Rahibə

66 Baxış

tural-sahabTural Sahab

Yağışlı bir gündə şeytana uyub, qonşusu olan yaşlı Helqa nənəni öldürdü. Bu qətlə səbəb isə Helqa nənənin pulları idi. Yağışlı havada ətrafda kimsələr yoxdu, ayaq izləri də düşməyəcəkdi. Əlinə filimlərdə gördüyü qara əlcəkdən geyib, evə yaxınlaşdı. Qadın sobanın yanında yatırdı. Bu yaxşıdır, deyə keçirdi ürəyindən. Bəlkə də qadın oyaq olsa, onun gözlərinə baxsa özünü itirib, heç nə edə bilməyəcəkdi. Sakitcə qadına yaxınlaşdı. Ürəyinin səsindən qorxsa da geri çəkilmək istəmirdi. Bu qadının pullarının hesabına qalan ömrünü insan kimi yaşaya biləcəkdi. Yastığı qadının üzünə tərəf apardı və onu boğmağa çalışdı, ancaq qadın hərəkət etmir, çırpınmırdı. Yastığı qaldırıb, diqqətlə baxdıqda qadının öldüyünü anladı. Tez döşəyin altındakı pulları götürüb, həyətə düşdü.Tələsik addımlarla oradan uzaqlaşarkən kiminsə onu gördüyünü anladı. Daha burada qala bilməzdi. Nə qədər mən öldürmədim desə də, kimsə ona inanmayacaqdı. Nə qəribədir, qadın ölməsəydi, onsuz da onu öldürəcəkdi, ancaq indi qatil olmadığı halda günahlandırılacaq, bəlkə şəhər meydanına aparılıb, asılacaqdı. Onun üçün çox uzaqlara getmək lazımdır, ancaq hara

Həqiqətən bir neçə saat ərzində Helqa nənənin öldürüldüyü bütün şəhərə yayıldı. Qatil də Albert adlı kasıb bir fəhlə idi. İndi hər yerdə onu axtarırdılar. O, isə evlərdən birinin damına gizlənib, gecənin düşməsini gözləyirdi. Gecə qaranlığı ilə insanların üzünü örtəndə, gizləndiyi yerdən çıxacaq və çox, çox uzaqlara gedəcəkdi. İndi onu qatil bilirdi, bir tikə çörəyi ondan əsirgəyənlər.

Bir neçə gün öncə Helqa nənənin evinin damını təmir eləmişdi, ancaq qadın onun haqqı olan pulun sadəcə bir qismini verdi, qalanını isə sonraya saxladı. Bu qədər zəngin, kimsəsi olmayan Helqa pulları deyəsən özü ilə məzarına aparmağı düşünürdü. Bu hadisə tez- tez baş verirdi, insanlar onu işlədir, ancaq pulunu vermirdi. Hər cür əclaflığı edən şəhər əhalisi bazar günləri kilsələlərə gedir papazalara günahlarını etiraf edib, bağışlanma qəbzlərini alırdılar. Zəkatlarını da kilsəyə bağışlayıb, dindar görkəminə bürünən bu  bədbaxtlar, onun halal beş- üç qəpiyini vermirdilər.

Helqadan və digərlərindən intiqam almaq üçün getmişdi o gün, o evə. Ancaq Tanrı onun qatil olmasına izn vermədi. İzn vermədi də, verməməsinə, ancaq hər kəs onu qatil bilirdi. Bu işin öhdəsindən necə gələcəkdi. İnsanlar çox unutqandı aradan bir neçə il keçsə unudulacaq, bu işin üstü də bağlanacaqdı. Di gəl ki, bu bir neçə ili harada gizlənəcəkdi. Birdən ağlına bir fikir gəldi, ilham edənin Tanrımı, yoxsa şeytan olduğunu heç özü də anlamadı, ancaq fikir çox əla idi. Bu ölkədə ən çox kilsələr qazanırdı. Qutsal yer olduğundan kimsə yoxlamırdı da, rahiblər və papazlar istədikləri kimi yaşayırdılar. Kilsədən güvənilir bir yer yoxdu, ancaq necə etməli ki, tanınmasın. Bunu da qadın formasına girərək edəcəkdi. Qadınlar üçün olan monastra bircə girə bilsə, ondan sonrası çox asandı.

Gecə düşmüşdü. Sakitcə gizləndiyi yerdən çıxıb monastra yaxınlaşdı. Hasardan içəri girib, rahibələrin paltarlarını sərdiyi ipdən bir dəst paltar götürüb, gəldiyi yerlə də, geri qaytdı. Paltarlarıni dəyişdi və yaxınlıqdakı şəhərlərdən birinə doğru yola düşdü. Bir az sonra ona yaxınlaşan  arabadakı adam, qutsal ananın gecənin bu vaxtı hara getdiyini soruşdu. Bu şəhərə bir xəstə uşaq üçün gəldiyini və gecəyə qaldığını söylədi.

