Rəsulzadə haqqında unudulmuş xatirə

48 Baxış

 Soldan  - Resulzade - Abbasqulu Kazimzade - Ehmed Ceferoglu - Mustafa Vekiloglu

Senet.az “Ustad” jurnalında yayımlanmış Dilqəm Əhmədin “Rəsulzadə haqqında unudulmuş xatirə” məqaləsini təqdim edir:

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə haqqında sağlığında və vəfatından sonra çoxlu xatirələr yazılıb. Bu xatirələr onun həyatı barədə yeni bilgilər təqdim etdiyi üçün tarixilik baxımından önəmlidir. Həmin xatirələrdən biri Cümhuriyyətin sonuncu daxili işlər naziri olmuş Mustafa Vəkiloğluna aiddir.

M.Vəkiloğlu mühacirətdə Rəsulzadəyə qarşı olan qrupda fəaliyyət göstərsə də, həm də onunla birgə hərəkət edib. Mühacirətdəki fikir ayrılıqları bu iki şəxs arasında müəyyən ziddiyyətlər yaratsa da, münasibətlərinə xələl gəlməyib, xatirədən də oxuyacağımız kimi Rəsulzadənin vəfatından bir neçə həftə öncə barışıq və birgə hərəkət planı da hazırlanıb.

Mustafa Vəkiloğlu 1896-cı ilin sentyabrında Qazax qəzasının Salahlı kəndində doğulub. Bakı gimnaziyasını bitirdikdən sonra, 1912-ci ildə Moskva Universitetinin hüquq fakultəsinə daxil olub. 1917-ci ildə Bakıya qayıdıb, dönəmin ab-havasına uyğun olaraq siyasi proseslərə qoşulub. Bakı quberniyası komissarının müavini təyin olunub. Oktyabr ayında Bakıda keçirilən Müsavat Firqəsinin I qurultayında Mərkəzi Komitəyə üzv seçilib. Noyabrda isə Zaqafqaziya Komissarlığında daxili işlər naziri Çxenkelinin məsləhətçisi, həmçinin, Seymdə müsəlman fraksiyasının üzvü olub.

Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra Mustafa bəy Daxiliyyə Nəzarətində çalışıb. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti açılanda deputat kimi fəaliyyətə başlayıb, parlamentin büdcə-maliyyə komissiyasının üzvü olub. 1919-cu ilin sonunda Nəsib bəy Yusifbəylinin təşkil etdiyi kabinədə daxili işlər nazirinin müavini təyin edilib. 1920-ci ilin fevralın 18-də isə nazir olub.

Azərbaycan Cümhuriyyətinin ruslar tərəfindən işğalından sonra Mustafa bəy əvvəlcə Tiflisə, sonra Türkiyəyə mühacirət etməli olub. 1924-cü ildə o, İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilib, 1928-ci ildə yaradılan “Prometey” təşkilatında təmsil olunub. 1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya gedib. Daha sonra Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərib.

Mustafa bəy Türkiyədə yaşadığı dövrdə “Odlu Yurd”, “Azəri-Türk”, “Yeni Kafkasya”, “Azərbaycan Yurd Bilgisi” kimi qəzet və jurnallara məqalələr yazıb. Rəsulzadə qanadından ayrıldıqdan sonra, əsasən, “Mücahit” jurnalı ilə əməkdaşlıq edib, oradakı millətçi siyasi mühacirlərlə yaxınlaşıb.

II Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlib. Daha sonra Ankaraya gedən Vəkiloğlu Vilayətlər Bankının baş hüquq məsləhətçisi olub.

Mustafa bəy 1965-ci ilin noyabrında Ankarada vəfat edib.

Onun Rəsulzadə haqqında yazdığı “Böyük itkimiz” adlı məqaləsi Azərbaycan Cümhuriyyətinin Parlamentinin üzvü olmuş Məhəmmədsadıq Aranın “Türk yolu” jurnalında dərc olunub.

Unudulmuş xatirəni təqdim edirik:

 

Azerbaycan qezetinin Redaksiya heyeti - 1919
Mustafa Vəkiloğlu

Böyük itkimiz

 

Nə edəsən, neçə illərdir fələk bizim bayramımızla matəmimizi də ələmlərə qərq eyləyib.

