Rahatlıqdan azadlığa – İlqar Fəhmi

13 Baxış

author_49

“Qızılbaş mistikası, Səfəvi metafizikası” kitabından XII hissə

Yenə də intuisiya

Şeyx Zahid Gilaninin təkyəsində yaşadığı ilk illərdə gənc Səfiəddinin çoxsaylı riyazətləri barədə məlumatlar var ki, hamısını yazıb söhbəti uzatmaq istəmirik. Bu barədə həm “Şeyx Səfi” təzkirəsində, həm də “Qara məcmuə”lərdə geniş məlumat verilib.

Bu mərhələni qısa şəkildə belə təsvir edə bilərik – fasiləsiz ibadətlər, itaətlər, uzunmüddətli oruc, gecə zikrləri, tərki-dünyalıq, bədəni fiziki çətinliklərə öyrəşdirmək və sair və ilaxır.

Bunun səbəbini əvvəlki yazılarımızda geniş izah etmişdik. İndi də bəzi məqamlara toxunmağa ehtiyac var.

Tarixən, dünyanın bir çox təriqətlərində müəyyən insanlar öz fiziki orqanizmlərini maksimum “heçə endirmək” praktikasından istifadə ediblər ki, bunun da məqsədi, müasir dillə desək, güclü irrasional, mistik intuisiyanın yaranmağı olub. Hindistan yoqalarından tutmuş, Cənubi Amerika şamanlarına qədər hər yerdə oxşar praktikalar müşahidə olunub ki, müəyyən insanlar öz orqanizmlərinin fizioloji tələbatını minimuma endirməklə, ruhun, beynin daha yüksək səviyyəli fəaliyyətini təmin ediblər, çox güclü intuisiyaya , daxili görüm sahibi ola biliblər.

Və nəticədə belə insanların həyatı barədə bir çox faktlar qeydə alınıb ki, adi insan həyatı üçün qeyri-adi, əlçatmaz görünüb. Kimlərsə bunu möcuzə adlandırıb, kimlərsə kəramət, kimlərsə başqa ad qoyub. Ancaq mahiyyət eyni qalıb. İnsan öz fizioloji orqanizmini maksimum sıxıb, onun tələbatını az qala heçə  endirməklə, ruhun da maksimum azadlığına nail olub…

Beləcə, tərs mütənasiblik yaranır – orqanizm nə qədər sıxılırsa, ruh o qədər azad olur. Ruhun azadlığı isə başqa insanlarda olmayan bir çox keyfiyyətlərin, ələlxüsus da daxili görümün, güclü intuisiyanın yaranmağında təzahür edir.

Əlbəttə ki, intuisiya barəsində dediklərimiz sırf XX əsrin məfhumları, cümlələridir. Yəni minilliklər boyu bütün dünyada mövcud olan praktikanın XX əsr diliylə izahıdır.

O vaxt isə, məqsəd sadəcə “intuisiya” adlandırdığımız keyfiyyətin yaranmağı və bu intuisiyanın hansısa dünyəvi məqsədlərçün istifadəsi deyildi. Məqsəd əlbəttə ki, yerdən – çirkli torpaqdan, fizioloji orqanizmdən, dünyavi qayğılardan aralanmaq; ruhu saflaşdırıb daha da yüksəklərə qaldırmaq və nəhayətdə Tanrı dərgahına qovuşdurmaq olub.  Çünki əksər hallarda, bu güclü intuisiya, öncəgörmə və sair bu cür qeyri-adi keyfiyyətlər, bacarıqlar ariflərə sınaq üçün verilirdi ki, görəsən bunlardan hansısa şər niyyət üçün istifadə edəcək, yox. Ariflər, övliyalar barəsində yazılan çoxsaylı kitablarda bu kəramətlərin verilməyi, sanki ən son sınaq, son imtahan kimi qəbul olunur.

Yenə də, müasir dillə desək, sanki hansısa mühafizə xidmətinin əməkdaşına silah verilir, lakin bu silah öz şəxsi məqsədləriyçün istifadə üçün deyil. Əgər insan elə aşağı rütbələrdə olarkən bu silahdan özüyçün istifadə edirsə, təbii ki, bu silah ondan alınır və bu sahədə bütün karyera yüksəlişinin üstündən xətt çəkilir.  Lakin qoyulan qaydalara riayət eləsə, sübut eləsə ki, mənim əlimdə belə güclü silah olduğuna rəğmən, mən şeytana aldanmadım, nəfsimə qalib gələrək, onu istifadə eləməkdən özümü saxlaya bildim – onda həmin adam daha da yüksək rütbələrə qaldırılır.

