Rənglərin söhbəti

22 Baxış

1Rəssam: Salvador Dali

Rəsm: Pikassonun portreti

Ölçü: 64,1 sm x  54,7 sm

Saxlandığı yer: Qala-Salvador Dali fondu, İspaniya

“Pikasso rəssamdır, mən də həmçinin. Pikasso ispandır, mən də həmçinin. Pikasso kommunistdir, amma mən heç vaxt”

(Salvador Dali)

Sənətin paytaxtı Parisdə iki ispaniyalı… Bir-birinə həm rəqib, həm də dost kimi baxan iki rəssam… Dali və Pikasso…

Salvador Dali Pikassodan 20 yaş kiçik idi və ona çox hörmət bəsləyirdi. Əlbəttə, hörmətinin səbəbi tək yaş fərqi deyildi. Dalinin Barselonada ilk sərgisi zamanı Pikasso onun haqqında eşidib sərgiyə gəlmiş və bu rəssama heyranlığı da bundan sonra başlamışdır.

Üslublarının fərqli olmasına baxmayaraq, yaradıcılıqlarında bir-birindən bəhrələndikləri göz qabağındadır. Xüsusilə Dalinin əsərlərində Pikassonun təsiri özünü göstərir. Bundan başqa, o, bütün eqosuna rəğmən Pikassoya olan heyranlığını dilə gətirməkdən heç vaxt çəkinməyib. Hətta ilk dəfə Parisə gələrkən onu ziyarət edən Dali “Luvr muzeyinə belə getmədən sənin yanına gəlmişəm”, – demişdi.

Pikassonun Daliyə poçtla göndərdiyi qəribə kart (1) və bir yerdə çəkdikləri bəzi cızma-qaralar (2) bu təsirlərin sadəcə uzaqdan-uzağa olmadığını da göstərir.

2

3

Pikassonun bu sürrealist portreti Dalinin bir çox məşhur əsərləri kimi simvollarla doludur. Bu, daha dəqiq desək Pikassonun büstünün portretidir. Dalinin Pikassonun məhz büstünü çəkməsi onun tarixdə önəmli şəxs olduğundan və özünün də ona böyük hörmət bəslədiyindən xəbər verir.

Büstün əsası ağ daşdandır, amma yuxarı hissəsi dəri ilə örtülüdür. Rəsmdə  iki gül təsviri diqqəti çəkir. Büstün aşağı hissəsində qırmızı gül, büstün sinəsində  isə ağ gül yerləşir… Bəlkə də Pikassodan üzr istəyirmişcəsinə sinəsinə bir gül əlavə etmişdi.

Dalinin bu əsərdə istifadə etdiyi hər bir obyekt, digər rəsmlərində olduğu kimi, müəyyən mənalara yozulmağa çalışılır. Məsələn, başının üstündəki qaya parçası gizlətdiyi böyük bir sirrini, sinə Pikassonun qidalandırıcı tərəfini simvolizə edirmiş.

Büstün başı sinədən daha çox təhrif olunub. Məsələn gözlərinin həndəvəri, ağzından uzanan dili, buynuzlu burnu və s. Beyninin təsviri keçi buynuzuna bənzəyir. Pikassonun saçları süni ağ saç kimi təsvir olunub və büstün əsası ilə eyni materialdan olması də diqqəti çəkir. Saç başın arxasına doğru nazikləşir və sonda ağız boşluğundan çıxaraq qaşığa çevrilir. Ağzındakı bu dəmir qaşıq Pikassonun sənət baxımından daşıdığı böyük yük kimi izah oluna bilər. Qaşıqda uda bənzəyən musiqi aləti olan lut təsvir olunub. Simvolikada lut sevgi motivlərini ifadə edir. Amma bəzi şərhlərə görə qərənfil, keçi və qaşıqdakı musiqi aləti onun Əndəlüs[1] köklü olduğuna işarədir.

Dali bu ziddiyyətli portreti yaradarkən hiper-realizmdən istifadə etmişdir. Məsələn, büstdəki əriyən sinəni göstərməklə o, Pikassonun prestijinə bir növ istehza etsə də, onun başından keçən və qaşığa çevrilən metal maye axınını göstərməklə rəssamın dahiliyinə işarə etdiyi iddia olunur.

Əslində, Daliyə hansısa məna yükləmək ağılsızlıqdı. Xatırlayırsınızsa, bir çox tənqidçilər ona “Yaddaşın daimiliyi” (“Yumşaq saatlar”) tablosunu Eynşteynin nisbilik nəzəriyyəsinin təəssüratları altında çəkdiyini deyəndə Dali gülərək sadəcə günəşdə əriyən kamamber pendir[2] tikəsindən ilhamlandığını söyləmişdi. Kim bilir Pikassonun porteri haqqındakı şərhlər üçün nələr deyərdi! Düzdür, Dali Freydin şüuraltının xaricdə ifadəsi nəzəriyyəsi ilə maraqlanırdı və bunu rəsmlərində əks etdirirdi. Amma o, heç vaxt qatı bir simvolist olmayıb. Adından göründüyü kimi, sürrealist rəsmlər realist deyil, yəni onlara həqiqi bir məna yükləməyə çalışmaq lüzumsuzdur. Bu rəsm fövqəladə, qəribə və olduqca çəkicidi. Məsələn, bu rəsmi hansısa bir divarda asılı görsəniz hipnoz olmuş şəkildə ona yönəlməzsiniz? Əsas olan budur.  Mən mütləq yönələrdim.

4Portret 1947-ci ildə, Pikasso ilə görüşdən 21 il sonra çəkilmişdi və bu illərdə artıq Dali kifayət qədər məşhur idi. Baxmayaraq ki, o, Pikassonu sənətdə atası olaraq görürdü, onun rəsmlərindəki “eybəcərliyi” bəyənmirdi. Dali rəsm əsərində estetik xüsusiyyətlərə xüsusi önəm verirdi. Daliyə görə, Pikassonun rəsmlərində bu xüsusiyyətlər tamamilə itmişdi. Məhz bu fərq iki ispanın dostluğuna kölgə salmağa səbəb oldu. Dali “atalığı”nın yanına getdi və onu kobudluqla “sənətin dağıdıcısı” adlandırdı.

Pikasso özü bu portretini həvəslə qarşılamamışdır və rəsm hal-hazırda İspaniyada, Qala-Salvador Dali Fondunda saxlanılır.

Qeyd edim ki, bu, Dalinin çəkdiyi yeganə Pikasso portreti deyil. 60 yaşlarında qara karandaşla çəkdiyi Pikasso portreti bu sürrealist əsərdən tamamilə fərqlidir. Həmin romantik portretə Dali hətta qeyd də yazıb: “İmperatoru mən də tanıdım”.

Hazırladı: Aytəkin Mirişova

“Ustad” jurnalının 1-ci sayından