Bu gün milli bayram günümüzdür – 28 may Azərbaycanın hürriyyət və istiqlalına qovuşmasının ildönümüdür. Fəqət mən bu bayram günündə də yenə ağrımızdan, yəni matəmimizdən bəhs edəcəyəm.

Çox dəyərli milli mücahidimiz Əmin bəyi itirdik. Əmin bəyin ölümü ilə milli mücadilə cəbhəmizdə böyük bir boşluq hasil oldu. Bu lənətəgəlmiş qırmızı istila heç cür bitməz, tükənməz oldu və 35 ildir bütün dəhşət və vəhşətiylə davam edir. Sıralarımız, hüriyyət və istiqlal səflərimiz il ötdükcə seyrəkləşir. Bir tərəfdən qırmızı cəlladlar, digər tərəfdən də amansız əzrayıl bizə göz verib, işıq vermir. Ən qiymətli, ən idealist və imanlı dostlarımızı bir-bir aramızdan alıb aparır.

Əmin bəylə ilk tanışlığım I Dünya müharibəsində türk ordusunun Qafqaz cəbhəsində kritik anlarının olduğu zamana təsadüf edir. Və sonradan onunla bərabər keçən acı-şirin günlər indi bir-bir film lenti kimi gözümün önündən keçir.

Türk ordusu Ərdəhan və Qars ərazilərindən geri çəkilir, onu təqib edən ermənilərin də daxil olduğu rus birləşmələri o ərazilərdəki türk-müsəlman xalqı qılıncdan keçirərək bütün kəndləri, qəsəbələri xarabazara çevirirdilər. Canlarını və namuslarını qurtarmaq üçün anaların yollara atdıqları körpələrini bəzi mərhəmətli rus zabitləri və əsgərlərinin topladıqlarını o vaxt Ərdəhanda gözlərimlə gördüm. Bunları toplayaraq Bakıya yetimxanalara göndərirdik.

Bu milli fəlakət Azərbaycanda ümumi bir qaynama yaratdı. Bakı və Gəncə bu qaynamanın başında idi. Bu münasibətlə Bakıda məşhur xeyriyyəçilərimizdən milyonçu Hacı Zeynalabidin Tağızadənin bildiyimiz o möhtəşəm evində seçilmiş nümayəndələrin iştirakı ilə tərtib edilən toplantıda milliyyətpərvərlərimizdən Ələkbər bəy Rəfibəylinin söylədiyi “Milli şərəf və heysiyyətimiz ayaq altına atıldıqdan sonra biz sağ qalmaq istəmərik” sözləri Azərbaycanın hər tərəfini çalxalandırdı.

Bakı Xeyriyyə Cəmiyyəti hərəkətə keçdi və bütün Rusiya türkləri arasında ianə toplamaq üçün hökumətdən icazə aldı. Çar hökumətindən, yəni Qafqaz cəbhəsində ruslarla türklər arasında qanlı savaşların davam etdiyi o anlarda cəbhənin düz yanında rus ordusu tərəfindən “cəzalandırılmış” olan türk xalqına yardım üçün.

Ah, zavallı Azərbaycan, nələr etmədin, nələr düşünmədin.

Bu, ümummilli həyəcan o zaman Moskva Universitetində təhsil alan bizləri də sardı. Əziz dostum Hüseyn Camal Yanarla universitet dərslərimizi buraxaraq Bakıya hərəkət etdik, Xeyriyyə Cəmiyyətinin Qars və Ərdəhan ərazisinə göndərdiyi qardaş köməyi qrupuna könüllü olaraq qatıldıq.

Bakıya gəldikdə “Açıq söz” qəzetinin idarəxanasına baş çəkdim. Milli mübarizəmizi iman və səbatla müdafiə edən bu qəzetin sahibi və baş mühərriri Rəsulzadə Əmin bəylə tanış olmaq istədim.

Çox sadə otaqda, bitişik mətbəədən gələn taqqıltı səsi arasında adi bir masa başında Əmin bəylə tanış olduq və köhnə iki yoldaş kimi gündəlik məsələlərlə bağlı danışmağa, dərdləşməyə başladıq. Xatırlayıram, aramızdakı yaş fərqinə rəğmən Əmin bəylə hadisələr barədə hislərimizin alovu eyni idi.