Başqa sahələrlə də paralellər aparmaq olar – istər maliyyə sahəsi olsun, istər rəhbərlik institutu, istər müasir seçkili idarə orqanları və sair – mahiyyət yenə də eyni qalır – verilən hökmü, səlahiyyəti, gücü, imkanı öz şəxsi mənafeyi üçün istifadə etmək və ya etməmək…

İrfan müstəvisində ariflərin ağır riyazət təcrübələri vasitəsilə əldə etdikləri, intuitiv görüm qabiliyyəti, mistik bacarıqlar, müxtəlif kəramətlər də əslində eyni məqsədlə verilirdi – Saliki bir daha yoxlamaq, sınaqdan keçirtmək…

Nəfs barəsində

Mövzudan yayınmayaq. Bildirdik ki, gənc Səfiəddin bir neçə il müddət qatı riyazətlə məşğul olub, mistik təcrübələr içində yaşadıqdan sonra, Şeyx Zahid Gilani onun riyazət yükünü yavaş-yavaş azaltmaq qərarına gəlir.

“Şeyx Səfi təzkirəsi”nə diqqət edək:

“Andan sonra Şeyx Zahid məsləhət böylə gördi kim, Səfiəddinə heyvanlıq ət verə. Pəs tədris ilən ona buyurdu kim, mundan sonra ət yegil…

Və məşayixin (şeyxlərin) bir hikməti var kim, çün salikin halına baxarlar, həmən kim gördülər ki riyazətdə kamil oldular, onu qatı riyazətdən ayırarlar  kim, onların mənəvi halı daha da tərəqqi tapa.”

Burda da obyektiv sual yarana bilər – əgər salikin, arifin məqsədi özünün dünyadan asılılığını az qala heçə endirmək, dünya bağlılığını minimuma endirmək olubsa, niyə Şeyx Zahid Gilani müəyyən vaxtdan sonra, deyildiyi kimi, “Səfiəddini qatı riyazətdən endirmək” fikrinə düşür? Niyə imkan vermir sona qədər getsin?

Burda yenə də Şərq-müsəlman təfəkkürünün bir çox sahələrdə radikallıqdan kənar, daha çox mötədilliyə meyilli olması faktoru üzə çıxır. Dünya xalqları içində bir çox mistik təriqətlərin radikal tərkidünyalığa meyilli olması, öz ardıcıllarını bütünlüklə dünyadan məhrum etmələri barədə danışmışdıq və xristian rahiblərindən tutmuş, hind yoqalarına qədər misallar göstərmişdik.  Və qeyd etmişdik ki, Şərq-müsəlman təfəkkürü bu cür radikal tərkidünyalığı qəbul eləmir. Bu yanaşma tərzinin əsas şüarı İmam Əlinin məşhur hədisidir – “Kim bu dünyasına görə o dünyasını atsa (yəni yalnız maddi dünyanın qayğılarına aludə olub, mənəviyyatı, ruhaniyyatı tərk eləsə), bizdən deyil. Lakin kim o dünyasına görə bu dünyasını da atsa (yəni hansısa mənəvi, ruhani yüksəlişlər xətrinə bu dünyadan tam təcrid olunsa), yenə bizdən deyil…”

Bu hədisdən təbii məntiqi sual ortaya çıxır: əgər o da bizdən deyil, bu da bizdən deyilsə, bəs bizdən olan, yəni doğru yol gedən kimlərdi?

Əlbəttə ki, bu dünyanın içində ola-ola, dünyaya bağlanmayan, öz mənəvi azadlığını qoruyub saxlaya bilənlər…

Məhz bu halın (Sosiumun içində yaşayırkən, dünya qeydindən azad olmaq) əldə olunması üçün də, əvvəl haqqında danışdığımız qatı riyazət, sərt tərkidünyalıq əsas məqsəd yox, sadəcə bir mərhələdir. Salikin keçməli olduğu, amma orada ilişib qalmağı məsləhət bilinməyən bir mərhələ…

