Rəsul Rza və sovet pasportuna ironik münasibət – Salidə Şərifova

17 Baxış

Без названия

Rəsul Rza yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Bir tərəfdən Rəsul Rza görkəmli sovet şairi kimi tanınır. Digər tərəfdən isə Rəsul Rza yaradıcılığı Sovet dövrünədək Azərbaycan ədəbiyyatının ənənələrini öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirib, SSRİ hakim dairələrin destruktiv təsirindən qoruyaraq gələcək nəsillərə bu ənənələri ötürə bilmişdir. Maraqlı məqamdır ki, bu missiya onun oğlu Anar tərəfindən davam etdirilmişdir. Çağdaş Azərbaycan ədəbiyyatının inkişafı Sovet dövrünə xas əbədi ənənələrin əvvəlki tarixi dövrlərdə formalaşmış ənənələrə qovuşaraq onun əsasında inkişafda olmuşdur. Rəsul Rza bir tərəfdən sovet şairi olaraq sosialist ideyaların təbliği ilə məşğul idi. Digər tərəfdən isə onun yaradıcılığı vahid Azərbaycan ədəbi məkanın qorunub saxlanılmasında xüsusi rol oynamışdır. Bir tərəfdən Rəsul Rza məsul vəzifələrdə (o cümlədən Azərbaycan Yazıçılar İttifaqının rəhbəri vəzifəsində) fəaliyyət göstərmişdir. Digər tərəfdən Rəsul Rza Sovet hakimiyyətinin keçirdiyi represiyalara qarşı açıq etiraz etmişdir. Bir tərəfdən Rəsul Rza Sovet sistemini tənqid etmiş, bu sistemin əsas prinsip və ideyalarını inkar etmişdir. Digər tərəfdən, faşizm ilə mübarizədə Böyük Vətən Müharibəsində hərbi müxbir kimi fəaliyyət göstərmişdir. Bu baxımdan, Rəsul Rza yaradıcılığını bir körpü kimi qəbul etmək olar: Azərbaycan ədəbi ənənələri keçmişdən müasirliyimizə ötürən, vəzifəli şəxsi vətəndaşlıq borcu ilə birləşdirən, Şimali Azərbaycanın ədəbi məkanını Cənubi Azərbaycanın ədəbi məkanı ilə birləşdirən, millilikdən ümumbəşəriliyə aparan körpü.

Keçmişi müasirliklə birləşdirən mədəni-mənəvi körpü

Azərbaycan ədəbiyyatı tarixində sərbəst şeir vəzninin inkişafına təkan vermiş,sərbəst şeirin formalaşmasında ardıcıl axtarışlar aparmış, əsərlərinin çox hissəsini bu şeir vəznində qələmə almış Rəsul Rzanın yaradıcılığının alt qatında həmişə Sovet hakimiyyətinə qarşı olması özünü bildirmişdir. Bu istər müasir mövzuda yazılmış əsərlərdə, istərsə də tarixi mövzularda qələmə alınmış əsərlərdə özünü göstərmişdir. Məsələn, Sovet dövründə qələmə alınmış və milli özünüdərki təbliğ edən “Babək” (1977) poemasında da bununla rastlaşırıq:

Qan qurumuş dodaqlarından

qopdu qaynar kəlmələr.

Gəlmələr!

İtlər!

Bu nifrəti təkrarladı

qolu bağlı

babəkçilər – igidlər.

Qulaqlara qaynar ox kimi

sancıldı bu kəlmələr.

Gəlmələr!

İtlər!

Rəsul Rza bu misralarla yalnız xilafətə qarşı mübarizə aparmış Babəkin etdiyi şücaəti, qəsbkarlara, doğma Vətənini işğal edənlərə qarşı nifrətini deyil, həm də Azərbaycan Xalq Cümhuriyyətini məhv edənlərə olan münasibətini də əks etdirir. Doğma yurdunu qəsb edənlər istər keçmiş tarix zaman kəsiyində, istərsə də müasir durumda qəsbkar gəlmələrdir:

Vurun!