Arabadakılar bu “yardımsevər ananı” da özləri ilə götürüb, yollarına davam elədilər.

İstəyinə nail olmuşdu. İndi o, qatil Alpert yox, müqəddəs Dəspinə ana idi.

Günəşlə bərabər gəldilər bu şəhərə. Bütün şəhərlər, bütün insanlar eyni idi əslində, sadəcə adlarla fərqlənirdi, sadəcə görünüşləri ilə. Qadınlar monastının düz önünə qədər gətirdi araba Dəsbinə ananı. Bir az sonra Monastra girəcək və ömrünün ən gözəl bir neçə ilini burada keçirəcəkdi. Nə qədər pis olsa da, ölümdən yaxşı idi. Burada yaşayacaq, həyatda qalacaqdı. Pas tutmuş dəmir qapılar açıldı və içəri daxil oldu. Rahibələr onlara qatılmaq üçün gələn bu qadını çox mehribanlıqla qarşılayıb, otağına apardılar.Tək qalmayacaq, gənc bir rahibə ilə paylaşacaqdı otağını. Sonradan bu gözəl qızın adını, hekayəsini öyrənəcək, həyata və insanlara olan nifrəti min qat artacaqdı.

Milana, şeir kimi səslənirdi adı. Atası zola sevmədiyi biri ilə evləndirmək istəmiş o, da qaçıb, monastra sığınmışdı. Bu gözəl şeirin hekayəsi də belə idi. İndi onunla bir otağı paylaşmaq onu həm həyacanlandırır, həm də qorxudurdu. Gənc sayıla biləcək bir kişinin, gözəl bir qızla eyni otağı paylaşması, özünə hakim olması çox çətindir. Çünki Milana onu Dəspinə olaraq bilir, onun yanında paltarını çıxaracaq, sirlərini paylaşacaqdı.

Çox çətin günlər onu gözləyirdi. Həqiqətən şeytanla savaşmalı olacaqdı. Və yaşaması üçün şeytana qalib gəlməliydi.Ancaq Milananın üzündə günaha deyil, sevgiyə dəvət vardı. Sevgi bəzən günahdan daha qorxulu olmurdumu? Bunu oxuduğu kitablardan deyil, oxuduğu insanlardan bilirdi. Bol- bol kitab oxuyub, dua etməyə zamanı olurdu. Burada hər kəs qadın olduğu üçün bir müddət sonra özünün də qadın olduğunu qəbul eləməyə başladı, əslində burada hər kəs sadəcə Tanrıya quldu. Bu soyuq divarlar onun ağlını başından ala bilərdi, Tanrı və Milana olmasaydı. Hər gün bir az daha yaxınlaşırdı bu balaca qızcığaza. Gecələr onun bədənini də görür, dəli bir ehtirasla onu istəyirdi, ancaq gözlərinə baxan kimi, bütün günah qoxuyan duyquları saf- təmiz düşüncələrlə yer dəyişdirir, onu ilahi sevginin yamacına gətirirdi. Milana digərlərindən fərqlənirdi, çünki bu pas tutmuş qaranlıq otaqlar hələ onun arzularını, xəyallarını öldürə bilməmişdi. Gecə bəzən Milananın yuxuda inlədiyini eşidib dəli olur, ona yaxınlaşmaq istəyirdi. İnsanın ən təbii ehtiyacı idi sevişmək. Həyatda olmayanda yuxularda bu ehtiyacını öldürməyə məcburdu insan oğlu. Milana da bir insandı, onun kimi. Bundan sonra bütün yuxularını  Millana bəzəyəcəkdi. İndi gizlicə qısqanırdı, görəsən bu gözəlliyə yuxuda kim toxunur.  Kiminlə sevişir sevdiyi qadın.

Bəli, artıq sevdiyi qadın olmuşdu Milana. Gecələr sabaha qədər dərdləşir, qızcığaz başını Dəspinə ananın dizlərinə qoyub, bütün sirlərini ona deyirdi. Bəzən Albert də həqiqəti ona demək, bu yükdən xilas olmaq istəyirdi, ancaq yox- həyat sevgidən daha önəmliydi. Bu gün ürəyinə uyub, sirrini ifşa eləsə sabah onu asılmaq gözləyə bilərdi. Nə olsun, ki Milana təmiz, saf qızdı, nə olsun ki, Milananı sevir. Yeni tanıdığı bir onu niyə satmasın ki?