İndi məsələnin, bizə daha aktual olan psixoloji tərəfinə diqqət edək. Tutalım, alkoqola hədsiz meyli olan bir insan, iradəsi hesabına özündə güc  tapıb, elə bir yerə gedir ki, orada ümumiyyətlə alkoqol yoxdur, satılmır. Buna nail olmaq, həmin yerdə qalmağa özünü məcbur etmək əlbəttə ki, böyük iradə tələb edir.  Lakin burda bir incə məqam var – heç kim bilmir ki, həmin adam yenidən alkoqol bol olan bir yerə qayıtsa, yenə də öz nəfsini saxlaya biləcək, ya yox…

Deməli, sınağın daha ağırı, iradənin daha böyük gücə sahib olmasının göstəricisi budur ki, insan tərk etmək istədiyi əməllərin arasında yaşaya, amma öz nəfsini idarə etməyi bacara, axına düşüb öz iradəsini nəfsinin tabeliyinə verməyə…

Şeyx Zahid Gilani də gənc Səfiəddini uzunillik qatı riyazət səmalarından endirməklə, məqsədi, onu sonuncu sınaqdan da keçirtmək və mənəvi yüksəlişinin daha da tərəqqi tapmasına nail olmaq idi.

Yenə “Şeyx Səfi təzkirəsi”nə diqqət edək.

“Pəs Şeyx Zahid bu halətdə Səfiəddinin halının yüksəlişini  riyazəti bir qədər tərk etməkdə gördü.”

Diqqət edək, çox maraqlı məqama gəlib çıxmışıq.

İrfan alimləri yazır ki, nəfsi tam öldürmək mümkün deyil. Buna çalışmağın özü absurddur. Çünki insan canlı varlıqdır, “canlı ölü” deyil, maddi dünyada yaşayır, yeyib-içməlidi, nəfəs almalıdı…

Ümumiyyətlə, nəfs sözü ərəbcə bir neçə məna verir. İrfan – təsəvvüf aləmində işlənən nəfs isə “daxilində iradi hərəkət, hiss və həyat qüvvəsi olan zərif substansiya”dır.

Sadəcə, nəfsi mənfi istək və tələblərdən təmizləmək lazımdır. Alimlər məhz bu təmizlik mərhələləri üzrə nəfsi dərəcələrə bölüblər. Ən aşağı mərhələdəki nəfsə “Nəfsi-əmmarə” – əmr edən, hökm edən nəfs deyiblər. Yəni, əxlaq baxımından, ən aşağı təbəqədə məskunlaşan insanların nəfsi “əmr edən nəfs”dir…

İrfan alimləri yazır ki, insan öz əməllərindən narazıdırsa və əxlaqını saflaşdırmaq fikrinə düşürsə, artıq onun nəfsi ” nəfsi- ləvvamə” olur. Yəni qınayan nəfs… Nəfs pis əməllərə görə insanı qınayır və bunların tərkinə səsləyir.

Bu mərhələdən də keçən insanın nəfsi “nəfsi-mülhəmə” adlanır. Ərəb dilindən tərcümədə “ilhama və kəşfə nail olan nəfs” mənasını ifadə edir. Yaxşını pisdən ayıra bilən iradəyə “nəfsi-mülhəmə” deyirlər. Bu, nəfsin kamilliyə doğru üçüncü dərəcəsidir. Artıq bu nəfs Allahın köməyi ilə öz savab və günahını anlayır; məhz bu səbəbdən Allahdan savayı hər şeydən uzaqlaşır.

İrfan və əxlaq alimləri nəfsin mənəvi yüksəlişinin daha dörd mərhələsini qeyd edirlər ki, yazımızda bunları bütünlüklə təqdim etməyə ehtiyac yoxdur, sadəcə bu yeddi mərhələdən üçünü göstərmək zənnimcə kifayət edər.

Yanmış qızıl

İndi isə “Şeyx Səfi təzkirəsi”ndə verilən və məşhur beyti diqqətə çatdırmaq istərdim:

“Çün könlünün bacəsindən nəfsinin tütünlügü

Gidərisən, könlün içi cümlə nurani olur…”

Sadə dillə desək, beytdə təsvir olunan hal budur ki, yandırılmış nəfsin tüstüsü könül evinin içinə dolub. Gərək evin bacası açıla ki, bu tüstü ordan çıxa və içəri işıqlana…

Burda yenə paradoks ortaya çıxmış kimi görünür. Axı yuxarıda qeyd etdik ki, insanın nəfsi zərif substansıyadır və birbaşa vücudla bağlıdır. Onu öldürmək, məhv eləmək mümkün deyil. “Şeyx Səfi təzkirə”sindən götürülən bu beytdə isə bildirilir ki, nəfs tamamilə yanıb, məhv olub, tüstüsü qəlb evinə dolub.