Vurun!

Bu torpağın oğulları!

Tapdamasın yurdumuzu

gəlmələr.

Kimdir onlar! –

Xilafətin qulları!

Xalqın yaralı dilinə

Mütilik məlhəmi qoyanlar.

Sənətkarlıq xüsusiyyətləri ilə fərqlənən Rəsul Rzanın qələmə almış olduğu bu misralar istibdada, mütiliyə bədii etirazı kimi diqqətdən yayınmır. Qəlbi Vətənin istiqbalı üçün döyünən şairin müasir durumu keçmiş dövrdəki qəsbkarların durumunda təqdim edilir.

Rəsul Rzanın “Çinar” (1935) şeirində şair öz gücünün mənbəsinin keçmişə bağlı olmasını vurğulayır:

Bu torpaqda dərindən kök salaraq,

hər tərəfə uzatmışam qolumu,

övladlarım bürüyüb sağ-solumu.

Belə məğrur dayanmağa haqlıyam.

Mən kökümlə bu torpağa bağlıyam

Rəsul Rzanın tərcüməçilik fəaliyyəti də Azərbaycan bədii irsinin qorunub saxlanılmasına, onun müasir soydaşlarımız tərəfindən unudulmamasına yönəlmişdır. Dünya ədəbiyyatından etdiyi tərcümə nümunələri ilə yanaşı Rəsul Rza, həmçinin Azərbaycan ədəbiyyatında fars və ərəb dillərində qələmə alınmış klassiklərin əsərlərini doğma dilimizə tərcümə edərək Azərbaycan oxucularının ixtiyarına verməyə nail olmuşdur. Rəsul Rzanın XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını, XIII əsr Azərbaycan şairi Şəms Təbrizini, XIII əsr türk şairi Cəlaləddin Rumini, XIV əsr türk şairi Yunis İmrəni və digər ədiblərin yaradıcılıqlarını tərcümə etməsi xüsusi əhəmiyyət kəsb edir.

Rəsul Rza yaradıcılığı ilə yanaşı onun həyatı da keçmişi müasirliklə birləşdirən mədəni-mənəvi körpü olmuşdur. Rəsul Rzanın Nigar Rəfibəyli ilə ailə həyatı qurması da bunu əks etdirir. Rəsul Rza komsomol qəzeti olan “Gənc işçi”də işləyərkən – 1931-ci ildə Nigar Rəfibəyli ilə tanış olur. Nigar Rəfibəyli isə xalqının azadlığı yolunda mübarizə aparan siyasi və ictimai xadim olmuşXudadat bəyin qızı idi. Bəy nəslindən olan Nigar Rəfibəyli Sovet ideologiyası baxımından həmişə şiddətli tənqidlə üzləşmişdir. Qeyd etməliyik ki, Nigar xanımın babası Ələkbər bəy Rəfibəyli tanınmış maarifçi, “Difai” partiyasının yaradıcılarından biri olmuşdur. Atası isə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ilk səhiyyə və sosial təminat naziri, daha sonralar isə Gəncə quberniyasının valisi olmuş Azərbaycanın şuralaşdırıldığı ilk günlərdə daşnaklar tərəfindən həbs edilərək Nargin adasında güllələnmiş ilk ali təhsilli cərrah-həkim Xudadat bəy Rəfibəyov idi. Nigar Rəfibəyli özünün poetik dillə qeyd etdiyi kimi şanlı nəsilə aid idi:

Vətən torpağında iftixar olan

Şanlı nəsillərin yadigarıyam.

