“Rənglərin poeziyası” təqdim olunub

4 Baxış

Rənglərin poeziyası2Yanvarın 12-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Qafar Sarıvəllinin anadan olmasının 60 illik yubileyinə həsr olunmuş “Rənglərin poeziyası” adlı fərdi sərgi açılıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının saytında yerləşdirilən məlumata görə, Azərbaycan Dövlət Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov əslən Qazaxdan olan Qafar Sarıvəllinin sərgidə rəngkarlıq, qrafika və plakat janrında 60-dan çox əsərinin nümayiş olunduğunu bildirib.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Xalq Şairi Nəriman Həsənzadə, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə və digər çıxış edənlər doğulduğu torpağı, laləzar çəmənləri, gur çayları, tanınmış ziyalıları, sadə zəhmət adamlarını və üzü nurlu körpələri sevə-sevə öz tablolarında canladıran Q.Sarivəllinin şair təbli rəssam kimi sevildiyini vurğulayıblar.

Bildirilib ki, rəssamın əsərləri bir necə dəfə respublika və beynəlxalq sərgilərdə nümayiş etdirilib. Fırça ustası 100-dən çox kitaba illüstrasiyalar çəkib, əsərləri muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

Sonda Qafar Sarıvəlli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Rəssamın sayca dördüncü olan bu sərgisində “Aşıq Ədalət”, “Göyəzən dağı”, “İncə dərəsi”, “Azadlıq işığı”, “Muğam aləmi”, “Yurda bağlı ömür” və başqa əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.