Rəssam müəllimlərin “Rəngli duyğular”ı- FOTO

19 Baxış

İyunun 13-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsi müəllimlərinin əsərlərindən ibarət “Rəngli duyğular” adlı sərginin açılışı keçirildi.

ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, bir müddət öncə bu məkanda ADMİU tələbələrinin əsərlərindən ibarət sərgi təşkil edilmişdi, indi isə onların müəllimlərinin əl işləri sərgilənir. Onun sözlərinə görə, belə sərgilər gənc rəssamlar üçün əsl örnəkdir.

F.Xəlilov universitetin müəllimi, Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovu 70 yaşı münasibətilə təbrik etdi, ona hədiyyə bağışladı.

ADMİU-nun rektoru, professor Fərəh Əliyeva vurğuladı ki, təsviri sənətimizin yaranması və inkişafı incəsənətimizin müxtəlif mərhələlərini təmsil edən sənətkarlar nəsli ilə qırılmaz bağlıdır: “Uzun illər rəssamlar nəsli yetişdirən ADMİU bu gün də həmin şərəfli missiyanı yerinə yetirir. Burada müəllimlərimizin əsərləri bir-birindən fərqli və göz oxşayandır. Onları sərgi münasibətilə təbrik edirəm”.

Universitetin professoru, Əməkdar incəsənət xadimi Arif Əziz əsərlərin bədii özəlliklərindən söz açdı, sərgilənən əl işlələrinin tamaşaçıların zövqünü oxşayacağını bildirdi.

Layihənin təşkilatçısı Türkan Abbaslı da ürək sözlərini dilə gətirdi və iştirakçılara uğurlar dilədi.

Sonra rəmzi açılışı bildirən lent kəsildi, sənətsevərlər sərgi ilə yaxından tanış oldular.

Sərgidə Arif Əzizin “Köhnə kənd”, “Kompozisiya”, Ağəli İbrahimovun “Novruz bayramı”, “Vaxt”, Xanlar Əhmədovun “Səhər”, “Leyli və Məcnun”, “Muza”, Həmzə Abdullayevin “Axırıncı məhəbbət”, “Şəhriyar”, Aytən Rzaquliyevanın “Şərq natürmortu”, “Şəhər qrafikası”, Fəxrəddin Qəhrəmanlının “Haray”, “Şahbuz”, “Kəndimiz”, Səmədağa Cəfərovun “Həyatımızın bir anı”, “Silov Anatoli”, Aysel Əzizin “Zəriflik”, “Rənglərin simfoniyası”, Elşən Hacızadənin “Yaranış fərziyyəsi”, “Səadət”, Xanım Məmmədovanın “Melodiya”, “Yaşıl şlyapalı qadın”, Bayram Hacızadənin karikaturaları, Sayalı Quliyevanın “Uçuş”, “Kompozisiya”, Şahvələd Əliyevin “Baba ocağı”, “Cami türbəsi”, Tamila Abbasovanın “Günəbaxan”, “Nar”, Sevda Məmmədovanın “Durna”, “Axşam”, Xatirə Hüseynovanın “Dekorativ portret”, Gülnaz Mədətovanın “Mənzərə”, Nəzakət Əhmədovanın “Akvarium”, Mətin Şərifovun “Güllər”, Anar Səfərlinin “Natürmort”, Səbuhi Abdullayevin “Karvan”, Mirazər Abdullayevin “Elastik natürmort”, Etibar Nəzərovun plakatları, Ülvi Abdullayevin “Abşeron”, “Bağışla, Şuşa”, Çingiz Quliyevin “Bulaq başında”, “Şənlik” əsərləri tamaşaçılara nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.