Nigar Rəfibəyli bəy nəslindən olduğu üçün Sovet hakim dairələr tərəfindən təzyiqlərə məruz qalırdı. Lakin Nigar xanıma qarşı olan birtərəfli münasibətlər Rəsul Rzanı qorxutmur. Rəsul Rza 1937-ci il fevralın 11-də Nigar Rəfibəyliylə evlənir. Rəsul Rzanın bu addımı dövrü üçün, yəni 1937-ci ildə hökm sürən represiyaların tüğyan etdiyi dövr üçün cəsarətli addım idi. Rəsul Rza bu addımı ilə yalnız Bağırova verilən siyahıda adı yazılmış bəy qızını sürgündən xilas etmir, həmçinin Nigar Rəfibəyli imzasını Azərbaycan ədəbiyyatına qaytarır. Rəsul Rza özü qeyd etdiyi kimi, ağıllı, qayğıkeş, mərd bir qadın olan Nigar xanım ona lazım olan xanım kimi onunla birlikdə dövrün keşməkeşli sınaqlarına bərabər sinə gələrək Azərbaycan ədəbiyyatına Anar kimi ədib də bəxş edirlər.

Qulluqdan vətəndaşlığa keçid körpüsü

Maraqlıdır ki, repressiyalara qarşı açıq çıxış etmiş Rəsul Rza 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədri təyin olunmuşdur. Rəsul Rza müxtəlif illərdə əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri, Azərbaycan SSR Kinematoqrafiya naziri, ilk Ensiklopediyamızın Baş redaktoru, Asiya, Afrika Ölkələri Sovet Həmrəyliyi Komitəsinin sədri və s. kimi məsul vəzifələrdə fəaliyyət göstərmişdır. Bununla belə, Rəsul Rzavətəndaş movqeyini açıq şəkildə nümayiş etdirmiş, qələmə almış olduğu bədii əsərlərində, məqalələrində və çıxışlarında Sovetlərin nöqsanlarını tənqid etmişdir. Bu baxımdan, represiya problematikasına həsr olunmuş “Qızılgül olmayaydı” poemasına xüsusi diqqət yetirmək olar. R. Rzanın repressiya qurbanı, şair Mikayıl Müşfiqin həyatı və taleyi əsasında Sovet rejiminin antihumanist mahiyyətini açıb göstərən “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Şairin repressiya qurbanlarını Sovet dönəmində xatırlaması və bunun haqqında əsər qələmə alması şücaət tələb edirdi. Mikayıl Müşfiqlə yaxın münasibətdə olmuş Rəsul Rza onunla dost olmasını gizlətməmişdir: “Yaşıdlarım olan yazıçılar arasında mən M. Müşfiq ilə çox yaxından bağlı idim. Müşfiq yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 1937-ci ildə faciəli surətdə məhv oldu. Biz Müşfiqlə yalnız dost deyildik. Eyni zamanda onunla yaradıcılıq işi ilə bağlı idik”. R. Rza şair həmkarının həyat və taleyinin simasında zəmanəsinin cəmiyyətinin faciəsini açıqlamağa nail olmuş, ümumiyyətlə, 30-cu illər cəmiyyətinin faciəsini açıb göstərmişdir. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. Mikayıl Müşfiqin bədii obrazını təsvir edən “Qızılgül olmayaydı…” poemasında təhkiyənin bu forması əsərin sonuna qədər davam etdirilir və şairin canlı obrazı oxucunun gözündə canlandırılır:

Ürəyi sadəydi, zəngin idi,

Bahar kimi.

Tək – nadir deyildi,

Şairlərdən biri

Vətəndaşlardan biri,

ən yaxşı adamlardan biri idi.

Sovetlər İttifaqının apardığı siyasətə qarşı etiraz Rəsul Rza yaradıcılığında bəzi hallarda satirik şəkildə özünü büruzə vermişdir. Bu baxımdan, Rəsul Rzanın V. Mayakovskinin “Sovet pasportu” şeirinin tərcüməsi kəskin tənqidə məruz qalmışdır. M. Arif Rəsul Rzanın XX əsr rus şairi Vladimir Mayakovskidən etdiyi tərcümələrə toxunaraq qeyd etmişdir ki, “Mayakovski sovet pasportunun üstünlüyünü və qüvvətini vətənpərvərlik iftixarı ilə təsvir edərək deyir: “Молоткастый, серпастый советский паспорт”. Burada işlədilən sifətlər yeni sözlərdir.