Bir dilənçini Helqa nənənin qatili olaraq asdılar şəhər meydanında. Evinə çörək apararkən, kimsəyə anlata bilmədi dərdini. Evdə onu gözləyən körpələrinin ümidlərini də asdı bu şəhərin insanları. Atalarından başqa kimsəsi olmayan uşaqların cəsədini tapdılar günlər sonra. Albert Dəspinə ana olandan sonra, bax bu ailənin faciəsinə səbəb oldu, ancaq bundan xəbəri belə olmadı. Qiyamət səhnəsində yetimlərə kim cavab verəcəkdi, axı qatil o, da deyildi….

Ancaq onu deyim ki, monastrda vəziyyətləri çox yaxşı idi. Hər cür meyvə, tərəvəz və digər qidalar vaxtı, vaxtında gəlir, Tanrıya ibadət edənlərin bütün ehtiyacları şəhər əhalisi tərəfindən görülürdü. Şəxsi əyləncələrindən də qalmırdılar çox vaxt. Kişi üzünə həsrət qalsalar da, bəzi ehtiyaclarını özləri həll edirdilər. Otaqlarına çəkildikləri zaman əyinlərini soyunub, bədənlərinin gözəlliyini bir- birilərinə göstərir, öpüşürdülər.

Milana da bütün bunlardan uzaq qalmır, paltarlarını çıxarıb gözəl bədənini Dəspinə anaya göstərir, bəzən onu öpüb, oxşamasını istəyirdi, ancaq nədənsə qızın bu istəyi hər zaman ürəyində qalırdı. Ona yaxınlaşmaq atəşə yaxınlaşmaq, diri- diri yanmaqdı. Albert onu öpsə, oxşasa özünə hakim ola bilməzdi, həm də sevdiyi qadına, qadını olmadan toxuna bilməzdi. Hər gözəllik aşkar olmağa, bilinməyə və sevilməyə möhtacdı, bunun üçün Milananı suçlamır, anlayırdı. Bu yaxınlarda oxuduğu kitablardan birində də yazmırdımı ki, “Tanrı o qədər gözəldi ki, bilinməyi və sevilməyi istədi. Onun üçün dünyanı və insanları yaratdı. Və insanın qəlbinə sevgini, gözəllik aşiqi olmasını qoydu. Onun üçün biz gözəlliyə aşiqik, bu qədər”

Günlər çox tez keçirdi, günlər ən sürətli bir atın yalmanına yapışıb, bir bilinməzliyə doğru gedərkən onu da özü ilə birlikdə aparırdı. Əgər Milana olmasaydı o, kişi olduğunu unudub, ömrünü bir qadın olaraq bu monastrda başa vuracaqdı, ancaq Milana vardı, həyat və sevgi onu daima onu özünə doğru səsləyirdi.

Gecəydi. Çöldə güclü yağmur və şimşək vardı. Qaranlıq otağı, ancaq çaxan şimşək aydınladırdı. Milana gəncliyinə və qadınlığına yenilmişdi, yenə. Yatağına uzanıb xəyallar içində inləyirdi. Birdən ayağa qalxıb, Dəspinə anaya yaxınlaşdı. Əynindəkiləri çxarıb bir kənara atdıqdan sonra diz çöküb yalvarmağa başladı.

“ Yalvarıram məni öp, oxşa” –deyərək onun əllərindən öpdü. Qızın dodaqlarındakı atəşi ürəyini titrətdi bir an. Qalxıb uzaqlaşmaq istəyəndə, boynu və dodaqları atəşlə üzləşdi. Daha etiraz etməyə macalı qalmadı. Su öz atəşinə qovuşdu bu yağmurlu gecədə. Yağan yağmur doyunca islatdı torpağı. Toxumların ən gözəli səpildi torpağa, gözəl qoxulu bir gül olsun deyə.

Sabah açılanda Albertin qollarında idi gözəl Milana. Daha həqiqət aşkar olmuş, bir gecənin içində bütün sirlər ortaya çıxmışdı.

Dünənki yağmurlu gecədə Dəspinə ana öldü. Albert və Milana isə Günəş doğmadan monastırın pəncərəsindən qaçıb, çox uzaqlara, xəyallara doğru addımlamağa başladılar.

Albertin Helqanı öldürməsi də, Milana və Dəspinə ananın monastırdan qaçması da unuduldu, çünki insanlar çox unutqandı. Tanrını və vicdanını unudan insan hər şeyi unudar.

İndi onlar balaca bir kənddə çox xoşbəxt bir ömür sürür və Tanrını heç vaxt unutmurlar.

Tanrı da onları cənnətlə mükafatlandı. Necəmi?- qəlblərindəki sevgini artıraraq. Cəhənnəm insan qəlbində sevginin yox olması isə, cənnətdə qəlblərimizin sevgi ilə döyünməsidir…

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10