Məntiqi sualdır. Bunun cavabını isə yenə də nəfsin və alovun mahiyyətində axtarmaq lazımdı. Bir çox irfan alimləri insan nəfsini torpaqdan çıxan qızıl parçasına bənzədirlər və qeyd edirlər ki, bu qızılın içinə müxtəlif başqa metallar qatılıb, ona görə üstünü kir-qara pas tutub. Beləcə, zatən qızıl olduğu da heç bilinmir. Bəs onu kirdən-pasdan təmizləyib, təmiz qızıl külçə kimi par-par işıldamasına nail olmaqçün neynəmək lazımdır? Min illər ərzində bütün zərgərlərin elədiyini… Yəni yandırmaq… Yalnız alov bütün kiri, pası, qumu yandırıb, qızılı təmizləmək, saflaşdırmaq gücünə malikdir.

Bu yerdə Molla Pənah Vaqifin məşhur beytini xatırlamaq yerinə düşər.

Eybdən saf çıxar, pak-mübərra görünər,

Hər tila kim, küreyi-atəşi süzanə düşər.

(Yanan alovun üstündə qızmış kürəyə düşən hər bir qızıl parçası bütün eyblərdən təmizlənib saflaşar,  pak-mübərra görünər).

Vaqif burda daha çox eşq müstəvisindən danışır. Çünki klassik aşiq-şairlərimizin çoxu aşiqin çəkdiyi dərdü-qəmi, əzabı, iztirabı aşiqi yandırıb içindəki eşqi qızıl timsalı təmizləyib saflaşdıran od-alov kimi qəbul edirdilər.

Bəs irfan əxlaqı müstəvisində həmin alovun funksiyasını nə yerinə yetirir? Əlbəttə ki, yuxarıda haqqında danışdığımız qatı riyazət.

Nəfsi yandırıb onu yavaş-yavaş kirdən-pasdan təmizləyib saflaşdıran alov məhz həmin riyazətdir.

Yuxarıda “Şeyx Səfi təzkirəsi”ndən nümunə gətirdiyimiz beytdə də məhz bu məqama toxunulur;

-Budur, gənc Səfiəddin bir neçə il qatı riyazət nəticəsində nəfsini qızıl kimi yandırıb saflaşdırmağa nail olub. Lakin o tərkidünyadır. Ətraf üçün qapalıdır. Könlünün qapı-pəncərəsi bağlıdır. Deməli yanan nəfsinin tüstüsü hələ qəlb evindən çıxmayıb. Buna görə də içəri işıq düşmür, hələ qaranlıqdır.  Deməli salik qatı tərkidünyalığı, sərt riyazəti bir az tərk eləməli;  könül evinin qapı pəncərəsini taybatay açmasa da, heç olmasa, bacasını aralamalıdır ki, yanmış nəfsin tüstüsü çıxsın və könlün içi nurani olsun. Məhz könül evinin içinə düşən ilahi işıqda qızıl kimi saflaşmış təmizlənmiş nəfs parlamalıdır. Əgər parlamasa, deməli kifayət qədər yaxşı təmizlənməyib. Belə olan halda, yenidən yandırmağa, alovdan keçirtməyə ehtiyac var…

Yeddi mərhələ

Beləcə gənc Səfiəddin həyatının növbəti – dördüncü mərhələsinə, tərkidünyalıq və riyazət qaranlığından irşadi fəaliyyət işığına çıxmağı dövrü başlanır.

Ümumiyyətlə, İrfanda yeddi mənəvi inkişaf pilləsinin, və ya əxlaq elmində nəfsi paklaşdırmağın yeddi mərhələsinin olduğu kimi, Şeyx Səfiəddin İshaq Ərdəbilinin həyatı və mənəvi yüksəlişinə də diqqət etsək, yeddi mərhələdən ibarət olduğunu görərik.