“Молоткастый, серпастый” (yəni çox böyük çəkicli, çox böyük oraqlı) sözləri ilə sovet pasportu daha əzəmətli və qüdrətli səslənir. Rəsul Rza bu sözləri “Çəkicciyəzli, oraqcığazlı sovet pasportu” şəklində tərcümə etməklə Mayakovskinin təşbehlərini qüvvətləndirmək əvəzinə daha da zəiflətmişdir”. Bunları Mayakovski özü yaratmışdır, mənası “çəkicli, oraqlı sovet pasportu” deməkdir. Lakin bu yeni sifətlərdə bir qüvvət, mübaliğə vardır. Rəsul Rzanın V. Mayakovskinin “Sovet pasportu” şeirində “молоткастый, серпастый советский паспорт” ifadəsini özü bilərəkdən “Çəkicciyəzli, oraqcığazlı sovet pasportu” şəklində tərcümə edərək, Sovet sisteminə qarşı mənfi münasibətini ironik şəkildə oxuculara çatdırmışdır.

R. Rzanın Mayakovskiyə münasibəti onun sovet təbliğat ədəbiyyatına ümumi münasıbətini əks etdirir. Rəsul Rzanın Mayakovski haqqında yazdığı fikirlər bunu təsdiq edir: “1927-1930-cu illərdə mən Yesenini çox oxuyurdum. Bəzi tənqidçilər mənim yaradıcılığımı demək olar ki, ilk günlərdən Mayakovski ilə bağlamaq istəyir və şeirlərimdə mütləq onun təsirini tapmağa çalışırdılar. Əlbəttə, Mayakovski elə böyük sənətkardır ki, onun müasir bir sovet şairinə yaradıcı təsiri təbiidir. Ancaq deməliyəm ki, 31-ci ilə qədər mən Mayakovskinin yaradıcılığına mənfi bir münasibət bəsləyirdim. Hətta, mən Tiflisdə təhsil aldığım zaman Mayakovski Tiflisə gəlmişdi, bizim məktəbdə onun gecəsi oldu. Mən o gecəyə getmədim”.

 

Şimalı və Cənubu birləşdirən mədəni-mənəvi körpü

 

1941-ci ilin avqust ayında sovet qoşunları İrana daxil olmuşdur. Qısa bir müddətə olsa belə Azərbaycan yenə də vahid bir məkan kimi yaşamağa başlamışdır. Arazın iki sahilində böyük ümidlər çıraq kimi alovlanırdı. Rəsul Rza Cənubi Azərbaycana ezam olunmuşdur. Onun qarşısında bədii və ictimai fəaliyyəti ilə Şimali Azərbaycan və Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların ədəbi-mədəni və ideoloji həyatlarında mənəvi körpü yaratmaq vəzifəsi qoyulmuşdur. Rəsul Rza bu istiqamətdə uğurlu addımlar atmışdır. “Azərbaycan” jurnalının 1945-ci ildə çapdan çıxmış 3-cü nömrəsində məsul rеdaktoru kimi Rəsul Rza “Milli şüur və Milli iftixar” məqaləsində milli şüur və özünüdərkin oyanması probleminə toxunaraq yazmışdır: “İran Azərbaycanında yaşayan Azərbaycan xalqının yеtirdiyi alim, yazıçı və inqilabçılar bu xalqın milli şüurunun artmasında, onun azadlıq və istiqlaliyyət yolunda apardığı mübarizədə çox böyük xidmət göstərmişdir”. Ərəb əlifbası ilə nəşr olunan bu jurnal Günеy və Quzеy Azərbaycanın ictimai-siyasi, mədən-ədəbi, tarixi mühiti vəhdət şəklində təqdim edirdi. Xüsusi qeyd etmək lazımdır ki, jurnalda nəşr olunan yazılar Şimali Azərbaycanda hakim olan Sovetlərin təbliğ etdiyi ideologiyadan yayına bilmiş, Azərbaycan milli ideyaları təbliğ edirdi. Bu isə Rəsul Rzanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Rəsul Rza “Azərbaycan” jurnalının məsul rеdaktoru olarkən ətrafına ən istedadlı yazarları toplamağa nail olmuşdur. Jurnalının rеdaktor müavini Mеhdi Hüsеyn, rеdaksiya şurasının üzvləri isə Səməd Vurğun, Mirzə İbrahimov, Əhəd Yaqubov, Həsən Həsənov və Rza Quliyеv olmuşdular.

