər.Hekayədə müsbət surətlərin xoşbəxtliyi ,onların düzgün qərarları əxlaqlı Azərbaycan ailəsinin qurulmasına səbəb olur.Başqa hekayələrində olduğu kimi,”Bəxti-xuda” hekayəsində də yazıçının dağılmış ailə yox,yalnız sağlam,xoşbəxt ailə təsviri müasir dövrlə səsləşir və böyük tərbiyəvi əhəmiyyət daşıyır.
“Sağır -nun” hekayəsi –Epiqraf nədən söhbət gedəcəyini xəbər verir və oxucunun üzünə təbəssüm qonur.R.Bərgüşadlının bəzi hekayələrini birləşdirən ən ümdə cəhət yumor hissinin hekayəyə hakim kəsilməsidir.Yazıçı kənd həyatını sadə dillə təsvir edə bilir .Bu həyat öz halallığı ,zəhmətinin çoxluğı,abır-həyası ilə gözlərimiz önündə canlanır.Müəllif kənd həyatına dərindən bələddir.Bölgəyə uyğun seçilmiş dialektizmlər,vulqarizmlər danışığı canlandırır.Hətta sağır-nun səsinin də bu bölgədə “köhlən atını səyritdiyini” dönə-dönə görürük və bu şirin ləhcədən ləzzət alırıq.Dialoqlarda vulqarizmlərin çoxluğu əsərin mədəni ,tərbiyəvi əhəmiyyətini korlayır.Dialoqlar hekayədə olduqca uzanır,oxucu yorulmasa da, bu dialoqun dəyişməsini istəyir.”Sağır-nun” hekayəsi elə dialoqla da bitir.Oxucu üzündə gülüşlə yanaşı ,qovuşa bilməyənlərə qarşı bir təəssüf hissi də duyulur.Hər şeydən əvvəl hekayənin adı ,hekayədə qoyulan hadisə ilə uyğun gəlmir.Hekayənin adının dəyişdirilməsi məqsədəuyğun olardı.Düzdür,sağır –nun danışıqlara şirinlik gətirir,əsərin bədii dil xüsusiyyətləri özünəməxsus olur,amma hekayənin mövzusu və ideyası ilə səsləşmir.Kənd adamı üçün əsas olan el qınağı, təmiz ad,başqasının ailəsini dağıtmamaq kimi vacib olan “qanunlar” əsərin “özümüzün əsəri” olduğunu bir daha göstərir.
“Türkün məsəli” hekayəsi şirin yumoru baxımından müasir Azərbaycan nəsrində son illərdə yazılmış heç bir hekayə ilə müqayisə oluna bilməz.”Sağır-nun “hekayəsində oxucunun çöhrəsində tez-tez görünən gülüş “Türkün məsəli “hekayəsində şirin qəhqəhələrə çevrilir.Və bu qəhqəhələr əsərin sonuna kimi davam edir.Həm də təsəvvür edəndə ki,bu qəhqəhələrlə özümüzə gülürük.(Mirzə Cəlilsayağı) .Bu gülüşlər bitəndə kənd qadınlarının ağır əməyi,tarlalarda müxtəlif xəstəliklər tapmaları,doğulan xəstə uşaqların taleyi haqqında düşünürük ..Yazıçı hekayənin adını düzgün seçib.Çünki hekayədəki obrazlar hər kəlməbaşı “türkün məsəli” ifadəsini işlətməlidirlər.Amma işlətmirlər .Bu ifadə tez-tez işlənməsə də yeri görünür,elə əsəri maraqlı edən də budur… Çünki dilimiz məcaziliklə,çoxmənalılıqla zəngindir.Özümüz sözə bilə-bilə xüsusi intonasiya ,çalar qatanda “türkün məsəli” ifadəsinə “ehtiyac” duyulur.Hekayənin süjet xətti dialoqlarda inkişaf edir .Sonra isə çalğıçıların gəlişi,Səlimovun gəlişi və gedişi ,qadınların davası hekayənin süjet xəttini tamamlayır.Hekayə bədii təsvir vasitələri ilə zəngindir.
“Lənət” hekayəsi Bu hekayə yazıçının digər hekayələrindən fərqlənir.Həm mövzu fərqliliyinə, həm də novella təsiri bağışladığına görə.Hekayənin mövzusu avtobusla səfər və səfər zamanı sərnişinlərin başına gələn xoşagəlməz hadisələrdən bəhs edir.Hekayənin ideyası belədir- hamının toxunulmaz saydığı dəyərləri sən də müqəddəs qəbul edəcəksən ,hörmətlə yanaşacaqsan ,yoxsa, lənətlənib ,məhv olarsan.Süjet xətti bəzi məqamlarda dözülməz, yorucu təsir bağışlayır.Hekayənin təhkiyəçisi lənətlənmiş hekayə qəhrəmanına acıyır,çünki o da cəmiyyətin bir üzvüdür.Hekayədə hadisələrin cansıxıcılığı ,xoşagəlməzliyi diiqqəti cəlb edir.