1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşının rəyasətində Moskvada toplanacaq Rusiya müsəlmanları konqresinə Bakıdan gedən 5 nəfərlik heyətdə Əmin bəylə bərabər idik.

Heybətli bir toplantı idi bu konqres. Moskvanın “Tatarskiy Pereulok” adlanan səmtindəki Bakı milyonçularından Şəmsi Əsədullahın “Moskva Müsəlman Xeyriyyə Cəmiyyəti”nə bağışladığı böyük binanın geniş salonunda baş tutan o konqres toplantıları hələ də gözümün önündə canlanmaqdadır. Şahinlər kimi Rusiyanın hər tərəfindən buraya yığışan 800 nümayəndənin həyəcanı o böyük salona sığmırdı. Çar idarəçiliyi çökmüş, inqilab – böyük bir inqilab dalğaları içində idik. Günün siyasi mövzusu Rusiyada qurulacaq respublikanın mərkəziyyətçi, yoxsa federativ olması idi.

Bu mövzu bizim konqresdə də bir xeyli münaqişələrə səbəb oldu. Azərbaycan, Krım və Türküstan heyətləri Rusiyada yeni qurulacaq idarəçilik formasının federativ respublika olması tərəfdarı idilər. Əmin bəy bu konqresdə bu tezisin qüvvətli və hərarətli müdafiəçilərindən idi.

Bəxtsiz Cümhuriyyətimizin sevinc və həyəcanla dolu istiqlalı dövründə də Əmin bəylə eyni səflərdə, Müsavat Partiyasının məbusları olaraq bərabər çalışırdıq. Milli hərəkatımızda böyük rolu olan Müsavat Partiyası rəisi ünvanıyla da Əmin bəyin xidməti çox qiymətli və əhəmiyyətlidir.

Istiqlal bayrami - Istanbul - 28.05.1927

Mühacirətin qara günləri başlayır. Yenə Əmin bəylə bərabərik, bir arada çalışmaqla yanaşı didişməkdəyik.

Maliyyə vəziyyətimiz pərişandır. Köhnə mühacirlərimizdən İsmayıl Fəyyaz bəyin Çəmbərlitaşdakı kiçik evində Əmin bəy, Abbas bəy və mən bərabər qalırıq. Həmşərimiz İsmayıl bəyə çox minnətdarıq, çünki bizdən ev kirayəsi almır, pulsuz qalırıq. Yeməyimizin əksəriyyəti zeytun yağında qızarmış kartofdu. Dostumuz mərhum Abbas bəyin bəzi günlər bazardan alıb gətirdiyi qızarmış qoyun başı süfrəmizdə bayram havası yaradırdı, bunun üstünə Abbas bəy xarab qarmonunu alaraq “Ay uca dağlar” mahnısını oxuyardı.

Vəziyyət belə ikən mübarizəmizi müdafiə məqsədilə nəşriyyat həyata keçirməyi düşünürdük. Amma nəylə? Pul yox, əlhəmdulillah, ətrafdan salam verib üzümüzə baxan da heç yoxdur…

Belə halda?

Allah hər ikisinə qəni-qəni rəhmət eləsin, dostumuz Əbdüləli bəy Əmircanla Böyük bəy Ağasıbəylinin günlərlə qapı-qapı dolaşaraq həmşərilərimizdən topladıqları pullarla mühacirətdə ilk nəşr orqanımız olan “Yeni Kafkasya” məcmuəsini çıxarmağa başladıq. Hər nüsxə çıxdıqca İstanbul Universiteti tələbələrimizdən Əhməd bəy (Professor Əhməd Cəfəroğlu) Abbas bəylə birlikdə “Yeni Kafkasya” paketlərini qoltuqlarına alaraq Çəmbərlitaş Eminönü poçtxanasına aparardılar. Bu işin zəhmətinə sonra illərlə Məhəmmədsadıq Aran qatlaşmışdır.

Müştərək təsanüdlü çalışma ilə çox şeylər edildi o zamanlar.