Rəsul Rzanın həyata keçirdiyi addımların uğurları ilk növbədə vahid Azərbaycan ideyasına dərindən inamı ilə əlaqəlidir. Rəsul Rza Azərbaycanın sakral mərkəzi kimi Bakını yox, Təbrizi qəbul edir: “Təbriz bizim üçün adi şəhər deyil, sözün əsl mənasında paytaxtdır. Şah İsmayıl Xətainin, Səttarxanın, Bağır xanın, Şeyx Məhəmməd Xiyabaninin, neçə-neçə söz dahilərinin yadigar qoyub getdiyi şəhərdir”.

XX əsrin ortalarında yaranmış siyasi və beynəlxalq vəziyyətin vahid Azərbaycanın qorunub saxlanılmasına qarşı olmasını Rəsul Rza anlayırdı. Şairin sətirlərində dərin kədər öz əksini tapmışdır:

Təbrizin yolları oyum-oyumdur

Yanıq dağdan qalxan

duman olaydım.

Dərdli könüllərdə ümid olmasam,

Heç olmasa zəif güman olaydım.

Şimalın və Cənubun ayrılmaz taleyinə Rəsul Rza ədəbi əsərləri ilə yanaşı, həm də kinematoqrafik əsərlərində toxunmuşdur. Rəsul Rzanın ictimaiyyətə təqdim etdiyi “Arazın o tayında” filmində ikiyə parçalanmış Azərbaycan xalqının faciəsi geniş əksini tapa bilmişdir.

 

Millilikdən ümumbəşəriliyə

 

Qeyd etmək lazımdır ki, Rəsul Rza Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi cəhbədə iştirak etmişdir. Hərbi müxbirliklə yanaşı ədib müharibənin törətmiş olduğu faciəni əks etdirməklə yanaşı, düşmən üzərində qələbəyə inamı əks etdirən nəzm nümunələri də yaratmağa nail olmuşdur. Rəsul Rzanın qələbəyə inamını “Vətən” (1942), “İntiqam! İntiqam…” (1943) şeir kitabları, “Ölməz qəhrəmanlar” (1942), “Qəzəb və məhəbbət” (1943) hekayə və oçerk topluları, “Vəfa” (1943) pyesi və s. qələmə aldığı bədii nümunələrdə əksini tapmışdır.

