Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert

4 Baxış

Rəşid BehbudovAzərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Əməkdar İncəsənət Xadimi Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, müğənninin adını daşıyan Mahnı Teatrında baş tutan tədbirdə əvvəlcə R.Behbudovun həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş olunub.

Teatrın Estrada-Simfonik Orkestrinin bədii rəhbəri, Əməkdar Artist Salman Qəmbərov çıxış edərək unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələrini, milli musiqi sənətinin xaricdə təbliğ edilməsi sahəsində gördüyü işləri və Azərbaycan dövləti qarşısında böyük xidmətlərini qeyd edib. Həmçinin, görkəmli sənətkarın repertuarına daxil olan mahnıların hələ sağlığında nəinki Azərbaycanda, bütün dünyada sevildiyini diqqətə çatdırılıb.

Vurğulanıb ki, dahi sənətkarın rəhbərliyi altında Mahnı Teatrı dünyanın bütün qitələrində 70 ölkədə yüzlərlə konsert proqramı ilə çıxış edib. 1960-1980-ci illərdə yüz minlərlə tamaşaçı Rəşid Behbudovun Mahnı Teatrının bənzərsiz, parlaq kompozisiyalarını dinləməkdən zövq alırdı.

Qeyd olunub ki, böyük sənətkarın sağlığında məxsusi olaraq Mahnı Teatrının repertuarı üçün yazdığı mahnı və rəqsləri bu gün də sevilir və yaşadılır.

Konsert proqramında orkestrin müşayiəti ilə dünya şöhrətli müğənninin bir zamanlar ifa etdiyi “Alagöz”, “Darıxma”, “Bakı haqqında mahnı”, “Arzu”, “Laçın”, “Gəl bizim dağlara”, “Ey vətən”, “Gözəlim sənsən”, “Bahar sənsiz”, “Azərbaycanım”, “Sənə də qalmaz” və başqa xalq və bəstəkar mahnıları səsləndirilib.

Konsertdə respublikanın bir sıra tanınmış sənət adamları çıxış ediblər.

Bölmə : Musiqi, Sənət xəbər