1. Səfiəddinin ilkin daxili ziddiyyətlər içində boğulduğu mərhələ;

2. Səfiəddinin mürşid axtarışında olduğu dövr;

3. Səfiəddinin mürşidinə qovuşmasından sonrakı qatı riyazət və tərkidünyalıq illəri;

4. Səfiəddinin tərkidünyalıqdan çıxıb, Şeyx Zahidin rəhbərliyi altında irşad fəaliyyəti, yəni sosial missiya yerinə yetirdiyi dövrlər;

5. Səfiəddinin bütün müridlərdən daha yüksək mənəvi mərtəbə sahibi olub, Şeyx Zahidin daha böyük etibarırın qazanması, onun qızıyla ailə qurması və onun varisi kimi fəaliyyət göstərdiyi müddət;

6. Şeyx Zahid Gilaninin öz səccadəsini və şeyxlik mərtəbəsini Səfiəddinə vəsiyyət etməsi və onun Təriqət rəhbəri Şeyx Səfiəddin kimi fəaliyyəti, Səfəviyyə təriqətinin intişar tapmdığı, geniş yayıldığı onilliklər;

7. Nəhayət, Türkün Piri adlandırılan Şeyx Səfiəddinin ölümdən sonrakı xidmətləri, Səfəvi təriqətinin inkişafı və Şərqin ən tanınmış irfan məktəblərindən birinə çevrilməsi.

Yazımızın əvvəlki hissələrində bu yeddi mərhələdən üçünü müəyyən qədər işıqlandırmağa çalışdıq. İndi isə Səfiəddinin Şeyx Zahidin təkyəsində irşad fəaliyyətinə başlamağına keçməliyik. Bu mərhələylə də bağlı çoxsaylı maraqlı rəvayətlər, ibrətamiz hekayələr, gözəl şeir parçaları dövrümüzə qədər gəlib çatıb. Lakin bunların təsvirinə keçməmişdən əvvəl bir məqamı mütləq geniş izah etmək istərdim.

Rahatlıq, yoxsa antirahatlıq

Səfiəddinin riyazət illərini təsvir edərkən müasir insan üçün ən diqqətçəkən məqam və yaranan ilk sual zənnimcə bundan ibarət olar -  axı niyə insan özünü rahatlıqdan maksimum məhrum etməyə çalışmalı və özünü bacardıqca daha çox əziyyətə düçar eləməlidir? Və niyə bu narahtlıq, bu məhrumiyyətlər birbaşa ruhun azadlığı ilə bağlanılır? Axı son yüzillər ərzində bütün dünyanın, ələlxüsus da Avropanın təfəkkür adamlarının əsas amalı bəşəriyyəti məhz bütün keçmiş narahatlıqlardan, əziyyətlərdən məhrumiyyətlərdən azad etmək, yüksək rifah içində rahat yaşamasını təmin etmək olub.  Bütün əqli inkişaf, bütün elmi kəşflər, bütün texniki nailiyyətlər məhz insan rahatlığını daha da yüksək səviyyəyə qaldırmağa yönəlib… Məgər ümumbəşəri səadət anlayışı bilavasitə insanların daxili azadlığı, rahatlığı, rifahı, gözəl yaşamı ilə bağlı deyil?

Bəli, yüzilliklərin insanları kimi biz də bu gün belə düşünürük. Azadlıq deyəndə, ilk olaraq fiziki iztirablardan, çətinliklərdən, narahatlıqlardan azad olmağı fikirləşirik. Təbii, deyə bilərik, axı hər şey inkişaf edir, əvvəllər çox şey ola bilərdi, lakin bəşəriyyət inkişaf edib, məhrumiyyətlərdən azad olub, narahatlıqlardan qurtulub, rahat və gözəl həyat sürür…

Zənnimcə, bu sadəcə zahiri görüntüdür. Azadlığın təlqin olunmuş tərifidir. Elə özümüzə, öz həyatımıza diqqətlə baxanda, nəzərlərimizi daha dərinə nüfuz etdirməyə çalışanda isə, əfsus ki əks mənzərə görünür.

Biz bu gün məhrumiyyətlərdən azad şəkildə rahat yaşayırıq. Lakin özümüz də hiss eləmədən bu rahatlığın əsarətinə düşmüşük. Və bu gün bizim həm fizioloji, həm də ruhi varlığımızı bağlayan kəndirlər əvvəlki məhrumiyyətlərdən qat-qat möhkəmdir.

Məgər elə deyilmi?