“Dik” hekayəsi -novella adlandırıla bilər .Burada cinayətkarın özünü təqdimetməsinin müfəssəlliyi məzəlilik doğurur.Novellanın ideyası canlıların bir-birinə ,eləcə də insanların heyvanlara məhəbbət və qayğı göstərməsidir .Əsəri novella edən Ariz surətinin” özünün özünü “ələ verməsidir.R.Bərgüşadlının məlum müttəhim,şahid-müstəntiq ənənəsini əksinə çevirməsi də novellanı oxunaqlı edir.Cinayətkar hadisəni bütün incəlikləri ilə nəql edir və süjet xəttini gözlənilməz sonluqla başa çatdırır.Əsərdə varvarizmlərə,vulqarizmlərə ,hətta terminizmlərə də rast gəlinir.Əsərdə itin adının tərcüməsinin müəllif tərəfindən dəqiq deyilməməsi də oxucuda maraq doğurur.
“Mutant” hekayəsi Mövzusu səfər zamanı baş vermiş hadisələrdən götürülmüşdür.Yazıçı hekayədə türk birliyini,bizim düşmənimizin eyni olduğunu gostərmiş,türklərin hər yerdə mərd,igid,cəsarətli,sözübütöv olmalarını oxucusuna çatdırmaq istəmişdir.Hekayə kiçik sərgüzəştlər ,məcəralarla boldur.”Lənət” hekayəsində olduğu kimi ,bu hekayədə də təhkiyəçi mənfi obraza –Kostyaya nifrət bəsləyə bilmir ,ona yazığı gəlir.
“Dəmir duası” hekayəsinin mövzusu fərqlənsə də ,”Mutant “ hekayəsi kimi o da şirin dili ilə oxucunu cəlb etmir .Hekayədə yeni tikinti işinə xeyir-dua vermək üçün molla dəvət olunmasından danışılır.Amma molla “dəmir duası” adlı bir dua bilmir.Hekayə müasir mollaların qazanc yollarından bəhs edir.
“Təbrizin küçələri dolanbadolan” hekayəsi Bu hekayə səfərə çıxmış ata və balanın təəssüratlarını,səfər zamanı başlarına gəlmiş,şahidi olduqları hadisələri göstərir.Bəzən bunun hekayə yox ,oçerk,məqalə olduğunu düşünür,bədii –publisistik bir yazı oxuduğunu hiss edirsən.Amma əsəri oxuduqca Təbrizin təsviri, dahi şairimiz M.Şəhriyarın məzarının ziyarəti ,qanı qan ,canı can olan qardaşlarımızın Vətən həsrəti ,oğulun az xərclə sağalması bizə unudulmaz ,həyəcanlı duyğular yaşadır.Yazı bədii-publisistik oçerk adı ilə təqdim olunsa,daha çox uğur qazanar,üslub xətalarından xilas olar.
“Təhqir olunmuş vicdan” hekayəsi Hekayə birinci şəxsin dilindən yazılmışdır. Mövzusu elm adamlarının həyatından ,işindən-gücündən danışır.Hekayədə müəllifin qayəsi elm adamının işinə ,tədqiqatlarına qiymət verilməməsi ,düzgün elmi tövsiyələrin kimlərinsə”bazarına” mane olmasıdır.Hekayədə süjet xətti inkişaf etdirilməmiş, alim Əkbər Vəliyev obrazının elmi fəaliyyəti yarımçıq qalmışdır.Əslində televiziya verlişində qarşıya qoyulan problem aktual,həllini gözləyən problemdir.
“Dovşan” hekayəsi Hekayənin mövzusu baş vermiş bədbəxt bir hadisənin gəncin həyatından silinməməsi ilə bağlıdır.Hekayəni oxuyan oxucu fikirləşir ki,deməli , bir səhv addim bir neçə həyatı zəhərləyə bilər.Hekayədə dəqiq yazıçı münasibəti aydın olmur . Hekayənin mərkəzində hadisə var .Amma hekayə ilk qələm təcrübəsini xatırladır. Yenidən işlənsə, həcmi genişləndirilsə, keyfiyyətli hekayə kimi yazıçının yaradıcılığında yaxşı yer tuta bilər.
R.Bərgüşadlı hekayələrinin müasir Azərbaycan hekayə janrı üçün təzəliyi nədədir?
Yazıçının yumorla dolu hadisələrin daxilində insanın Vətən problemini ,içi təəssüflə dolu vətəndaş obrazını gizlədə bilməsi təzədir.Onun hekayələri nə müasir köşə yazılarının,nə də esselərin məna yükü ilə yüklənb.Onun hekayələrinin daxilində bir narahat azərbaycanlı obrazı canlanır. O həm ziyalıdır,həm kəndlidir, həm də döyüşçüdür. Yarımçıq qalmış işini -tapdanmış Vətən ləyaqətinin qisasını düşünür.
R.Bərgüşadlı hekayə janrında ilk addımlarını atır,çox zaman məzmun və forma vəhdəti pozulur,süjet xəttinin tələbləri pozulur.Amma o,xəlqilik ideyalarına əsaslandığı üçün,realizmi əlində əsas silah seçdiyi üçün hekayə yaradıcılığında büdrəmir,əksinə,hər yeni hekayədə daha da inkişaf etdiyini görürük.O,xalq həyatına ,dilinə,adət-ənənələrinə yaxşı bələddir.Son gəldiyi nəticə də xalqın ,camaatın söylədiyi fikirdir.

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10