İndi isə?

10-15 ildir ki, mərhum Əmin bəylə aramızda bəzi görüş və fikir ayrılıqları oldu və biz ayrı-ayrı qruplara bölündük. İxtilaf işlərimizin sövq və idarəsinə aid zehniyyət və görüş fərqindən irəli gəlirdi.

1935-ci ildən bəri partiya cəbhəsində bir qrup dostlarla (mən də daxil olmaqla) Əmin bəyin qrupu arasında ixtilaf baş verdi və Müsavat Partiyası da iki qrupa ayrıldı. Fəqət bunlara rəğmən rəhmətlik Əmin bəylə aramızda olan qarşılıqlı hörmət və təqdir sarsılmadı. Seyrək də olsa, ara-sıra görüşür və ümumi işlərimiz bəhsində dərdləşirdik. Mühitimizdəki bu ayrılıqların, qruplaşmaların mübarizəmizə nə qədər zərərli olduğunu hər ikimiz də başa düşürdük. Və bəzi dostlarımızın vasitəçiliyi ilə də ölümündən əvvəlki həftələrdə Əmin bəylə birlikdə aradakı ixtilafları ortadan götürmək və bir milli vəhdət qurmaq üçün yol və çarələr axtarmağa başlamışdıq. Bu yoldakı müzakirə və görüşlərimiz xeyli irəliləmişdi. Fəqət nə yazıq ki, əcəldən macal olmadı və bu iş hələlik yarımçıq qaldı.

Əmin bəy ta gənc yaşlarından ölümünə qədər milli mübarizə və məsələlərimiz uğrunda çalışıb-vuruşmuş qiymətli bir cəbhə yoldaşımızdır, onun bu yolda əmək və xidməti çoxdur, xüsusilə də yazı və mətbuat sahəsində. Və şübhəsiz ki, Əmin bəyin şəxsində milli mübarizəmiz qüvvətli bir rüknünü itirdi.

Hər hansı bir mərsiyə söyləmək adətim deyil. Bu, obyektiv düşüncə və hislərimin səmimi bir ifadəsidir.

Neçə illik köhnə dostum Əmin bəyin xatirəsi önündə hörmət və minnətlə əyilərək ona cənabi-Haqdan rəhmət diləyirəm…

Bu mühüm tarixi anlarda aramızdakı ixtilaflara bir an əvvəl nəhayət verməyimiz zəruridir. Rəhmətlik Əmin bəylə başlamış olduğumuz bu iş uğrunda mübarizəmizə candan bağlı bütün dostlarla birlik quraraq davam etməliyik. Bu, bizim üçün tarixi və milli bir borcdur. Bağrıyanıq bütün azərilərin də ümumi arzu və əməlləri budur.

Fəqət hər siyasi mühitdə olduğu kimi, bizim də aramızda bəzi fürsətcil, heç bir xidməti olmayan siyasi tüfeylilər var. Onların da sevdası bambaşqadır! Kiçik mühacirət gölməçələrində partizanlıq zehniyyətilə dərya kapitanı olmaq istəyərlər və bu zavallı xülyaları arxasından qaçaraq suyun durulmasını deyil, əksinə, bulanmasını istəyərlər.

Bu daxili keşməkeşlərimizdə ətrafdan bir qardaş kömək əli uzansa barı. Bu da yoxdur.

Bizlər buralarda qəribik, yoxsa yox? Həm qəribik, həm yox. Fərd olaraq hər birimiz ayrı-ayrı heç də qərib deyilik, öz ana vətənimizdə (mühacirlər Türkiyəyə ana vətən deyirdilər – D.Ə) ayrıseçkilik görmədən ziraətdə, ticarətdə, məmurluqda qardaş mühiti içində sərbəst çalışırıq. Hətta çox vaxtlar da tərcihli və imtiyazlı rəftar görürük.

Fəqət siyasi baxımdan, milli mübarizəmiz və onun vacibləri nöqteyi-nəzərdən hələ də qəribik. Bunu açıq və səmimi söyləməyimizə icazə verilsin.

Bir də qərib quşun yuvasını Allah tikərmiş, deyərlər.

 

Bölmə : Araşdırma, Manşet