Rəsul Rzanın Böyük Vətən Müharibəsi mövzusunda qələmə almış olduğu “Vəfa” adlı pyes diqqəti cəlb edir. 1943-cü ildə qələmə alınmış pyes 416-cı Azərbaycan Atıcı Diviziyasında tanış olduğu tibb bacısının prototipi əsasında qələmə alınmışdır. 5 pərdəli, 10 şəkilli “Vəfa” (1943) pyesi inam, dostluq, sədaqət, məhəbbət, paxıllıq, dönüklük, satqınlıq, ara qarışdırmaq kimi müsbət və mənfi keyfiyyətləri əks etdirir. Rəsul Rza pyesdə Böyük Vətən müharibəsində göstərilmiş şücaəti ümumxalq hünəri kimi təqdim edir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif tərəfindən vurğulanır. Məsələn, pyesin baş qəhrəmanı Bahadırın düşmən tərəfə verdiyi cavabda Azərbaycana bağlılığı qabardılır. Alman zabitinin (mayor) əsirlikdə olan Bahadıra dediyi “Siz ağıllı adamsınız, kapitan. Mənim sizə heyfim gəlir. Bu böyük millət arasında gedən amansız mübarizədir. Siz azərbaycanlılar kimi kiçik bir millət bu davada nə qazana bilər? Siz qolunu daha bərk bağlamaq üçün zəncir hazırlayan bir qula bənzəyirsiniz” kimi fikirlərinə Bahadırın faşist həbsxanasında dustaq olmasına baxmayaraq mərdliklə verdiyi cavab bunu əks etdirir: “Millətin böyüklüyü sayında deyil, cənab mayor. Ali irq dediyiniz siz almanların babaları vəhşi dəstələrlə basqın edib Roma mədəniyyətini dağıdanda, kiçik millət dediyiniz azərbaycanlılar sənət sarayları yaradırdı. Azərbaycan torpaqlarından gələn şeir, musiqi səsləri bütün dünyaya yayılırdı. Biz qolumuza bağlanmış zəncirləri qırıb qılınc qayırdıq. Bu gün o qılıncları kinimizin alovunda yenidən qızardırıq”.

Ədibin faşizm üzərində qələbənin 30 illiyi münasibətilə qələmə almış olduğu Min dörd yüz on səkkiz” (1975)poemasında müharibə dramatik hadisə kimi təqdim edilir. Poemanın adına çıxarılmış min dörd yüz on səkkiz sayı müharibənin davam etmiş olduğu faciəli günlərin sayıdır:

Bir min dörd yüz on səkkiz

Bu, günlərin

sayıdır.

Rəsul Rza müharibənin törətdiyi faciəni poemada tam təsvir edə bilmişdir. Odlu-alovlu mənzərəni göz önündə canlandırmağa nail ola bilən Xalq şairi yazır :

Bir od gülləsi –

bir düşmən gülləsi

sancıldı döyüşçünün sinəsinə.

Alışdı ilk tank –

üzü şərqə

düşdü torpağa,

ilk şəhid üzü qərbə

Şairin müharibə səhnəsini təsvir edərək onun faciəsini oxucusunun gözündə çılpaqlığı ilə açıqlaya bilir.

Rəsul Rzanın faşist amansızlığının və buna qarşı qoyulan ana məhəbbətinin real cizgilərini təsvir edən “Leytenant Bayramın gündəlikləri” povesti müharibə mövzusunda qələmə alınmış nəsr nümunəsi kimi maraq doğurur. Belə ki, povest həmçinin sənədlilik baxımından diqqəti cəlb edir. “Leytenant Bayramın gündəliyi”ndə Qanlı Kalafa adlanan yerdə almanların güllələdiyi adamların meyiti ilə dolu bir xəndəkdən danışan müəllif müharibənin törətmiş olduğu faciəni qabarda bilmişdir: “Orda körpə balasını qucaqlamış bir ana vardı. Uşaq sarı güllü yorğana bükülü idi. Yəqin ki, güllələnməzdən bir saat əvvəl ana, körpəsinə soyuq dəyməsin deyə, onu yorğana bükübmüş. Meyit ana balasını qolları arasında elə sıxmışdı ki, heç bir qüvvə onları bir-birindən ayıra bilməzdi”.

Rəsul Rza yaradıcılığına ümumiləşdirilmiş qiyməti şairin “Vətən dedim” (1980) şeirinin sətirləri ilə vermək olar:

Vətən adlı bir torpağın

borcu hər an boynumdadır.

Qeyrətini çəkmişəm də,

çəkirəm də.

Rəsul Rza həyat və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının qorunması və inkişafında əvəzedilməz rol oynamışdır. Müəyyən mənada, müasir ədəbiyyatmızın tanıdığımız şəkildə mövcudluğu məhz Rəsul Rzanın şəxsi qəhrəmanlığının nəticəsidir.

Mənbə: “Ustad” jurnalının 9-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10