Diqqət etsək görərik ki, bizim bugünkü həyatımız nə qədər texniki detallardan asılıdır – bir gün telefonumuz işləməsə, az qala nəfəsimiz kəsilir; bir gün internetimiz olmasa, az qala dəli oluruq; bir gün işığımız sönsə, bütün dünyaya lənət oxuyuruq; bir gün evdə isti su gəlməsə, havalanırıq; bir gün televizor xarab olsa, qəzəbdən başımızı divara çırpırıq…

Hələ müxtəlif qidalar, geyimlər, əyləncələr, cah-cəlal, texniki avadanlıqlar… Bütün bunlar mütəmadi təzələnməlidir, yeniləriylə əvəz olunmalıdır, çünki rahatlığımız bunu tələb edir, çünki bunlar olmasa ruhumuz normal fəaliyyət göstərmir, psixikamız pozulur, ruhumuz sıxılır, depressiyaya düşürük, mənfi energetika daşıyıcısına çevrilirik… lakin bu axına düşməməyə çalışanlara da “geridəqalmış” damğası vururuq.

Budurmu bizim “azadlığ”ımız?

Yox, bu həyat tərziylə, bu texniki inkişafla biz qətiyyən azad deyilik, əksinə rifahın və rahatlığın əsarətindəyik. Hörmüçək toruna düşüb çapalayan kəpənək kimi, əl ayağımızı yüzlərlə görünən və görünməyən tellər sarıyıb.

-Müasir istehlak cəmiyyətində insan azadlığı mümkün deyil, bəşər ruhu texnokratiyanın əsarətindədir – bunu əlli ilə yaxındır ki, hətta Avropanın və Amerikanın da ən məşhur sosioloqları, psixoloqları dönə-dönə təkrar edirlər.

Lakin əslində bizi əsarətə salan sadəcə kənardan sırınan rahatlıqlar və gözəlliklər deyil, həm də onlara meyillənən nəfsimizdir. Həqiqi azadlıq isə nəfsi bu meyillərdən, bu kəndirlərdən qorumağı bacarmaqdır. Başqa sözlə desək, zənnimcə, bu günün “həqiqi Azad insan”ı  bütün bu təfəkkür axınlarının təsirinə düşüb hamı kimi yaşayan yox, əksinə, bu axınlara düşməməyə, özünü kənarda saxlamağa çalışanlardır. Belələri varmı, yoxmu, azmı-çoxmu, demək çətindir. Həm də bu bizim yazımızın mövzusu deyil.

Şeyx Səfiəddin isə öz həyatıyla və əməlləriylə bizə həqiqi azadlığın necə olduğunu göstərmiş övliyalardandır. Bəli, əsl həqiqi azadlıq. Çünki bütün fikri, düşüncəsi, amalı məhrumiyyətlərdən qurtulub özünü rahatlığın əsarətinə salmaq yox, əksinə, öz “mən”ini maksimum narahatlığa, məhrumiyyətə öyrədib, əsl ilahi azadlığa çıxmaq olub.

Bu azadlıq insanı həqiqətən də güclü edir.

Antik dövrün ən güclü döyüşçüləri spartalılar idi. Çünki onlar görpəlikdən oğlan uşaqlarını məhrumiyyətlərə və çətinliklərə öyrədirdilər, rahatlığın əsiri olmağına imkan vermirdilər. Məhz buna görə də, başqa orduların əskərlərinin döyüşə bilmədiyi şəraitlərdə belə, spartalılar döyüşürdülər, qələbə çalırdılar.

Orta əsr müsəlman Şərqinin ən güclü döyüşçü təbəqələrindən biri Qızılbaşlar idi. Çünki Şeyx Səfiəddin Ərdəbilinin “həqiqi azadlıq” kodeksinin ardıcılları idilər, məhrumiyyətlərdən qorxmurdular. Ən ağır şəraitdə də döyüşə bilirdilər.

Əlbəttə ki, Qızılbaşların gücü təkcə bundan ibarət  deyildi. Lakin bu məsələlərə yazımızın növbəti fəsillərində geniş yer ayıracağıq. İndi isə yenə də Səfiəddinin həyatına qayıdaq.

Budur, Şeyx Zahid Gilaninin xeyir-duası ilə, Səfiəddin tərkidünyalığı, qatı riyazəti yavaş-yavaş tərk edir, irşadi fəaliyyətə başlayır.

Ancaq bu yolda da hər şey hamar deyildi, qarşıda onu məhz sosial müstəvidə müxtəlif ağır sınaqlar gözləyirdi…

İlk sınaq isə, Şirvan səfəri olmalıydı…

Ardı var…

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10